Ananın xalçası

Çox narahat oyanmışdı bu səhər. Əzgin idi, sanki. Gecə futbola baxdığı üçün gec yatmışdı. Səbəbini ondan bildi. Birtəhər yerindən qalxıb ayaqlarını güc-bəla ilə sürüyərək dəhlizə çıxdı.

Hamama girmək istəyirdi ki, güzgünün altındakı tumbanın üstündə xalçanı gördü. Qaşları çatıldı. Bayaqdan yarıqapalı gözləri bir anda tam açıldı. Yoldaşını səslədi. Mətbəxdən bəstə boylu, xoş görünüşlü bir qadın boylandı:

- Sabahın xeyir - deyib ona baxdı.

- Sabahın xeyir. Bu xalça gəzir burda. Dedim axı, yığışdır onu.

Yoldaşı:

- Ay Kamal, vallah tərslik eləyirsən. Boş-boş şkafda durunca bir dərdimizə yarasın da. - deyə bir addım irəli gəldi.

Qadının bayaqkı özünəgüvənli baxışı bir başqa şəkil almışdı. Daha həlim, nazla baxırdı yoldaşına.

Kamal başını bulayaraq:

- Yığışdır gözümün önündən. Apar qoy götürdüyün yerə, - dedi hamama girib qapısını bərk bağladı.

Əslində, evindən dükana yarım saatlıq yolu vardı. Çox vaxt avtobusa minərdi. Bəzən əhvalına düşəndə piyada gedərdi. Bu gün pay-piyada düzəlmişdi yola. Amma bu dəfə xoş əhvalından yox - bir az hirsindən, bir az acizliyindən, bir az peşmançılığından... Hərəsindən bir az... Yolboyu beynində günlərlə özü ilə yoldaşı arasındakı mübahisə, narazılıq canlanırdı. Kimin haqlı, kimin yanlış olduğunu anlamaq istəyirdi. "Axı anam öz əllərilə toxuyub bu xalçanı. Mən onu necə satım. Ondan qalan yadigarımdır o mənim", - düşüncəsiylə həm vicdan əzabı çəkir, həm qəlbi sızlayırdı. "Yox! Yox! O da haqlıdır. Guya bir tikə xalça mənə anamı dirildəsidir?! Guya mənim ona sevgim bu xalçayla ölçülür?",  - düşünərək yoldaşına haqq qazandırmaq istəyirdi, bəlkə . Əks halda yoldaşının onun üçün bu qədər dəyərli olan bir şeyə belə laqeyd yanaşması qəlbinə bir qor kimi oturardı. Çünki Gülərlə sevərək ailə qurmuşdu. Hər nazını çəkməyə razı idi. Bir sinifdə oxumuşdular. Ailələri onların uşaqlıq sevgisindən xəbərdar idilər, razı olduqları üçün tez ailə qurmuş, oğul-uşaq sahibi olmuşdular. Gəlinin qayınanası ilə çox yaxşı münasibəti var idi. Lakin indi Kamalı anlamaq istəməməsi qəlbini çox incidirdi. Bəs idi indi bu anlayışsızlıq. Heçmi dəyər vermirdi anasının əməyinə. Bəlkə, yoxluqdan belə edirdi. Çünki son zamanlar maddi sıxıntıları yaranmışdı. Xalça isə əl işi olduğuna görə çox qiymətli idi. Ən azından onların ailəsi üçün min manat az məbləğ deyildi.

Beləcə, yol gedə-gedə uşaqlığı canlandı gözləri önündə.

Anası hana qurub bu xalçanı toxuyanda o, çox balaca idi. Rəngarəng ipək saplarla ilmə-ilmə hörmüşdü onu. Əriş arğac ipliklərini bir-birinə şaquli, üfüqi istiqamətdə ardıcıl hörərək toxuması, rəngarəng iplərdən o pambıq əlləri ilə bir nağıl aləmi yaratması gözləri önündə bir kino lenti kimi canlanırdı. Anası hana arxasına keçən kimi gəlib yanında otururdu. Gah həvəsini, gah toxumağını, gah qarmaqlı bıçağını anası dedikcə ona uzadırdı. Ana da hər sıranı bitirəndə əlilə onun saçına, üzünə sığal çəkir, sanki bununla da bir naxış yaradırdı.

Dükana necə çatdığını hiss etmədi. Qapını açıb işəri keçdi. İşığı yandırdı. Adəti üzrə balaca stol-stulunu dükanın önünə çıxartdı. Rayona gələn "gəlmələrin" diqqətini cəlb etmək üçün taxtadan ağacdan hazırladığı bəzi əl işlərini həmin stolun üstünə qoydu. Dükanın arxa tərəfi emalatxana idi. Oğlu gəlib dükanda oturanda Kamal arxaya - başına keçirdi. Xarratlığı babasından öyrənmişdi. Gözünü açandan əlində ağac, bıçaq, iskənə, rəndə görmüşdü.

Günortaya qədər bir xeyli başını bekarçılıqla qatdı. Gələn bir iki turist alıcıya nəsə göstərdi. Qonşu dükanın sahibləri ilə hal-əhval tutdu. Çay içdi. Nərd atdı. Amma əli bir işə yatmadı. Elə hey beynində səhərki söhbət, uşaqlığı canlanırdı.

Günorta namazını qılıb emalatxanadan çıxdı. Evdən gətirdiyi yemək eləcə içəridəki soyuducunun içində idi. Boğazında bir düyün yığılıb qalmışdı. Hirsindən səhər evdən yeməmiş çıxmışdı. Amma tox idi - elə bil, bütöv bir qoyunu yemişdi. Keçib dükandakı işləməli döş stolunun arxasında əyləşdi. Başını əllərinin üstünə qoydu. Gözlərini yumdu. Yoldaşının səsi qulaqlarından getmirdi: "Oğlanın toyu yaxınlaşır. Əlimizdə pul çox azdır. Nolasıdır, bir xeyrimizə yarasa. Ananın da ruhu inciməz hər halda. Öz nəvəsinin xeyir işinə xərclənəcək ". Doğrudandamı anasının ruhu inciməz düşüncəsi, xalçanı satsa, sanki anasına xəyanət etmiş olur hissi ilə gözünü yuxu apardı.

Başına yumşaq əl toxundu. Başını qaldırdı. Qarşısında dayanan anası idi. Kamal bir anda ayağa qalxdı. Sevincək anasının əllərindən tutdu. "Canım anam, sən gəldin. Necə darıxmışdım sənin üçün". Əllərini əlinə alanda əti ürpəndi. Barmaqlarının ucları yox idi. Donmuş baxışlarını anasına zillədi. Ananın çöhrəsi həmişəki kimi çox gözəl idi, gülümsünürdü. "Sənin barmaqlarının ucuna nolub?", - deyə təlaşla soruşdu. "İlmələrin arasında qalıb, ay oğul. İpim çatmadı. Mən uclarından naxış elədim". Kamal bir-bir barmaqlarını öpdü ananın. Gözlərindənsə yaş leysan kimi axırdı. Ananın üzünə baxmağa utandı. Ana əllərini onun əllərindən ayırıb, balasının yanaqlarına, saçına sığal çəkdi. Lakin gözləri bir başqa cür baxırdı. Kənara doğru. "Ana, sən niyə üzümə baxmaq istəmirsən, inciyibsən məndən bilirəm. Haqqın da var. Vermərəm, eşidirsən? Onu heç kəsə satmaram", - deyib başını önə əydi. Ana əlləri ilə onun başını qaldırıb: "Yox, oğul, niyə inciyim ki? O xalçanı sənin üçün toxumuşam. O da sənin balandır. Sizə gərək olmayandan sonra nəyə lazım olasıdır ki?", - dedi yenə gülümsədi. Amma gözləri hələ bir başqa cür baxırdı. "Ana, gözlərinə nolub sənin? Niyə elə baxırsan?", - həyəcanla soruşdu. "Görmürəm, ay oğul. Toxuyanda otağın işığı zəif olurdu. Gözümün işığına güc verirdim. Sən darıxma, heç pərişan olma. Allah oğlunun toyunun ruzusunu yetirəcək. Xalçanı satsan da, satmasan da, sən mənim ağıllı balamsan. O ilmələri sənin ürəyinə toxumuşam. Darıxanda əlini qoy ürəyinin üstünə. Orda olacam. Di salamat qal. Mən daha gedim. Yolum uzaqdır. Güləri , uşaqları da öpərsən. Onu da incitmə. Mən ondan göydən yerəcən razıyam. Allah da razı olsun", - dedi bir quş kimi Kamalın əllərindən pırr eliyib uçdu. Kamal ardınca dükandan çölə qaçaraq "Ana getmə, səndən doymadım", - deyib onun arxasınca balaca uşaq kimi hıçqırdı.

- Usta, ay usta. Kamal usta. Oyan, sən Allah! - deyə qonşu dükanın yiyəsi onu çiynindən silkələyirdi.

Kamal başını qaldırib çaşqınlıqla qarşısındakı qonşusuna baxdı

- Ay Kamal, pis yuxumu görürdün? Sən Allah, bağışla, səni belə oyatmalı oldum. Su gətirimmi sənə?

Kamal yavaş-yavaş özünə gəlib gözünün yaşını gizlətmək üçün əllərinin içiylə üzünü ovxalaya-ovxalaya ayağa qalxdı:

- Yox, ay Əjdər, Allah razı olsun. Yuxuya getmişəmmiş.

- Kamal usta, çöldə bir turist dəstəsi var. Xaricilərdir. Sənin dükannan bir xeyli alış-veriş eləmək istiyirlər. Sən namazda olanda girib baxıblarmış.

Kamal təəccüblə Əjdərə baxdı. Qonşu nəsə deyirdi, amma Kamal heç eşitmirdi.

... Turistlər dükanda hərəsi bir şeyə baxır, tərcüməçilərdən isə soruşurdular. Əjdər Kamalın halını anladığından özü müştərilərə hər şeyi göstərib cavab verirdi.

Kamalın qulağında anasının "Allah oğlunun toyunun ruzusunu yetirəcək" sözləri cingildəyir, gözlərindən narın-narın yaş süzülürdü. Əlini ürəyinin üstünə qoydü, üzü gülümsədi: "Darıxanda əlini qoy ürəyinin üstünə. Orda olacam".

 

Fidan MALİK

525-ci qəzet.- 2019.- 12 iyul. S. 16.