Tüdor sülaləsinin uğurları
və bədbəxtliklər seriyası
XV
əsrin sonundan XVII əsrin əvvəlinədək, 118 il
ərzində İngiltərə taxt-tacında olan Tüdor sülaləsi
başlanğıcda uzun illər davam edən
vətəndaş müharibəsinə
(Qızılgüllərin müharibəsi) son qoymuş,
ölkənin və xalqın birliyini qoruyub saxlaya bilmiş,
əcnəbilərlə aparılan müharibələrdə
qalib gəlməklə, nəticədə
İngiltərəni dünya dəniz dövlətinə
çevirmiş, Avropa səhnəsində öz dövlətinin
rolunu xeyli yüksəltmişdi.
Tüdor
sülaləsinin bünövrəsi Lankesterlərlə
Yorkçuların müharibəsində, 1485-ci ilin Bosvort
döyüşündə qələbə ilə qoyulsa da,
1603-cü ildə ölkənin tarixdəki ən
məşhur kraliçası, ölkəyə qüdrət
verməyə və nüfuz qazandırmağa nail olmuş I
Elizabetin ölümü ilə, dinc qaydada başqa
sülaləyə, şotlandların Styuartlar
nümayəndəsinə verilmişdir. Ölkə dini
islahata, əslində, inqilab nəticəsində yeni daxili
münaqişələrə, katoliklərlə protestantlar
arasında gərgin mübarizəyə cəlb olunsa da, xalq,
əslində, iki hissəyə parçalansa da, sınaq
anlarıda, xarici müdaxilə təhlükəsi
gücləndikdə və reallaşdıqda vahid
cəbhədən çıxış edərək,
düşmənin ümidlərini puç etməyi
bacarmışdı.
Tüdor
sülaləsinin hökmranlığı heç də hamar
yolla getməmişdir, siyasi uçurumlar və
yüksəkliklər də olmuşdu, ən
başlıcası başlanğıcda sülalə Avropa
dövlətləri tərəfindən tanınmışdı,
sülalənin hökmranlığı dövründə
İngiltərə diplomatik üsullardan və matrimonial
(digər kral ailələrinin üzvləri ilə izdivaca
girmək) əlaqələrdən istifadə etməklə
hətta heybətli düşmənləri olan Fransaya və
İspaniyaya qarşı da öz suverenliyini daim qoruyub
saxlamışdı. Sülalənin birinci kralı VII Henri
İspaniya ilə münasibətlərini yoluna qoymaq və onu
öz düşməni Fransaya qarşı çevirmək
üçün İspaniyanın katolik kralları
Ferdinandın və İzabellanın kiçik
qızlarını böyük oğlu prints Artura
almış, o, öldükdən sonra isə kiçik
oğlu Henriyə nişanlamış, özü
öldükdən sonra VIII Henri kimi taxt-taca çıxan bu
oğlan həmin Katerina Araqonluya evlənmişdi.
Atasından fərqli olaraq, VIII Henri eşq
macəraları və dəfələrlə evlənməsi
ilə ölkədə və dünyada bəzi problemlərin
yaranmasına şərait yaratmışdı. Kral
öldükdən sonra onu 9 yaşlı oğlu, xəstə
VI Eduard əvəz etmiş, bu vaxt dövlətin siyasətində,
gənc kral üzərində
Nortumberland hersoqu Con Dadli böyük nüfuza malik
olmuşdu. Altı il davam edən
hökmranlıqdan sonra, VI Eduard öləndə onun ən
böyük bacısı I Mariya taxt-taca
çıxmış və ölkədə katolitsizmin
əvvəlki mövqeyinin bərpa edilməsinə
çalışmaqla, yüzlərlə adamın
qətlə yetirilməsinə səbəb olmuşdu. Buna görə onu "Bloody Mery" - "Qanlı
Mariya" adlandırmışdılar. Onun
hökmranlığı dövründə Kalenin Fransanın
xeyrinə itirilməsi ilə İngiltərənin
qitədəki son ərazisi də əldən
çıxmışdı. 1453-cu ildə
İngiltərə ilə Fransa arasındakı Yüzillik
müharibə başa çatanda isə yalnız Kale istisna
olmaqla qitədəki ərazilərin hamısı
itirilmişdi.
1558-ci
ildə I Mariyanın ölməsi ilə onun ögey
kiçik bacısı I Elizabet taxt-taca çıxmış
və onun idarəçiliyi 44 il davam
etmişdir. Elizabetin hökmranlığı
dövründə İngiltərə siyasi, iqtisadi və
hərbi cəhətdən xeyli möhkəmlənmiş,
1588-ci ildə ingilis donanmasının gəmilərinin və
dənizçilərinin üstünlüyü hesabına,
həm də tufanın köməkliyi ilə İspan
Armadasının darmadağın edilməsi ilə,
müharibəni başlamaq və İngiltərəni
işğal etmək təşəbbüsü
göstərən İspaniyanın ümidləri puç
olmuşdu. Bundan sonra İngiltərəyə
müdaxilə planları bir daha reallığa
yaxınlaşmamışdı. Elizabet
həm də ərə getməməklə, o qədər
də real mahiyyət daşımayan "Bakirə kraliça"
adını daşımaqla, ingilis taxt-tacının
fransızların və ya ispanların əlinə
düşməsinə imkan verməmişdi, Şotlandiya
kralına təhvil verilsə də, öz doğma
şərəfini qoruyub saxlamışdı.
Sülalənin siyasi səhnədəki böyük
uğurları ilə yanaşı, bədbəxtliklər
də onun üzvlərini heç də rahat buraxmırdı. Sülalənin
banisi VII Henri iki oğlunu, - onlardan biri Uels printsi olmaqla
taxt-tacın varisi idi - itirmişdi. Arvadı
bu itkinin yerini doldurmaq üçün yenidən uşaq
doğanda, bu qız uşağı da, ananın özü
də öldu. Çox keçməmiş
kralın özü də 1509-cu ildə həyatla
vidalaşmalı oldu.
VIII
Henrinin birinci arvadı Katerina Araqonludan olan beş
uşağı ölmüş, yalnız gələcək
kraliça I Mariya sağ qalmışdı. İkinci
arvadı Anna Boleynin ona oğul varis bəxş
edəcəyinə böyük ümid bəslədiyi halda,
onun da yalnız bir uşağı - Elizabet salamat
qalmışdı, üç il sonra
isə ərinə xəyanət ittihamı ilə
kraliça Boleynin boynu vurulmuşdu. Üçüncü
arvadı Ceyn Seymur ona oğlu Eduardı doğsa da, özü
doğuşdan az sonra
ölmüşdü. Sonrakı arvadını da
boşamış, sonra daha iki dəfə evlənmişdi,
beşinci arvadı Katerina Hauardı da Anna Boleynə olan
ittiham əsasında edam etdirmişdi. Sonra Katerina Parra evlənmişdi.
Eduard
uşaq ikən kral olsa da, az
yaşamış, xəstə olduğuna görə
həyatdan tez, 16 yaşında getmişdi. Böyük
bacısı Mariya kraliça olduqdan sonra ispan printsi,
gələcək kral II Filippə ərə getmiş, ona
uşaq doğmaq istəsə də, arzusu nəticə
verməmişdi. Hətta qarnındakı
şişini o, özünün hamiləliyi kimi
qələmə vermiş, uzun müddət mamaçalarla
əhatə olunmuş, gözləmələr nəticə
verməyəndə o, özü uşağının
olmayacağını elan etmiş və övladı olmadan da
dünyadan köçmüşdü.
Kraliça
Elizabet isə uşaqlığında və gəncliyində
məşəqqətlərdən keçmiş, dustaq
edilmiş, lakin iradəsinin hesabına bütün
sınaqlardan çıxa bilmiş, həm də öz
üzərində çalışaraq yaxşı təhsil
görmüş, beş əcnəbi
dilə - əsas Avropa dillərinə yiyələnmişdi. O
da ərə getmədiyindən varis probleminin həllinə
heç bir köməklik göstərməmişdir. Ata və oğul Henrilərdən fərqli olaraq,
sonrakı üç taxt-tac sahibləri meydana varis gətirə
bilməmişdilər. Ona görə
də sülalə, nəhayət, davam etdirilə
bilməmiş, hökmranlıq yeni, şotland
mənşəli Styuart sülaləsinə keçmişdi.
Problemlər təkcə varis məsələsi ilə
yekunlaşmırdı, taxt-taca çıxmağın
özü də, ona olan iddialar da xeyli çətinliklər meydana
gətirirdi. Taxt-tacın iki dəfə
ötürülməsi sakit keçmişdi, çünki
ölən krallar varis barədə öz
qərarlarını elan etmişdilər - bu varislər VIII
Henri və VI Eduard idi.
Düzdür, VIII Henri də Eduardın və Mariyanın
varis olacağı elan etmişdi. Lakin I
Mariyanın taxt-taca çıxması ciddi münaqişə
yaratdı. VII Henrinin nəticəsi, qızı Merinin
nəvəsi, onun övladı olan Fransıezin qızı
Ceyn Qrey böyük siyasi qüdrətə malik olan qayınatası
Nortumberland hersoqunun möhkəm dəstəyinə arxalanaraq,
taxt-taca iddia ilə çıxış etdi və hərbi
münaqişə yarandı. Mariyanı
müdafiə edənlər qalib gəldiklərindən o,
kraliça elan olundu.
Elizabet də hakimiyyətə ölən
bacısının vəsiyyəti ilə gəlsə də,
xeyli müddət taxt-taca iddia edən Şotlandiya
kraliçasının bu mövqeyi real olaraq tutmaq
təhlükəsi altında yaşamalı olmuşdu. Mariya
Styuart VIII Henrinin böyük bacısı Marqaretin
nəvəsi idi və onun da iddiasının hüquqi
əsasının olmasını heç də inkar etmək
mümkün deyildi. Həm də bu
qadın fransızlar tərəfindən
qızışdırılmaqla - axı o, qısa
müddətə də olsa, Fransanın mərhum
kralının arvadı olmuşdu, - digər
tərəfdən katolik olmaqla yanaşı, həm də
intriqalar və provokasiyalar aludəçisi idi. Onun daha
bir provokasiyası baş tutmayanda o, Şotlandiyadan
İngiltərəyə qaçmağa məcbur olmuş
və orada həbs edilərək, 10 il
müddətində yaxşı şəraitdə yaşasa
da, məhbus kimi ömür sürmüşdü.
Kraliça Elizabetə qarşı onun iştirak etdiyi
üç qəsdin üstü açıldıqda, 1587-ci
ildə Mariya Styuart edam edilmişdi.
İngiltərə siyasi tarixinin qəribəlikləri
də vardır. Vaxtilə anası, fahişə elan
edilən Anna Boleynin qızı Elizabet, kiçik vaxtı
həmçinin, bastard və fahişə adlanırdı.
Lakin anasının ölümündən 22 il
sonra taxt-taca yüksəldi. Mariya Styuart kraliça Elizabetin
dəhşətli düşməni kimi edam
edilsə də, 1603-cü ildə Elizabetin öz qərarı
və vəsiyyəti ilə onun oğlu, Şotlandiya kralı
VI Ceyms I Ceyms kimi İngiltərə taxt-tacına sahib
olmuşdu.
Krallara və hökmranlıq edən kraliçalara
üz verən bədbəxtliklərdən söhbət
getsə, sülalənin digər bir sıra üzvləri
də heç də xoşbəxt həyat
yaşamamış, ilkin uğurlarına baxmayaraq, sonralar
müxtəlif keşməkeşlərlə, bəxtin üz
döndərməsi və acı bədbəxtliklərlə
üzləşməli olmuşlar. Bu barədə VIII
Henrinin kraliçası Katerina Araqonludan, Şotlandiya kralı
IV Ceymsin kraliçası Marqaretdən və Fransa kralı XII
Luinin kraliçası Meridən heç biri, onların
üstünü kəsmiş talesizliyin hücumundan yaxa
qurtara bilməmişdi.
Katerina
Araqonlu, mərkəzləşmiş İspaniyanın
rüşeymini yaradaraq, əsasını qoymuş kral
Ferdinandın və kraliça İzabellanın qızı
olmaqla Qranadada ərəblərdən yadigar qalmış
dəbdəbəli Alhambra sarayında böyümüşdü.
O, ingilis printsi Arturdan bir yaş böyük olsa da, ona
ərə gəlmiş, gənc ərinin matəmini
yaşamalı olmuş, həm öz valideynlərinin və
həm də qayınatasının xəsislikləri
hesabına sarayda ağır maddi şəraitdə
yaşamış, özündən 6 yaş kiçik kral
VIII Henriyə ərə getdikdən sonra kraliça kimi
böyük idarəçilik imkanlarına
yiyələnmişdi. Bu xoşbəxtlik
dövrünə də 1531-ci ildə kralın onu tərk
etməsi ilə son qoyulmuşdu. Katerina ölənə
qədər olan beş il ərzində
tənha yaşamaqla, dua etməklə məşğul
olmuşdur. Katerina Henriyə ərə
getməsinin qanunsuz olması barədə ona qarşı
edilən ittihamdan təhqir olunmuş və kraliça
titulundan məhrum olmaq tələbinə isə boyun
əyməmişdi.
VII Henrinin böyük qızı Marqaret Şotlandiya
ilə sülh münasibətini möhkəmləndirmək
üçün 13 yaşında özündən xeyli
yaşlı, Şotlandiya kralı IV Ceymsə ərə
getmişdi. On il davam edən nikah IV Ceymsin
İngiltərəyə müdaxiləsi vaxtı aparılan
döyüşdə həlak olması ilə başa
çatmış, Marqaretin kraliçalığı və
kiçik yaşında kral elan edilən oğluna regentliyi
də olduqca çətin keçmiş, fasilələrə
məruz qalmışdır. Sonra o,
gələcəkdə ona xəyanət edəcək lord
Anqusa ərə getmiş, ondan ayrıldıqda Henri
Styuartın arvadı olmuşdu. Lakin onun kral oğlu da
atası kimi dünyadan tez köçmüş,
İngiltərə ilə döyüşdəki öz
məğlubiyyətindən az sonra, 30
yaşında ölmüşdü. Marqaretin
nəvəsi Mariya Styuart da ağır taleyin qurbanı
olmuş, Şotlandiya kralına ərə gəlmiş İngilərə
kralının bacısının nəticəsi, Mariyanın
oğlu isə I Ceyms kimi İngiltərə taxt-tacına sahib
olmuşdu.
VII
Henrinin kiçik qızı Meri uşaqlığında
anasız, sonra isə atasız yetim qalmış,
yeniyetməliyində azyaşlı ispan printsi,
gələcək Müqəddəs Roma imperatoru V Karla
nişanlanmış, lakin sonradan nişan pozulmuşdu və
o, Fransa kralı, özündən xeyli yaşlı və
xəstə XII Luiyə ərə gedərək, Fransa
kralının kraliçası olmuşdu. Onların
izdivacı qısa ömürlü olmuş, əri bir il sonra öldüyündən o, dul
qalmış və İngiltərəyə
qayıtmışdır. Sonra o, sevdiyi Çarlz Brendona gizli
qaydada ərə getmiş, ondan Fransez adlı bir qızı
olmuş, mədəsindəki şişdən əziyyət
çəkmiş və 37 yaşında vəfat etmişdi. Ölümündən əvvəl də ona sarayda
ehtiram göstərilmirdi, kral qardaşı hələ Anna
Boleynə evlənməmişdən əvvəl onu
bacısından yuxarı tutmaqla, Merinin mənliyini təhqir
etmişdi. Onun qızı Fransez isə
Ceyn Qreyin anası idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci
qəzet.- 2019.- 6 iyul. S. 22.