Bakıda tarixi qərar: Şəki UNESCO-nun
Ümumdünya İrs Siyahısında
"Bu, Azərbaycan
üçün çox mühüm tarixi hadisədir"
Məlum
olduğu kimi, iyulun 7-də Bakı Konqres Mərkəzində,
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyası çərçivəsində keçirilən
iclasda Azərbaycanın Xan sarayı ilə birgə
Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya
İrs Siyahısına daxil edilib.
Mədəniyyət
Nazirliyindən verilən məlumata görə, iclasda
hələ 2017-ci ildə Polşanın Krakov
şəhərində keçirilən UNESCO-nun
Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında
ölkəmiz tərəfindən təqdim edilən "Xan
sarayı ilə birgə Şəkinin tarixi
mərkəzi" adlı nominasiya ilə bağlı ICOMOS-un
(Abidələr və Tarixi Yerlərin Mühafizəsi
üzrə Beynəlxalq Şura) hesabatı dinlənilib. Şəkinin
tarixi, Xan sarayında aparılmış son bərpa
işləri barədə məlumat verilib. Şəhərin
tarixinin iki min ilə yaxın olduğu, qədim
məhəllələrin 1790-cı ildə
salındığı qeyd edilib.
Müzakirə və çıxışların yekunu
olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi
mərkəzinin UNESCO-nun Ümumdünya İrs
Siyahısına salınması ilə barədə qərar
qəbul olunub.
Birləşmiş
Millətlər Təşkilatının Elm, Təhsil və
Mədəniyyət üzrə ixtisaslaşmış qurumu -
UNESCO-nun dünyanın 180-dan artıq ölkəsindən 2500
nəfərdən çox nümayəndəsinin iştirak
etdiyi sessiyasında qəbul olunan bu tarixi qərarla
bağlı fikirlərini bildirən Azərbaycan Milli
Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin
deputatı, akademik Yaqub Mahmudov qeyd edib ki, Xan sarayı ilə
birlikdə Şəkini tarixi mərkəzinin UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident
İlham Əliyevin Vətən naminə
yürütdüyü müdrik, uzaqgörən siyasətin
çox böyük qələbəsidir: "Həmin
sahədə əldə olunan digər mühüm
uğurlarla yanaşı, bu qələbə sübut edir ki,
bizim xalqımız ümumdünya mədəniyyətini,
müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun
dünya miqyasında qəbul olunması, daha doğrusu,
rəsmi olaraq etiraf olunması həqiqətən çox
böyük tarixi qələbədir".
Y.Mahmudov
bildirib ki, dünyanın ən qədim
şəhərlərindən biri və 2700 ildən çox
yaşı olan Şəki şəhəri haqqında bu
tarixi qərarın UNESCO-nun Ümumdünya İrs
Komitəsinin məhz Bakıda keçirilən 43-cü
sessiyasında qəbul edilməsi Azərbaycan
üçün çox mühüm tarixi hadisədir:
"Bu qələbə çox çətin,
mübarizələrlə dolu yolun parlaq sonluğudur".
"Şəki tək tarixi abidələri ilə
məşhur deyil, həm də tarixi
şəxsiyyətlər yurdudur. Mirzə Fətəli
Axundzadə, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, Sabit Rəhman,
Şəfiqə Axundova və başqa görkəmli
şəxsiyyətlərimiz məhz Şəki
torpağının yetirmələridir", - deyə akademik
qeyd edib.
Tarix
İnstitutunun direktoru əlavə edib ki, bu gün Şəki
Azərbaycanın tarixini, mədəniyyətini, mədəni
irsini qoruyub saxlayan unikal bir şəhərdir:
"Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi
Şəhərlər Liqasının üzvü seçilib,
2010-cu ildə Azərbaycanın Sənətkarlıq
Paytaxtı,
TÜRKSOY tərəfindən 2016-cı ilin
Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci
ildə isə UNESCO-nun "Yaradıcı
şəhərlər şəbəkəsi" siyahısına
salınıb".
Deputat Aydın Mirzəzadə isə bildirib ki, Xan
sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil
edilməsi tarixi hadisədir. O xatırladıb ki,
buna qədər "İçərişəhər, Qız
Qalası və Şirvanşahlar Saray Kompleksi",
"Qobustan Qaya Sənəti Mədəni Landşaftı"
UNESCO-nun Ümumdünya İrs Siyahısına,
həmçinin, xalqımızın qeyri-maddi mədəni
irsinin 13 nümunəsi UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilib: "Bu tarixi hadisə
münasibəti ilə hər kəsi təbrik edirəm. İlk dəfədir ki, ölkəmizin bütöv
bir regionu ümumdünya irsi kimi rəsmi surətdə
qeydə alınıb".
"Xalqımızın mədəni irsinin beynəxlaq
təşkilat tərəfindən tanınmasında Prezdent
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın
böyük əməyi var. Onlara xalqımızın
mədəni irsinin tanınmasında və
zənginləşməsində göstərdikləri
böyük zəhmətə görə
təşəkkür edirəm", - deyə deputat
əlavə edib.
Deputat Rauf Əliyev isə qeyd edib ki, son illər
Azərbaycanın mədəni irsinin dünya
səviyyəsində tanınması və qorunması
istiqamətində çoxsaylı layihələr həyata
keçirilib. O, "Trend"ə
bildirib ki, bu layihələr beynəlxalq təşkilatlarla,
xüsusən də dünya mədəniyyətinə,
təhsil və elminə məsul olan UNESCO ilə sıx əməkdaşlıq
şəraitində həyata keçirilib. Bu
əməkdaşlığın belə bir yüksək
səviyyəyə çatmasında Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
Əliyevanın rolu misilsizdir.
Deputat
Xan sarayı ilə birgə Şəki şəhərinin
tarixi hissəsinin UNESCO-nun Dünya İrs Siyahısına
salınması münasibətlə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
xalqına təbrikini xatırladıb: "Təbrikdə qeyd
edilib ki, Azərbaycanın ən qədim
şəhərlərindən biri olan Şəkinin tarixi
hissəsi yüzillər boyu ölkəmizin
mədəniyyət mərkəzlərindən biri kimi
tanınıb. Unikal
abidələrlə zəngin olan Şəki
şəhərinin tarixi hissəsinin mühafizəsi və
inkişafı daim dövlətin diqqətində
saxlanılıb. Şəkinin tarixi mərkəzində
keçmişimizi özündə təcəssüm
etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid
və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları
və yaşayış evləri bu gündən etibarən
təkcə xalqımızın deyil, bəşəriyyətin
mədəni irsi hesab edilir".
R.Əliyev
bildirib ki, buna qədər Azərbaycandan bu siyahıya Bakı
şəhərinin tarixi incisi olan
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi,
Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil
edilib. Bundan əlavə,
müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə
22, o cümlədən, 5 təbii və 17 mədəni
abidə daxil edilib: "Bütün bunlar Azərbaycan
xalqının ümumbəşər
mədəniyyətinə verdiyi töhfələrin
beynəlxalq miqyasda bir daha etirafıdır. Bu,
Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi
növbəti uğurdur. Azərbaycanla UNESCO
arasındakı əməkdaşlığın
müxtəlif istiqamətlərdə inkişaf edərək
belə yüksək səviyyəyə
çatdırılması və bu
əməkdaşlığın davam etdirilməsi imkan
verəcək ki, xalqımıza məxsus, böyük
əhəmiyyət daşıyan digər tarixi, maddi
və mədəniyyət abidələrinin də UNESCO-nun
Dünya Mədəniyyət Mirasları Siyahısına
salınması məqsədi ilə aparılan işlər
uğurla nəticələnsin".
Deputat
Sahibə Qafarova da UNESCO-nun Ümumdünya İrs
Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası
çərçivəsində Xan sarayı ilə birgə
Şəkinin tarixi mərkəzinin Dünya İrs
Siyahısına salınmasını Azərbaycan
mədəniyyətinin növbəti böyük uğuru
və qələbəsi kimi qiymətləndirib: "UNESCO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
Bakıda keçirilməsi heç də təsadüfi
deyil. Azərbaycan son
illər ərzində UNESCO ilə bağlı böyük
işlər görüb. Bu tədbirin ölkəmizdə
keçirilməsi Azərbaycanın dünya mədəniyyətinə
verdiyi dəyərdir. Bütün dünyada bilinir ki,
Azərbaycan mədəniyyətə böyük qiymət
verir. Təbii ki, burada Azərbaycanın Birinci vitse-prezidenti,
UNESCO və İSESCO-nun xöşməramlı səfiri
Mehriban Əliyevanın çox böyük əməyi var. Mehriban xanımın təşəbbüsləri
və dəstəyi ilə həyata keçirilən
silsilə tədbirlərin nəticəsidir ki, Azərbaycan
mədəniyyətinin inciləri UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilir. Şəki şəhəri
İçərişəhər və Qobustandan sonra
Azərbaycanın Ümumdünya İrs Siyahısına
salınan üçüncü mədəni irs məkanı
oldu. Eyni zamanda, indiyə qədər "Azərbaycanın
xalçası" sənəti, muğam sənəti,
aşıq sənəti və Novruz bayramı da UNESCO-nun Bəşəriyyətin
Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edilib".
Deputat
vurğulayıb ki, Şəki Azərbaycan
mədəniyyətinin mühüm bir hissəsidir:
"Təsadüfi deyil ki, Azərbaycana gələn
çoxsaylı turistlərin yolu mütləq
Şəkiyə də düşür. Xan sarayı, Karvansaray və digər
tarixi məkanlar Azərbaycan mədəniyyətinin
gözəl incilərindəndir. Eyni zamanda, Şəki
xanlığı Azərbaycan tarixində, ölkəmizin
mədəni tarixinin formalaşmasında mühüm bir yer
tutur. Mən deyərdim ki, Şəkinin tarixi mərkəzi
Azərbaycan mədəniyyətinin mərkəzlərindən
biridir. Belə bir tarixi mərkəzin Dünya İrs
Siyahısına salınması UNESCO və təşkilata
üzv dövlətlər tərəfindən Azərbaycana
göstərilən hörmətin, ölkəmizə
verilən dəyərin bariz nümunəsidir.
Azərbaycanın mədəni irsin qorunması istiqamətində
gördüyü bu işlər və eyni zamanda,
mədəni irsinə bağlılığı beynəlxalq
aləm tərəfindən də yüksək
qiymətləndirilir".
S.Qafarova
əlavə edib ki, Azərbaycan mədəniyyəti bu yolla
dünyada tanınır, təbliğ olunur: "Bu hadisə
dünyanın mədəni-turizm xəritəsində
Azərbaycanın mövqeyini xeyli gücləndirəcək. Bu baxımdan Şəki Xan
sarayının və Şəkinin tarixi mərkəzinin
Dünya İrs Siyahısına daxil edilməsi
Azərbaycanın UNESCO ilə bağlı
fəaliyyətində növbəti böyük
qələbəsidir".
C.ABASOV
525-ci qəzet.- 2019.-
10 iyul. S. 5.