"Hər şeydən narazı
adamları ciddiyə almıram"
Gənclər
nə istəyir?
Tarixən
hər bir xalq özünün xoşbəxt
gələcəyə olan ümidlərini ilk
növbədə gənc nəslə bağlayır. Gənc nəslin sağlam və aydın
təfəkkürlü, savadlı yetişməsi hər bir
ölkə üçün başlıca
məsələdir. Bəs bu gün
Azərbaycan gənci nə düşünür, o
cəmiyyətdə öz layiqli yerini tuta bilmək
üçün hansı problemlərlə üzləşir?
Gəncliyin problemləri və arzuları
barədə gənc nəslin
nümayəndələrinə; Siz gənc nəsli
böyüklərdən fərqləndirən əsas
məqam nədən ibarətdir? İstədiyiniz
həyatı qurmaqda hansı çətinliklərlə
rastlaşırsınız? Özünüz
barədə nəyi dəyişmək istərdiz? - kimi suallarla
fəal olan gənclərə müraciət etdik. Cavablar
müxtəlif oldu
Şairə,
tərcüməçi Rəbiqə Nazimqızı gənc nəsilin
yaşlılardan informasiya texnologiyalarına meylliyi ilə
seçildiyini xüsusi qeyd edərək fikrini belə
əsaslandırdı
- Gənclər
dünya yaranandan yaşlıların təcrübəsini
görür və daha rahat, eyni zamanda, daha maraqlı
yaşamaq istəyirlər, onlar yenliklərə
açıqdılar, səyahəti sevirlər
Rəbiqə
Nazimqızına istədiyi həyatı qurmağa mane olan
yeganə şey maddiyyatdı: "Maaşımı
illərlə xərcləməyib, yığsam da, ona nə
ev ala bilərəm, nə maşın. Toy, ad günü,
təqdimat dəvəti görəndə bilmirsən
neyləyəsən".
Rəbiqə
xanım ixtisasını dəyişmək arzusundadır:
"Xarici dil öyrənməyə çalışıram.
18 yaşımdan işləyirəm, özü
də jurnalistika kimi gərgin sahədə, indi heç olmasa,
ara-sıra dincəlmək istərdim".
"Gənclik
özü böyük fərq, böyük
üstünlük deməkdir. Dəfələrlə
yaşlı nəsildən olan insanların keçib gedən
gənclik üçün necə həsrətlə
darıxdığına şahid olmuşam. Amma həyat
davam edir və günbəgün bu məşhur fikri isbat
edir: "Çox yaşamağın yeganə yolu
qocalıqdan keçir". Gənclik enerjisi,
təşəbbüskarlığı, fantaziyası
xoşbəxtlik mənbəyidir. Sadəcə,
bunların mahiyyətini dəyərləndirib faydalı
çalışmaq lazımdır, vəssalam. İndi elə bir zamandır ki, həyatın ritmi
ilə ayaqlaşa bilməyənlər zamandan geri qalırlar.
Zamandan geri qalmağın fəsadlarını
isə yaşlı nəsil daha çox yaşayır.
Yəqin gəncliyin daha bir fərqi budur: həyatın ritmi
ilə bərabər addımlamaq" - bunu yazıçı
-jurnalist Cavid Zeynallı sorğumuza münasibət
bildirərkən deyib.
Cavid Zeynallı: -
Ümumiyyətlə, hər şeydən giley-güzar
etməyin tərəfdarı deyiləm. Hər
şeydən narazı adamları da heç vaxt ciddiyə
almamışam. Əksinə, mənfi
enerji mənbəyi olduqları üçün onlardan
mümkün qədər uzaq qaçmağa
çalışmışam. İstədiyim
həyatı qurmağın sərhədləri uzaq
üfüqlərdən keçmir, elementar ehtiyaclardır ki,
onların bəzilərini əldə etmişəm,
bəzilərini əldə etmək üçün zamana
ehtiyac var.
Zamanı
düzgün bölmək, ingilis dilini öyrənmək
üçün iradəli olmaq, yazmaq həvəsini
öləziməyə qoymamaq və s. bunlar C.
Zeynallının həyatında nail olmağa
çalışdığı nüanslardır.
Yazar Günel
İmransa bəşəriyyatın davamı olan insanı
əvvəlki nəsillərdən fərqləndirən
əsas məqamın yaşadığı zamanla
bağlı olmasını deyir: - Zamanla dünya fasiləsiz
dəyişir və bu insana təsirsiz ötüşmür.
Günel İmran
maneənin hər zaman pis olduğunu düşünmür: -
Bəzən mane olan şərtlər insanın
seçimlərin ən doğrusunu etməyinə
səbəb olur. Ən böyük mane,
insanın özünün beynində yaratdığı
manelərdir. İnsan diqqətini
tamamilə öz həyatına cəmləsə, manelər
həm kiçilər, həm də azalar.
Jurnalist Fariz
Abdullayev gənc nəsli fərqləndirən əsas
məqamın ilk növbədə onlarda müstəqil,
yaşca böyüklərin fikirlərindən fərqli
düşüncənin formalaşmasında görür:
-
Böyüklərin hər hansı fikri bildirməsində
müəyyən sərhədlər, olmazlar var.
Üstəlik, onlar ictimai qınaq amilini çox
diqqətlə nəzərə alır və hər
məsələyə "mən haqlıyam" prinsipi
ilə yanaşırlar. Gənc nəsil isə
öz düşüncələrinə uyğun,
sərbəst, yəni qadağasız həyat yaşamaq
istəyir. Məsələn, əksər valideynlər
övladlarının ali təhsil
almasında israr edir, amma çox zaman bu israr reallıqla
uzlaşmır. Yəni övladın ali
təhsil almağa nə həvəsi, nə də
yetərincə potensialı olmur. Bu faktor onlar
arasında mübahisəyə səbəb olur. Əgər uşağınız istəyirsə,
bundan xoşbəxtdirsə, imkan verin gedib fəhlə olsun.
Eyni hal övladlarının həyat
yoldaşı seçimində də yaşanır. Təəssüf ki, əksər valideynlər
uşaqlarının həyatını onların yerinə
yaşamaq istəyir, hər addımlarında
göstəriş verir. Bu da
müəyyən zaman keçdikdən sonra daha ciddi
ailədaxili problemlərə yol açır və hətta,
artıq yetkinlik yaşına çatmış,
özünü dolandıra biləcək potensiala malik
övladın evdən getməsinə gətirib çıxarır.
Məncə, bu problemlərin yaşanmaması
üçün valideyn "qılıncını"
övladlarının üzərindən
çəkməlidir.
Fariz
həyatını valideynlərimin diktəsi ilə
qurmadığını deyir: - Öz istəyimlə ali təhsil almışam, öz
istəyimlə jurnalistikaya gəlmişəm, öz
istəyimlə televiziya sahəsini seçmişəm.
Şair Ulucay Akif
bütün yeniliklərin insanların xarakterinə və
davranışlarına birbaşa təsir etdiyini deyir: - Bu
dəyişikliklərin nəticəsidir ki, nəsillər arasında fərqlər,
anlaşılmazlıqlar yaranır. Ədəbiyyatda
da belədir, amma bir şeyi deyim. Mənə
görə ədəbiyyatda "gənc" və
"qoca" anlayışı yoxdur. Ədəbiyyatda
"yeni" və "köhnə" anlayışları
var. Yaşlı dediyimiz imzalardan elə yeni əsərlər,
gənc dediyimiz imzalardan elə köhnə mətnlər
çıxır ki, kimin gənc, kimin qoca olduğunu
seçmək olmur. Yaşlı olmaq
qəbahət deyil, təbii haldır, amma köhnə olmaq
qüsurdur. Həmçinin, gənc olmaq yox, yeni olmaq
vacibdir!
Ulucay
Akifə istədiyi həyatı qurmağa ona mane olan
yeganə şey tənbəlliyidir.
"Özümdə
dəyişmək istədiyim tək şey
tənbəlliyimdir" - deyir Ulucay Akif.
Şair Taleh
Mansur:
- Elə bir zamana
gəlib çatmışıq ki, indi gənc nəsli
yaşlı nəsildən, yaşlı nəsli də
gənc nəsildən fərqləndirmək olmur. Gənc var ki, "qoca"dı, qoca da var ki,
"gənc"di. O yerdə ki, yaşıl nəsil
və gənc nəsil anlaşa bilmir, orada nə yaşlı
doğru-dürüs yaşa dolur, müdrikləşə
bilir, nə də gənc nəsil gəncliyinin
üstünlüklərindən yararlana bilir, gənc
olduğunu hiss edə bilir. Məncə, belə
suallarının özü kimi cavabları da
qarma-qarışıq və xaotik olur. Açığı,
belə suallara başqa cür cavab verməkdə
çətinlik çəkirəm deyə, lakonik bir cavabla
fikrimi yekunlaşdırıram.
"Maddi durumundan
asılı olmayaraq, yer üzündə elə bir adam yoxdu ki, onun həyatı ürəyi
istədiyi kimi olsun. Belə deyək da, nə
yer üzündəki xoşbəxtlər tam
səmimidirlər, nə də ki bədbəxtlər. İnsan ömrünün sonuna qədər layiq
olduqlarının ölçü-miqdarını
çək-çevir etməklə məşğul olur.
Nə deyim, mən o qədər də
naşükür deyiləm. Ailəm var,
övladım var, kirayə olsa da, başımın
üstündə evim var. Hələ Allah verdiyi ürəyim
sevgidən, başım az-maz ağıldan uzaq
düşməyib. Hiss edə bilirəm, duya bilirəm,
bəsimdi. İnsan ağlını və
ürəyini unudub, istəklərinə və maddi
tələbatlarına çox qulaq versə, özünü
şeytanın ağuşunda tapar" - deyir Taleh Mansur.
O bildirir ki, insan
kamildirsə, özü və həyatı ilə
bağlı hər şeyi dəyişmək
səlahiyyəti var. Kamil deyilsə, heç libasını
belə dəyişməyə haqqı yoxdu, fikrimcə. Nə danım, olur ki, daha çox
həssaslığımla bağlı
narahatçılıq, nigarançılıq
keçirirəm. Hətta hərdən
yenicə dünyaya göz açmış oğlumu belə
başqa cür tərbiyə etmək fikrinə
düşürəm ki, həssas olmasın. Sonra görürəm yox, mən ürəyimə
xəyanət eləyə bilmərəm. Bir
sözlə, mən özümlə bağlı
dəyişmək istədiyim şeylərin artıq
aludəçisiyəm.
Jurnalist Tural Turan gənc nəsli
sələflərindən
seçilən bir neçə nüansı
göstərir: - Birincisi, əksəriyyəti optimistdir.
İkincisi, praqmatikdirlər. Üçüncüsü,
uzaqgörəndirlər. Daha demokratikdirlər. Fikirlərini
daha azad şəkildə ifadə edə bilirlər.
İstədiyim həyatı yaşamağa mane olan yalnız
maliyyə sıxıntısıdır. Evsizlik buxovundayam. Bu,
tək mənim yox, əksər
gənclərin problemidir. Sosial şəraitin
ağırlığı gənclərin gec yaşda
evlənməsinə, genefondun zədələnməsinə
gətirib çıxarır. Amma mənəvi
cəhətdən xoşbəxtəm. Kitabların
sayəsində səbr etməyi öyrənirəm
(gülür). Özüm hər gün dəyişirəm,
inkişaf edirəm. Yenilənirəm. Bu, normal haldır.
Tural Turan deyir ki, onu narahat edən və ona mənfilik
gətirən xüsusi bir xüsusiyyəti yoxdur.
Yazar Ayxan Ayvaz: - İndi
gənc nəsli yaşlılardan fərqləndirən
cəhətlərin qürubunu görürəm. Etiraz,
çılğınlıq yox olur.
Ayxan Ayvaz istədiyi həyatın konturlarını
belə göstərir: hüzur və normal yaşamaq.
O da digər
həmyaşıdları kimi tənbəlliyini
dəyişmək istəyindədir.
Hazırladı: Şəhla Aslan
525-ci qəzet.- 2019.- 5 iyul. S. 13.