Qarabağ
Muğam Mərkəzi yeni ifaçılar nəslinin
yetişməsində önəmli rol oynayır
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi
respublikamızın qabaqcıl mədəniyyət müəssisələrindən
sayılır.
Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə
gələn adıçəkilən müəssisə fəaliyyətə
başladığı ilk günlərdən əhali
arasında böyük hörmət və nüfuz qazanıb.
Bu gün uşaqdan-böyüyədək hər kəs onu
özünün sevimli istirahət guşəsi hesab edir. 16
sinif otağı, 154 yerlik qış, 150 yerlik yay konsert
zalından ibarət sözügedən Mərkəzdə
uşaq və gənclərin musiqi təhsilinin, əhalinin
asudə vaxtının, istirahətinin səmərəli təşkili
üçün hər cür şərait yaradılıb.
Burada il boyu müntəzəm olaraq, konsert tamaşaları,
bayram və tarixi günlərlə əlaqədar şənliklər,
digər mədəniyyət tədbirləri sərgilənir.
Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun
dediklərinə görə, sözügedən mədəniyyət
müəssisəsində ötən tədris ilində fəaliyyət
göstərən tar və səs şöbəsində 48 nəfər
şagirdin musiqi təhsili ilə öz işinin öhdəsindən
bacarıqla gələn 21 nəfər yüksək
ixtisaslı müəllim məşğul
olub. Kollektivin səyi ilə istedadlı uşaqların üzə
çıxarılaraq musiqi təhsilinə cəlb edilməsi istiqamətində daim konkret addımlar atılır.
Təcrübəli mütəxəssisin qənaətinə
görə, Muğam Mərkəzi bütövlükdə,
Qarabağda və ətraf bölgələrdə yeni
ifaçılar nəslinin yetişdirilməsində önəmli
rola malikdir. Cari ilin ötən dövrü Mərkəzin
müəllim və şagirdlərindən ibarət
ansamblının ictimai yerlərdə, istirahət guşələrində,
təhsil müəssisələrində, hərbi hissələrdə
və cəbhəyani bölgələrdə rəngarəng
proqramla çıxışları ilə yadda qalıb.
Respublika mədəniyyət və turizm nazirliyinin
tapşırığına əsasən Muğam Mərkəzinin
müxtəlif bölgələrdə təqdim etdiyi
"Muğam dünyası" adlı musiqi proqramı əhali
arasında geniş rezonans
doğurub. Belə konsert tədbirlərinin ilin sonuna kimi
respublikanın digər bölgələrində də davam
etdirilməsi planlaşdırılıb. Mərkəzin
kollektivi rayonda keçirilən
"Bölgələrdən bölgələrə" II
Respublika Yaradıcılıq
Festivalının təşkilinə də fəal dəstək
göstərib. Kollektivin bölgələrdə, hərbi hissələrdə
uğurlu çıxışları Ağcabədi rayon icra
hakimiyyəti, hərbi hissə komandirləri tərəfindən yüksək dəyərləndirilib,
dəfələrlə Fəxri Fərman və Təşəkkürnamələrlə
mükafatlandırılıb.
Muğam Mərkəzinin yetirmələri müxtəlif
respublika miqyaslı tədbirlərdə, festival və
müsabiqələrdə fəal iştirak edirlər. Gənc
ifaçılar Ceyhunə Şirəliyeva, Zəhra Məmmədova,
Nərmin Sultanova, Arzu Mahmudova və Nəcibə Məmmədova
Respublika Televiziya Muğam müsabiqələrində, Xan
Şuşinski adına Muğam festivallarında, Respublika Gənclər
Fondunun dəstəyi ilə keçirilən müsabiqələrdə
müvəffəqiyyətlə çıxışlar edərək, yüksək nəticələrə
imza atıb, diplom və Fəxri Fərmanlarla təltif
olunublar. Mərkəzin şagirdi, istedadlı gənc
ifaçı Nəcibə Məmmədova 2017-ci ildə
keçirilən Respublika Televiziya Muğam müsabiqəsinə
qonaq qismində dəvət olunub, bu il isə
iştirakçı kimi final mərhələsinədək
irəliləyib. Onun yüksək səviyyəli
çıxışları tamaşaçılar və
münsiflər heyəti tərəfindən rəğbətlə
qarşılanıb. Nəcibə 9-cu Beynəlxalq Uşaq
Muğam festivalında da fərqlənərək, II yerə layiq görülüb.
T.Cəfərov söhbət zamanı bunu da əlavə
edib ki, kollektiv üzvləri respublika televiziya kanallarında
musiqi proqramlarının tez-tez qonağı olur, canlı
yayımlarda çıxışlar edirlər. Onların məharətlə
ifa etdikləri muğam, təsnif və mahnılar tələbkar
tamaşaçıların və mütəxəssislərin
diqqətini çəkib. Nüfuzlu mədəniyyət
müəssisəsində şagirdlərin muğam
ifaçılığı sənətinə, səhnə mədəniyyətinə
dərindən bələd olmaları daim diqqət mərkəzində
saxlanılır. Bu sahədə Milli Konservatoriya ilə əməkdaşlıq
mühüm əhəmiyyət kəsb edir. Konservatoriyanın baş müəllimi,
tanınmış xanəndə Qəzənfər Abbasovun
Qarabağ Muğam Mərkəzi şagirdlərinə ayda 2 dəfə
keçdiyi ustad dərsləri bu baxımdan xüsusi önəm
daşıyır.
Direktor sonda qeyd edib ki, rayon icra hakimiyyəti və
regional mədəniyyət idarəsinin təşkilatçılığı
ilə yay mövsümü ərzində Heydər Əliyev
adına rayon mədəniyyət və istirahət parkında
Muğam Mərkəzinin digər mədəniyyət müəssisələri
kollektivləri ilə birgə
nümayiş etdirdiyi
geniş proqramlı konsert
tamaşları yerli sakinlər və qonaqlar tərəfindən
maraqla qarşılanır.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2019.- 10 iyul. S. 24.