Ulu öndərin həyat və fəaliyyəti Azərbaycanın milli sərvətidir”

İyulun 11-də Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilən tədbir keçirildi.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olundu.

Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin ömür yolundan danışdı. Bildirdi ki, Azərbaycanın son 50 illik tarixinin elə bir sahəsi, mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə qurub-yaradıb. Azərbaycan xalqını ən çətin məqamlarında üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib. O, taleyin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqlamağı bacarıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında vurğuladı ki, ulu öndər doğma xalqı qarşısında tarixi missiyasını şərəflə yerinə yetirərək müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu. Bildirdi ki, 1969-cu ilin 14 iyul tarixində Azərbaycan SSR KP MK-nın birinci katibi seçilən Heydər Əliyev ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu: “Bu təməl üzərində təhsil, elm, mədəniyyət, kənd təsərrüfatı, neft sənayesi, ordu quruculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı. Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik dövründə müqəddəs dilimizi dövlət dili kimi Azərbaycan Respublikasının Konstitusiyasına salmağa nail oldu”.

Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi zamanı gördüyü misilsiz işlərdən danışan Vaqif Əliyev diqqətə çatdırdı ki, Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə ölkəmiz iqtisadi tənəzzüldən, məhv olmaq təhlükəsindən xilas oldu. 1994-cü il sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” Heydər Əliyev şəxsiyyətinin tarixi qələbəsi idi. Ulu öndər müdrik siyasəti ilə Azərbaycan dünyanın enerji təminatçılarından birinə çevrildi.

Millət vəkili Aqil Abbas çıxışında qeyd etdi ki, Heydər Əliyev müdrikliyi və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıdıb: “Ulu öndərin həyat və fəaliyyəti Azərbaycan xalqının alın yazısı, taleyin töhfəsi və milli sərvətidir. Elə bir sərvətidir ki, bu gün də, gələcəkdə də peşəsindən, yaşından asılı olmayaraq, bütün insanlar ondan faydalanacaq”.

Millət vəkili, akademik  Nizami Cəfərov ümummilli liderin zəngin siyasi fəaliyyətindən, müstəqil güclü Azərbaycan dövlətinin qurulmasında göstərdiyi tarixi xidmətlərdən, xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan 1969-cu il iyulun 14-də Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişindən sonra çiçəklənmə mərhələsinə qədəm qoyub. Həmin illərdə respublikamızın gələcək inkişafı üçün güclü təməllər atılıb. Qısa müddətdə iri fabrik və zavodlar, sənaye obyektləri tikilib. İqtisadi, elmi, mədəni və digər sahələrdə bir çox uğurlar əldə olunub. Heydər Əliyev həmişə Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və tarixi şəxsiyyətlərinə xüsusi diqqət və qayğı göstərib.

Tədbirdə daha sonra Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən və xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan danışdılar.

Sonda Milli Kitabxana tərəfindən hazırlanan, ümummilli liderin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş elektron məlumat bazası təqdim edildi.

 

Savalan FƏRƏCOV

Mədəniyyət.- 2019.- 12 iyul. S. 1;3.