Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan
ədəbiyyatı - Poeziya" adlı guşə
açılıb. Guşədə İran İslam İnqilabından (1979)
sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda
1960-cı ildə və daha sonra doğulub boya-başa
çatmış və sənətdə öz
sözünü demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına
toxunmadan, yaratdıqları möhtəşəm poeziya
örnəklərini incələmədən onların ana
dilində fərqli janr və üslublarda qələmə
aldığı şeir və poemalara, yaxud da həmin
əsərlərdən müəyyən hissələrə
yer verəcəyik. Bu əsərlər
günümüzün Güney ədəbiyyatında baş
verən yeniliklərin, ədəbi prosesin incəliklərini
bir az da yaxından izləmək,
həyata, insanlığa, yazarların ictimai-siyasi və milli
məsələlərə baxışlarını
öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil
Meriç "Qərb kültürün vətənidir,
Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə
Şərqi, ən az tanıdığımız isə
özümüz..." deyirdi. Güney
Azərbaycanda son çağın dinamik inkişaf edən
ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı, kitab
mədəniyyəti, sözyaratma qüdrətinin nə
qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq,
susmayan dili, özünü, kimliyini, tarixini
öyrənmək istəyən şairləri olan xalq isə
dünya tarixindən heç vaxt silinmir,
əbədiyaşarlıq qazanır...
Beləliklə,
özümüzü, Güneyimizi daha yaxından tanımaq,
həm də daha çox sevmək üçün,
dəyərli yazarların yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz oxucular!
Esmira Fuad, Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2019.- 5 iyul. S. 15.