Argentina Azərbaycan rəssamlarının gözü ilə

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı, akademiyanın və Argentinanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Argentina Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi açılıb.

Argentinanın Müstəqillik Gününə həsr olunan sərginin açılışında səfir Serxio Osvaldo Perez Qunella bildirib ki, əsərləri nümayiş etdirilən 50-dən çox rəssam Argentinada olmadan oranın mədəniyyətini, musiqisini, ənənələrini və mənzərəsini düşündüyü kimi təsvir edib. İki ölkə arasında məsafə çox böyük olsa da, xalqlar bir-birinə yaxındır bu yaxınlıq mədəni tədbirlərin keçirilməsi ilə əldə olunur. Hər iki xalq fərqli mentalitetə çox açıq düşüncə ilə yanaşır.

Serxio Osvaldo Perez Qunella onu da deyib ki, Azərbaycana yenicə səfir təyin edilməsinə baxmayaraq, bu ölkənin insanları tərəfindən daim gülərüz qarşılandığının şahidi olub. Buna görə Azərbaycan xalqına xüsusi təşəkkür edir.

Elnurə İsgəndərova qeyd edib ki, sərginin məqsədi Argentina-Azərbaycan mədəni əlaqələrinə töhfə verməkdir.

Tədbirdə ifa olunan Azərbaycan rəqsi böyük coşqu ilə qarşılanıb.

Sonra iştirakçılara səfirlik tərəfindən diplomlar verilib, xatirə şəkli çəkdirilib.

 

ŞAHANƏ

525-ci qəzet.- 2019.- 10 iyul. S. 12.