Elmə
həsr olunmuş ömür
Professor Şəfəq Əlibəylinin
daha bir yubiley yaşi tamam olur
KİVDF
Layihəsi
"Mənə elə gəlir ki, xoşbəxt
insanlardanam. Çünki elə bir ailədə
doğulmuşam ki, orada bizə insanlara məhəbbəti,
sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq
olmağı aşılayıblar".
Bu sözlərin müəllifi müsahibim,
tanınmış şərqşünas, professor Şəfəq
Əlibəylidir. Şəfəq Əlibəyli 1949-cu ildə
Bakı şəhərində görkəmli şair, radio və
televiziya xadimi, müəllim, jurnalist Ənvər Əlibəylinin
ailəsində göz açıb. 190 saylı orta məktəbi
bitirdikdən sonra o, Bakı Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində fars dili üzrə təhsil
alır. Tələbəlik illərində də
dərin zəkası, bacarığı ilə seçilən
Şəfəq xanım, həmçinin, Lenin təqaüdünə
layiq görülür, 1971-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirir. 1971-1973-cü illərdə isə
tale bu gənc mütəxəssisi Əfqanıstanın Kabil
şəhəri ilə bağlayır və o, buradakı Kabil Politexnik İnstitutunda tərcüməçi
kimi işə başlayır. Bir neçə ildən sonra
artıq yüksək ixtisaslı, təcrübəli bir
dilçi kimi ölkəsinə qayıdan Şəfəq
xanım uzun müddət AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun İran filologiyası şöbəsində
elmi araşdırmalarını davam etdirir və filologiya elmləri
doktoru, professor dərəcələrinə layiq
görülür.
2004-cü
ildən bu günə qədər professor Şəfəq
Əlibəyli Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin "Komparativistika və bədii tərcümələr"
şöbəsinə uğurla rəhbərlik edir.
Alim
yeniyetməlik illərini yada salarkən deyir: "İndi
başa düşürəm ki, şair Ənvər Əlibəylinin
ailəsində doğulmaq böyük bir xoşbəxtlikdir. Hüquqşünas olan anam çox gözəl
xanım idi. Atamın sözlərinə
Rauf Hacıyevin bəstələdiyi "Sevgilim"
mahnısı da anama həsr edilib. Mənim
elmə üz tutmağımda bilavasitə atamın təsiri
olub. Əvvəllər mən 173 nömrəli
məktəbdə oxuyurdum. Üçüncü
sinifdə oxuduğum zaman atam məni 190 nömrəli məktəbə
keçirtdi. Səbəbini soruşanda isə mənə
dedi ki, sənə sonralar anladaram. Mən bunu
yadımda saxlamışdım. Beşinci sinifdə
oxuyanda bizə fars dili tədris etməyə
başladılar. Atam bir gün dedi ki, qızım, gəl mən
sənə o vaxt verdiyin sualın cavabını söyləyim.
Bizim Xaqani,
Nizami, Məhsəti kimi bir çox klassiklərimiz var. Onlar
öz əsərlərini fars dilində yazıblar. Səbəbini
soruşanda o, mənə başa saldı ki, əvvəllər
müsəlman Şərqinin poeziya dili, nəzm dili, şeir
dili fars dili olub. Onun arzusu idi ki, mən
klassiklərimizin fars dilli əsərlərinin dili və üslubu
ilə məşğul olum. Beləcə, atam məni
istiqamətləndirdi və universitetin şərqşünaslıq
fakültəsinə daxil oldum".
AMEA
Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi
üzvü Möhsün Nağısoylu Şəfəq
Əlibəylinin fəaliyyətini qısaca olaraq belə
xarakterizə edir: "Şəfəq xanım Əlibəyli
bizim şərqşünaslıqda, filologiyada özünəməxsus
bir cığır açdı klassiklərimizin farsca olan
"Divan"larının dil və üslubunun tədqiqinə
başladı".
Ş.Əlibəyli
deyir ki, mənim dissertantlarım da Möhsün müəllimin
qeyd etdiyi cığırla gedirlər: "Məsələn,
Zəncan Universitetindən Müştəba Şüai mənim
dissertantım olub. Elmi işini uğurla
müdafiə edərək, Zəncan Universitetində dərs
deyir. O, Şəhriyarın farsca
"Divan"ının leksikasını tədqiq etdi. Doğrudan da, Şəhriyarın farsca
"Divan"ını araşdırdıqca, onun
türklüyünü daha aydın görürsən.
Hazırda dörd dissertantım klassiklərin farsdilli
"Divan"larının dil və
üslubunu tədqiq edir. Tədqiqatlarımın
bir hissəsi də mənzum lüğətlərlə
bağlıdır. XIX əsrin əvvəllərində
yaşamış azərbaycanlı alim Əli ibn Hacı
Mustafa Badkubinin "Təcridü-l-lüğət"
adlı farsca-azərbaycanca olan mənzum lüğətini
çapa hazırlayıram".
Şəfəq Əlibəyli elmi fəaliyyətlə
yanaşı, pedaqoji fəaliyyətlə də məşğul
olub.
1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi
işləyib. O, həm də Bakı Dövlət
Universitetinin Şərqşünaslıq
fakültəsinin II və III kurs tələbələri
üçün olan dərsliyin ixtisas redaktoru olub.
Şəfəq
Əlibəyli 2004-cü ildən
çalışdığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyindəki fəaliyyətinə toxunaraq deyir: "Muzeyin
arxivində tədqiqatlar aparmaq üçün nə qədər
qiymətli materiallar var. Mənim rəhbərlik etdiyim
şöbə "Komparativistika və bədii tərcümələr"
şöbəsi adlanır. Adından da bəlli
olduğu kimi, komparativistika dedikdə müqayisəli tədqiqat
metodu nəzərdə tutulur. Şöbəmiz Azərbaycan
- türk, fars, ərəb, Avropa dilləri və ədəbiyyatı ilə
bağlı müqayisəli tədqiqatlar aparır. Şöbəmizin əməkdaşlarının
məqalələri xarici mətbuatda da dərc olunur. Bundan başqa, əməkdaşlarımız bədii
tərcümə ilə də məşğul olurlar. Həmin tərcümələr muzeyimizin nəşri
olan "Şərq" toplusunda dərc olunur.
Şöbənin elmi istiqaməti "Nizami Gəncəvi
dünya dillərində"dir. Şöbə bu mövzuya
aid izahlı ensiklopedik tərcümə antologiyası
hazırlayır. Bu antalogiya 3 cilddə olacaq. Antologiyada Nizami Gəncəvi haqqında dünya
dillərində dərc olunan bütün elmi məqalələrin,
kitabların adı çəkilməklə yanaşı,
eyni zamanda, həmin əsərlərin qısa xülasəsi
də təqdim ediləcək.
Söhbət əsnasında Şəfəq xanım
2019-cu ilin "Nəsimi ili" elan olunması
haqqındakı Sərəncamın da əhəmiyyətini
xüsusi vurğuladı. Alim onu da qeyd etdi ki,
dahi mütəfəkkirin zəngin irsinin dünya ictimaiyyətinə
tanıdılması yolunda bu, çox mühüm bir
addımdır. Professor qeyd olunan məsələ ilə
bağlı fikirlərini belə ifadə etdi: "Mən
doktorluq işimi hazırlayarkən Füzulinin farsca "Divan"ı ilə
tanışlıqdan sonra Nəsiminin də farsca "Divan"ını
oxumağa başladım. Bu əsərləri təkrar-təkrar
oxuduqca iki böyük söz ustadının əsərlərində
xeyli ortaq məqamlara rast gəldim. Füzuli ilə Nəsiminin nəzmdə
doğmalığını, söz həmahəngliyini duydum.
Türkiyədə Nəsimi ilə bağlı Beynəlxalq
Konfransda çıxışım zamanı bu məsələni
diqqətə çatdırdım və "Nəsimi və Füzuli nəzmində
ortaq məqamlar" adlı çıxışım konfrans
iştirakçıları tərəfindən maraqla
qarşılandı. Onların nəzmindəki ortaq məqamlardan
biri də qoşa
sözlərdən çox istifadə etmələridir. Nəsiminin farsca "Divan"ında bəzən
bir qəzəlin hər misrasında qoşa sözlərə
rast gəlirik. Hazırda
bu mövzuda məqalə hazırladığım
üçün daha ətraflı məlumat verməyə ehtiyac yoxdur. İnanıram
ki, "Nəsimi ili"ndə şairin
yaradıcılığı yeni baxış bucağından
tədqiqata cəlb ediləcək, sanballı əsərlər
çap olunacaq, maraqlı məruzələr dinləniləcəkdir.
Mən də öz növbəmdə şairin
farsca "Divan"ının dil və üslub xüsusiyyətləri,
tərcümədə öz əksini tapa bilməyən məqamlar
haqqında söz deməyə cəhd edəcəyəm".
Filologiya problemləri üzrə elmi şuranın
üzvü kimi, Şəfəq Əlibəyli gənclərlə
tez-tez ünsiyyətdə olur. Bu şura Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynovun rəhbərliyi ilə
fəaliyyət göstərir. Burada elan olunan bütün elmi
tədqiqat mövzuları diqqətlə nəzərdən
keçirilir və müzakirə olunur: "Biz
çalışırıq ki, kənarda qalan sahələr
olmasın, ədəbiyyatın həm klassik, həm də
müasir dövrü
tədqiqata cəlb edilsin. Şura
eyni zamanda, gənc tədqiqatçıların fəaliyyətinə
istiqamət verir. Müşahidələrimə
görə son dövrlər elmə maraq göstərənlərin
sayı artır. Amma nədənsə bu
sahəyə üz tutanların əksəriyyəti
xanımlardır. Arzu edərdim ki, bəylər
də bu sahədə fəal olsunlar. Bir də ki, gənclərə
arzum budur ki, işlədikləri mövzunu sevərək tədqiq
etsinlər. Yalnız sənəd almaq xətrinə
deyil, elmi bir əsər yazmaq, sanballı kitab hazırlamaq niyyəti
ilə işləsinlər. Bu zaman
onların ortaya qoyduqları əsərlərin bədii siqləti
də, elmi keyfiyyəti də yüksək olacaq".
Elmi işin çoxluğuna, bütün
yorğunluğuna baxmayaraq, Şəfəq xanımın qələmi
bədii-poetik yaradıcılığa da doğmadır. Onun fars
dilli ədəbiyyatdan etdiyi tərcümələr bir
sıra konfranslarda səslənmiş, müxtəlif məcmuələrdə
işıq üzü görmüşdür. Bu
bədii nümunələr hələ kitab halında
çap olunmasa da, onların bəziləri artıq nəğmə
sözləri kimi məşhurdur.
Müsahibimin
genişmiqyaslı tədqiqatının bəhrəsi olan
doktorluq işinə gəldikdə isə bu, "Füzulinin
farsca divanı: linqvo-poetik özəllikər" adlı əsəridir.
Müəllif qeyd edir ki, bu mövzu dilçilik
üslubiyyatına aid bir məsələdir. Burda həm dili, həm də ədəbiyyatı dərindən
bilmək tələb olunur. Dilçilik
üslubiyyatı çox böyük bir sahədir və Azərbaycan
filologiyasında bu sahədə tədqiqata cəlb olunası
çox məsələlər var: "Klassiklərimiz fars
dilli əsərlərində ərəb qrafikası ilə bağlı müxtəlif
poetik fiqurlar yaratmışlar. Lakin tərcümədə
görürsən ki, bu, öz əksini tapmır. Yalnız sözün mənası tərcümə
olunur. Ancaq şeirin şəkli, o qrafik
yazılar üzərindəki mənalar gizli qalır. Yaxud bəzən tərcüməçinin
hansısa söz xoşuna gəlmir, o sözü əvəz
edirlər. Məsələn, çox vaxt
rast gəlmişəm, şair orijinalda "milçəyin
qanadları" deyir. Lakin tərcümədə
onu "arının qanadları" kimi verirlər. Əlbəttə, bu, şairin ilkin mənada
tutduğu fikri əvəz edə bilməz. Milçəyin qanadları günəş
şüası düşdükdə yeddi rəngə
çalır və şair həmin fikri oxucuya
çatdırmaq istəyir. Arının qanadlarında
isə bu proses baş vermir. Daha bir nümunə göstərək. Qəzəllərdə "köpək"
sözü çox işlənir. Tərcüməçinin
"köpək" sözündən xoşu gəlmədiyi
üçün bu sözü "qul" sözü ilə
əvəz edir. Şair nəzərdə tutur ki, qapımda uzanan
"köpək" kimi. Tərcümədə
isə verilir "qul kimi". Belə
nümunələri çox gətirmək olar. Linqvo-poetik təhlil
bunları üzə çıxarır".
Professor
Şəfəq Əlibəyli "Fars dilində antonimlər"
(rusca), "Füzulinin farsca
divanı: linqvo-poetik özəllikər",
"Farsca-rusca-Azərbaycanca müxtəsər lüğət"
adlı elmi əsərlərin, iki yüzə qədər
elmi məqalənin müəllifidir. Klassiklərimizin
farsdilli əsərlərinin dil və üslub məsələlərini
tədqiq edən alim, dəfələrlə xarici ölkələrdə
beynəlxalq konfranslarda məruzələrlə
çıxış edib, Fəxri Fərmanlarla təltif
olunub. O, ölkənin elmi inkişaf sahəsində fəal
iştirak edən alimlərdəndir. Görkəmli şərqşünas
uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının filologiya üzrə Ekspert
Şurasının üzvü, "Türkologiya"
jurnalında Şərq dilləri üzrə sahə redaktoru
olub.
Şəfəq Əlibəyli tanınmış şərqşünas
alim olmaqla yanaşı, eyni zamanda, qayğıkeş
anadır.
Oğlu Tural Qahirənin Ayn Şams Universitetinin
dilçilk fakültəsinin layiqli yetirməsidir. Babaları
Gəray Fəzli və Ənvər Əlibəylinin poeziya
bulağından su içərək gözəl şeirlər
yazır. Alimin qızı isə nənəsinin
yolunu davam etdirib, hüquqşünasdır.
Ömrünün 70-ci ilini yola salan Şəfəq
xanım Əlibəyli bu gün də gənclik illərində
olduğu kimi, həvəslə, yorulmadan elmi fəaliyyətini
davam etdirir. Yorulmaz tədqiqatçı, işinin vurğunu olan
gözəl alimi 70 illik yubileyi münasibətilə təbrik
edir, ona gələcək fəaliyyətində uğurlar
arzulayırıq.
Qabil YUSİFOĞLU
525-ci qəzet.-
2019.- 6 iyul. S. 20.