"Çevrəsindən çıxsa əgər sevda fırfıran... "

 

Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrini özündə ehtiva edən Məmməd Araz poeziyası fəlsəfi mündəricəsi ilə diqqəti cəlb edir.

Məmməd Araz yaradıcılığının sütunlarından birini əbədi mövzulardan olan dünya - insan mövzusu təşkil edir. Bu mövzuda  cox yazılıb. Məmməd Araz qələmində isə dünya bir başqadır. Bu poeziyada "dünya" gözümüzə özəl bir donda, qiyafədə görünür. Şairin "dünya konsepsiyası"nın zirvəsini təşkil edən   "Dünya sənin, dünya mənim" şeirinin bir bəndinin timsalında bu özəl qiyafənin sirlərindən birini çözməyə çalışaq. 

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan,

Eşidirsən: pıçıldayır yıxılan duran

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin

"Çevrəsindən çıxsa əgər sevda fırfıran..." Deməli, sevda elə dünyadır, ya da dünya sevda deməkdir. Sevda da dünya kimidir. Fırlanır dəyişir, yenilənir qədər yenilənsə , təkrar olunur. Ümumiyyyətlə, fikimizcə, geniş mənada sevdanı, eşqi ifadə etməyin ən gözəl yolu fizikadakı "Enerjinin saxlanması qanunu"nu parafraz etməkdir. Enerjinin saxlanması qanununa görə, enerji heçdən yaranmır itmir, sadəcə bir şəkildən başqa şəklə keçir. SEVDA da ədəbiyaşardır. Sadəcə zamanla obyektini, obyektdən asılı olaraq da şəklini dəyişir. Obyekt insandır, dünyadır, ideyadır s. Lakin hər obyektdə Sevdanın  şəkli, forması dəyişsə , məğz eynidir, əbədidir.

Deməli, sevda fırlanır, dəyişir! Yenə dairəvilik, labirint, tükənməyən YOL! Yaxşı bəs SEVDA çevrəsindən çıxsa? Çarəsini Məmməd Araz deyir: 

Bir ümidin ətəyindən tutub da fırlan!

Deməli, sevdanın çevrədən çıxdığı yerdə ümid var. Ümiddən yapışaraq çevrəni bərpa etmək olar. SEVDANI çevrəsindən çıxaran maddi obyektin yox olmasıdır. Bir ümidin ətəyindən tutub da firlan! Nədir bu ümid? Niyə ümidin məhz ətəyindən tutmalıyam? Əgər ümidi obraz kimi təsəvvür edirəmsə, o zaman əlindən tutsam olmazmı? Fikrimizcə, Məmməd Araz burada ətək ifadəsini təsadüfi işlətməyib. Fırlanan, ətəyi olan ümid sufilərin səma rəqsidir. Onlar ilahi sevdaya fırlanaraq, çevrəni qapayaraq çatırlar. Məmməd Araz deyir ki, sev həyatı, var olmağı! Sən sufi qədər sevə bilməsən , tut o sevdanın ətəyindən, fırlan! Fırlan ki, həyat davam etsin! Bəlkə çevrəni qapaya bildin! Əgər bacarmasan, yıxılsan da üzülmə!  

Çünki:

Eşidirsən, pıçıldayır yıxılan, duran:

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin!

 

Elnarə QARAGÖZOVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2019.- 12 iyul. S. 15.