"Laçında qalan rəsmlərimi şəhid
əsərlərim sayıram" - Müsahibə
Rəssam Yusif Mirzə:
"Bütün yaradıcılığım
uşaqlıqda yaddaşıma hopan rəngi, işiği
axtarmağa yönəlib" - Yusif bəy, rəssam
üçün rəng nədir? Rənglərin
sizdən ötrü nə kimi fərqləri var?
- Rəssam üçün rəng
özünü ifadə etmək, dünyanı dərk
eləmək forması, dünya haqqında
düşüncələrinin obrazı, deyim tərzidir. Təkcə rənglər deyil. Rəssam
və heykəltəraş üçün rənglər
də, cizgilər də, formalar da öz dünyasını
ifadə etmək üçün vasitələrdir. Hər kəsin öz sevimli rəngləri, koloriti
var. Rəng təkcə rəssam üçün deyil,
insanlar üçün böyük əhəmiyyət
daşıyır. Rənglər musiqi
qədər insanlara təsir göstərir, onlarda
əhval-ruhiyyə yaradır. Əlvan rənglər
insana özünü yaxşı hiss etdirir, şən
əhval yaradır. Darıxdırıcı
rənglər var ki, insanı sıxır. Mən
həmişə yazılarımda bunu deyirəm: uşaq
vaxtı kənddə köhnə evlər vardı. O
evlərin birinin pəncərəsindən işıq
süzülürdü. Pəncərə ocağın
hisindən bir az qaralmışdı. Orada da şəbəkə naxışlar vardı.
Bütün bunlar o qədər gözəl
mənzərə yaratmışdı ki, bu obraz mənim
yaddaşıma və qanıma hopub qaldı. Hərdən mənə elə gəlir ki,
bütün yaradıcılığım uşaqlıqda
yaddaşıma hopan o rəngi, o işığı
axtarmağa yönəlib. "Xatirə"
silsiləm var. O silsilədə həmin rəngi, həmin
işığı ifadə eləməyə
çalışıram. Təəssüf
ki, daha nə o kənd var, nə o işıq, nə o
rəng. Ancaq mənim yaddaşımda
və xatirələrimdə qalıblar.
- 2000-ci ildə sizin haqqınızda
çəkilən filmin "İşıq" adlandırılmasının
o işıqla bir əlaqəsi varmı?
- Əslində,
işığın da, kölgənin də öz rəngi
var. Rəssam üçün işıq çox
böyük əhəmiyyət daşıyır. Mənim yaddaşımda isə o lampadan
süzülən işıq əbədi qalıb və
bütün yaradıcılığımda məhz o
işıq var. "Xatirə" bitib-tükənməyən
bir silsilədir. Yenə də həmin
silsilədən bir rəsm işləyirəm. Ola bilər, oradakı hansısa rəsmlər
bir-birinə oxşayır. Amma onların
hər biri mənim xatirələrimlə,
keçmişimlə yeni söhbətim, yeni nəqlimdir.
"İşıq" filmini gözəl
rejissor Vəli Səyyadi öz təşəbbüsü
ilə çəkmişdi. "Aztelefilm"
tərəfindən çəkilmişdi. Hərədən yenə də verilir efirdə.
Haqqımda çox verilişlər
hazırlanıb, sujetlər çəkilib. Amma məncə, bu filmin xüsusi yeri var.
- Doğulduğunuz
Laçın rayonunun sənətinizə nə kimi təsiri
olub?
- Mənim rəssam olmağıma
elə Laçının bilavasitə təsiri var.
Laçının gözəlliyindən danışmaq,
bəlkə də artıqdır. Birinci
növbədə təbiəti, dağlar, qayalar,
dərələr, çaylar insanı valeh edirdi. Eyni zamanda, qədim tarixi, abidələri,
tikililəri vardı. Özünəməxsus
məişət tərzi, mətbəx
ənənələri, xalçaçılıq
koloritləri vardı. Məsələn,
çox məşhur "Qasım uşağı"
xalçası vardı ki, Qarabağ
xalçaçılıq məktəbinə aiddir. Hətta mən "Qasım uşağı"
nəslinin nümayəndələrini də
tanıyırdım. Laçın
Qarabağın dağlıq bölgəsi idi. Yayda ətraf rayonlardan insanlar oraya köç
edərdilər. Təəssüf ki, indi
işğal altındadır. Ümid
edirik, inanırıq ki, tezliklə o torpaqlarımız
işğaldan azad ediləcək, insanlar o gözəllikləri
özləri görəcəklər.
- Laçın işğal olunana
qədər sizin müəyyən qədər
yaradıcılıq nümunələriniz vardı və
onlar işğalda itdi, məhv olub. Sonralar
itən rəsmlərinizi yenidən çəkmək
istəyiniz və cəhdiniz oldumu?
- Onlar tələbə vaxtı
çəkdiyim rəsmlər idi. Sulu boyayla,
yağlı boyayla birbaşa təbiətdən etdiyim
etüdlər idi. Onları yenidən
çəkmək çox çətin idi. Laçın təbiətindən çəkdiyim
minlərlə rəsmlər vardı. Və
onlar daha səmimi, daha təbii idilər. Çünki
birbaşa naturadan çəkilmişdilər. Onlar mənim ürəyimin ən ağrı yeridir.
Laçında qalan rəsmlərimi
şəhid əsərlərim sayıram. Mən Laçında Xalq teatrında
işləyirdim, dərs deyirdim. Orada
böyük bir muzey də yaradılmışdı və
mənim rəsmlərim də o muzeydə idi. Təkcə mənim deyil, Azərbaycanın çox
gözəl rəssamlarının rəsmləri vardı
orda. Mənim ustadım, dostum Nadir
Əbdülrəhmanlının rəsmləri vardı ki, onlardan
tək biri buraya gələn əşyaların
içərisində bizimlə gəldi. Maral
Rəhmanzadənin Laçınla sıx əlaqəsi
vardı. Çox sevərdi
Laçını və hər yay gələrdi. Onun onlarla rəsmləri orada qaldı. Bunlar çox ağrılı və unudulmaz
dərddir, nisgildir.
- Hər bir rəsm əsərinin hekayəsi
varmı, ya da olmalıdırmı?
- Bəli, rəsm əsəri
ideyadır, fikirdir, düşüncədir. Mən
həm də şeirlər yazıram. Düzdü,
özümə heç vaxt şair demirəm. Çünki mənim kifayət qədər
yaxşı şair dostlarım var. Ancaq mənim şeir
yazmağım obrazlı düşünməyimə kömək
edir. Əgər mənim əlimdə bir
kağız, qələm yoxdursa, çalışıram
misralar şəklində o ideyanı yadımda saxlayım.
Hər şey sənə təsir edə
bilər. Mən yapon, Çin
ədəbiyyatını çox sevirəm. Onlar çox xırda nüansları
obrazlaşdıra bilirlər. Əlbəttə,
hər ideyanı həyata keçirə bilmirik. Mane olan maddi və mənəvi tərəfləri
var. Amma mümkün qədər çalışıram ki,
ideyalarımı, arzularımı həyata keçirim.
- Abstrakt rəsmlərə
münasibətiniz necədir?
- Abstrakt rəsmlərə, modern
incəsənətə baxışım normaldır. Hərdən özüm də bu cür
rəsmlər işləyirəm. Sənətdə
əsas məqsəd təbiilikdir. Sənət
saxta olmamalıdır, ürəkdən gəlməlidir.
Abstraksiya yaratmaq xatirinə nəsə etmək
mümkün deyil. Abstraksiyanın ən
yaxşı nümunələrini nənələrimiz
xalçalarında yaradıblar. Naxışın
özü abstraksiyanın çox gözəl
nümunəsidir.
- Rənglər dünyasından
söz dünyasına keçid necə olur?
- Bəzən rənglərdən
şeirə, bəzən isə şeirdən
rənglərə keçirsən. Bu, ən
azından sənin işinin poetik olmasına kömək edir,
obrazlılığını artırır. Bəzən görürsən ki, bədii
əsəri elmi əsər kimi şərh edirlər. Bu, yolverilməzdir. Bədiiliyi
qoruyub-saxlamaq lazımdır. Təkcə
öz şeirlərimdə deyil, digər şairlərimizin
də şeirlərində mən obrazlılıq,
kinematoqrafik detallar görürəm. Məsələn,
Vaqif Səmədoğlunun, Adil Mirseyidin şeirləri.
- Heç oxuyub təsirləndiyiniz
hansısa şeirə rəsm çəkdiyiniz olubmu?
- Bəli, elə şeylər də
olur. Ancaq rəsmdən şeirə keçidim
də olub. Məsələn,
"Ulduzlar" rəsmi çəkmişdim. Sonradan onun şeirini də yazdım. Mən esselər də yazıram. Nazim Hikmətin "Ümidin rəsmini
çəkə bilərsənmi, Abidin?" əsəri var.
Mən ona cavab yazmışdım və sonda deyirdim ki, mən
ümidin də, ümidsizliyin də rəsmini çəkdim.
Amma ən əsası mən sevginin rəsmini
çəkdim. Sevgidə ümid də
var, ümidsizlik də, ağrı da, sevinc də, dərd
də. Yaradıcı adam bədii
ədəbiyyatla, şeirlə, nəsrlə, kinoyla,
tarixlə, psixologiyayla mütləq maraqlanmalı və
məlumatlı olmalıdır. Eyni zamanda, bu,
özünü rəsm əsərində
göstərməlidir.
- Tez-tez xarici ölkələrdə
olursunuz, orada sərgiləriniz keçirilir. Xaricdə
və bizdə rəssamlığa münasibətdə nə
kimi fərqlər var?
- Xarici ölkələrdən
sənəti sevən, dəyərləndirən çox
dostlarım var. Amerikadan bir dostum var - Billi Martin. O, mənim
rəsmlərimi çox sevir və mənə yeni ideyalar
verir. Bu cür dostlar insana həm də yeni
şövq, həvəs, çalışmaq, yeni-yeni
əsərlər yaratmaq əzmi verirlər.
Yaradıcı adam üçün ən
pisi laqeydlikdir. Norveçdə mənim
əsərlərimi çox sevirlər, əldə
edirlər, şəxsi kolleksiyalarına daxil edirlər. Sənətin sərhəddi yoxdur. Xüsusən, bizim sənətimizin
tərcüməyə ehtiycı yoxdur. Dünyanın
hər yerində insanlar bunu rahatlıqla anlaya bilirlər.
Amma dünyanın hər yerində
sənətə baxış eyni olmur. İqtisadiyyatdan,
siyasətdən də asılı şeylər var ki, o, sənətə
də öz təsirini göstərir.
- 60 yaşınız tamam olur. Bu illərdə nə itirdiniz, nə
qazandınız?
- Mən ad günlərini və Yeni il bayramını heç sevmirəm.
Çünki düşünürəm ki, ömürdən
bir il də ötüb keçdi. Altmış yaşın bir məsuliyyəti də
var ki, daha gənc deyilsən, ömrün müdrik
çağındasan, səhv etməyə, qüsurlara yol
verməyə ixtiyarın yoxdur. İlk
növbədə məsuliyyət hissin var. Keçdiyin
ömrə də nəzər salırsan,
peşmanlıqların da olur, sevinclərin də. Bu il sərgi keçirtmədim. Çünki
onun da öz çətinlikləri var.
- Sərgilərinizi keçirəndə
nə hisslər yaşayırsınız?
- Hansısa əsəri yaradanda
düşünmürsən ki, bunu sərgiləyəcəm,
insanlar baxacaqlar. Mən sadəcə
çəkirəm. Amma vaxt keçir,
rəsm sərgilənir. Və mən sizi
inandırım ki, rəssam üçün bu proses çox
maraqlıdır. Görəsən, rəsmim
insanlara necə təsir edəcək, hansı hiss və
duyğular keçirəcəklər. Bundan
yeni bir həvəs, yeni bir ilham alaraq
yaradıcılığını davam etdirir. Hər bir sərgi əslində,
yaradıcılığına yenidən baxışdır.
Laqeydlik isə çox pisdir.
- Çox görmüsünüz
laqeydlik?
- Yox, adətən, bizim insanlar
duyğusaldırlar, sənətə maraq
göstərirlər. Mən eyni zamanda,
müəlliməm, dərs deyirəm. Uşaqların
sənətə münasibəti o qədər maraqlı
və səmimidir ki, o, insana həvəs verir. Uşaqlar çox şeyi çox gözəl
başa düşürlər. Özlərinin
də çox maraqlı yaradıcılıqları var.
Onlarla işləyəndə sanki təmizlənirəm,
saflaşıram. Pikasso deyirdi ki, hər bir
uşaq rəssamdır. Dünyaya bir
uşaq baxışı var. Bizim hər birimizin
içərisində də bir uşaq var. Bəlkə elə
ona görə də uşaqlığımızı unuda
bilmirik.
- Hazırda hansı əsər
üzərində işləyirsiniz?
- Bir deyil, bir neçə rəsm
üzərində işləyirəm. Yarımçıq
işlərim var. Yeni rəsmlər, yeni ideyalar çoxdur.
Hazırda yay tətilindəyik, dərslər
yoxdur. Mən də
çalışıram bundan istifadə edim. Tez-tez sərgilərdə iştirak edirəm. Rəssamın hər zaman işi var.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 10 iyul. S. 15.