Başlanğıc

 Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə

Azərbaycan Respublikasının Siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivində, Azərbaycan KP MK-nın respub-likanın partiya təşkilatı tarixində ən yığcam yığıncaqlarından biri olan XVI plenumunun stenoqramı mühafizə olunur.

Bu plenumun gündəliyinə yalnız bir - təşkilati məsələ salınmışdı - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yeni birinci katib seçilməsi. Bu münasibətlə Bakıya Moskvanın nüfuzlu partiya funksionerləri - Sov.İKP MK katibi İ.V.Kapitonov, Sov.İKP MK-nın bölmə müdiri Y.M.Starçenko təşrif gətirmişdilər.

Plenumda iştirak edən MK üzvlərinin sayından aydın olur ki (125 MK üzvündən 87-si və 75 MK üzvlüyünə nami-zəddən 56-sı), respublika rəhbərliyindəki dəyişiklik, çoxusu Bakıdakı istilərin ən qızmar çağında paytaxtdan uzaqlarda olan partiya məmurlarının əksəriyyəti üçün gözlənilməz idi. Ona görə də çox çətinliklə yetərsay toplamaq mümkün oldu. Elə bunun özü də Vəli Axundovun liberal idarəçiliyi dövründə "hər iki ayağı axsayan" partiya intizamının zəifliyinin göstəricisidir.

Plenumun açılışından sonra söz moskvalı nümayəndə İvan Vasilyeviç Kapitonova verildi. Onun nitqini düzəlişsiz təqdim edirik:

"... Yoldaş Axundov respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafı, təşkilati partiya və ideoloji işin yaxşılaş-ması üçün az qüvvə sərf etməyib və mümkün olan hər şeyi edib. Son vaxtlar yoldaş Axundovun sağlamlıq durumu pisləşdiyindən, o özü də başa düşür ki, Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi postunda böyük və mürəkkəb işləri yerinə yetirmək onun üçün çətinlik törədir.

Bununla əlaqədar olaraq o, Sov.İKP MK-ya müraciət edərək, onu elmi işə keçirməyi xahiş etmişdir. Sizə məlumdur ki, yoldaş Axundov çoxdan elmə meyl göstərir. O, tibb elmləri doktoru, professordur. Sov.İKP MK yoldaş Axundovun xahişinə qayğı ilə yanaşmışdır.

... Bu yaxınlarda, bildiyiniz kimi, o, akademik seçilmişdir, Elmlər Akademiyasının bugünkü ümumi iclasında isə o, Azərbaycan Elmlər Akademiyasının ümumi məsələlər üzrə vitse-prezidenti seçilmişdir.

Onun respublika Elmlər Akademiyasının vitse-prezidenti seçilməsi ilə bağlı, təbii ki, yoldaş Axundovu Azərbaycan Kommunist Partiyası MK-sının katibi və büro üzvü vəzifəsindən azad etmək məsələsi ortaya çıxır. Əvvəlcə mən bir fikrimi söyləmək istəyirəm. Düşünürəm ki, mən Vəli Yusif oğlu Axundova görülən işlərə görə səmimi qəlbdən minnətdarlıq edib, Elmlər Akademiyasında uğurlu yaradıcılıq fəaliyyəti və möhkəm cansağlığı arzulamaqla bugünkü plenum iştirakçılarının hamısının ümumi rəyini bildirmiş olaram.

Respublika Kommunist Partiyası MK-nın birinci katibliyinə namizəd barədə. Yoldaşlar, sizə açığını deyim ki, bu məsələyə partiyamızın Mərkəzi Komitəsində, eləcə də Azərbaycan KP MK-sının bürosunda diqqətlə və hərtərəfli baxılıb. Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsinə çox adamın namizədliyi nəzərdən keçirilib. Bu, tamamilə təbiidir və tam aydındır, çünki respublikada yaxşı kadrlar çoxdur, odur ki, belə demək mümkündürsə, seçmək imkanı böyükdür.

Bu məsələni diqqətlə və hərtərəfli nəzərdən keçirəndən sonra hazırda sizin respublikanın Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əlirza oğlu Əliyevin namizədliyi üzərində dayandıq.

Yoldaş Heydər Əlirza oğlu Əliyevin böyük üstünlüyü ondadır ki, hələ cavandır, 1923-cü ildə anadan olub. Bu min-valla, onun 46 yaşı var. Birinci katib vəzifəsinə isə üç illik, beş illik yox, daha uzun müddətə seçmək lazımdır... Son 25 ili o, siyasi işdə - dövlət təhlükəsizlik orqanlarında çalışıb. Zənnimcə, orqanlardakı işin partiyamızın işi, siyasi iş olduğunu sübut eləməyə ehtiyac yoxdur.

Yoldaş Əliyev respublikanızın partiya təşkilatının işində fəal iştirak edir. O, partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxildir, respublika Ali Sovetinin deputatıdır. Yaxşı təşkilatçıdır, insanlarla işləməyi bacarır, eyni zamanda, özünə və tabeliyində olanlara qarşı tələbkardır.

Yoldaşlar, sizə məlumat vermək istəyirəm ki, yoldaş Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun iclasına çağırılmış, orada onunla söhbət aparılmışdır.

Bütün bunlardan çıxış edərək, Sov.İKP MK-nın Siyasi Bürosu və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu yoldaş Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi və büro üzvü seçilməsi barədə təklifini sizin müzakirənizə verir. Eyni zamanda, onun respublika KP MK üzvlüyünə namizəddən üzvlüyə keçirmək lazımdır".

Bu nitqdə ən azı, iki an maraqlıdır. Əvvəla, Vəli Axundovun xidmətlərini qeyd edərək və görülmüş işlərə görə ona minnətdarlıq edərək Kapitonov respublikanın partiya rəhbərliyinin demokratik olmasa da, sivil şəkildə dəyişdirilməsi-nin başlanğıcını qoydu. Müharibədən sonrakı Azərbaycanın tarixində ilk dəfə olaraq MK-nın birinci katibi həbsxanaya salınmayıb, partiya töhməti almayıb, hörmətlə yüksək vəzifəyə yola salınırdı. İkincisi isə, aydın olur ki, Axundovun va-risi Heydər Əliyev o vaxt nə MK Bürosunun, nə də Mərkəzi Komitənin üzvü idi, hələ ancaq MK üzvlüyünə namizəd idi. Beləliklə, o, sovet partiya sistemində üç pilləni birdən qalxmalı olub - bu isə görünməmiş hadisə idi. Biz artıq qeyd etmişik ki, Heydər Əliyev uzun illər boyu dəfələrlə mövcud ənənələrin əleyhinə getməli, "axına" qarşı üzməli və bir çox istiqamətlər üzrə cığır açmalı olub. Onun Azərbaycanın partiya təşkilatına birinci katib seçilməsi də buna əyani sübutdur.

Kapitonovdan sonra sözü Vəli Axundova verdilər.

Öz işi barədə dediyi xoş sözlərə, insani münasibətinə görə Kapitonova minnətdarlıq edəndən sonra o əlavə etdi: "Məsələ ondadır ki, mən həqiqətən xəstəyəm və sonuncu dəfə üç ay Moskvada xəstəxanada yatmışam. Ciddi ürək xəstəliyim MK-nın birinci katibi işləməyimə əngəl törədir. Son vaxtlar vicdan əzabı çəkirdim. Bir tərəfdən təcrübəm çoxdur, bilirəm nə etmək lazımdır, səhhətim isə buna imkan vermir. Məni birinci katib vəzifəsindən azad etmək və elmi işə keçməyə imkan yaratmaq xahişilə yoldaş L.İ.Brejnevə müraciət edərkən məhz bunu əsas tutmuşdum. Deməliyəm ki, Leonid İliç xahişimə böyük diqqətlə, böyük insaniyyətlə yanaşdı. Əvvəla, mənim on illik fəaliyyətimi yüksək qiymətləndirdi və dedi ki, tələsmək lazım deyil, hələ işləmək olar. Mən həkimin rəyini göstərəndən sonra mənim elmi işə keçməyimə icazə verdi...

Yoldaş Əliyevin namizədliyinə gəlincə, mən də öz rəyimi söyləmək istəyirəm.

Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası MK-sına yaxşı birinci katib olmaq üçün bütün xüsusiyyətlərə - həm siyasi, həm işgüzar xüsusiyyətlərə malikdir. O, qısa müddətdə böyük həcmdə işi mənimsəmək üçün kifayət qədər savadlı, məlumatlı, hərtərəfli hazırlıqlıdır, o dərəcədə obyektivdir ki, bütün kadrlara eyni gözlə baxa bilər (seçmə bizimdir - E.A.). Azərbaycanda isə kadr məsələsi, əgər keçmişi və indini nəzərə alsaq, həlledicidir (qısa nitqində kadrlara diqqətli münasibət məsələsinə o, iki dəfə toxunur. Görünür, bu məsələ onu çox narahat edirmiş - E.A.). Biz onu vicdanlı, ləyaqətli kommunist kimi tanıyırıq. Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, aydın ağlı və təmiz əlləri olmalıdır. Yoldaş Əliyevdə bütün bu keyfiyyətlər vardır və mən əminəm ki, bu keyfiyyətləri birinci katib vəzifəsində həyata keçirə biləcək, bizim Azərbaycan partiya təşkilatının şərəfli ənənələrinə layiq olmağı bacaracaqdır".

Heydər Əliyev bir səslə seçildi. Səsvermədən sonra söz yeni seçilmiş birinci katibə verildi.

Ona göstərilən yüksək etimada görə Sov.İKP MK-nın və Siyasi Büronun ünvanına minnətdarlıq sözlərindən sonra Heydər Əliyev bəyan etdi:

"Mən bu vəzifəyə keçməyimlə bağlı məsuliyyətimi başa düşürəm, qarşımda duran vəzifələrin çətin və mürəkkəb ol-duğunu bilirəm. Əmin etmək istəyirəm, bütün qüvvəmi sərf edəcəyəm ki, bu böyük və yüksək etimadı doğruldum. Bu işdə Azərbaycan Kommunist Partiyası MK-sının bütün heyətinin, MK Bürosu üzvlərinin, respublikamızın bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməyinə və dəstəyinə arxalanır və ümid bəsləyirəm. Belə hesab edirəm ki, fəal, birgə, əlbir işimiz gələcək uğurlarımızın rəhni ola bilər".

Tarixi plenumun stenoqramı bundan ibarətdir.

İndi isə kadr arxasında qalan, stenoqrama daxil olmayanlar barədə. Əgər desək ki, respublikanın ali partiya nomenklaturasının plenumda iştirak edən nümayəndələri şok keçirdilər, deməli, heç nə deməmiş olarıq. Onlar çox gözəl başa düşürdülər ki, külək haradan əsir və yaxın gələcəkdə onları nələr gözləyir. O illərdə vahiməli və qüdrətli bir idarə olan DTK başçısına, şübhəsiz, onların əməlləri məlum idi və çoxları bunun üstündə ən yaxşı halda tezliklə vəzifələri ilə vidalaşacaq, partiya biletlərini, hətta azadlıqlarını belə qurban verəcəkdilər. Odur ki, Heydər Əliyevin namizədliyinə qarşı partiya aparatının daxili müqaviməti güclü idi. Ancaq totalitar rejim şəraitində bunu gizlədir, əsasən, inamsız baxışlarla və başlarını şübhəli tərzdə yellətməklə büruzə verirdilər.

Ramiz Məmmədzadə xatırlayır ki, Heydər Əliyevin namizədliyinə qarşı yeganə çıxış edən Şamaxı rayon partiya komitəsinin katibi Sabir Şəfiyev oldu. Ancaq o da qəti etiraz bildirmədi, sadəcə olaraq soruşdu:

- Sabah biz öz yerlərimizə, rayonlarımıza qayıdacağıq. Camaata necə izah edək - partiya aparatında, MK-nın tərki-bində birinci katib vəzifəsinə layiqli adam tapılmadı?

Bu suala Kapitonov təqribən belə cavab verdi: "DTK partiya-dövlət orqanlarının bir parçasıdır və Sov.İKP-nin siyasətini həyata keçirir. Ona görə də bu təşkilata rəhbərlik etmiş adamın MK-nın birinci katibi vəzifəsinə irəli çəkilməsində heç bir təəccüblü şey yoxdur".

MK-nın iyul plenumunu xatırlayarkən mən Əliyev komandasının qocaman üzvündən "yuxarıların" çekistin birinci katib vəzifəsinə seçilməsi məsələsinə necə yanaşmaları barədə səmimi cavab verməyi xahiş etdim.

Məncə, İsmayıl Əli oğlu İbrahimov həqiqətən səmimi cavab verdi:

"Düzünü deyim ki, bu təyinat yekdil sevinc və razılıqla qarşılanmadı. Bizdə çox güclü nazirlər dəstəsi formalaşmışdı, hamısı ali təhsilli iqtisadçılar idi, Heydər Əliyevin təyinatına kifayət qədər şübhə ilə yanaşdılar. Deyim ki, şadlıq hissi ilə qarşılandı, bu, düzgün olmaz, ancaq hay-küylü etiraz və hiddət də olmadı. Həm də kim buna cürət edərdi? Partiya intizamı çox güclü idi. Bu işə ehtiyatlı münasibət göstərsələr də, hamı onu qəbul etdi. Xüsusilə də MK-nın avqust plenumundan sonra".

Bəli, əgər tam dəqiq desək, Azərbaycanda çoxları elə bugünədək respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunu yox, Heydər Əliyevin ilk dəfə fəaliyyət proqramını xalqa bəyan etdiyi, əks-sədası Sovet İttifaqının hüdudlarından da uzaqlara yayılan həqiqətən inqilabi bəyanatlarla çıxış etdiyi avqust plenumunu tarixi hesab edir.

5 avqust 1969-cu il - böyük dönüşün möhtəşəm başlanğıcı

Bu adi, növbəti plenumun gündəliyi belə idi: "V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi barədə".

Heydər Əliyevi MK-nın birinci katibi vəzifəsinə seçənə qədər qarşıdakı plenumda ediləcək məruzə artıq hazır idi. Bu məruzə ənənəvi rəsmi basmaqəlib ifadələrdən və partiya tezislərindən tərtib olunmuşdu. Heydər Əliyev məruzəni diqqətlə gözdən keçirib soruşdu: "Bu, nə məruzədir?" Köməkçilər ona izah eləməyə başladılar ki, yubiley məruzələri, xüsusilə də ümumdünya proletariatının rəhbərinin ad günü ilə bağlı məruzələr məhz belə, nikbin əhval-ruhiyyəli olur. Bu məruzələrdə daha çox uğurlardan, yüksək göstəricilərdən danışmaq lazımdır. Onda Heydər Əliyev istehza ilə soruşdu: "Bu qaydanı kim qoyub?"

Əlbəttə, ona ağlabatan cavab verə bilmədilər. O, yazılanları qətiyyətlə kənara qoyub, məruzənin necə olması barədə fikirlərini bildirdi. Bildirdi ki, Azərbaycan KP MK-nın avqust plenumundakı məruzəsində uğurlardan daha çox, respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqlardan danışmaq niyyətindədir. Bu, Azərbaycanın partiya təcrübəsində görünməmiş hadisə idi. Qəribəlik onda idi ki, plenum başdan-ayağa tənqidi təhlil şəraitində keçirilmişdi. Plenumun gedişində heç kimə güzəşt edilmədən respublikanın bütün rəhbər işçiləri kəskin tənqidə məruz qalmışdılar. Və bu tənqidi təhlil bütünlüklə respublikada çıxan qəzet səhifələrində öz əksini tapmışdı. Yəni əvvəllər üstündən sükutla keçməklə, şayiə və qeybət yolu ilə yayılan məsələlər artıq geniş ictimaiyyətin müzakirəsinə verilmişdi. Öz növbə-sində ictimaiyyət də respublikada vəziyyətin yaxşılaşdırılması prosesinin özünə aidiyyəti olduğunu dərk etməyə başladı.

Nəticədə MK-nın avqust plenumunun tələbləri, avqust plenumunun "ruhu" uzun illər boyu respublikanın partiya-siyasi işinin səviyyəsini tənzimləyən bir amilə çevrildi. Bəlkə də, Sov İKP və bütün SSRİ-nin tarixində ilk dəfə idi ki, rəhbərin yubileyində bu cür tənqidi notlar üzərində qurulmuş çıxış edilirdi. Bunu yalnız Heydər Əliyev kimi dəmir iradəli, böyük cəsarət və güclü ədalət hissinə malik bir adam edə bilərdi.

Beləliklə, Heydər Əliyevin avqust məruzəsi gələcək üçün proqram sənədi oldu, çünki orada hazırkı dövrü dərindən təhlil etməklə yanaşı, gələcək istiqaməti müəyyənləşdirməyə uğurlu cəhdlər göstərilirdi.

Həmin gün MK plenumunun keçirildiyi Siyasi Maarif evində olan, eşitdiklərindən həqiqi şoka düşən canlı şahidlərin xatirələri də maraqlıdır.

Məsələn, o vaxtlar Leytenant Şmidt adına zavoda rəhbərlik edən, 1971-ci ildə isə MK-nın sənaye, tikinti və rabitə üzrə katibi olan Həsən Seyidov həmin plenumda iştirak edərək, hətta birinci katibin məruzəsi ətrafında çıxış etməyə hazırlaşıbmış.

"Onun plenumdakı çıxışı heç vaxt mənim xatirimdən silinməz, - deyə Həsən Seyidov xatırlayır. - Bu çıxış respublikanın hüdudlarından kənarda da əsl sensasiyaya çevrildi və SSRİ-nin hər tərəfində böyük rezonansa səbəb oldu. O, respublikanı bürümüş korrupsiya barədə, xalqın sosial-iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olan, həyat səviyyəsini aşağı salan digər neqativ amillər barədə danışdı. İndiyə-dək belə açıq tənqid eşitməmişdik. Onun məruzəsindən sonra çoxlarının qəlbində respublikanın qısa müddətdə geriliyi aradan qaldıracağı və irəli gedəcəyi barədə inam yarandı".

"Heydər Əliyev ilk dəfə avqust plenumunda çıxış edəndə mən Siyasi Maarif evində mərkəzi radio və televiziyanın xüsusi müxbiri kimi iştirak edirdim. Zal ağzınadək dolu idi.

Plenumda çıxışı zamanı o elə şeylərə toxundu ki, əvvəllər bu barədə pıçıltı ilə yalnız mətbəxlərdə danışırdılar. Zaldakılar özlərini itirmişdilər. Respublikanın rəhbəri çıxışında hamının yaralı yeri olan məsələlərdən danışaraq, cəmiyyətin həyatındakı çatışmazlıqları açıq-açığına tənqidə məruz qoydu. O vaxtlar, həqiqətən də, korrupsiya respublikanı dəhşətli vəziyyətə salmışdı".

(Maqsud İbrahimbəyovla söhbətdən).

Bu da Respublika Ağsaqqallar Şurası, millət vəkili Fəttah Heydərovun dedikləri: "... Bərbad vəziyyətdə olan kənd təsərrüfatı, partiya aparatındakı münaqişələr və çəkişmələr, güclü rəhbərliyin olmaması... Lüzumsuz boşboğazlıq, bürokratik əngəllər, təşəbbüskarlıq olmayan yerdə canlı işgüzarlıq görünüşü yaratmaq cəhdləri baş alıb gedirdi. Buraya rüşvətxorluğun, yerlibazlığın, tamahkarlığın tüğyan etdiyini də əlavə etsəniz, respublikanı bürüyən sosial-iqtisadi və mənəvi böhranın dərinliyini təsəvvür edə bilərsiniz.

1969-cu ilin avqustunda keçirilən plenumda məhz bunlardan söhbət gedirdi. Onun çıxışını dinləyərkən, mənə elə gəlirdi ki, o, uzun illərdən bəri mənə əzab verən, məni incidən bütün suallara cavab verir.

Heydər Əliyev bizə düzgün yol göstərdi. İlk növbədə dedi: "Namuslu, vicdanlı zəhmət yolunu tutmaq lazımdır. Bu yolda intriqalara, talançılığa, ikiüzlülüyə, rüşvətxorluğa yer yoxdur".

Avqustun 7-də "Bakinski raboçi" qəzeti Azərbaycan KP MK-nın birinci katibinin çıxışının stenoqramını qısaldılmış şəkildə dərc etdi. Bu, ictimaiyyət arasında bomba kimi partladı. Heydər Əliyevin çıxışını dərc etmiş "Bakinski raboçi"nin həmin nömrəsi çoxminli sovet partiya işçiləri arasında neçə aylar boyu ən əlçatmaz və tələb olunan mətbu orqanına çevrildi. O günləri həmin illərdə Moskvada işləmiş Həsən Həsənov belə xatırlayır:

"Plenumun stenoqramı dərc olunmuş qəzeti oxuyandan sonra onu beynəlxalq şöbəyə, sonra isə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ÜİLKGİ MK) təşkilat şöbəsinə verdim. Uzun müddət qəzet komsomolun mərkəzi aparatında əldən-ələ gəzdi. Onu çox adam oxudu. Ay ərzində mən qəzetin şöbələr arasında dolaşmasına nəzarət etdim, birindən alıb o birinə verirdim, izləyirdim ki, itib-batmasın. Axı o vaxtlar faks və surətçıxaran aparatlar yox idi. Həmin günlər Azərbaycan mövzusu ÜİLKGİ MK aparatında ən populyar mövzu idi (zənnimcə, təkcə orada yox, Sov.İKP MK aparatında da həmçinin). Yeri gəlmişkən, həmin qəzeti sonralar bir neçə ay ərzində ezamiyyətə getdiyim yerlərə, o cümlədən, Qazaxıstana da apardım. Hər yerdə onu sonsuz maraqla oxuyur və mənə saysız-hesabsız suallar verirdilər.

Müxtəlif cür münasibət bəsləyirdilər. "Partiya evinin zibilini kənara çıxarmaq olmaz" - deyə fikirləşənlər məruzəni bəyənmirdilər. Kommunist Partiyası öz sirlərini yarandığı vaxt çar nəzarətçilərindən gizlədirdisə, 60-cı illərdə xarici antisovet kütləvi informasiya vasitələrinin nəzərindən yayın-dırmağa çalışırdı. O vaxt belə bir fikir var idi ki, partiya və sovet orqanının hər hansı tənqidi həmin dəqiqə xaricdə bizə qarşı silah kimi istifadə olunur. Buradan belə bir nəticə çıxır: yaxşısı budur ki, çatışmazlıqlardan öz aramızda, örtülü qapılar arxasında danışaq. Buna baxmayaraq, Azərbaycan kommunistlərinin və rəhbər işçilərinin əksəriyyəti (təkcə Azərbaycan yox, digər respublikaların da həmçinin) məruzəyə son dərəcə təqdirlə yanaşdılar. Çünki Heydər Əliyevin nəzərə çatdırdığı neqativ halların və proseslərin çoxusu digər müttəfiq respublikalarda və vilayətlərdə də özünə yer eləmişdi. Çoxları məruzəni oxuyub deyirdilər: "Bu, elə hər yerdə var! Ancaq bu barədə təkcə Heydər Əliyev danışdı. Bu hallarla mübarizəyə də elə təkcə o hazırlaşır".

***

Həqiqətən də, ittifaq miqyasında rəhbərlər arasında ilk olaraq Heydər Əliyev sovet sisteminin əsas qüsurları barədə danışdı. Dövlət aparatındakı rüşvətxorluq və korrupsiya barədə, vəzifəli şəxslərin öz səlahiyyətlərini aşması barədə, hüquq bərabərliyi prinsiplərini pozmaq barədə. O, partiya üzrə həmkarlarına təklif etdi ki, ətrafdakı gerçəkliyə ayıq gözlə baxıb səmimiyyətlə etiraf etsinlər ki, rəsmi ideologiyanın təbliğ etdiyi namusluluq, vicdan, ədalət, təmizlik prinsipləri əslində, hər addımda pozulur. Özü də sıravi "obıvatel" tərəfindən yox, "yuxarılar"ın nümayəndəsi, nazirlik, idarə, partiya aparatı rəhbərləri tərəfindən pozulur. O, öz respublikasındakı vəziyyətdən danışırdı, ancaq Azərbaycan okeanda ada deyildi ki?! O, SSRİ adlanan bütövün bir parçası idi. Ona görə də Qafqaz respublikasında baş verənlər bu və ya digər dərəcədə bütün Sovet İttifaqı üçün xarakterik idi.

Onun çıxışı bomba kimi partladı. Əliyevin məruzəsini xaricdə əsl sensasiya kimi qəbul etdilər. O vaxt onun masasının üstünə hər gün xarici KİV-lərin nəşrlərindən götürülmüş sitatların uzun siyahısı qoyulurdu. Hamısı bir nəfər kimi SSRİ-nin Kommunist Partiyası rəhbərliyində "çekist Əliyev"in hamını və hər şeyi devirmək üçün peyda olduğunu yazırdı. Xarici radiostansiyalar verilişləri bütünlüklə bu fenomenə həsr edirdilər.

Heydər Əliyevin avqust plenumundakı çıxışından sonra hamıya aydın oldu ki, əsaslı dəyişikliklər zamanı gəlib çatıb. Rus ziyalının sözüylə desək, məşhur sloqan - "Tak bolşe jit nelzya!" Azərbaycanda günün əsas şüarına çevrildi. Bu plenumu həqiqətən də böyük dönüşün möhtəşəm başlanğıcı kimi qiymətləndirmək olar. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının çoxillik gərgin əməyi sayəsində gerçəkləşən böyük uğurlar hələ qarşıda dururdu. Lakin bu geniş yola aparan cığır məhz 6 avqust 1969-cu ildə açılmışdı.

 

Elmira AXUNDOVA

Millət vəkili, Xalq yazıçısı

525-ci qəzet.- 2019.- 13 iyul. S. 13.