"Vestnik Kavkaza": "UNESCO-nun qərarı
Azərbaycanın beynəlxalq mövqelərini daha da
möhkəmləndirir"
Rusiyanın "Vestnik Kavkaza" xəbər portalı Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material dərc edib.
Qeyd
olunub ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda
keçirilən 43-cü sessiyasında belə bir
qərarın qəbul olunması Azərbaycanın
sözügedən təşkilatda ardıcıl
fəaliyyətinin, həmçinin, ölkə
rəhbərliyinin bu məsələyə göstərdiyi
xüsusi diqqətin nəticəsidir.
Vurğulanıb
ki, ümumdünya tarixi irsinin mühafizəsi
istiqamətində uzun illər həyata keçirilən
məqsədyönlü siyasət nəticəsində Azərbaycanın
bu uğura nail olub.
Həmçinin
bildirilib ki, UNESCO-nun məlum qərarı dünya
mədəniyyəti və turizmində Azərbaycanın
beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Əlavə
edilib ki, Şəkinin tarixi mərkəzi, o
cümlədən, Xan Sarayının Ümumdünya İrs
Siyahısına daxil edilməsi bu bölgənin də tarixi
obyektlərinin qorunması üçün beynəlxalq
maliyyə dəstəyi yaradır.
"UNESCO-nun
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiya zamanı qəbul olunan qərar beynəlxalq
səviyyədə Azərbaycan xalqının dünya
mədəniyyətinə verdiyi ciddi töhfələrin
etiraf olunmasıdır", - deyə məlumatda qeyd olunub.
Sayt
hesab edir ki, Azərbaycan dövlətinin ardıcıl
siyasəti nəticəsində UNESCO-nun Ümumdünya
İrs Siyahısında ölkəmizin tarixi-mədəni
obyektlərinin sayı daha da artacaq: "Bakıdakı
"Atəşgah məbədi", Xəzər
sahilindəki müdafiə divarları,
Naxçıvandakı türbə (qeyd: Möminə Xatun
türbəsi nəzərdə tutulur), eləcə də
digər tarixi-mədəni obyektlər UNESCO
tərəfindən təsdiq olunmalarını
gözləyir".
C.ABASOV
525-ci qəzet.- 2019.-
10 iyul. S. 5.