"Mədəniyyət" qəzetinin "İmadəddin Nəsimi - 650" xüsusi buraxılışı çıxıb

"Mədəniyyət" qəzetininmadəddin Nəsimi - 650" xüsusi buraxılışı çıxıb<b style="color:red"></b>

"Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini yüksəltmək deməkdir".

Ümummilli lider Heydər Əliyevin mütəfəkkir şairin 600 illiyi ilə bağlı  dediyi bu sözlər "Mədəniyyət" qəzetinin yenicə çapdan çıxanmadəddin Nəsimi 650" adlı xüsusi buraxılışında diqqətə çatdırılır.

Böyük şairin 650 illiyi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən müxtəlif dövlət qurumları, o cümlədən, Mədəniyyət Nazirliyi tərəfindən silsilə layihələr həyata keçirilir. Eyni zamanda, dövlət başçısının sərəncamlarına uyğun olaraq Mədəniyyət Nazirliyinin əmri ilə Tədbirlər Planı hazırlanaraq icra olunmaqdadır. Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi, bədii qiraət, rəsm müsabiqələri kimi silsilə tədbirlər nazirliyin mətbu orqanı olan "Mədəniyyət" qəzetində davamlı şəkildə işıqlandırılır. Bundan əlavə, qəzetin "Afişa" əlavəsinin aprel, may buraxılışlarında Nəsimi irsinə xüsusi yer ayrılıb.

"İmadəddin Nəsimi 650" xüsusi buraxılışı dahi şairin yubileyinə, "Nəsimi ili"nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini bir daha məcmu halda oxuculara təqdim edir. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış "Mədəniyyət" qəzeti və "Baku Guide" MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.

Dahi şairin 650 illiyi və "Nəsimi ili" haqqında ölkə başçısının sərəncamları ilə açılan nəşrdə qeyd edilir ki, Nəsiminin zəngin irsinin belə geniş miqyasda təbliği Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyət və ədəbiyyatının növbəti təntənəsidir. Vurğulanır ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, yaradıcılığının tədqiqi və təbliği, dünyada tanıdılması Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi təkcə böyük şairin deyil, ümumilikdə Azərbaycanın dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

"Xalq öz dühaları ilə dünyada tanınır" başlıqlı yazıda bu barədə ətraflı bəhs edilir. Heydər Əliyev 1973-cü il sentyabrın 14-də Nəsiminin 600 illiyinə həsr olunan mərasimdə bu yubileyin əhəmiyyətini vurğulayaraq demişdi: "Bu günlər qədim Azərbaycan torpağında böyük bayramdır, poeziya bayramı, ədəbiyyat bayramı, bədii söz bayramıdır. Bəşəriyyət onu mənəvi cəhətdən zənginləşdirən simaları həmişə yüksək qiymətləndirmişdir. Azərbaycan xalqı öz böyük övladlarının - Nizaminin, Xaqaninin, Füzulinin və başqalarının adlarını iftixarla çəkir. Bu gün isə biz Azərbaycan və dünya poeziyasının parlaq ulduzu İmadəddin Nəsiminin yubileyini qeyd edirik".

Yazıda qeyd olunur ki, həmin dövrdən etibarən şairin yaradıcılığı ilə bağlı araşdırmalar genişləndi, müxtəlif dillərə tərcümə edilmiş kitabları işıq üzü gördü. Nəsimi haqqında bədii əsərlər, təsviri sənət, ekran və səhnə əsərləri yarandı, 1979-cu ildə Bakıda şairin möhtəşəm abidəsi ucaldıldı, xatirəsi şəhər və rayonlarda əbədiləşdirildi. Bütün bunlar, ulu öndərin dediyi kimi, Nəsimin yenidən doğuluşu, Nəsimi irsinin intibahı idi.

Ümummilli liderin mədəni irsimizə, böyük söz-sənət xadimlərinin xatirəsinə diqqət və qayğısı bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir. Nəsimi yeganə Azərbaycan şairidir ki, son yarım əsrdə yubileyi iki dəfə UNESCO-da qeyd edilib. 2017-ci ilin 18 mayında Parisdə şairin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən mərasim dünya poeziyasında parlaq iz qoymuş Nəsimiyə bəşəri ehtiramı bir daha nümayiş etdirdi. Nəşrdə bu əlamətdar hadisə də xatırlanır. Bundan əlavə, 2018-ci ildə ilk dəfə gerçəkləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifi olduğu Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalından söz açılır. Xüsusi buraxılışda "Nəsimi ili" çərçivəsində xarici ölkələrdə keçirilən tədbirlərdən də bəhs olunur.

Xüsusi buraxılışda ölkəmizin regionlarında "Nəsimi ili" çərçivəsində gerçəkləşən tədbirlərə geniş yer verilib.

"Mütəfəkkir şair ömrünün ekran təcəssümü" başlıqlı yazıda yazıçı İsa Hüseynovun ssenarisi üzrə Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindən söz açılır. "Nəsimi dünyası təsviri sənətdə" yazısında vurğulanır ki, dahi şairin rəssamlıq, heykəltəraşlıq, xalça və s. nümunələrdə təcəssümü ayrı-ayrı müəlliflərin mövzuya özünəməxsus yanaşmasını da ortaya qoyur. Daha bir yazıda Nəsimi obrazı və ideallarının musiqiyə köçməsindən, bəstəkarlarımızın bu mövzuda yaratdığı müxtəlif janrlı əsərlərdən söz açılır. "Əbədiyyət və ədəbiyyat günəşi" adlı material Nəsimi irsinə dair tədqiqat və nəşrlər haqqındadır.

Sözünün qüdrəti ilə əsrləri aşaraq zəmanəmizə qədər gəlib çıxan Nəsimi humanizm carçısı, bəşəri ideyaların tərənnümçüsü kimi dünyada özünə əbədi ad qazanıb. Xüsusi buraxılışda müxtəlif ölkələrin tanınmış elm, ədəbiyyat xadimlərinin Azərbaycanın böyük şairinə bəslədiyi dərin ehtiram da qeyd olunur. Bununla bağlı Amerika yazıçısı Cozef Nortun sözləri xüsusilə diqqətəlayiqdir: "Nəsimi cəhalət zülmətində ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım kimi şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq".

 

525-ci qəzet.- 2019.- 13 iyul. S. 13.