Yol işarəsi

 

"Sevgi yollarında nə qayda qanun,

özün aşmalısan bu dolayları...

Sən tez-tez qəzaya uğrayacaqsan,

yoxdur bu yollarda yol işarəsi..."

Ay ata, axı bu sözləri vaxtı ilə sən özün demişdin, axı bu şeiri də mənə həsr etmişdin...

Gözlərimi atama dikib kirimişcə ona qulaq asır və fikirləşirdim ki, bu dünyada ən gözəl iş elə məsləhət vermək, ən əzablı iş isə sənə sərf etməyən məsləhətlərə qulaq asmaqdır.

- Başa düş, mən səninlə aranı açmaq istəmirdim. Düşünürdüm ki, vaxt gələr özün hər şeyi başa düşərsən. Ağlın özünə gələr. Amma görürəm ki, yox, sən get-gedə daha da uzaqlara gedirsən... Başa düş, bu işin axırı yoxdur. O da bir kişinin qızıdır. O kişini mən uzaqdan-uzağa tanıyıram. Cavanlıq illərindən tanıyıram. Yəqin eyni sözləri o da öz qızına deyir. Mən də sənə deyirəm. O qızın taleyi ilə oynama. Bu ixtiyarı sənə kim verib? O qız sənə görə ailəsini dağıtdı. Doğrudanmı sən başa düşmürsən ki, sənə görə ərindən ayrıldı. Axı, sən bir ailəni dağıtmısan, günaha batmısan.

- Yox... Vallah yox. Ay ata, sən deyən kimi də deyil. Onsuz da əri ilə yola getmirdilər... Ayrılacaqdılar. Məsələ artıq həll olunmuşdu. O qız onu sevmirdi. Mən oldum, ya olmadım, onsuz da ayrılmalıydılar... Hm... Vallah lap başımı itirmişəm...

Atam əlini-qolunu ölçə-ölçə nəsə deyirdi. Əsəbiliklə gah ayağa durur, gah da otururdu. Qışqıra-qışqıra deyirdi. Mən isə heç nə başa düşmürdüm. Özüm-özümə qapılmışdım. Öz iç dünyamla mübahisə edirdim.  "Hm... Bəlkə də atam düz deyir? O, əri ilə barışa bilərdi. Əlbəttə, o, pis oğlana oxşamırdı. Az qala qızın qarşısında diz çökürdü. Barışmaq istəyirdi, yalvarırdı, bəlkə də gizlində ağlayırdı da. Hətta onun mənimlə olan xəyanətini də bağışlamağa hazır idi. O, qızdan cəmisi 3 yaş böyük idi. 27 yaşı var. Hələ təcrübəsiz idi. Evlənəndə 24, qızın isə 21 yaşı ancaq olardı. Heç 3 il bir yerdə yaşamadılar. İndi həyatdır də... Olur. Burda mənim günahım nədir ki? Bəlkə də, mən geri dursaydım, o, əri ilə barışardı. Nə...? Yox, yox, yooox. Bir də yox... Onu heç kimə vermərəm. O, mənim hər şeyimdir. Həyatımdır. Mən onsuz ölərəm. Qala bilmərəm. Yaşaya bilmərəm... Ürəyim partlar.... Hm... Bəlkə elə o da, yəni keçmiş əri də onsuz qala bilmir. Onu səndən heç də az sevmir. Bəs o bədbəxt neyləsin? İndi gör o nə çəkir. Dəli kimi sevir o qızı. Yooox... Yox. Bir də yox. Ölərəm, amma onların barışmalarına razı ola bilmərəm..."

- Yooox.

Birdən öz qışqırtıma özüm də diksindim. Atam təəccüblə:

- Nə yox? Nə deyirsən?

Sanki ayıldım. Atama baxıb "heç" dedim. Birdən özümdən asılı olmayaraq yavaş və yazıq bir səs ilə:

- Ay ata, mənə kömək elə. Bir yol göstər. Vallah bilmirəm ki, nə edim. Lap başımı itirmişəm.

- Nə kömək ə? Sən özün nazir müavinisən. Yeri gələndə camaata ağıl da verirsən, məsləhət də. Tapşırıqlarını gecikdirəndə tabeliyində olanların hələ bir üstlərinə qışqırırsan da. İndi nə olub? Nə özünü itirmisən?

Sonra nə düşündüsə, deyəsən, mənə yazığı da gəldi:

- Oğul, səni başa düşürəm. Elə başa düşürəm... Amma bu işdə mən sənə kömək edə bilmərəm. Bu yollarda yol işarəsi yoxdur. Özün bu dolayları təkbaşına aşmalısan. Uşaq deyilsən ki, 42 yaşın var. Bu yaş dövrü kişiliyin ən çətin və ən təhlükəli dövrüdür. Eyni zamanda, ən gözəl dövrüdür. Bu yaşda dəli kimi vurulmaq dəhşətdir. Səni başa düşürəm. Çətindir. Çox gözəl başa düşürəm. Amma özün qərar verməlisən. "Ya üz, ya düz" demirəm. Birdəfəlik üz deyirəm. Məsələni qurtar. Vaxt itirmə.

Sonra diqqətlə mənə baxıb:

- Oğul... Qadın məhəbbətindən qorx. Bu, dəhşətli bir şeydir. Səni uçuruma aparar. Qadın gözəlliyindən qaç. Başını itirərsən. Yazıqsan, məhv olarsan. Başa düşürsən ki, dəlicəsinə sevmək dəhşətli bir şeydir. Dəlicəsinə bağlanmaq çox təhlükəlidir. Bütün faciələr də elə bundan doğur. Yanarsan. Kül olarsan. Evin yıxılar. Dərdinə heç kim çarə edə bilməz. Mən sizi bir neçə dəfə bir yerdə görmüşəm. Əlbəttə, söz yox, o qız qeyri-adi dərəcədə gözəldir, çox gözəldir. Belə bir qadına sahib olmaq hər bir kişinin arzusudur. Deyilənlərə görə, savadı, intellekti yüksək səviyyədədir. Olduqca erudusiyalıdır. Allah ona hər şeyi verib. Konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. Amma yaddan çıxartma ki, sən ailəlisən.

Öz-özümə: "Allahu əkbər!"

- Aranızda yaş fərqini də nəzərə al. Bir yerdə yaşasanız, həyatın məşəqqət və zülm içində olacaq. Qısqanclıq səni içəridən qurd kimi yeyəcək. Başa düş, ay yazıq, ona görə də deyirəm, gözəl qadına olan məhəbbət və gözəl qadının dəli kimi səni sevməsi dəhşətli bir şeydir. Bir daha deyirəm, həyatını məhv edərsən. Sən də, elə o da.

Atam danışdıqca mən hiss edirdim ki, eşqdən, məhəbbətdən, sevgidən danışanda o mülayimləşir, gözəllikdən, yaraşıqdan, boy-buxundan, savaddan, intellektdən danışanda ləzzət alır. Mənim ailəli olduğumdan danışanda mənə yazığı gəlir. Onun öz ailəsini dağıtmasından danışanda isə təəssüflənirdi. Amma bütün bunlarla bərabər, mən başa düşürdüm ki, onun bütün bu öyüd-nəsihətləri, məsləhətləri bir səmtə istiqamətlənib - ailəni dağıtmaq olmaz. Ailə möhkəm olmalıdır. Atam öz-özünü, vaxtı ilə dediklərini, indi inkar edirdi. Atam indi deyirdi ki, həyat yollarında yol işarələrinə riayət etmək lazımdır. Qayda-qanunla yaşamaq lazımdır, vəssalam. Doğrudur, həyatda onun özü üçün heç vaxt qayda-qanun olmayıb. Elə ona görə də başı çox bəlalar çəkib. Elə vaxtları olub ki, qəpiyə də möhtac olubmuş. Amma indi istəmir ki, onun öz övladı da gözü qarşısında o çəkənləri çəksin. Axı mən onun gözlərinin işığıyam. Və mən özümü məhv etməyimi o istəmir.

- Axı, bir az əvvəl deyirdin ki, o da bir kişinin qızıdır. O da bir kişinin gözünün işığıdır. Bəlkə o kişi də sən indi mənə verdiyin məsləhətlərdən öz qızına verir. Amma o qız yol işarələrinə riayət etmədi. Onun hər şeyə cəsarəti çatdı. Bəs sən niyə məni cəsarətsizliyə sövq edirsən?

Bu vaxt telefonum zəng çaldı. Telefonda onun nömrəsinin əvəzinə "Moe sçastiye" sözləri yazılmışdı. Bunu vaxtı ilə özü yazmışdı. Atam gözucu telefonuma baxan kimi dərhal söndürdüm.

- Bu nədir əəə? Bu qız öz dilində danışa bilmir? Bu nədir sənə yazıb?

Mən yavaş səslə:

- Yox, Azərbaycan dilini bilir. Amma rus təhsillidir. Hm... Anası da rus olub. Beş-altı ildir, dünyasını dəyişib.

- Paho... Bircə rusumuz əskik idi. Sən bir işə bax e.

Gecə saat 12 olardı. Mübahisə uzandıqca uzanırdı. Bitib tükənmək bilmirdi. Ayağa durdum.

- Yavaş-yavaş mən gedim.

***

Atamgildən çıxan kimi dözməyib hövsələsizlik edib, elə həyətdəcə onun nömrəsini yığdım. Dərhal götürdü.

- Bilirsən, bayaq danışa bilmirdim. Atamgildə idim. Bir vacib məsələ var idi. Onu...

 - Eybi yoxdur, səni başa düşürəm. Fikir vermə.

- İndi gəlirəm sizə. Uzaqbaşı 15 dəqiqəyə kimi yanındayam.

- Oy... Nə yaxşı. Gözləyirəm səni. Tez gəl, lap tez gəl. Öpürəm.

- Uça-uça gəlirəm.

Uçmağa qanadım yox idi. Atamgildən çıxandan sonra elə bil ki, çiyinlərimdən yük götürülmüşdü. Elə bil 5-10 dəqiqə bundan əvvəl atamla belə bir gərgin mübahisə etməmişdim. Sevincimdən sanki uçurdum. Elə taksi saxlatmaq istəyirdim ki, atam zəng elədi.

- Əə... Qayıt gəl yanıma. Səni gözləyirəm.

"Əstəğfürüllah! İşə düşmədik?!"

- Ay ata, artıq taksidəyəm. Evə çatıram. Sabah gələrəm.

- Nə taksi? Əə... Yalan niyə deyirsən? Balkondan səni görürəm. Tez evə gəl.

- Ay ata, bəlkə sabah...

- Dedim ki, dur gəl yanıma.

Dərhal da telefonunu söndürdü.

Həə. Demək indi də söhbətin ikinci seriyası başlanacaqdır. Çünki təqsir özümdədir. Çünki mən hövsələsizlik edib, dözməyib, elə atamgilin həyətində ona zəng edib danışanda, "gəlirəm" deyəndə, atam bütün  sözlərimi eşitmişdi.

Atam imkan vermirdi ki, ağzımı açım. Qışqırırdı, çığırırdı.

- Sən nə etdiyini heç özün başa düşürsən? Bəsdir, bəsdir. Axmaqlıq elədiyin yetər.

Atam deyirdi ki, əgər mən ailəmi dağıtsam, o qız ilə evlənsəm, onun mən adda oğlu yoxdur. Elə biləcək ki, mən ölmüşəm. Uşaqlarımı da mənə həsrət qoyacaq. Və bir də deyirdi, öləndə də vəsiyyət edəcək ki, heç üstünə də gəlməyim. Atam deyirdi. Əslinə qalsa, o, çox şeyləri deyirdi. Deyirdi ki:

- Amma onu da bilirəm ki, sən heç vaxt belə bir addım atan deyilsən. Çünki sənin üçün əsas məsələ ictimai rəydir. Səni ancaq camaatın sözləri maraqlandırır. Və sən həmişə məsuliyyətdən qorxmusan. Əgər belə bir fikrin olsaydı, bunu çoxdan edərdin. O qızla çoxdan evlənərdin. Milli məsələləri də, anasının rus olmasını da bəhanə gətirmə. Səni yaxşı tanıyıram. Ağzını açanda kişilikdən dəm vurursan, əgər belə bir fikrin olsaydı, onun gözəllik müsabiqəsində iştirak etməsinə icazə verməzdin. Qətiyyən razı olmazdın. Sən isə nəinki buna razı oldun, hətta onun özünü belə bu müsabiqəyə cəlb etdin. İndi isə, bu işə birdəfəlik nöqtə qoymalısan... Əə... mənim oğlumun aldığı ikinci arvad, yəni mənim gələcək gəlinim gözəllər gözəli olsun, hamının diqqətini cəlb eləsin? Bütün kişilər də baxsın ağzının suyunu axıtsın? Buna necə dözmək olar? Bəs sənin kişiliyin hanı? Hmm... Mən sən gələnə qədər sizə zəng edib yoldaşınla danışdım. Dedim ki, mən özümü pis hiss edirəm, sən bu gecə yanımda qalacaqsan. Narahat olmasınlar. İndi isə get o biri otağa qıza zəng elə ki, səni gözləməsin.

- Ay ata, axxxı.

- Bəsdir. Qurtar, sənin ailən var. Başa düşürsən, ailən var. Elə eləmə ki, işə mən qarışım, get zəng elə.

Üzümü anam tərəfə çevirdim. Yavaş səslə, bəlkə də yalvara-yalvara:

- Heç olmasa sən mənə kömək elə. Nə olar? Xahiş edirəm. Az qala ürəyim partlayır.

- Belə məsələlərdə mən sənin atandan çox çəkmişəm. Mənim çəkdiklərim özümə bəsdir. Atan azmış kimi, üstəlik, sənin də problemlərini çəkmək istəmirəm. Məni belə məsələlərə qatma. Uşaqlarını düşün.

Atam:

- Sən bu gecə burda qalacaqsan. Get qıza zəng elə ki, səni gözləməsin. O da yazıqdır.

O, telefonu söndürmüşdü. Ev telefonu cavab vermirdi. Vəssalam. Mən batdım.

Atam danışır, mənə ağıl verirdi, məsləhət verirdi. Mən isə düşünürdüm ki, hamı iki daşın arasında qaldığı halda, mən üç daşın arasında qalmışam. Atam bir tərəfdə, ailəm o biri tərəfdə, o biçarə qız da digər tərəfdə. Mən isə arada qalmışam.

Sən demə, atama hər bir məsələni yerli-yataqlı çatdırıblarmış. Onun atasının kim olduğunu, qızın gözəllik müsabiqəsində birinci yerə çıxmasını, hətta mən tərəfdən bu müsabiqəyə cəlb olunmasını belə atama deyiblərmiş. Amma bütün bunları atama kim deyib? Bilmirəm. Bütün məsələlər atamın ovcunda idi. Hələ bunlar azmış kimi, bu yaxınlarda mənə diplomatik işə keçməyi də təklif ediblər. Mən də razılıq vermişəm. Sənədlər də hazırlanıb. Məsələ bu gün-sabah həll olunmalıdır. Uzun müddətliyə xarici ölkəyə gedirdim. Bunu isə ona deməyə cəsarətim çatmırdı, cürətim çatmırdı. Bəs, bunu ona necə deyim? Necə başa salım? Ölmürəm ki, canım qurtarsın.

***

Səhər yuxudan duran kimi, dərhal onlara getdim. Məndə açar var idi. Qapını açıb içəri girdim. Gördüm ki, kresloda oturulu yatıb. Başa düşdüm ki, səhərə kimi yatmayıb, məni gözləyib. Yuxuda uşaq kimi gülümsəyirdi. Kənarda durub ona baxırdım. İlahi pərvərdigara, bu nə gözəllikdir bu qızda! Ya Rəbbim, yaratdığına min şükür, ya Rəbbim, sən ondan heç nə əsirgəməmisən. Yaraşıq, gözəllik, boy-buxun, savad, intellekt. Mən dəli idim ondan ötrü. Hərdən də öz məhəbbətimdən özüm qorxurdum. Baxırdım və gözlərimi ondan ayıra bilmirdim. Ona yaxınlaşdım, birdən özümdən asılı olmayaraq uşaq kimi onu qucaqladım. Üzündən, gözündən dəli kimi öpməyə başladım. O, gözlərini açdı. Əvvəlcə diksindi. Sonra gülümsəyərək:

- Oy, çoxdan gəlmisən?

- Yox, indicə gəlmişəm, heç beş dəqiqə yoxdur.

- Bütün gecəni səni gözləmişəm. Elə indi də gözləyirdim. Səhərəyaxın yuxuya getmişəm.

- Bilirsən, dünən gecə gələ bilmədim. Çünki... ıhı... Bilirsən?... Dünən atamgildə...

O gülümsəyərək:

- Heç nə demə. Xahiş edirəm, heç nə demə. Başa düşürəm. Hər şeyi bilirəm. Elə ona görə də telefonumu söndürmüşdüm. Heç nə demə, yaxşı?

- Bəs ev telefonunu niyə götürmürdün?

- O biri telefonu da atam əsəbiləşib çırpıb yerə, sındırıb.

- Sındırıb ki, mən zəng etməyim hə?

- Axı, nə mənası var?! İki gündür atamla mübahisə edirik. Atam deyir ki...

O doluxsundu. Onsuz da həmişə nəmli olan gözləri hər hansı adi bir kəlmədən dolardı. Eh... Atası deyirdi ki... Elə mənim atamın dediklərinin əksini bir qız atası kimi onun da atası qızına deyirdi. Deyirdi ki, mənimlə görüşməsin. Mən ailəliyəm. İki övladım var. Mənim ailəmi dağıtmasın. Günah iş görməsin. Əgər mənim ailəmi dağıtsa, bir də atasının üzünü görməyəcək. Onu övladlıqdan çıxardacaq və vəsiyyət edəcək ki, əgər dünyasını dəyişsə, heç üstünə də gəlməsin. Əgər bir də mənimlə görüşsə, ayağı bu evə dəyməyəcək.

- Bəs sən nə dedin?

- Məən? Heç nə. Mənim deyəcəklərim bu saat səndən asılıdır.

Bilmirdim nə deyim. Haranın daşını başıma töküm. Mən çox şey deyə bilərdim. Çox şey vəd edə bilərdim. Çox şey edə bilərdim. Amma... Sadəcə olaraq cəsarətim çatmadı. Vəssalam.

Bu gün şənbə günü idi. İşləmirdik. Cəsarətsizliyimi ört-basdır etmək üçün:

- Gəl gedək bir yerdə oturaq.

O diqqətlə mənə baxırdı...

- Bəs sən mənə heç nə demək istəmirsən?

Sanki havam çatmırdı. Boğulurdum. Özüm-özümdən qaçmaq istəyirdim.

O, məni həmişəki kimi başa düşdü. Gülümsündü:

- Yaxşı, gedək.

Bakının adi kafelərinin birində oturmuşuq. Adi kafedə deyəndə ki, həmişə oturduğumuz yerdə. Burada hamı bizi tanıyırdı. Söhbət edirik. Mən elə hey içirdim. Özüm-özümdən qaçmaq üçün, bu dünyadan qaçmaq üçün. Mən içib cəsarətlənmək istəyirdim. İstəyirdim deyəm ki, mən hər bir şeyə hazıram. İstəyirdim deyəm ki, gəl baş götürüb qaçaq gedək burdan. Nəhayət, istəyirdim özümə cəsarət toplayıb deyəm ki, məni xarici ölkəyə diplomatik işə göndərirlər. Bir aya kimi gedirəm. Çox şey demək istəyirdim. Hər şeyi demək istəyirdim. Amma deyə bilmirdim. O, bunu intuitiv hiss etdi. Yavaş səslə:

- Heç nə demə. Xahiş edirəm, heç nə demə. Mən hər şeyi bilirəm.

O, söhbəti dəyişmək istəyirdi. Elə hey əsəbi tərzdə gülürdü.

***

Bakı Beynəlxalq Hava Limanı. Mən xaricə uçuram. Ötürməyə çox adam gəlib. Dost-tanış, qohum-qardaş. Mən isə özümdə deyildim. Nə danışdığımı, nə etdiyimi bilmirdim. Fikrim onun yanında idi. Birdən yoldaşım mənə yaxınlaşdı. Məni kənara çəkib pıçıltı ilə dedi ki, qız gəlib, yaxşı deyil, get onunla xudahafizləş. Mən başımı qaldırıb baxanda onu gördüm. Dərhal yoldaşıma baxdım. Bir şey demək istəyirdim yoldaşıma: "Bura yığışanların içində məni ən çox sən başa düşürsən. Məni gələcəkdə nə gözlədiyini də hamıdan çox sən bilirsən. Və başa düşürsən ki mən onsuz heç nəyəm. Çox sağ ol..."

Dərhal ona tərəf getdim. Gözləri dolmuşdu. Ağlayırdı. Baxışlarında bir həsrət, bir məzzəmət, bir hörmət və ən başlıcası isə dərin bir məhəbbət var idi. Mənim yaxınlaşmağımı görüb üzümə gülümsədi. Mənə uzaqdan əl elədi və maşınına tərəf getdi. Mən yaxınlaşanda artıq maşın gedirdi. Maşını saxlayıb yenidən çıxıb mənə uzaqdan baxırdı. Sanki bu hərəkəti ilə deyirdi ki, mənə yaxınlaşma, get ailənin yanında ol. Mən geri döndüm. İstər-istəməz, ölməz şairimiz Nəbi Xəzrinin misraları yadıma düşdü:

Qanunsuz məhəbbət qanunlaşanda

Qanuni məhəbbət kənardan baxar.

***

Bunlar hamısı dünəndə qalıb. İndi hərdən o ötən günləri xatırlayıram. Geriyə baxıram. Dost-tanışlarım həmişə mənə deyirdilər ki, sən heç vaxtı qayda-qanun, çərçivə tanımamısan, öz qanunların olub. Çox cəsarətli olmusan. Heç nədən qorxmamısan. Hamıya öz sözünü demisən. Heç bir çərçivəyə sığmamısan. Amma görürəm ki, yox. Bunu onlar mənə xoş olsun deyə deyiblər. Sən demə, mən ömrü boyu qanunlarla yaşamışam, çərçivə içində yaşamışam. Yol işarələrinə riayət eləmişəm. Nəyə nail olmuşam ki? Latınların bir sözü var, səhv etmirəmsə belədir: "Qumane capere kapitulyatse e sivim", yəni insan yalnız uduzanda olduğu kimi görünür. Qalibiyyətində qalib rolunu oynayır. Məğlubiyyətində isə olduğu kimi görünür.

O, heç bir yol işarəsinə, heç bir qayda-qanuna riayət eləmədi. Bəs o nəyə nail oldu? Hansımız udduq və hansımız uduzduq? Onsuz da həyatda hamı əvvəl-axır uduzur. Amma daha mənimki kimi yox. Mən uduzdum. Həyatda sonuncu qəpiyimə qədər uduzdum.

 

İsfəndiyar VAHABZADƏ

525-ci qəzet.- 2019.- 12 iyul. S. 14.