Xəyanətkar pinqvinin hekayəsi

 

Beyninin içindəki fırtına gözlərindən oxunurdu. Hərdən pürrəngi çaydan içə-içə yaranmış səssizliyin səbəbinin nə ola biləcəyini ehtimal etməyə çalışırdım. Birdən "Özümü Qrapekun kimi hiss edirəm" deyərək, sükutu pozdu. Əminəm ki, bu sözü heç vaxt eşitməmişdim. Nə olduğuna dair zərrə qədər fikrim yox idi.

Alnımı qırışdırıb, üzümü anlamağa çalışırmış kimi maraq dolu ifadəyə bürüməyimdən başa düşmədiyimi gördü və nəql etməyə başladı.

Bir müddət əvvəl Yaponiyanın Miyaşiro şəhərindəki "Tobu" heyvanxanasında 20 yaşlı Qrapekun adlı erkək pinqvin yaşayırdı. Bir gün on illik sevgilisi Midori onu daha gənc bir pinqvinə görə tərk edir. Qəlbi qırılan Qrapekun yaşadığı eşq acısından depressiyaya düşür. Baxıcıları onu bu vəziyyətdən xilas etmək üçün çox çalışırlar, amma bir xeyri olmur. Bir gün Qrapekun dərdli-dərdli gəzişərkən gözü Hululu cizgi film xarakterinin karton fotosuna sataşır. Qanadlarını çırpa-çırpa, əcaib səslər çıxara-çıxara həyəcandığını görürlər. Hər gün eyni hal təkrarlandığı üçün vəziyyəti öyrənməyə çalışırlar. Məlum olur ki, pinqvin həmin kartondan olan maketə aşiq olub. Ardınca bölgədə tayfun qasırğası olacağı ilə bağlı xəbərdarlıq gəldiyi üçün pinqvinləri təhlükəsiz yerə aparmalı olublar. Nəticədə Qrapekun karton sevgilisindən ayrılmalı olub və növbəti dəfə depressiyaya düşüb. Üst-üstə yaşadığı qəlb qırıqlığına yaşlı pinqvinin ürəyi tab gətirmədiyi üçün ölüb.

İndi mənim də aqibətim Qrapekununkundan çox da fərqli deyil. Ürəyimin sızıltısı rahat yaşamağa imkan vermir və illərdir ki, bu vəziyyətdəyəm. İşə bax da, bu mövqedəki adam özünü pinqvinlə müqayisə etmişdi. Bütün bunları səmimiyyət və dərin hüznlə danışmışdı. Onu ilk dəfə belə kədərli görürdüm. Fərqi yoxdur kişi və ya qadınsan, vəzifən, yaşın, statusunun nə olmağı əhəmiyyətsizdir. Eşq acısı ölüm kimidir, varlısı da, kasıbı da eyni şəkildə yaşayır.

Cəmiyyətdə qadınların çəkdiyi ağrının daha dərin olduğuna, kişilərin isə "sevgi sevgiylə unudular" məntiqi ilə yeni eşqə yelkən açdığına, içkiyə, əyləncəyə meylli olduğuna inanılır. Əslində, bu, ümumi və önyarğılı baxışdır. Məsələnin görünməyən tərəfi isə bu fikirlərin tam əksidir.

Kişilər eşq acısını qadından daha dərin yaşayırlar. Bunu mən yox, psixoloqlar, alimlər, araşdırmaçılar deyir. Amma elə görünür ki, sanki onların heç nə vecinə deyil. Bu isə patriarxal cəmiyyət olduğumuzdan irəli gəlir. Kişilərin öhdəlikləri, məsuliyyətləri, boyunlarının arxasına etiket kimi tikilən məcburiyyətləri var. "Güclü olmalısan, duyğusal davranmamalısan, məntiqli olmalısan" tələbləri doğulduqları gündən yığıb, yumrulanıb çiyinlərinə yüklənir. Buna görə kişilər hisslərini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır, həyatları boyu gerçək duyğularını gizlətməyə çalışırlar. Bütün bunlar insanı insan edən duyğulardan uzaqlaşdırır, nəticədə kişilər özlərini ifadə edə bilmədikləri üçün depressiya və qayğı içində ömür sürürlər.

Qadınlarda belə deyil. Acını zərrəsinə qədər yaşayır, ağrısını dilə gətirir, üsyan edir, fırtına qopardır, əsir-coşur və qısa müddətdən sonra "yas dönəmi"ni geridə qoyurlar. İnsan nə qədər yüksək səslə ağlayarsa, nə qədər öfkəsini qusarsa, içindəki zəhərdən o qədər tez qurtula bilər. Qadınların nümayişkarcasına yaşadığı bu ağrıları kişilər səssiz-səmirsiz, sakitcə yaşayırlar. Buna səbəb isə çəkdikləri əzabı ertələməkləridir. İlk zamanlar reallığı ümumiyyətlə qəbul etmir, heç nə olmamış kimi davranırlar. Üzləşməyə qorxur, onu xatırladan hər şeydən, hamıdan qaçmağa başlayırlar. Vəziyyət belə olunca, yaşayacaqları "yas dönəmi" ertələnmiş olur. Üstündən uzun müddət keçdikdən sonra kənara qoyduqları ağrıları ortaya çıxardıb, yeniymiş kimi əzab çəkirlər. Bu isə çoxdan bitməli olan prosesi uzada bildikcə uzadır. Hirslənir, hikkələnilər. Həm özünü, həm onu suçlamağa başlayırlar. Sevdiyi insanı münasibət bitdiyi üçün, özlərini isə bitməməkdə göstərdiyi israra görə qınayırlar. Bu dönəmlərdə ayrılıqdan dolayı kişi özünü əsla günahkar bilmir. Onun gözündə qəbahətli tərəf qadındır.

Ardınca "kaş" deyib dad etdiyi günlər gəlir. Peşmanlıq hissi yaxasını buraxmır. "Kaş bu hərəkəti etməzdim, gərək getməyinə imkan verməzdim" deyə-deyə özünü içindən oyur. Keçmişi anbaan xatırlayıb, harada yanlış etdiyini tapmağa çalışır. Bütün bunların heç biri işə yaramır və kişi xroniki ağrılara məruz qalır. Etdiklərindən zövq almır, yuxu rejimi pozulur, ağzının dadı qaçır, fikirləri dağınıq olur, istəkləri, gözləntisi azalır və boz, mənasız günlər yaşamağa başlayır.

Uzandıqca uzanan "yas dönəmi" kişinin hər şeyi qəbul etməyindən sonra başa çatır. Eşq acısı qadın və kişi üçün eynidir. Sadəcə kişilər bunu zəiflik olaraq dəyərləndirdikləri üçün problemi gün üzünə çıxartmamaqda inad edilər. Ona görə də, bu dönəmi ağır keçirirlər. Məsələyə zəif, gücsüz tərəfdən yox, həlli yönündən baxmaq lazımdır ki, yaranmış vəziyyətdən çıxmaq mümkün olsun. Yeri gəlmişkən, dostum hələ də həqiqətlərini soyuducunun buzlu gözündə dondurulmuş vəziyyətdə saxlayır. Ümid edirəm ki, sonu zavallı Qrapekununku kimi olmayacaq.

 

Türkan TURAN

525-ci qəzet.- 2019.- 6 iyul. S. 23.