"Ən güclü şeirlər bəstəboy olur"

Gənc yazar Xəlil Adıgözəl mənə "SONra" şeirlər kitabını bağışladı. Əvvəllər bir neçə şeirini oxumuşdum, televiziyadan öz ifasında dinləmişdim. İndi kitab halında oxudum. Elə əvvəlki xoş təəssüratım davam elədi. Bəyəndim kitabı.

Xəlil insanın hiss və duyğularını şeirə çevirə, bədiiləşdirə, poetikləşdirə bilir. Hiss olunur ki, mütaliəlidir, poeziyanı yaxşı bilir, dilin incəliklərinə bələddir, xalq deyimlərindən yerində və yaxşı bəhrələnir.

Heca vəznində özünü rahat hiss edir, poeziyamıza bələdliyi və sevdiyi gözəl şairlərimizdən təsirləndiyi misralarından göyərir, hərdən əruza da baş vurur ("Aç ölüm kəndirini","Qəzəl","Qitə").

Bəzi şeirlərində ("Ən ağır söz", "O mən idim") formanı sındırmaq, eksperiment etmək cəhdləri diqqətimi çəkdi və xoş oldu. Çünki Xəlilin şeirlərinin formasındakı monotonluq, eyni çərçivə və oxşarlığın bəzən yorucu təsir bağışladığını hiss etdim. Ona forma axtarışlarını davam etdirməyi, öz orijinal, fərqli intonasiyasını tapmağı arzulayıram. Şair həm də öz fərqli intonasiyası, özünəxas nəfəsi ilə seçilməlidir.

"Çoxunun yerinə əsgərlik edir,

İgid şeirlərim, ər şeirlərim"- deyən özünəgüvənli şairin əksər gəncliyə xas pessimistliyindən yenə məyus oldum:

Əlimdən tutanım yoxdur, İlahi,

Nə çoxdur üzümə gülənim mənim.

yaxud

Mən kiməm, nəçiyəm bilinəcəkdir

Mələklər qəlbimi böləndən sonra.

Qaçmaqdan o qədər yorulmuşam ki,

Biraz dincələrəm öləndən sonra...

"Qəlbimə xəyanət edə bilmərəm"-deyən Xəlil Adığözəl "ürəyimsiz kəlmə yazan deyiləm" andlı Məmməd Arazın xələfidir. Şeirimizin ən gözəl ənənələrinin davamçısıdır.

Onun sevgi şeirləri ayrılıq, xəyanət , həsrət , vüsal, ümid , nigarançılıq duyğularının təsviriylə boldur. Yaxşıdır, oxunur. Yəqin kimlərisə kövrəltməyə, gözlərini yaşartmağa da qadirdir. Amma mən Xəlildən daha çox şey umuram. İllər boyu min dəfələrlə təkrarlanan "Baxışın da yadlaşıb Gözlər o gözlər deyil" məqamını Xəlil fərqli yazmalıdır. Bu mövzuda indiyəcən yazılanların sayını artırmaq yox, qəfil bədii tapıntısıyla, qeyri-adi detallarla bizi diksindirməlidir.

Tükümüz dimdik durub, ətimiz ürpəşməyəcəksə yeni şairin gəlişini hiss etməyəcəyik axı!!!

Bir də ki, çox və oxşar, "suyu bol" orta statistik şeirlərə nə hacət?! Az olsun, fərqli olsun, yaddaqalan olsun!

Bu sözləri ona görə deyirəm ki, Xəlilə inanıram. O yeni, fərqli bir şair simasında ədəbiyyatımıza gələ bilər. Buna qadirdir. İlham, ruh, ağıl, bol enerji və zəhmət yardımçısı olsun!

Adıgözəl Xəlil Fərhad oğlu - 1985-ci ildə Bakı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.

 

Rəşad MƏCİD

525-ci qəzet.- 2019.- 10 iyul. S. 21.