Azərbaycan mədəniyyətinin yeni qələbəsi
Xan Sarayi Və
Şəkinin Tarixi Mərkəzi
Unesco-nun Dünya İrs Siyahısına Salindı
İyulun
7-də Bakı Konqres Mərkəzində keçirilən
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasının növbəti iclasında Azərbaycanın
"Xan Sarayı ilə birgə Şəkinin tarixi
mərkəzi" adlı nominasiyası UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilib.
Əvvəlcə
Tarixi Yerlər və Abidələrin Mühafizəsi
Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki,
Şəki şəhəri respublikanın
şimal-qərbində, Kiş çayının sol
sahilində, dəniz səviyyəsindən 700 metr
yüksəklikdə, paytaxt Bakı şəhərindən
370 kilometr məsafədə, Böyük Qafqaz sıra
dağlarının cənub ətəklərində,
mərkəzi regionlardan uzaqda - təcrid olunmuş bir
məkanda yerləşir.
Qeyd edilib ki, Şəkidə yerləşən Xan
Sarayı dünya əhəmiyyətli tarix və memarlıq
abidəsidir. XVIII əsrdə inşa edilən saray
binası şəhərin şimal-şərq
hissəsində, qala divarları ilə əhatə olunmuş
ərazidə yerləşir. Otuz metr
uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni
əhatə edir. Saray altı otaq, dörd
dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış
binalarının xüsusiyyətlərini daşıyan saray
binası, Qafqazda XVIII saray memarlığının ən
gözəl nümunələrindən biri olmaqla, həm
də İslam Şərqinin memarlıq incilərindəndir.
Şəhərin tarixi mərkəzi ilə
birlikdə saray 120 hektar ərazini əhatə edir.
Hesabatda
Şəki ilə bağlı faylın 2017-ci ildə
Polşanın Krakov şəhərində UNESCO-nun
Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında
ölkəmiz tərəfindən təqdim edilən "Xan
Sarayı ilə birgə Şəkinin tarixi
mərkəzi" adlı nominasiyanın müzakirə
olunduğu diqqətə çatdırılıb.
Müzakirələr
zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya,
İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya
və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso,
İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs
Siyahısına salınmasının vacibliyini
vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra
Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi
işlər görüb. Bu
səbəbdən də üzv dövlətin
nümayəndələri faylın qəbulunu
məqsədəuyğun hesab edirlər.
Azərbaycanın nümayəndəsi
çıxış edərək bildirib ki, nominasiya altı
ildir yerli və beynəlxalq ekspertlər tərəfindən
dəyərləndirilib və əraziyə dəvət
olunub. ICOMOS-un tövsiyələrindən irəli
gələn məsələlərlə bağlı ciddi
işlər görülüb. Yeni
idarəetmə strukturu formalaşdırılıb və bir
sıra qərarlar qəbul olunub.
Müzakirələrdən sonra "Xan Sarayı ilə
birgə Şəkinin tarixi mərkəzi" adlı
nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil
edilib.
Sonda Mədəniyyət naziri Əbülfəs Qarayev
çıxış edərək qərara görə
komitə üzvlərinə təşəkkürünü
bildirib.
"Ümumdünya İrs Komitəsi Azərbaycandan
artıq üçüncü nominasiyasını qəbul
etdi. Bu gün Şəki şəhərinin tarixi
hissəsi və Şəki Xan sarayı UNESCO-nun
Ümumdünya İrs Siyahısına salındı".
Bu sözləri iyulun 7-də UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasında "Şəkinin tarixi
mərkəzi ilə Xan sarayı" nominasiyası qəbul
olunandan sonra jurnalistlərə açıqlamasında
Azərbaycan Respublikasının Mədəniyyət naziri
Əbülfəs Qarayev deyib.
Nazir
bildirib ki, bu proses asan başa gəlməyib. "Altı
ildir ki, Azərbaycandan ekspertlər bu faylı hazırlayaraq
müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi.
İlk mərhələdə onların
təhlili kifayət qədər müsbət
olmamışdı. Lakin Azərbaycanın
gətirdiyi sübutlar və cənab Prezidentin
məsələ ilə bağlı imzaladığı
sərəncamın icrası bu qərarın
verilməsində müsbət rol oynadı".
Əbülfəs
Qarayev Azərbaycanın UNESCO ilə əlaqələrinin
inkişafında Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın xüsusi rolunu da vurğulayıb:
"Fürsətdən istifadə edərək Mehriban
xanım Əliyevaya təşəkkürümü
bildirmək istəyirəm".
Nazir
Şəki şəhərinin tarixi hissəsi və
Şəki Xan sarayının UNESCO-nun Ümumdünya İrs
Siyahısına salınması münasibətilə
Azərbaycan xalqını təbrik edib:
"Xalqımızın mədəni irs tarixində bu,
fövqəladə hadisədir".
Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada
qərar qəbul olunandan sonra çıxış
edərək Azərbaycan hökuməti adından sessiya
iştirakçılarına təşəkkürünü
bildirib.
Nazir diqqətə çatdırıb ki, biz bu
məsələ ilə bağlı edilən
tövsiyələri və müvafiq öhdəlikləri
yerinə yetirəcəyik: "Bu məsələdə
dəstək göstərdiklərinə görə
Ümumdünya İrs Komitəsinə üzv dövlətlərə,
ICOMOS-a təşəkkür edirəm".
Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov da müzakirə zaman qeyd
olunan bütün fikirlərin nəzərə
alınacağını deyərək, sessiyaya
minnətdarlığını bildirib və hamını
Şəkiyə dəvət edib.
525-ci qəzet.- 2019.- 10 iyul. S.4.