İordaniya-Azərbaycan dostluğu

Ömər Əl-Armutinin "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" kitabı haqqında qeydlər Siyasət

Bugünlərdə tarixçi-alim, ictimai xadim, iordaniyalı Ömər Nəzzal əl-Armutinin Azərbaycanla bağlı ikinci kitabı  (Ömər əl-Armutinin "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" Bakı 2019, 280 səh.) işıq üzü görüb.

Bu kitab İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətləri Jurnalistləri Assosiasiyası tərəfindən tərcümə olunaraq Bakıda nəşr edilib. Qeyd etmək vacibdir ki, müəllifin ilk kitabı Qarabağın ermənilər tərəfindən işğalının səbəblərindən bəhs edir. Müəllif bu qanlı savaşın ağır nəticələrindən, yerli müsəlman əhalinin etnik və dini zəmində terrora məruz qalmasından, bir milyondan artıq qaçqın və köçkünün dədə-baba torpaqlarından didərgin salınmasından geniş, faktlara əsaslanaraq danışır. O qeyd edir ki, bu cür haqsızlığa məruz qalmasına baxmayaraq, Azərbaycan yenə də beynəlxalq hüquq normalarına uyğun siyasət yürüdür və konflikti sülh yolu ilə həll etməyə səy göstərir.

"İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" adlı ikinci kitabda isə Azərbaycanın müstəqillik qazandığı ildən bu günə kimi rastlaşdığı çətinliklər, qazandığı uğurlar və İordaniya-Azərbaycan arasındakı dostluq əlaqələri təsvir olunub. Ölkələrimiz arasında 25 illik diplomatik əlaqələrin qurulmasını, sonrakı illərdə iki ölkə arasında ən müxtəlif sahələrdə sıx münasibətlərin yaranmasını ön plana çəkərək qeyd edir ki, bu əlaqələr hər iki ölkənin rəhbərliyi arasında formalaşmış dostluq, qardaşlıq münasibətlərinin nəticəsində inkişaf edərək genişlənib. Təməli Ümummilli lider Heydər Əliyev və mərhum kral Hüseyn bin Təlal tərəfindən qoyulmuş tarixi dostluq münasibətlərinin bu gün hər iki ölkənin rəhbərləri tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Hər iki dövlət rəhbəri xeyli sayda qarşılıqlı səfərlər, görüşlər həyata keçirərək əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün münbit şərait yaradırlar. Əsərləri və adı bütün Ərəb dünyasında tanınan Ömər Nəzzal əl-Armuti qeyd edir ki, hər iki dövlətin balanslaşdırılmış, terrorizmlə mübarizə, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, mədəniyyətlərarası və dinlərarası dialoq, sivilizasiya və mədəni dəyərlərə sadiqlik prinsiplərinə əsaslanan siyasət yürütməsi xalqlarımızı bir-birinə yaxınlaşdıran başlıca amillərdir.

Azərbaycan-İordaniya əlaqələri dərin tarixi və dini köklərə, bir çox regional problemin həllində qarşılıqlı anlaşmaya söykənir. Ölkələrimiz beynəlxalq təşkilatlarda müzakirə edilən mövzulara münasibətdə hər zaman ortaq mövqedən çıxış edərək, bir-birlərini dəstəkləyiblər. Azərbaycan İordaniya Haşimilər Krallığına xüsusi önəm verir, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin inkişafında xüsusi fəallıq göstərir. Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində İordaniyanın ölkəmizin yürütdüyü siyasəti dəstəkləməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İordaniya Əyanlar Şurası 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımın 20 illiyi ilə əlaqədar bəyanat qəbul edərək, yüzlərlə dinc azərbaycanlıya qarşı törədilmiş bu cinayəti qəti şəkildə pisləyib. Azərbaycan xalqı İordaniya hökumətinin Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı ədalət və beynəlxalq hüquqa əsaslanan mövqeyi və göstərdiyi siyasi-diplomatik yardımı hər zaman yüksək qiymətləndirib. Bəlkə də bu anlayış İordaniyanın da oxşar problem yaşamasından irəli gəlir. Məlum olduğu kimi, İsrail işğalından əziyyət çəkən İordaniya da münaqişənin sülh yolu ilə həllinin, regionda sülhün bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan müəllif İordaniya Haşimilər Krallığının beynəlxalq qanunlara hörmət və başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan xarici siyasətini dönə-dönə vurğulayır. İordaniya hökuməti Azərbaycan ərazisində mülki vətəndaşlara qarşı edilən vəhşilikləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir, Azərbaycan xalqının öz ölkəsinin müdafiəsi üçün atdığı bütün addımları dəstəkləyir. Müəllif həmçinin qeyd edir ki, Ermənistanın Dağlıq Qarabağla bağlı tələblərinin heç bir obyektiv tarixi əsası yoxdur. Azərbaycanın bu problemi bölgədə faciələrə son qoya biləcək sülh yolu ilə həll etmək istəyi də bu amilə söykənir. Odur ki, "Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çəkilməli və azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıtmalıdırlar" kimi qəti mövqe nümayiş etdirən dost ölkənin siyasi dəstəyi çox vacib amildir və münasibətlərin yüksələn xətlə inkişafına güclü təkan verir.

Kitabda mədəniyyət, təhsil və elm sahələrində də iki ölkə arasındakı əməkdaşlıq qeyd olunaraq, təhsil və elmi araşdırmalar istiqamətində təcrübə mübadiləsi üçün mümkün imkanların yaradılmasının zəruriliyi vurğulanıb. Müəllif Əmman şəhərində küçələrdən birinə Azərbaycan xalqının lideri Heydər Əliyevin, Bakının küçələrindən birinə isə mərhum Kral Hüseynin adının verilməsini iki xalq arasındakı dostluq əlaqələrinin rəmzi olaraq möhkəmləndirilməsi üçün böyük töhfə hesab edir. Kitabda Bakının 2009-cu ildə İslam mədəniyyətinin mərkəzi elan edilməsi, şəhərdə çoxlu sayda qədim tarixi və mədəni abidələrin təmiri və restavrasiyası, buradan İpək yolunun keçməsi, şəhərin bölgənin önəmli sənaye, iqtisadiyyat və ticarət mərkəzi olması barədə ətraflı məlumat verilib ki, bu da iordaniyalı oxuculara geniş və obyektiv məlumatın çatdırılmasını təmin edən amillərdən birinə çevrilərək, mühüm mənbə kimi istifadə olunmasına şərait yaradır. Hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, İordaniyada Azərbaycan xalqının mədəniyyətinə, xüsusilə də musiqisinə ehtiram göstərilməsi müəllif tərəfindən xüsusilə qeyd olunur. Ömər Nəzzal əl-Armuti, həmçinin, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin indiyə qədər həyata keçirdiyi kütləvi mədəni tədbirlərdən, bu əlaqələrin daha da möhkəmlənməsi üçün gördüyü işlərdən bəhs edib.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan kimi, İordaniya da öz coğrafi mövqeyi və zəngin mədəniyyətilə Ərəb dünyasının mərkəzi olaraq bölgədə cərəyan edən bir çox hadisələrə münasibətdə önəmli rol oynayır. Bu ölkə regional və beynəlxalq səviyyələrdə siyasi həyata təsir etmək qüdrətinə sahibdir. Bu baxımdan İordaniya ilə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi hər iki xalqın həyatında yalnız müsbət hal kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, Azərbaycan İordaniya ilə əlaqələrə xüsusi önəm verir, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişafı və möhkəmlənməsinə səy göstərir.

Əminəm ki, İordaniya-Azərbaycan əlaqələri barədə müxtəlif sahələrdə həyata keçirilmiş fəaliyyətləri, faydalı məlumatları və turizm sahəsinə aid xeyli sayda şəkilləri, maraqlı məlumatları əhatə edən bu kitab iki ölkənin dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Ömər Nəzzal əl-Armutinin ərsəyə gətirdiyi "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar"  kitabı tələbələr, tədqiqatçılar, diplomat və eləcə də turistlər üçün faydalı ədəbiyyat rolunu oynayacağına da şübhəm yoxdur.

 

Rafiq ƏLİYEV

525-ci qəzet.- 2019.- 10 iyul. S. 13.