"Mən, Abbasəli (Araz) Əhmədoğlu, 1968-ci il martın 10-da, Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşam. Məktəbə getməzdən öncə atamdan yazıb-oxumağı öyrənmişdim və sinfimizdə digər şagirdlər içərisində birinci idim. Ata və babalarım əkinçiliklə məşğul olmuş, bu yolla zənginləşmişlər. Onlar dindar idilər və gözəl səsləri, avazları var idi. 1986-cı ildə orta məktəbi bitirdim və Şiraz Universitetininin radiotexnika bölümünə daxil oldum. Tələbəlik illərində qürbətin, qəribliyin acısını, dərdini dərindən duydum. Mənim türk ləhcəsi ilə fars dilində danışmağımı lağa qoyub gülməsinlər deyə, gecə-gündüz farsca danışmağa çalışdım. Türk ləhcəmi az-çox itirsəm də, adımı və soyadımı saxlaya bildim. Elə məqam oldu ki, adımı dəyişməyə qərar verdim. Elə bu arada bir erməni tələbə Rəşid Behbudovu mənə tanıtdı və kasetini verdi. Onun kasetini köçürdüm və bütün mahnıları öyrənib yaddaşıma həkk elədim. 1990-cı il mənim ömrümdə dönüş nöqtəsi oldu. Çünki həmin ildə mən "Varlıq" jurnalı, Hacıbaba Hüseynov, Bakı radiosu və Azərbaycanın muğam musiqisi ilə tanış oldum. 1996-cı ildə Təbriz Universitetinin İngilis dili və ədəbiyyatı bölümünə daxil oldum. Bu hadisə dünyagörüşümdə böyük bir dəyişikliyə səbəb oldu. Hazırda təhsilimi mükəmməlləşdirirəm ki, xalqıma daha gərəkli mütəxəssis kimi fayda verə bilim".

 

                İki daş

 

Adsız-sansız sayısız qardaşlardıq,                           

Sıldırım qaya başından

Qaldırmış dimdik başını

Çənli göyə qarşı baxan,

Tarix boyu yandırılıb-yaxılan,               

Bəzz Qalası ətəyində

Arxa-arxaya söykənib

Yüz illərdən bəri

Min bir düşüncəylə,

Yalnız oturub mürgülü gözlər ilə                   

Heyranlıqla dalmamışdıq

Bu cənnətin,

Bu yetim-yesir cənnətin,

Bu yiyəsiz buraxılmış gözəlliyin

Tamaşasına, seyrinə!                                         

Dəfələrlə islanıban

Əsgərlərin axıtdığı qan-tər ilə,

Əllərindən axan qanla,

Qalaya çıxarılmışdıq,

Ordan isə tullanmışdıq                                      

Harınlamış quduzların,

Özgələrin var-yoxunda

Gözü qalmış donuzların təpəsinə.

Orda yalnız lalələrlə,                                          

Orda yalnız çiçəklərlə,

Min bir boya çalar gözəl böcəklərlə

Boyun boyuna söykənib

Gecəni gündüzə,

Gündüzüsə gecəsinə qatıb                                

Kəkliklərin qaqqıltısı,

Bülbüllərin cəhcəhinə

Göz yumuban ağız açıb

Getməmişdik özümüzdən,

Dönməmişdik sözümüzdən!

                                                    ***

İllər boyu göz olmuşduq,

Darıxmışdıq yorulmuşduq,

Pıçıldaşıb durulmuşduq,

Yan-yövrəmizdəkilərlə,

Min bir yaşıllıqda çalan bitkilərlə,

Ətəklərdə yuvarlanan buludlarla,               

Göy köksündən asılıban

Gözəlliyə min qat artan tərlanlarla,

Şıdırqı şığıyıb şaxan qartallarla.

Biz də boyun uzatmışdıq,

Gözləyib yola baxmışdıq                               

Kərtənkələlərlə,

Oğlan yoldaşıyla,

İlana ağıverənlə,

Ovun yanaşmasın.

Günəvərlənərkən uzun saatlarla                 

Dinləmişdik çevrəmizin

Melodik harmoniyasın,

Çiçəklərlə böcəklərin

Baleti ilə operasın.

Bu çiçəkdən o çiçəyə süzülərkən                 

Kəpənəklərlə küləyin simfonisin.

Gözləmişdik, dayanmışdıq

Zəmanənin qamçısına,

Olub minlər can vermişdik

Torpağın bir ovucuna...

Amma heç vaxt sarsılıban                              

Ümidsizliyə diz çöküb

Yüz illərdən bəri

Yollarını gözlədiyimiz

O qəhrəman xalqın,

O igid xalqın                                                       

Milyonlarla çıxışını,

Hər eldən, hər obadan yığışını,

Qaranlığın qara basmış obasına

İldırımlar, şimşəklər yağışını

Ola bilməz bir xəyal sanmamışdıq...             

Uydursunlar! Bizsə inanmamışdıq...

 

Araz ƏHMƏDOĞLU.

525-ci qəzet.- 2019.- 5 iyul. S. 15.