Kukla Teatrı mövsümü uğurla başa vurdu

Teatrdan yazmaq, onun təbliğatı ilə məşğul olmaq bir tərəfə, teatra getmək, tamaşaya baxmağın özü belə insandan xüsusi sevgi tələb edir. Sevgisiz çox görmək olar. Amma teatra zaman ayırmaq sevgisiz mümkün deyil, məncə.

Teatra uşaqlıq sevgim jurnalistika fəaliyyətinə başlayan kimi özünü burada da göstərdi. Hər dəfə müxtəlif teatr səhnələrində ayrı-ayrı həyat hekayələrini izləmək qədər zövqverici idisə, sonralar o səhnənin arxasıdakı proseslərlə tanış olmaq şansı qazanmaq, rejissorların, aktyorların, bütünlükdə yaradıcı heyətin səhnəyə qədərki gərgin əməyinin şahidinə çevrilmək, sonra isə bütün bunları yazıb oxuculara çatdırmaq ayrı bir xoşbəxtlikdir.

Əlbəttə, teatrı sevən hər kəs kimi bu qədim incəsənət növünə xidmətdən kimsə bir təmənna güdmür. Amma vaxtsa, teatrın özü tərəfindən zəhmətinin qiymətləndirilməsi, sənin onlara dəyər verdiyin kimi, onların da sənə dəyər verdiyini görmək həm sevindirir, həm fərəhləndirir.

Həmin bu sevinc fərəh hissini dünən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "dostu" elan ediləndə keçirirdik. Media nümayəndəsi olaraq "Dostu" seçildiyim ocağın uşaqlığımda teatrı sevgi həsəd yaradan Kukla Teatrının olması isə ayrıca əhəmiyyət kəsb edirdi.

***

Bütün bu hissləri dünən yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən, təkcə uşaqların deyil, elə böyüklərin sevimli teatrı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 87-ci mövsümünün bağlanış mərasimində keçirtdik. İl ərzində tamaşalarında iştirak etdiyimiz, yeniliklərindən oxucuları xəbərdar etdiyimiz, uğurlarına sevindiyimiz, müxtəlif müsahibələrlə əməkdaşlarıyla sıx əlaqədə olduğumuz teatrın bir mövsümünün sonuna birgə gəlib çıxmışdıq.

Bağlanış mərasimi Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca aktyorlarının ifasındakı "Azərbaycan" mahnısı ilə açıldı.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qısa konkret nitqi ilə teatrın mövsüm ərzindəki fəaliyyəti, uğurları, beynəlxalq festivallardakı iştirakı yeni tamaşaları haqqında məlumat verdi. Prezident İlham Əliyevin incəsənət xadimləri ilə yaddaqalan görüşünü xatırlayan direktor bu görüşün teatr üçün müsbət nəticələrindən söz açdı.

Direktorun hesabat xarakterli çıxışı hər birimizdə bir sevinc qürur yaradırdı. Bəli, bizim uşaqlarımıza teatr sevgisi aşılayan, incəsənətimizin cəmiyyətimizin gələcəyinin qeydinə belə peşəkarcasına qalan teatrlarımız var.

Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun, baş rəssamı İqbal Əliyev, teatrın ədəbi dram hissə müdiri, mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova da məhsuldar mövsüm münasibətilə hər kəsi təbrik edib, gələn mövsümdə daha böyük yaradıcılıq uğurları dilədilər.

Bildiyimiz kimi, Kukla Teatrının binasının qonaqları var. YUĞ Dövlət Teatrı illərdir onlarla birgə eyni binanı bölüşürlər. Hər iki kollektiv bir-birinə o qədər qaynayıb-qarışıb, o qədər doğmalaşıb ki, onları ayırmaq da olmur. Rəşad müəllimin həmişə YUĞ-un kollektivinə olan diqqəti, hörməti isə təqdirəlayiqdir. Bu dəfə o, qonaq kollektivi diqqətdən kənarda qoymadı. Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə tədbirdə çıxış edib hər iki kollektivə uğurlar arzuladı, il ərzində fərqlənən əməkdaşları təbrik elədi.

Bütün bu çıxışlardan sonra zaman gəlib çatdı mükafatlandırma mərasiminə. İl ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyət bir-bir səhnəyə dəvət olunub mükafatlandırıldı. Kimisi "ən məhsuldar aktyor", kimisi "ən sevilən aktrisa" kimi mükafatlarla zəhmətlərinin bəhrəsini "dərdilər". Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor aktrisası, ən məhsuldar əməkdaşı, eləcə uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunurdu.

Görünən o idi ki, rəhbərlik hər zaman olduğu kimi, bu il heç kimi diqqətdən kənarda saxlamayıb.  Teatrın truppası ilə yanaşı, onun nəzdindəki "Oyuq" teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını aldılar. Studiyanın rəhbəri Səidə Haqverdiyevanın sevinci həyəcanı, balaca tələbələrinin ona, Kukla Teatrına ümumilikdə səhnəyə olan sevgiləri insanın teatr sənətinin gələcəyinə olan ümidlərini artırırdı.

Sonra zaman gəldi çatdı bizə - yəni media nümayəndələrinə... Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçiləri "Teatrın dostu" nominasiyasında mükafatlandırıldı. "525-ci qəzet"in əməkdaşı olaraq həmin dostların arasında olmaq isə həm məsuliyyətimizi artırdı, həm həyəcanımızı. Rəşad Əhmədzadə isə bir fikri bir neçə dəfə təkrarladı: "Sizi dostumuz seçməyimiz o demək deyil ha, bundan sonra həmişə bizi tərifləməlisiniz. Dost yanlışları da deyər, tənqidləri . Biz dostlarımızın tənqidlərini eşitməyə hazırıq. Bu, yalnız bizim işimizin xeyrinə ola bilər".

"Oyuq" teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi isə mərasimi daha maraqlı əyləncəli edirdi.

Yeni mövsümdə daha böyük uğurlar daha zəngin repertuarla bizi sevindirəcəklərinə olan əminliyimizlə dostlarımıza "gələn mövsümədək" deyib sağollaşdıq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2019.- 12 iyul. S. 9.