Əlimərdan bəy Topçubaşov və
azərbaycançılıq məfkurəsi
“Kaspi” qəzetinin təsisçisi, filologiya
üzrə fəlsəfə doktoru
XIX
əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan
xalqının istiqlal məfkurəsinin
daşıyıcılarından olan Əlimərdan bəy
Topçubaşovun həyat və fəaliyyəti haqqında
əksər tədqiqat materialı hər dəfə yeni
faktların üzə çıxmasına şərait
yaradır.
Ə.Topçubaşov
dövrünün yüksək təhsil almış
hüquqşünası, elm, ictimai xadimi və naşir idi. Peterburq
Universitetində təhsil aldığı illərdən
başlayaraq dövrün ictimai-siyasi hadisələrinə
biganə qalmaması onun fikir və
düşüncələrinin inkişafını millətin
taleyüklü məsələlərinə
yönəltmişdi. Onun bütün fəaliyyətində
əsas məqsəd, özü demişkən,
"qəflət yuxusunda" olan millətin milli
oyanışında, milli azadlıq hərəkatının
düzgün istiqamətlənməsində ziyalı kimi
iştirak etmək idi. Qarşıda duran məqsəd
və vəzifələrin vahid təşkilat
proqramının olmamasına baxmayaraq, dövrün
ziyalılarının, xüsusilə Ə.Topçubaşov
və onun yaxın silahdaşlarının fəaliyyət
istiqamətləri çox düzgün
müəyyənləşdirilmişdi:
- xalqın maarifləndirilməsi və
mədəniyyətin inkişafına nail olmaq (yalnız bu
yolla cəhalətə və fanatizmə qalib gəlmək
olardı);
- milli şüurun oyanışı və
xalqın haqq və hüquqlarının dərkinə
çalışmaq;
- azadlığın, müstəqilliyin
müstəmləkəçiliyə və milli ədavət
siyasətinə qalib gəlməsinin yollarını
müəyyənləşdirmək;
- islam bayrağı altında ümumrusiya
ərazisində milli azadlıq ideyalarını
mübarizəyə yönəltmək;
- türk xalqlarının birliyi ideyasını
(vahid dil, mənəviyyat ümumiliyi, vahid milli ideologiya)
gələcək qalibiyyətin əsas simvolu kimi qəbul
etmək.
Dərin hüquq təhsilinə, ictimai-siyasi
dünyagörüşə və milli ruha malik
Ə.Topçubaşov qəbul etdiyi fəaliyyət
proqramının hər mərhələsində
çətinliklə olsa da, nailiyyət qazanırdı.
Sözün əsl mənasında,
Ə.Topçubaşov yaradıcılığı ilə
tanışlıq Azərbaycan xalqının tarixi
keçmişinin ən vacib məqamlarının mənzərəsini
əks etdirir. Millətin ən fədakar oğulları
xalqın gələcəyi uğrunda mübarizə
apardıqları halda onlar sovet dövrü materiallarında
"xalq düşmənləri" kimi
yazılmışlar. Ə.Topçubaşovun
ictimai-siyasi fəaliyyətinin
püxtələşməsində məktəb rolunu oynayan
"Kaspi" qəzetini xüsusilə vurğulamaq
lazımdır. Qısa bir dövrdə redaktor kimi
fəaliyyət göstərən M.A.Şahtaxtlıdan sonra
Əlimərdan bəyin "Kaspi" qəzetinin ikinci
müsəlman redaktoru olması, maarifpərvər mesenat
Zeynalabdin Tağıyevin uzaqgörənliyi ilə qəzet
və mətbəə işinə diqqətini yönəltməsindən
sonra baş verdi.
Artıq 1898-ci ildə Ə.Topçubaşovun redaktor
təyin olunduğu vaxtdan "Kaspi" qəzeti
"müsəlman "Kaspi"si adlandırılmağa
başladı. Yeri gəlmişkən, "Kaspi"
qəzeti ilə bağlı ideya-amalların inkişafında
istiqamətləndirici maarifpərvər ideoloq H.Zərdabinin
fəaliyyətini xüsusilə vurğulamaq gərəkdir.
Dövrün bütün milli-mədəni,
maarifçilik mübarizəsində xalqın, millətin
taleyüklü məsələlərinin həllində
H.Zərdabi ziyalıların məsləhət yeri, istinad
nöqtəsi idi. Əlimərdan bəyin,
qayınatası Həsən bəyi hərtərəfli
yüksək qiymətləndirərək onun bütün məsləhətlərini
dinləməsi fəaliyyətinin uğur əmsalına
çevrilmişdi. Həsən
bəylə Əlimərdan bəyi təkcə qohumluq
əlaqələri deyil, ən başlıcası, milli
məfkurəyə xidmət amalı birləşdirirdi.
Birgə müəyyənləşdirilən
gələcək hədəflər böyük
düşüncə xadimlərinin mərhələli
fəaliyyətində çox dəqiq həyata
keçirilirdi.
Səlahəddin
Xəlilovun təbirincə desək: "Milli ruh öz
inkişafında mərhələlərdən keçir. Bir şəxsin özünüdərk yolunda
emosiyadan təfəkkürə və oradan da fəlsəfi
dünyagörüşünə doğru keçdiyi yola
bənzər olaraq, bir millət də yalnız ruhun emosional
halından fəlsəfi özünüdərk
məqamına yüksələrək əsl böyük
millət olur".
Bu fikir Əlimərdan bəyin həyat və
fəaliyyətinin mərhələləri ilə eynilik
təşkil edir. Peterburq Universitetinin məzunu kimi Tiflis
mühitində vəkillik fəaliyyətinə
başlaması sonralar onu gərgin ictimai-siyasi proseslərin,
qaynar ədəbi mühitin mərkəzi olan Bakıda
məskunlaşmağa sövq etdi. 1894-cü ildən
Bakıda yaşaması onun milli düşüncəli
ziyalı təbəqəsi ilə yaxından tanış
olmasına şərait yaratdı.
1881-ci ildən fəaliyyətə başlayan,
Azərbaycan tarixində yeni ruhlu mətbuat orqanı olan
"Kaspi" qəzeti xalqın milli intibah və istiqlal
hərəkatında böyük rol oynadı. 1897-ci ilin
sonlarından "Kaspi" mətbəəsinin
H.Z.Tağıyev tərəfindən 57 min rubla satın
alınmasında, hətta naşirliyi öz üzərinə
götürməsində Ə.Topçubaşovun
qayınatası, böyük maarifçi ideoloq H.Zərdabinin
məsləhəti tarixi əhəmiyyətə çevrildi.
Siyasi qınaqlara məruz qalmaması üçün
H.Z.Tağıyevin mətbəəni Ə.Topçubaşova
icarəyə verməsi haqqında müqavilə imzalaması
1898-ci ildən "Kaspi" qəzetinin fəaliyyət
proqramını milliləşdirdi. Onun
redaktoru olduğu "Kaspi" qəzetini "müsəlman
"Kaspi"si" adlandıranlar çox haqlı idilər.
Fəaliyyət ideyasının
milli-mədəni inkişafa, maarifçiliyə, milli
oyanışa çağırışa, fəhlə və
kəndlilərin hüquqlarını dolayı yolla olsa da
müdafiə etmək istiqamətinə yönəlməsi
qəzetin tam milli mövqedən çıxış etdiyini
göstərirdi. Əlimərdan bəyin
əqidəsində cəm olunan düşüncə
fəlsəfəsi təkcə kağız
üzərində yazı deyil, problemlərin həlli
yolları, hüquqi əsaslarla izah olunur, ideyanın həyata
keçməsi prosesi onun "Biz hər bir halda
ictimaiyyətin və həqiqətin tələblərinə
cavab verməyə borcluyuq. Həqiqət mətbuatın
ali məqsədidir" fikri kimi
həyatının bütün
mərhələlərində fəaliyyətinin düsturuna
çevrildi.
Onun redaktorluğu dövründə qəzetin
gündəlik tirajının on minə çatması, Rusiya
ərazisində yaşayanlara, xüsusilə türkdilli
və müsəlman dininə mənsub xalqlara
nüsxələr göndərilərək onları
birliyə səsləməsi Əlimərdan bəyi
ümummüsəlman lideri kimi yüksək
dəyərləndirirdi.
Çevik
düşüncə tərzinə və operativ
fəaliyyət vərdişinə malik olması
Əlimərdan bəyə hadisələri məqamında
düzgün qiymətləndirməyə, milli
düşüncə sahiblərindən ibarət dost
çevrəsini genişləndirməyə imkan
yaradırdı. 1905-ci ildə mətbuat
tariximizdə öz yeri olan "Həyat" qəzetinin
idarəçilik məsələsində tərəddüd
etmədən Ə.Hüseynzadə və Ə.Ağaoğluna
rəhbərliyi tapşırmışdı. Bu ərəfədə o, Azərbaycanın ilk
"millət xadimi" kimi birinci Dövlət
Dumasının vəkili statusunda bütün Qafqaz
müsəlmanlarının, Rusiya müsəlmanlarının
lideri səviyyəsində onların hüquqlarını
müdafiə edirdi. Xalq, millət
fədaisi kimi gördüyü işlər Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasına qədərki dövrdə
onun dövlət lideri kimi yetişməsində xüsusi rol
oynadı. Cəsarətli addımları müxalif
mövqedən çıxış edərək
"Vıborq bəyannaməsi"ni
(Vətəndaşları passiv itaətsizliyə
çağıran "Xalqa xalq təmsilçilərindən"
adlı sənəd) imzalaması və buna görə də
üç ay həbsə məhkum olması ilə
nəticələndi. Sözün əsl
mənasında, Ə.Topçubaşovun böyük siyasi
lider, milli istiqlal düşüncəsinin ideoloqu kimi
yetişməsi 1917-ci ildə Qafqaz və Rusiya
müsəlmanlarının qurultayına sədr seçilməsində
öz təsdiqini tapdı.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasında
böyük xidmətlər göstərməsini o,
özünün vətəndaş, ziyalı vəzifəsi
kimi qiymətləndirirdi. 1918-ci
ilin avqust ayında fövqəladə səlahiyyətli nazir
kimi qatıldığı İstanbul şəhərində
keçirilən toplantıda ilk dəfə olaraq Azərbaycan
dövlətinin qardaş Türkiyə dövləti ilə
diplomatik münasibətləri müzakirə olundu. Əlimərdan bəyin bütün siyasi
danışıqlarında AXC-nin fəaliyyət
ideologiyası olan azərbaycançılığa
sədaqətini o dövrün sənədi kimi
qiymətləndirilən "İstanbulda diplomatik
söhbətlər" (1918-1919-cu illər)
əsərində görürük. Bu
əsər AXC-nin müstəqilliyinə dünya
dövlətlərinin münasibətini,
dövlətlərarası münasibətdəki
problemlərin və onların həlli yollarının
araşdırılmasında reallıqları əks etdirirdi.
Nəhayət,
"azərbaycançılığın bu dövrdəki
rəsmi çərçivələri hansı miqyasda
idi" sualının cavabları da bu əsərdə
çox dəqiqliklə göstərilmişdir. Müstəqilliyini yeni qazanan Azərbaycan haqqında
məlumatı olmayan ingilis polkovniki Tamplla verilən tarixi
cavablar dövlətinə vətəndaş sevgisinin
məzmunu kimi, dövlət quruculuğu işində hüquq
təhsilinin mükəmməlliyinin göstəricisi kimi Ə.Topçubaşovu
həm də bir tarixi şəxsiyyət olaraq
səciyyələndirir. 1918-ci ilin 16
noyabrında Mirzə Mahmud xanla (İranın daxili
işlər naziri, Milli Məclisin sədri, diplomat)
görüşən Topçubaşovun gərəksiz dialoqa
sövq edilməsi nəticəsində onun siyasi çevikliyini
sübut edən mənzərənin şahidi oluruq. Azərbaycanın müstəqilliyini gözü
götürməyən İranın şovinist səfiri
dövlətin "Azərbaycan"
adlandırılmasının, bu adla gələcəkdə
"nələrə nail olmaq" istəyinin xofunu
gizlədə bilmir. Buna bənzər daha bir
vəziyyət: 1919-cu il yanvarın 9-da
İranın xarici işlər naziri Məmalik Əli Qulu xan
ilə dialoqu zamanı Ə.Topçubaşov azərbaycançılıq
mövqeyini müstəqil dövlət məmuru kimi verdiyi
tutarlı cavablarda təsdiq etdi. Müstəqilliyimizə
şübhə ilə yanaşıb, hətta
"Muxtariyyətinizi saxlamaqla İran dövlətinin
himayəsində olmaqla xarici dövlətlərdən qoruna
biləcəyinizi" təklif edən xarici işlər
nazirinin öz dövlətinin məramını
çatdırması Topçubaşovun tutarlı
cavabları ilə susdurulur. O qeyd edirdi ki,
müstəqilliyin əsas, başlıca şərti
ölkənin ərazi bütövlüyünü qorumaq
və tarixdə xalqın və dövlətin iradəli
duruşunu sübut etməkdir. Hətta 1918-ci il
erməni-Azərbaycan münaqişəsindən sonra
müxtəlif dövlətlərin Azərbaycana təzyiqinin
artdığı bir vaxtda Türkiyə Xarici İşlər
Nazirliyinin müstəşarı Rəşad Hikmət
bəyin (Son "Osmanlı Meclisi Mebusanı"nın
başçısı) "5-10 kəndlə Azərbaycan
nə varlı olan deyil, nə də kasıb"
təklifinə qarşı Topçubaşov sübut
və dəlillərlə tarixi torpaqlarımızın
müdafiəsinə qalxdı, hətta ermənilərin
nə zaman bu yerlərə köç etdiyinin tarixini,
Qarabağdakı, İrəvandakı məkrli
niyyətlərini ortaya qoydu. Azərbaycan
dövlətinin adından bu fikirlə qəti razı
olmadığını bəyan etdi.
1918-1920-ci illərdə fəaliyyət
göstərən müstəqil Azərbaycan Respublikası
parlamentinin sədri kimi Azərbaycanın Paris konfransına
göndərilən sülh heyətinə
başçılıq edəndə də o,
fikirlərində və qətiyyətində dövlətçilik
və azərbaycançılıq mövqeyini əsas ideya
kimi qorudu.
Əlimərdan bəy müstəqil Azərbaycanın
dünya dövlətləri ilə diplomatik
münasibətlərinin təşəkkülündə
müstəsna xidmətlərə malik idi. Azərbaycan
dövlətinin yeni təşəkkül tapan
müstəqilliyinin 1920-ci ilin yanvarında Versal Ali
Şurası tərəfindən tanınması onun siyasi
fəaliyyətinin mükəmməlliyini göstərdi.
San-Remo, London, Spa konfranslarında
Azərbaycanın hüquqlarını yüksək
şəkildə müdafiə etməsi
dövlətçilik fəaliyyətimizə qızıl
hərflərlə yazılmalıdır. Qısa
bir ömür yaşamış AXC-nin fəaliyyəti
dövründə istər siyasi-diplomatik
münasibətlərdə, istər daxili-milli
məsələlərin həllində, istərsə iqtisadi
məsələlərə dair layihələrin Azərbaycan
dövlətinin xeyrinə yönəldilməsində
Topçubaşovun fəaliyyəti yüksək qiymətə
layiqdir. Cənubi Qafqazda
möhkəmlənməkdə olan müstəqil Azərbaycan
dövlətinin yüksəliş xofu qonşu dövlətləri
narahat etməyə bilməzdi.
Rusiyanın bolşevizm siyasəti ilə
ölkəmizə təcavüzünün
müstəqilliyimizə son qoyduğu dövrlərdə
də Ə.Topçubaşov Azərbaycanın
müstəqilliyi uğrunda mücadiləsini qətiyyən
durdurmadı. Mühacirətdən davam edən istiqlal
mübarizəsi Rusiyanın işğalını dünyaya
çatdırmaqdaydı. 1920-ci ilin noyabr
ayında Cenevrədə Millətlər Cəmiyyəti
qarşısında Azərbaycanın Rusiyanın
işğalına məruz qaldığını
söyləyərək dünya dövlətlərinin bu
məsələyə diqqətini çəkdi. Azərbaycan oğullarının canı-qanı
bahasına qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin
taleyi onun taleyinə çevrilmişdi. Fransada
mühacir həyatı yaşayan Əlimərdan bəy
durmadan mübarizə apararaq Azərbaycanın taleyüklü
məsələsi uğrunda kəskin ruhda yazılan
məqalə və çıxışlarında Rusiyanın
təcavüzünə dünya dövlətlərinin
hüquqi qiymət verməsini tələb edirdi. 1922-ci
ildə London və Genuya, 1923-cü ildə Lozannada bu
təcavüzün Azərbaycanda törətdiyi faciələr,
dağıntılar, itkilər haqqında dünyaya məlumat
verdi. İstiqlal
savaşı mühacirətdə daha kəskin
şəkildə davam edirdi.
Ə.Topçubaşov diplomatik səfərlərdə
olması ilə əlaqədar müstəqillik qazanan
doğma vətənində cəmi üç ay yaşaya
bilmişdi. Görkəmli alim Vilayət Quliyevin 2009-cu ildə
nəşr olunmuş "Kədərli ildönümü,
yaxud Parisdə dəfn" sərlövhəli
yazısında qeyd olunur ki, Avropanın ən nüfuzlu siyasət
qurumları, media orqanları ilə yaxınlığı,
onları Azərbaycanla həmrəy olmağa
yönəltməsi, eyni zamanda, "Prometey"
(1930-1936-cı illər, redaktoru gürcü milli-demokratı
Georgi Qvazava), "Kafkasya Severniy" (1930-cu ildən
Varşavada "Qafqaz dağlıları" adı ilə
nəşr olunan və 1934-cü ildən
dəyişdirilərək "Severnıy Kafkaz"
adlandırılan jurnal. 1934-1938-ci illərdə B.Baytuqanın redaktorluğu
ilə çıxıb) jurnallarının nəşrini
meydana çıxarmışdı. Bu
jurnallar onun dünyasını dəyişdiyi gün
haqqında nekroloqla birgə, tanınmış adamların
dəfndə iştirakı haqqında yazaraq Avropa və
mühacir ziyalıların Əlimərdan bəyə olan
sonsuz ehtiramını qeyd edirdi. O, mühacirətdə
yaşayan Qafqaz xalqlarının lideri kimi yüksək
hörmət qazanmışdı. Elə ona
görə də dəfn mitinqində Qafqazdan olan mühacir
ziyalılar onun bütün xalqların, heç bir
münaqişəyə baxmayaraq, həmrəy olmalarına
çalışdığını söylədilər.
Azərbaycan
milli təşkilatı adından Məhəmməd Əmin
Rəsulzadə, gürcü milli təşkilatı
adından A.Çxenkeli, Qafqaz dağlıları adından
Tausullan Çakman, Ukrayna milli təşkilatı adından
V.Petroviç, Fransa Şərq Komitəsi qurucuları,
həmçinin, onların mətbuat orqanlarının
rəhbərləri, ayrı-ayrı dövlət
qurumlarının Fransadakı nümayəndələri bu
dahi insanla vidalaşmağa gəlmişdilər.
Azərbaycan
xalqının milli şüurunun oyanmasında,
müstəqillik uğrunda mübarizədə,
dövlətçilik məfkurəsinin formalaşmasında,
AXC-nin yaranması, onun möhkəmlənməsi
proseslərində və Rusiyanın Azərbaycana
təcavüzü, müstəqilliyin itirilməsindən sonra
mühacirətdən bu işğala qarşı ömrü
boyu apardığı mücadilə Ə.Topçubaşovun
adını azərbaycançılıq məfkurəsinin
öncüllərindən biri kimi dövlətçilik tarixinə
yazdı. Bu gün onun böyük
əhəmiyyətə malik çoxşaxəli
fəaliyyətinin hər sahəsi geniş tədqiqat
mövzusu kimi işlənməlidir. Uzun
illər boyu adının çəkilməsi qadağan olunan
böyük dövlət xadimi, dövlətçilik və
azərbaycançılıq məfkurəsinin
banilərindən biri Ə.Topçubaşovun ruhu
qarşısında tarixi minnətdarlıq borcunu onun
zəngin irsini hərtərəfli araşdıraraq
gələcək nəslə çatdırmaqla qismən
də olsa ödəyə bilərik.
Topçubaşov şəxsiyyəti, onun zəngin irsi
bu gün müstəqil Azərbaycanın yoluna işıq
salır, ötən əsrin sonlarında öz istiqlalına
qovuşmuş ölkəmizdə onun adı daim əziz
tutulur. Heç də təsadüfi deyildir ki,
ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra 1993-cü ilin dekabrında ilk rəsmi
səfərini etdiyi Fransada Əlimərdan bəyin
məzarını ziyarət etmiş, onun xatirəsinə
ehtiramını bildirmişdi. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin bu dahi şəxsiyyətin 150 illik
yubileyinin keçirilməsi haqqında sərəncamı da
dövlətçilik irsimizə
təəssübkeşlikdən irəli gələn tarixi
addım kimi qiymətləndirilməlidir.
Sona VƏLİYEVA
525-ci qəzet.- 2019.- 10 iyul. S. 9.