Gənc Tamaşaçılar
Teatrı mövsümü "Müharibə"
tamaşası ilə bağladı
Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib.
Tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm
ərzində qazanılan uğurlardan,
görülən işlərdən danışıb: "Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz və geriyə baxanda biz bu müddətdə necə uğurlar qazandığımızı görürük. Əlbəttə,
ən böyük uğurumuz odur ki, teatrımızın 90
illik yubileyi çox böyük təntənə ilə keçib. Ölkə Prezidentinin
Sərəncamı ilə
bir neçə əməkdaşımız fərxri
adlara, ordenlərə
layiq görülüb.
Həmçinin, bu mövsümdə
teatrımızda 8 yeni
tamaşaya quruluş verilib. Həm uşaqlar, həm
də böyüklər
üçün olan bu yeni tamaşalar
böyük maraqla qarşılanıb. Hal-hazırda da Xalq artisti Cənnət
Səlimova Mirzə Cəlil Məmmədquluzadənin
"Dəli yığıncağı"
əsərinə quruluş
verir. Əməkdar artist Nicat Kazımov
isə "Sindibadın
sərgüzəştləri" tamaşasını uşaqlar
üçün hazırlayır
ki, bunları da yeni mövsümdə
tamaşaçılarımıza təqdim edəcəyik.
Eyni zamanda, ötən il ölkə Prezidentinin yaradıcı adamlarla görüşməsi, teatr
işçilərinin maaşlarının
50 faiz artırılması,
üstəgəl, teatrlara
maddi yardımın ayrılmasını da xüsusi qeyd etməliyəm. Bütün bunlar yaradıcı
adamlara stimul verən məsələlərdir".
Daha sonra İsveç dramaturqu Lars
Norenin "Müharibə"
pyesi əsasında, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. İkihissəli tamaşanın quruluşçu
rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə
Muradovadır.
Səhnə əsərində
əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd
Quliyeva, Səbinə Məmmədova canlandırırlar.
16 yaşdan yuxarı tamaşaçılar
üçün nəzərdə
tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən,
sosial mənşəyindən
asılı olmayaraq, hər bir millətin
və hər kəsin başına gələ biləcək hadisələri özündə
əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən
atanın 2 ildən sonra gəlib evinə çıxmasını
qəhrəmanın mənəvi
qələbəsi saymaq
olar. Səhnə əsərində atanın, eləcə də ana və
qızlarının həyatına
nəzər saldıqda
müharibənin bütün
ağrı və acılarını, mənəvi
sarsıntılarını, daxili əzablarını görmək o qədər
də çətin deyil.
Qeyd edək ki, sentyabr
ayında teatr mövsümü Füzulinin
"Leyli və Məcnun" poeması əsasında hazırlanmış
eyniadlı tamaşa ilə açacaq.
525-ci qəzet.- 2019.- 12 iyul. S. 9.