"Ən
güclü şeirlər bəstəboy olur"
Ən gözəl şeirlər - saçları
buruq,
Dodağı qırmızı, gözü göy
olur.
Ən yaxşı şeirlər - hündürboy, arıq,
Ən güclü şeirlər bəstəboy olur.
Kasıbı, varlısı, xeyiri-şəri...
İndi şeirlərin nər kini olur.
Sərxoşu, dindarı, vətənpərvəri,
Özəli, gözəli, çirkini olur.
Yenə də başımı duman, çən
alıb,
Məni şeirlərim dərdə salıbdır.
Şikəst şeirlərim bəxtəvər olub,
Gözəl şeirlərim evdə qalıbdır.
Asandan başlamır çətin şeirlər,
Tarix soraqlamır, yiyəsi kimdir?
Ürəksiz yazılan bütün şeirlər,
Qüsulsuz qılınan namaz kimdir.
Ürəyim dinləmir ağlım deyəni,
Daha yuxularım ərşə çəkilir,
Zaman yetişib ki, şor torbasının
Ağzını açırsan, "şeir"
tökülür.
Hecalar ayları, illəri gəzir,
Misralar gözümdə boğulub ölür.
Yüngül şeirlərim dilləri gəzir,
Ağır şeirlərim
doğulub ölür.
Amandır, qoy susum ürək dolusu,
Onsuz, nə olursa, qoynumda qalır.
Razıyam, hər sözüm ağzımda qalsın,
Ağızdan çıxdısa, boynumda qalır...
Ən gözəl şeirlər - saçları
buruq,
Dodağı qırmızı, gözü göy
olur,
Ən yaxşı şeirlər - hündürboy,
arıq,
Ən güclü şeirlər - bəstəboy olur.
Dünya
Bu dünyanın lap əzəldən,
Qışı da yazı boydadı.
Nə böyükdü, nə balaca,
Çoxu da azı boydadı!
Axır yozdum bu yuxunu,
Tanıdım yadı-yaxını,
Hamının boyu-buxunu,
Ağzının sözü boydadı!
Dünya-başa qaxanların,
Dünya-başa çıxanların,
Dünya-ona baxanların,
Koralmış gözü boydadı.
Həm "qarası", həm
"ağının",
Yatmışının - oyağının,
Dünya-insan ayağının,
Torpağı-tozu boydadı.
Çox axtardım künc-bucağın,
Həm o çağın, həm bu
çağın,
Dünya-yanan bir ocağın,
Közərən közü boydadı.
Az ovcunda bük ürəyi,
Aç - çarmıxa çək ürəyi,
İnsanlar var tək ürəyi,
Dünyanın özü boydadı.
"Həyatın məcazi
mənası"
Qarışıb yuxularım, itib xeyirim, şərim,
Halım qarışıb yenə, məndəki hal
hal deyil.
Div ağzına atmağa qurbanıq, əzizlərim,
Havayı aldığımız nəfəs də
halal deyil.
"Tanrı minlər içindən niyə məni
seçibdir?"
Yuxuda görürəm ki, özümə su verirəm.
Barmağım yarıyacan gicgahıma keçibdir,
Durub üzü qibləyə, gözümə su verirəm.
Biri sinəmdən basır, biri başımı əyir,
Hanı mənim bir gözüm, niyə qolum yoxdur ki?
Tanrı məni çağırır, dəli
şeytan qal deyir,
Niyə mənim getməyə başqa yolum yoxdur ki?
Əqrəblər yorğun düşüb, taqəti
qalmayıbdır,
Azad olmaq qulluqdan, iş işdən
asılıdır.
Məndə də o səbirdən heç, qəti
qalmayıbdır,
Məni də qınamayın, vərdişdən
asılıdır.
Eşşək damğalayıram, hamı iyə
dayanıb,
Gözüm dikilib qalıb "şeytanlıq
döyməsi"nə.
Dünya niyə fırlanmır, zaman niyə
dayanıb,
Kimin barmağı dəyib pauza düyməsinə?
Şəhadət barmağımdır
gicgahımın silahı,
Bütün günü yollarda quru can
daşıyırıq.
Gözümüzü sıxanda su
çıxırsa, İlahi,
Niyə damarımızda su yox, qan
daşıyırıq?
Deyirlər o dünyada qaynar qazan qaynayır,
Qorxudan saralmışıq, bıçaq vursan, qan
çıxmaz.
Bir neçə "dəcəl uşaq" mərcə
oyun oynayır:
"Görək, kim kimi yıxar, görək, kim kimi
yıxmaz"
Qızğın bir oyun gedir, "Ya Qaralar, Ya
Ağlar"
Çirmələyib qolunu bir neçə
"igid", "qoçaq"
Yenə yuxu görmüşəm, sizə bəd xəbərim
var:
İçimdən bir səs deyir: "Qaralar
uduzacaq!"
"Neyləyə bilər
ki ağrılar sənə"
Sinəni yararsan, qəlbin daş çıxar,
Qurduğun xəyallar dağılar yenə.
Girib ürəyinə əliboş çıxar,
Lənətlər yağdırar oğrular sənə.
Qovub, arxasınca daş atdıqların,
Ömründən illərlə yaş
atdıqların,
Bilməzsən, gün gələr
yaşatdıqların
Səmtini dəyişər, doğrular sənə.
Bilirəm, savabın dönüb günaha,
Kövrələ bilmirsən indi hər aha,
Qalmayıb heç nəyə inamın daha,
Ağ yalan görünür doğrular sənə.
Yanıb kül olursan, his eləmirsən,
Susub pis olursan, səs eləmirsən,
Sən ki öz ruhunu hiss eləmirsən,
Neyləyə bilər ki ağrılar sənə?!
"Xoşbəxt
ol"
İstəyirsən bir də sına,
Qəlb ki şüşə deyil sına,
Ürəyimin qapısına
Bir top atdın, dedim: - qoldu.
Bu top düşməz hər ayağa,
Düşər bəxtəvər ayağa,
Durdum birtəhər ayağa,
"Bir şey olmaz" - dedim, yoldu...
Olanlar mənə olmuşdu,
Başımı duman almışdı,
Ümidim sənə qalmışdı,
"Səbr et" - dedin, dedim: - oldu!
Bu nə top idi qovurdum?
Mən ki sadəcə sevirdim,
Üzümü göyə çevirdim:
"Nə baş verir" - dedim, noldu?!
Elə "eşq" də söz imiş, söz,
Deyilənlər düz imiş, düz,
Mənim nəfəsim buzmuş, buz,
Kimə "gülüm" dedim, soldu.
Bu nə yoldu, nə cığırdı?
Deyim "Xoşbəxt ol?" Axırdı!
Mənim nəfəsim ağırdı,
Bir də gördün dedim, oldu!
Şübhələr...
İlahi, qəlbimdən yu şübhələri,
Kimləri gözümdə fərd eləmişəm...
Haçandır saxlayıb bu şübhələri,
Böyüdüb içimdə qurd eləmişəm.
Anladım kim yazıb tale yazımı,
Tanıdım ayaqlar altda izimi,
Gör neçə illərdir iki gözümü,
Göyün yollarında dörd eləmişəm?!
Çoxdandır sevməyi Sənə itaət,
Namusu, qeyrəti təqva, ibadət,
Göz yaşı tökməyi sevinc, səadət,
Gülməyi özümə dərd eləmişəm.
Aqil olan gərək seçə namərdi,
Çözə, tapmacatək aça namərdi,
Mən ağlım kəsəndən neçə namərdi,
Qovub bu dünyada mərd eləmişəm.
Nə çoxdur dünyada satan, satılan,
Nə çoxdur gözləri haqqa tutulan,
Min tasdır üstündə "sə bir"
atılan,
Sinəmi həyata nərd eləmişəm.
SUS!
Sən də qələmimtək susursan birdən,
Susursan, susursan, kəlmə demirsən.
Getmişəm gəldiyim yerə kimi mən,
Gedirəm-gəlirəm, gəlmə demirsən.
Bir dəfə sözünü salmadım yerə,
Nə dedin, dedim ki, düzdür, doğrudur!
Bəs niyə hələ də xatirələrə,
Dəyməsəm, sızlayır, dəysəm,
ağrıdır?!
Yalanmı? Deməzsən, alışdırardın...
Desən, eləməzdi naz bəbəklərin.
Desən, əllərini ovuşdurardın,
Desən, böyüyərdi göz bəbəklərin.
Bəs niyə qaralıb ağappaq üzün,
De, kimlər saçını ucundan hörür?
Sənə nə olub ki, ala gözlərin,
Rəngarəng dünyanı ağ-qara görür?!
İsti göz yaşların gözündə donub,
Soyuqdur əlinin silahı belə...
Görəsən, dünyamı tərsinə
dönüb?
Bu necə baxışdır, İlahi, belə?!
Sükutdan o yana inilti başlar,
Divarlar tərpənir yerindən, susmur!
Elə susursan ki, qayalar, daşlar,
Ölülər bu qədər dərindən susmur.
Ümidlər ovcumda saralıb solur,
Gözümün yaşını tökürəm,
olmur.
Bu necə dərddir ki çəkirəm olur,
Önündə diz üstə çökürəm,
olmur.
Əgər danışmağa üzün yoxdursa,
Yüngüldən ağıra susursansa, sus!
Susmağın üstünə sözün yoxdursa,
Əvvəldən axıra susursansa, sus!
Xəlil ADIGÖZƏL
525-ci qəzet.- 2019.- 10 iyul. S. 21.