"Arxeoloji
cənnət"in memarlıq tarixinə səyahət
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
Azərbaycan torpaqları müxtəlif dövrlərdə
arxeoloji zənginliyi ilə seçilən ərazilərdən
olub.
Qədim zamanlardan başlayaraq Azərbaycan ərazisində
minilliklər ərzində formalaşan
xalçaçılıq, dulusçuluq, zərgərlik kimi
el sənətləri ilə yanaşı, memarlıq da əcnəbi
səyyahların, arxeoloqların və şərqşünasların
diqqətini çəkib. Həmin tarixçilər tərəfindən
Azərbaycanın müxtəlif bölgələrində aparılmış
tədqiqat işləri bizə Şərq
memarlığına xas olan bədii və texnoloji xüsusiyyətlər
haqqında ətraflı məlumatlar verir.
Azərbaycanda incəsənətin yaranma tarixi burada
vahid dövlətin yaranması tarixindən daha qədimdir. Məsələn,
yunan tarixçiləri Alban qəbiləsinin fəaliyyəti
haqqında çox erkən vaxtlarda yazmağa
başlayıblar. Bu və rast gəlinən digər faktlar
sübut edir ki, Azərbaycanda da istər ibtidai icma quruluşu,
istərsə də orta əsrlərə aid sənət
növləri əhatəli şəkildə öyrənilib.
Azərbaycanın rəmzi sayılan Qobustan qayaüstü təsvirlərini
araşdıran T.Heyerdal və sonrakı dövrlərdə nəhəng
daşlardan istifadənin nəticəsində yaranmış
meqalitik abidələrdən olan menhirlər, dolmenlər,
kromlexlər və bu tipli digər tikililərin
tapılmasında rolu olan J.Morqan, İ.İ.Meşşaninov,
Y.İ.Hummel çox qədim eksponatlar aşkar ediblər. XIX əsrdə
fransız arxeoloqu J.Morqanın rəhbərliyi altında
ekspedisiyanın Azərbaycan ərazisində
apardığı tədqiqatların nəticəsində alim
torpaqlarımızı "arxeoloji cənnət"
adlandırıb. J.Morqan Lənkəran rayonunun Görükdi kəndi
yaxınlığında ikimərtəbəli dolmenləri
tapıb və ilk dəfə onların elmi, tarixi və dini
mahiyyəti haqqında məlumat verib.
Müxtəlif dövrlərin məhsulu olan və
formasına görə Misir pramidalarını xatırladan
kurqanlar Azərbaycanda dağətəyi və düzənlik
yerlərdə geniş yayılıb. Bu abidələr qəbirlər
üzərində ucaldılmış konusşəkilli təpələrdən
ibarət idi. Tədqiqatları əsas olaraq tunc-erkən dəmir
dövrünü əhatə edən alman arxeoloqu
Y.İ.Hummelin Xanlar rayonunun kurqanlarının öyrənilməsində
müstəsna xidmətləri olub. Qədim dövr dəfn adətlərini
geniş şəkildə araşdıran alim qəbirlərin
səpələnmiş halda deyildə, müəyyən ərazidə
toplanmasına diqqət yetirib. Belə ki, qədim dövr qəbirlərində
tapılan ocaq qalıqları, çıraqlar və digər
məmulatlar üzərində günəşin təsvirinə
tez-tez rast gəlinməsinin əcdadlarımızın təbiətə
sitayişi ilə əlaqələndirildiyini öyrənən
alim belə qənaətə gəlib ki, bütün qəbirlər
müəyyən bir nöqtə ətrafında - günəş
şüasının çevrə boyu yayılması istiqamətində
tikilib. Onun kəşf etdiyi bu qanunauyğunluq "Şəfəq
sistemi" adı ilə bizə məlumdur.
Yunan əsatirləri ilə əlaqələndirilən
və Azərbaycanda daha geniş miqyasda yayılmış abidələrdən
olan Siklopik tikililər guya siklop adlanan nəhəng və təkgöz
insanlar tərəfindən yaradılıb. Bu tikililər inşaat
məhlulu işlədilmədən, yonulmamış
böyük daşlardan əmələ gəlmiş, dinc
dövrdə yaşayış, müharibə dövründə
isə müdafiə üçün istifadə edilirdi.
Daşlarının uzunluğu bəzən 2 metrə qədər
çatan və dünyanın bir çox yerində rast gəlinən
bu tikililər xalq arasında "qalaça",
"qalacıq", "hörük",
"hörükdaş" kimi adlanırdı. Bu abidələri
ilk dəfə olaraq apardığı elmi
araşdırmaları ilə tariximizə bir çox qiymətli
nümunələr bəxş edən İ.M.Cəfərzadə
ilə birlikdə görkəmli arxeoloq
İ.İ.Meşşaninov da tədqiq etmişdi. Azərbaycanın
qədim tarixinə və arxeologiyasına dair bir sıra əsərlərin
müəllifi olan məşhur akademik təsadüfi deyil ki,
torpaqlarımızı zəngin və təbii muzey
adlandırmışdı.
Azərbaycan tarixinə dair araşdırmalar göstərir
ki, uzun inkişaf yolu keçib və heç bir mədəniyyəti
təkrar etməyən memarlıq sənətimiz orta əsrlərdə
də öz yüksəlişini davam etdirib. Bu
inkişafın əsas səbəblərindən biridə bu
dövrdə Aran, Şirvan-Abşeron, Naxçıvan kimi
memarlıq məktəblərinin təşəkkül
tapması və Azərbaycanda inşaat texnikasının
yüksək tərəqqisi ilə bağlı idi. Ölkəmizdə
kobalt filizinin külli miqdarda olması və bu dövrdə
ondan firuzəyi şir üçün səmərəli
istifadə edilməsi nəticəsində xüsusi
kaşıların istehsalı genişlənirdi. Ərəb
tarixçilərindən Müqəddəsi, Həməvi və
başqaları Azərbaycan şəhərlərində
kaşılarla bəzədilmiş binaların olmasını
xəbər verirlər. XII əsrin sonu, XIII əsrin əvvəllərində
yaşamış və şəxsən Təbrizdə
olmuş Yaqut Həməvi bu barədə öz qeydlərində
yazır: "Təbriz çox əhaliyə malik gözəl
şəhər olub, kərpicdən tikilmiş evləri kaşılarla
bəzədilib". Dünya tarixinin digər
tanınmış səyyahlarından biri olan İbn Batuta isə
XIV əsrdə Təbrizdə olmuş, bu şəhərdəki
abidələrin bədii keramik dekorlarının Əndəlusun
və Şimali Afrika memarlığındakı kaşı bəzəklərindən
üstün olduğunu qeyd edib.
Hal-hazırda böyük bir hissəsinin Ermitaj muzeyində
saxlanıldığı ən gözəl kaşı
nümunələri Şirvan-Abşeron memarlıq məktəbinə
daxil olan Pirsaatçay xanəgahı kompleksinin mühüm
hissəsi sayılan Pir Hüseyn Rəvana türbəsinin
kaşılarıdır. Rus şərqşünası
V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə
öyrənilən bu türbənin ornamental bəzəkli
kaşıları və kitabələri tarixi əhəmiyyətli
materiallar olduğu üçün hətta monoqrafik əsər
şəklində də nəşr edilib.
Şirvan-Abşeron memarlıq məktəbinin digər
bir nümunəsi olan və tədqiqi hələ də davam
edən Bayıl qalası hazırda Xəzər dənizi
sularının altında qalmış mühüm tarixi
memarlıq abidəsidir. Arxeoloqlarımız tərəfindən
son illərədək dənizdən
çıxarılmış 700-dən çox bədii
daş hissələri vaxtilə quruda yerləşən
möhtəşəm bir memarlıq abidəsinin bəzəkləri
olmuşdu. Qalanın tikinti qalıqları haqqında Abbasqulu
ağa Bakıxanov ilə yanaşı rus şərqşünası
İ.N.Berezin də maraqlı məlumatlar verib.
Şirvan-Abşeron memarlığı tikililəri ilə
yaxından maraqlanan şərqşünas eyni zamanda, XIII əsrdə
inşa olunmuş Bibiheybət məscidinin inşası ilə
bağlı ərəbcə yazının tapılmasında
da əhəmiyyətli rol oynamışdı.
Hələ qədim zamanlarda K.Ptolomeyin və
İ.Flavinin haqqında ilkin məlumat verdikləri Naxçıvan
ilk dəfə bir memarlıq məktəbi kimi tanınıb,
sənətşünaslar tərəfindən qeyd olunduğu
kimi memarlıq sahəsində Nizami zirvəsinə
qalxmağı bacarıb. Qədim və orta əsr memarlıq
abidələri ilə zəngin olan bu məktəbin incisi
sayılan və bürcvari Azərbaycan türbələrinin ən
görkəmli nümunəsi olan Möminə Xatın
türbəsi bir çox tarixi qeydlərdə öz əksini
tapıb. Əcəminin tükənməz fantaziyasını
özündə parlaq şəkildə əks etdirən
türbə mürəkkəb kərpic hörgüsü və
firuzəyi kaşıları ilə ümumşərq
memarlığında görkəmli yerlərdən birini
tutur. Fransalı arxeoloq J.Dyölafua Möminə Xatın
kompleksinə daxil olan hissələr, o cümlədən,
Cümə məscidi haqqında qiymətli məlumatlar
vermişdir. Digər bir fransalı səyyah Dübua-de Monpere
isə türbənin gözoxşayan və təkrara yol
verilməyən ornamental divar naxışlarını tədqiq
etmiş, onun kitabələrini akademik Frenə göndərmişdi.
XII əsrdən çox sonra da öz
inkişafının yüksək zirvəsində dayanmağa
davam edən Naxçıvan memarlığı bir çox
Şərq sənətkarlarına istiqamət verib. Hətta
bu fikir bu gün də tarixi faktlarla izah olunmaqdadır. Əcəmi
əsərlərinin Yaxın Şərq ölkələrindəki
təsir qüvvəsindən danışarkən, E.Ditsin
"Türk sənət tarixi" əsərində irəli
sürdüyü mülahizəni də qeyd etmədən
keçmək olmaz. E.Dits bu qeydlərində məşhur
türk memarı Sinanın ucaltdığı bəzi türbələrin
Naxçıvan türbələrinin təsiri ilə
tikildiyini açıq etiraf edirdi. Memar Sinanın
Naxçıvan abidələri ilə necə tanış
olduğunu izah edərkən isə onun ordu mühəndisi sifəti
ilə burada olduğu vurğulanır. Maraqlı cəhət
burasındadır ki, digər türkiyəli tədqiqatçılar
da bu faktlarımütləq şəkildə qəbul edirlər.
Memar Vədat Dalokay "Toplumçu Sinan" adlı məqaləsində
memar Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən
bəhs edərkən "Atabəylərdən qalma günbəzlərdən
bir nəfəs gəlir" deyə yazır.
Müxtəlif dövrlərdə qeydə
alınmış bu və digər yazılar göstərir
ki, Azərbaycan torpaqları buraya gələn hər bir
qonağı təəccübləndirib. Məsələn,
bu gün Şəkidə büstü ucaldılan və Azərbaycan
tarixinə dair maraqlı fərziyyələri ilə elmə
öz töhfəsini verən məşhur norveçli alim
Tur Heyerdal xalqımızın ən qədim dövrlərə
aid tarixini öyrənmək baxımından qiymətli mənbə
olan Qobustan qayaları qarşısında heyrətini gizlədə
bilməmişdi. Ömrünün yarıdan çoxunu
dünyadakı bənzər təsvirlərin tədqiqinə
həsr etmiş olan tanınmış səyyah hətta
vikinqlərin sonradan rast gəlinən izlərinin buradan
qaynaqlandığı kimi maraqlı bir faktın
üstünü açmağa da müvəffəq
olmuşdu. Bundan əlavə Bərdədəki məşhur
"Allah-Allah" türbəsinin, Ordubaddakı Vənənd
məscidinin kitabələrini oxumuş Xanıkov və, digər
tarixçilərin də memarlıq mədəniyyətimizin
müntəzəm şəklidə öyrənilməsində
az rolu olmayıb. Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, bəzi həvəskar tədqiqatçılar
da olub ki, onların axtarışları heç də
planlı və sistemli şəkildə olmayıb, əksinə,
təsadüfi səciyyə daşıyıb. Bu səbəbdən
də əldə olunan nəticələr çox zaman elmi həqiqətlərdən
bir qədər uzaq olurdu. Bəzən misilsiz, qiymət
biçilməz maddi-mədəniyyət nümunələrimiz
xarici ölkələrdə muzeylərə
satılırdı. Məsələn, vaxtı ilə
fransız alimi J.Morqan tərəfindən aşkarlanan maddi-mədəniyyət
nümunələrinin xeyli hissəsi ölkəmizin sərhədlərindən
kənara aparılıb. Təqdirəlayiq haldır ki, elə
peşəkar əcnəbi arxeoloqlarda olmuşdur ki, onların
apardığı tədqiqat işləri öz
reallığı ilə xeyli fərqlənib, bənzərsiz
inkişaf yolu keçmiş olan memarlıq tariximiz
haqqındakı yanlış nəzəriyyələri
puça çıxarıb.
Dünyanın müxtəlif tarixçiləri, səyyahları
tərəfindən tədqiq edilən Azərbaycan heç də
təsadüfən "Arxeoloji cənnət"
adlandırılmayıb. Bu "cənnət"in bundan sonra
tədqiqi və öyrənilməsi dünya alimləri ilə
yanaşı, gənc milli tədqiqatçılarımızın
da üz tutacağı maddi-mədəniyyət mənbəyi
olmalıdır. Bu, biz gənc tədqiqatçıların ən
ümdə vəzifəsidir.
Şəmsiyyə ZALOVA
525-ci qəzet.- 2019.- 10 iyul. S. 22.