Əli Həsənov: “Azərbaycan
Heydər Əliyevin yadigarı və şah əsəridir”
Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə
həsr olunan tədbir keçirilib.
"Report" xəbər
verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi-şöbə
müdiri Əli Həsənov, Daxili İşlər naziri
general-polkovnik Vilayət
Eyvazov, Gənclər və İdman naziri Azad Rəhimov, deputatlar iştirak edib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi-şöbə müdiri Əli Həsənov ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə görülən
işlərdən danışıb.
O bildirib ki, Heydər Əliyev
1923-2003-cü illərdə yaşayıb, fəaliyyət
göstərib, öz
qlobal düşüncə
tərzi və bəşəri fəaliyyəti,
müdrik və uzaqgörən siyasəti,
unikal liderlik keyfiyyətləri, güclü
milli iradəsi, xüsusi idarəçilik
istedadı və rəhbərlik bacarığı
ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlmiş
və dünya tarixinə düşmüş
görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir:
"Heydər Əliyev
öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını
daim bütün azərbaycanlıların qəlbində
yaşayan milli dövlətçilik ideyalarının
gerçəkləşməsinə yönəltmiş, öz
dövlətini və
xalqını zamanın
çətin sınaqlarından
uğurla çıxarmış
və dinamik inkişafını təmin
etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib.
İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi
bütün sahələrdə,
istərsə də müstəqillik dövründə
Heydər Əliyev daim öz doğma
Azərbaycanına ləyaqətlə
xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə
çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini
təmin edib, milli-mənəvi dəyərlərin,
adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması,
sağlam və intellektual gənc nəslin yetişdirilməsi
istiqamətində misilsiz
nailiyyətlər qazanıb.
1990-cı ilin əvvəllərində,
SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda
milli-vətəndaş qarşıdurmasının
vüsət aldığı,
etnik separatizmin baş qaldırdığı,
torpaqlarımızın bir-birinin
ardınca işğal
olunduğu, ölkənin
daxildən və xaricdən ciddi xaos və anarxiyaya
sürükləndiyi, sosial-siyasi
böhranın günü-gündən
dərinləşdiyi bir
vaxtda Heydər Əliyevin öz həyatını təhlükə
qarşısında qoyaraq
Moskvadan geri qayıdıb, milli-vətəndaş
birliyinin yaradılması,
dövlətçiliyin xilası
və qorunması, ölkənin müstəqilliyin
bərpası istiqamətində
əsl tarixi missiya yaradıb. Nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin
1990-1993-cü illərdəki fəaliyyəti-öz xalqının
milli azadlıq və müstəqillik uğrunda mübarizəsinə
qoşulması və
faktiki olaraq müstəqillik uğrunda
mübarizə hərəkatına
rəhbərlik etməsi
dövrü Azərbaycan
dövlətçiliyinin və
milli tariximizin parlaq səhifələrini
təşkil edir.
1993-cü ildə Azərbaycan
dövlətçiliyinin çətin
sınaqlar qarşısında
dayandığı, məhvolma
təhlükəsi ilə
üz-üzə qaldığı
bir zamanda Heydər Əliyev xalqın çağırışına
səs verib, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə
qayıdıbş və
xüsusi qurtuluş missiyası həyata keçirərək, milli
dövlətçiliyin xilaskarına
çevrilib".
Prezidentin köməkçisi
bildirib ki,
1993-2003-cü illərdə müstəqil Azərbaycanda
Heydər Əliyevin rəhbərliyi altında
milli inkişafın əsasları yaradılıb,
daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilib, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin,
yeni iqtisadi, siyasi və sosial münasibətlərin,
demokratik dövlət
quruculuğu və vətəndaş cəmiyyətinin
əsasları formalaşdırılıb,
bütün sahələr
üzrə ölkənin
inkişaf strategiyası
hazırlanıb və
həyata keçirilib:
"Heydər Əliyev
bu mərhələdə
həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm
də müstəqil Azərbaycan dövlətinin
banisi və qurucusuna çevrilib. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti
öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər
cür fədakarlığa
hazır olmanın əsl nümunəsinə
çevrilib. Azərbaycanın uğurlu inkişafının
təməlində ulu
öndərin öz dəyərini həmişə
saxlayacaq uzaqgörən
siyasəti, parlaq dühası və zəngin irsi dayanır. Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər
transmilli layihələrdə
öz dəst-xətti
ilə seçilən
müasir Azərbaycan
Heydər Əliyevin yadigarı və şah əsəridir.
Hər bir vətənsevər azərbaycanlının Ümummilli
Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı
müqəddəs borcu
müstəqil və qüdrətli Azərbaycan
dövlətini qorumaq
və daha da inkişaf etdirməkdən ibarətdir.
Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün,
peşəkar idarəçilik
təcrübəsinin, zəngin
siyasi irsinin və onun birbaşa
xidmətləri sayəsində
tamamlanaraq milli ideologiya səviyyəsinə
qaldırılmış azərbaycançılıq
məfkurəsinin dərindən
öyrənilməsi, geniş
təbliği və hərtərəfli inkişaf
etdirilməsi Azərbaycan
elitası qarşısında
dayanan əsas vəzifələrdəndir".
Sonra sənədli film və eyniadlı mahnı təqdim olunub.
525-ci qəzet.- 2019.- 13 iyul. S. 2.