Şəhid komandirin obrazı bədii əsərdə
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycanın ədalətli
mövqeyinin müdafiə edilməsi
Hərdən
yuxum gecəylə gündüzün suqovuşanına yol
alanda ağlımdan keçməyən mövzu qalmır:
elə ölüm də.
İstənilən halda ölüm qəribədi. "Ölümdən
qorxuram", yaxud "ölümdən qorxmuram"
klişelərindən danışmaq istəmirəm. Mənim işim ölümlərlədi.
Ətrafımızda, yaxınımızda dolaşan
doğma ölümlərlə. Addım-addım
yaxınlaşır, sevdiklərimizə diş qıcayır.
"Ölüm" sözündə vahimə olduğu
qədər doğmalıq da var. Fikir vermisiz? Heç
kəsin yaxını, əzizi vəfat etmir - ölür.
Sevdiklərimiz bir-bir ölümün səfinə
keçir. Biz təkləndikcə ölüm
güclənir, çoxalır. Yaxınlarımızı
yenir. Razılaşmaq, inanmaq istəməsək
də, ölüm həmişə qalib gəlir.
Əvvəllər ölüm xəbərləri
çox da sarsıtmırdı. Nə
də olmasa, ölən başqaları,
başqalarınınkıdır. Yaş
irəlilədikcə vəziyyət dəyişir.
Ölümün
kölgəsi daha yaxında hiss edilir. Böyür-başda
dolanır. Hənirtisi adamın boynunu
dalayır, nəfəsini tıncıxdırır.
Daha
çox təşviş, daha çox qorxu, daha çox dua,
daha çox intizar və daha çox itki... Anlayırsan
ki, ölən həmişə başqası olmayacaq.
Adamı özündən çox, əzizlərinin,
doğmalarının, yaxınlarının ölümü,
ölə bilmə ehtimalı ağrıdır. Bu
ağrı, qorxu böyüdükcə, yaxınlaşdıqca
ölüm də ağrılı, qorxulu və doğma olur.
Bir də göz açırsan ki, ölümlə
birevli olmusan. Ya da leysandan qaçıb gizləndiyin
mağara qurd kahası çıxmış kimi hiss olur
içində. Yeyəndə də, yatanda
da bir gözün açıq olur. Amma
çifayda, ölüm həmişə bizi qabaqlayır.
Arzularımızı, planlarımızı,
həyatımızı - bizi dəyişir.
Ölüm
demişkən, Şərif Ağayarın "Komandir"
romanının sorağını çapından çox qabaq
almışdım. Üstəlik,
müəllifə digər romanlarıyla bağlı yazı
sözüm vardı. Vaxt, bir az da
məsuliyyətsizlik ucbatından hələ də qalıb.
Sözügedən əsərin heç üzünü
görməmiş haqqında yazmaq fikrim vardı. Həm
sözümü gec də olsa, başqa bir formada tutacaqdım,
həm də Murov qartalına təşəkkürümü
bu şəkildə çatdıracaqdım. Yəqin
"Murov qartalı" ifadəsi mövzunun nə, kim olduğunu açıq şəkildə
izah edir.
Mətləb aydın olmayan kəslərə də, Molla
Nəsrəddin demiş, bilənlər öyrətsin. Ağayar
son romanında əfsanəvi kəşfiyyatçı,
əfsanəvi zabit Raquf Orucovdan danışır.
"Danışmaq" bir az quru
sözdü, bir az yox, çox qurudu.
Kitabı
oxuduqca adam Murovu qarış-qarış
gəzir, açılan hər güllə burnunun dibindən
şütüyür, partlayan hər mərmi qulaqlarında
guruldayır. Əsərin qəhrəmanıyla
çiyin-çiyinə döyüşürsən sanki,
ürəyin yerindən atlanır hər adrenalin dolu
cümlədə.
Kitabı hələ açmadan nələrlə
qarşılaşacağımdan xəbərim vardı. Həmişəki
kimi, ordan-burdan vərəqləyib göz gəzdirdim. Cümlələri, mətni gözümün
tərəzisiylə dartdım. İlk
təəssüratım gözləntilərimi
doğrultmurdu. Üstəlik, roman sanki
Orhan Pamukun "Mənim adım
qırmızı"sını
çağırışdırırdı. Üslub eyniydi - personajlar öz hekayələrini
danışırdılar. Amma Pamukda tamam başqa
mövzu, ayrı dövrdü, Ağayarda başqa...
Ümumiyyətlə, Şərifin bütün
əsərlərində irfanilik çalarları var.
Hekayələrindən tutmuş, romanlarına qədər
müəyyən sirr pərdəsi yaratmağa çalışır
müəllif.
Və bu davamlılıq hərdən oxucuda
"toxluq", boyun borcu hissi yaradır. Sanki hansısa
ilahi qüvvə, sirli əl olmasa, qəhrəmanlar azıb
qaranlıqda qalacaqlar, qırxıncı qapını aça
bilməyəcəklər, yollarını azacaqlar, ağ qoça yox, qara qoça
minəcəklər. "Komandir"də də bu var.
Bəzən elə təəssürat ortaya çıxır
ki, o qüvvə olmasa, komandir bu qədər qəhrəman ola bilməz, hələ
sağlığında əfsanəviləşməzdi.
Eyni məsələ Çanaqqala savaşı
üçün də deyilir. Elə
təəssürat yaradılıb ki, iman gücü
olmasaydı, Çanaqqala zəfəri olmazdı. Amma həqiqət başqadı. Həqiqət
on minlərlə şəhidin adına,
onların kürəklərini yox, ürəklərini güllə
yuvası seçmələrinə bağlıdı.
Qarabağ müharibəsi də Çanaqqala
müharibəsindən çox fərqlənmir. Silah-sursatsız,
yeməksiz, geyimsiz, dəstəksiz bir ovuc adamın
üzərinə yüzlərlə tam təhcizatlı
peşəkar yeriyirdi. Və o silahsız
adamlar bir qarış torpağı bir saat artıq qorumaq
üçün özlərini fəda edirdilər.
... Kitabı evdən işə, işdən evə
gedəndə, marşrutdaca bitirdim. 315
səhifəlik romana uzağı 3 saat vaxt sərf etdim. Vaxtın azlığı sizi perikdirməsin. Başdangetdi oxudan irəli gəlmir bu,
axıcılıqdan irəli gəlir.
Şərif Ağayarın ən çox
bəyəndiyim tərəfi yazı dilidir. Dilə
yaxşı vaqifdir, cümlələri pinti olmur.
Artıq sözlərə çox az yol
verir. Bu məsələdə müasir türk
ədəbiyyatının izi də aydın sezilir. Xüsusən, Ahmet Altan ritorikası və üslubu
gözəçarpandır. Amma bu,
Ağayarın yaxşı yazıçı olmasına
kölgə salmır. Müasir
Azərbaycan nəsri üçün Şərif Ağayar
çox ciddi imzadır, onu xəfifə almaq ədəbi
peşəkarlıqdan, jurnalist etikasından kənar olar.
Türk ədəbiyyatı demişkən, daha bir
paralelizm aparaq. Pamukun son romanı "Qırmızı
saçlı qadın" kifayət qədər
səs-küy doğursa da, əsəri
yazıçının yaradıcılıq şkalasında
eniş kimi qiymətləndirilir. Araşdırma,
çoxqatlılıq, sosial və siyasi mesajlar, mifologiyadan
ustalıqla yararlanma - hamısı yerli-yerindədir. Amma yenə də Orhan Pamuk qələmi
üçün dayazdır, üzdəndir,
tələskənliklə yazıldığı hiss olunur.
Eləcə də Şərif Ağayarın
"Komandir"i. Dil qatı, mətn, yanaşma, ədəbi
priyomlar, hamısı qənaətbəxşdir. Amma "Arzulardan sonrakı şəhər"
romanıyla müqayisəyə gəlməyəcək
qədər tələsik və üzdən yazılıb.
Düşünürəm ki, Raquf Orucov kimi
qəhrəmanın daha sanballı romana, araşdırmaya
haqqı çatır.
Bütün bunlara rəğmən ürək
rahatlığıyla "əsər alınıb"
demək olar. Müəllifin səmimi olmaq kimi
öhdəliyi yoxdur. Yazdıqları,
yaratdığı obrazlar onunla müqayisə
olunmamalıdır. Amma "Komandir"
çox səmimi yazılıb. O qədər səmimi
yazılıb ki, sanki özün Şərif Ağayarla
söhbətləşirsən, ya da Raquf Orucovun
komandanlığı altında kəşfiyyata
çıxırsan, onun kövrək qayğısını,
dəmir intizamını hiss edirsən, döyüş
yoldaşlarının, komandirlərinin, əsgərlərinin
öz dilindən dinləyirsən baş verənləri.
Dinlədikcə də kövrəlirsən, gözlərin
dolur, bəbəklərin acışır, göz yaşı
həlqələnib-həlqələnib geri qayıdır.
"Yeddi oğul istərəm" filminə yəqin
çoxları baxıb. Sovet təbliğat maşını
ordakı mənfi qəhrəmanları müsbət,
müsbətləri mənfi qələmə verib. Amma öz el-obasını işğalçıdan
qorumağa çalışan Gəray bəyi nə
qədər xalq düşməni kimi qələmə
verməyə çalışsalar da, bacarmayıblar. Açığı, bunda Həsənağa
Turabovun da böyük rolu var. Onun canlandırdığı
istənilən obraz müsbət çalarlar qazanırdı
çünki.
O
filmə hər baxanda Gəray bəyin son gülləsini
özünə yox, bolşevizmə, qırmızı terrora
çaxacağı ümidi oyanır içimdə. Amma hər dəfə də o kövrək ümid
puç olur. Gəray bəy hər
dəfə, təkrar-təkrar son gülləsini
ürəyinə sıxır.
"Komandir"in sonuna yaxınlaşdıqca
ürəyimdə eyni kor-koranə ümid korun-korun işarırdı. Sonluğu
bilsəm də, komandirin ölməyəcəyinə
inandırmağa çalışırdım
özümü. Necə ki, "Sizi dünyalar
qədər sevirdim" filmində Həzi Aslanov sonda
düşmən üzərinə hücuma keçir ha-a-a,
bax o cür... Amma həyat başqa, film tam
başqa. Həyatda bir saniyə 24 kadrdan
ibarət olmur, axı. "Yeddi oğul
istərəm"dəki güllə səsiylə
qırılan ümidim "Komandir"də mərmi
gurultusuyla təntidi...
"Komandir" sənədli romandır. Bütün
əhvalat, süjet xətti xatirələr, şahidlərin
danışığı, sənədlər əsasında
formalaşıb. Amma qəribədir ki, sənədli
roman/filmlərdən fərqli olaraq əsərdə
imzalı, möhürlü, bir az da
qalstuklu ab-hava hiss olunmur. Bu, əlbəttə,
müəllifin uğurudur. Amma bu uğurla
yanaşı, Şərif Ağayar sanki tələsib, son
nöqtəni tez qoymağa çalışıb elə bil.
Hələ bitməmiş Qarabağ müharibəsinin
dəhşətlərinə də az yer
verilib. Doğrudur, bu cür yanaşma
müəllifin boynunun borcu deyil. Sadəcə
olaraq "o illərdə baş verənləri daha
ətraflı əks etdirmək olardı"
düşüncəsi adamdan əl çəkmir. O
ağrıları, o vəhşəti yaşayanlar
çəkdikləri zillətdən daha çox adam xəbər tutsun, istəyirlər. Bir məsələ var ki, müəllif də o
yollardan, o məşəqqətlərdən keçib.
Mətni oxuduqca fəhmlə bunu hiss etmək olur. Çünki sözlərlə hislər
birləşəndə mətn, həqiqətən,
alınır. Müəyyən
tələskənlikləri, sadaladığım
nüansları nəzərə almasaq, "Komandir"
çox uğurlu romandır. Dağlıq Qarabağ
problemi, Ermənistanın Azərbaycana hərbi
müdaxiləsi, eləcə də torpaqlarımızın
işğalda qalması faktını geniş
ictimaiyyətə, dünyaya çatdırmaq baxımından
uğurlu əyani vəsait ola bilər.
Çox təəssüf ki, Raquf Orucovu nə
şəxsən, nə də qiyabi şəkildə
tanıyırdım. Ölüm xəbərini oxuyanda bir az
araşdırdım. Bircə adam
haqqında mənfi nəsə demədi, bircə qaynaq
olmadı ki, barəsində xoş olmayan cümlə
yazılsın. Tanıyanlar ondan ağız
dolusu, ürəklə danışırdı. Hamının öz doğmasıydı sanki. Atasıydı, qardaşıydı, dostuydu,
səngər yoldaşıydı elə bil. Elə əsərdə də bu üslub, bu
yanaşma çox aydın şəkildə sezilir. Yazılanlar tərif, şişirmə, pafos deyil.
Olsa, olsa heyranlıq, qibtə demək olar.
Qəhrəmanlar da ki, elə qibtə olunmaq
üçündür. İndiyə
qədər mənim üçün "komandir"
müraciəti zarafatyana xitab, hətta özündə bir
balaca da istehza çalarları daşıyan sözdü.
Amma kitabı oxuyandan sonra bütün bu
yanaşmalar bilmərrə çəkilib getdi. Raquf
Orucova, nə polkovnik-leytenant, nə briqada komandiri
müraciətləri yapışmır. Sanki
"komandir" sözü onunçün biçilib,
onunçün dilimizin lüğət tərkibində yer
alıb.
Səni
qoruya bilmədik, komandir, barı
adını qoruyaq.
Cavid QƏDİR
525-ci qəzet.-
2019.- 10 iyul. S. 10.