Zabil Müqabiloğluya həsr edilən "Son zəng" kitabı təqdim olundu

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mərhum jurnalistin Azərbaycan mətbuatında xidmətlərindən danışdı, onun həyat və fəaliyyətinə nəzər saldı. O qeyd etdi ki, Z.Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. Mətbuata 1998-ci ildə gəlib. "525-ci qəzet", "Yeni Müsavat" digər mətbu orqanlarda çalışıb, "Gunxeber.com" saytının baş redaktoru olub.

Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən jurnalistin 2017-ci il fevralın 26-da, 40 yaşında vəfat etdiyini deyən Ə.Amaşov bildirdi ki, onun vaxtsız ölümü yaxınları, dostları, həmkarlarının ürəyində dərin izlər buraxıb.

Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə nəşr olunan "Son zəng" kitabı haqqında danışan Ə.Amaşov qeyd etdi ki, burada Z.Müqabiloğlunun şeirləri, hekayələri, həmkarlarının onun haqqında yazdığı esselər toplanıb: "Bu, Zabil Müqabiloğlunun xatirəsinə ehtiram, həm jurnalist fəaliyyətinə verilən qiymətdir. Onun xatirəsi dostlarının, həmkarlarının qəlbində həmişə yaşayacaq".

Kitabın redaktoru, professor Qulu Məhərrəmli mərhum jurnalist haqqında xatirələrini bölüşdü, "Son zəng" kitabının necə ərsəyə gəlməsindən danışdı. O qeyd etdi ki, həmin kitab Z.Müqabiloğlunun bacısı Sevinc Fərhadovanın təşəbbüsü ilə işıq üzü görüb. Q.Məhərrəmli kitabın çap edilməsində, hazırlanmasında jurnalistlər Famil Cəfərli, Yadigar Məmmədli, Həbibə Abdullanın da adını xüsusi qeyd etdi: "Hər kitab bir abidədir. Biz "Son zəng"i Zabil Müqabiloğlunun ruhuna ithaf etmişik. Kitabın arxasında yazıldığı kimi, "Son zəng"i istedadlı elə o qədər işıqlı, sədaqətli, mərd insan olan Zabil Müqabiloğlunun ruhuna dua kimi oxuyacaqsınız. Ruhu şad olsun deyə".

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə bildirdi ki, bu kitab Zabilə vəfa borcudur. R.Məcid dedi ki, Z.Müqabiloğlunu xatırlayarkən ilk yadında düşən heç vaxt unutmadığı xüsusiyyəti onun vətənpərvərliyidir: "Yadımdadır, bir dəfə Zabillə birgə Polşada ATƏT-in tədbirində olmuşduq. Bu səfər onu mənə daha yaxşı tanıtdı. Vətənpərvərliyinin, xalqına, bayrağına sevgisinin orada şahidi olmuşdum. Polşada böyük bir mitinq keçirilirdi. Həmyerlilərimiz Azərbaycan bayrağını qaldırmışdılar. Zabil bunu görəndə çox sevindi. Həmin dövrdə Polşada təhsil alan azərbaycanlı tələbə Hicran xanımla birgə bayrağın altında şəkil çəkdirdik".

R.Məcid qeyd etdi ki, Z.Müqabiloğlu həm jurnalist, həm insan kimi xoş xatirələrlə xatırlanır: "Zabilin xəstəliyi haqda məlumat yayılanda hər birimiz çox böyük narahatlıq keçirdik. Azərbaycan Yazıçılar Birliyi, şəxsən Anar müəllim Zabilin müalicəsi üçün yardım da etdi. Bu da onunla bağlı idi ki, müəyyən dövrlərdə mətbuatda Anar müəllimə, Yazıçılar Birliyinə qarşı haqsız tənqidlər, hücumlar olarkən Zabil obyektiv yazılarla çıxışlar etmişdi. Bu, Anar müəllimin yadında qalmışdı".

"Zabilin vəfatı həm mənə, həm onu keçmiş yoldaşlarına çox pis təsir etdi. Biz onu bu amansız xəstəliyin əlindən almaq üçün çox çalışmışıq. Ancaq təəssüf ki, bacara bilmədik", - deyə baş redaktor bildirdi. R.Məcid Z.Müqabiloğlunun xoş zarafatları, yüksək insani keyfiyyətləri, zəhmətkeş fəaliyyəti, peşəkar qələmi ilə hər zaman həmkarlarının xatirəsində, qəlbində əbədi yaşayacağını vurğuladı.

Daha sonra çıxış edən Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu qeyd etdi ki, jurnalistikada öz imzası ilə tanınan Z.Müqabiloğlunun araşdırma-yazılarında Qarabağ mövzusu həmişə xüsusi yer tutmuş, yurd yanğısı, torpaq həsrəti onun ürəyində böyük ağrı yaratmışdı: "Dostları, həmkarları onun yaşaması üçün əlindən gələn hər şeyi edirdi. Ancaq Zabil özü yaşamaq istəmədi. Gənc yaşlarında məcburi köçkün düşən, valideynlərini vaxtsız itirən Zabil bu ağrı ilə çox yaşaya bilmədi".

Təqdimat mərasimində, həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İnformasiya Təminatı şöbəsinin müdiri Yadigar Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Əməkdar jurnalist Azər Həsrət digərləri Z.Müqabiloğlu ilə bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, həyatdan vaxtsız köçən Z.Müqabiloğlunun işıqlı xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.

Tədbirin sonunda çıxış edən mərhum jurnalistin bacısı Sevinc Fərhadova "Son zəng" kitabının ərsəyə gəlməsində rolu olan hər kəsə öz təşəkkürünü bildirdi.

Tədbirdə Z.Müqabiloğlunun şeirləri səsləndirildi, onun həyat fəaliyyətini əks etdirən şəkillərdən ibarət slayd nümayiş etdirildi.

Qeyd edək ki, "Son zəng" kitabı 300 tirajla "Qanun" nəşriyyatında çap olunub. Kitabın tərtibçisi Həbibə Abdulla, redaktoru Qulu Məhərrəmli, korrektoru Fəxriyyə Abdullayevadır.

 

C.ABASOV

525-ci qəzet.- 2019.- 5 iyul. S. 9.