"Azərbaycan məktəbi”
jurnalının 95 illik
yubileyi qeyd olundu
"Azərbaycan məktəbi” jurnalının
95 illiyi münasibətilə
yubiley tədbiri keçirilib.
APA xəbər verir
ki, yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov,
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, millət vəkilləri, AMEA-nın
üzvləri, ali təhsil müəssisələrinin
rəhbərləri, təhsil
ekspertləri, müəllim-professor
heyəti, media nümayəndələri
və digər şəxslər iştirak
ediblər.
Tədbirdən əvvəl
iştirakçılar jurnalın
95 illik fəaliyyətini
əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan
məktəbi” jurnalı
95 illik fəaliyyəti
dövründə ilk elmi-pedaqoji
jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında,
pedaqoji və psixoloji elmlərin təşəkkülü və
formalaşmasında müstəsna
yer tutub. Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi illərdə “Azərbaycan məktəbi”
jurnalının inkişaf
dövrünü xüsusi
vurğulayıb.
Ceyhun Bayramov qeyd edib
ki, “Azərbaycan məktəbi” jurnalı müəllimlərin peşəkar
inkişafına, bilik
və bacarıqlarının
artırılmasına, yeni
təlim texnologiyalarının
təbliğinə böyük
töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların,
onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. Nazir həmçinin, “Azərbaycan
məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı
şəkildə yeniləndiyini
diqqətə çatdırıb.
Jurnalın elektron arxivinin
yaradılmasının əhəmiyyətini
qeyd edən Təhsil naziri bu mətbu orqanın
kollektivini yubiley münasibətilə ürəkdən
təbrik edib və onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
“Azərbaycan məktəbi” jurnalının
baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, qısa müddətdə
görülən işlər
barədə məlumat
verib.
Tədbirdə Azərbaycan
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov,
uzun illər jurnalın baş redaktoru işləmiş,
qabaqcıl təhsil işçisi Nəcəf
Nəcəfov çıxış
edərək “Azərbaycan
məktəbi” jurnalının
ölkəmizin təhsilində
oynadığı mühüm
rolundan danışıb,
kollektivə uğurlar
arzulayıblar. Tədbirdə “Azərbaycan məktəbi
jurnalı – 95” adlı
sənədli film nümayiş
olunub. Sonda jurnalın əməkdaşlarına
səmərəli fəaliyyətlərinə
görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.
S.Qarayeva
525-ci qəzet.- 2019.- 13 iyul. S. 5.