Piqmalion
Qədim yunan əfsanəsinə
görə, heykəltəraş Piqmalion özü yonduğu
heykələ, Qalateyaya aşiq olur...
Bel qapını var gücüylə
təpikləyirdi, hirsini çıxarırdı elə bil,
ürəyi soyumurdu. Anxinoi xəmirli
əllərini silənəcən çərçivənin
yuxarısı yuvasından aralandı, nazik bir gün
işığı düşdü evə. Belə getsə, çərçivə
sınıq-sınıq olacaqdı, ona görə qadın
tez-tələsik, elə əlixəmirli qaçdı
qapını açmağa. Çatar-çatmaz
ayağı da büdrədi, amma saxladı özünü,
bu yaşda yıxılsaydı, birdəfəlik olacaqdı.
Hə, elə Bel də qocalıqdan
şikayətliydi, qucağındakı odunları qeyzlə
sobanın böyrünə tullayanda toz tavana qalxdı,
asqıraq tutdu onu. Arvadı Anxinoinin
qəzəbli baxışlarını eyninə almadan 9
dəfə asqırdı. Su
içməsə, ardı-arası
kəsilməyəcəkdi asqıraqların, Anxinoi bilirdi
bunu, amma nədənsə bardaq dalınca qaçmağa
tələsmir, ərinə mənalı bir sərtliklə
baxırdı. Axır Bel özü gedib su götürdü,
ağızdolusu bir qurtum alıb əlinin
ağırlığı ilə masaya çırpdı stəkanı, qulaq batıran
cingilti evə yayıldı.
- Yavaş da, gündə stəkan
qırırsan. Belə getsə, oğluna deyəcəm,
səninçün taxtadan birini düzəltsin...
- Çox elə fərlidi oğlun. Gör nə vaxtdı əlin taxtaya, daşa vurmur.
Evlənmir, adam kimi yemir, içmir,
yatmır. Biz də bu gündə,
qocalmışıq. Mənim indi
meşədə odun yaran vaxtımdı?!
Bel bunu elə dedi, sanki bütün
günahlar arvadındaydı. Elə Anxinoi
də başını aşağı salıb suçlu
adamlar təki susdu. Kiprdə cavanlar tez
evlənərdilər, ata-analarına əziyyət
verməzdilər, əksinə, qulluqda durardılar, amma
nədisə Bel ilə Anxinoinin bu sarıdan bəxtləri
gətirməmişdi. Oğlanları
Piqmalion fərqliydi. Uşaqlıqdan qoca
heykəltəraş Atistonun yanından əl
çəkməzdi, balaca fiqurlar düzəldərdi. Böyüdükcə bu işin pərgarı oldu,
gündə bir üsul tapıb yeni və daha
möhtəşəm heykəllər yapmağa
başladı. Tezliklə qoca Atistonun
şagirdinin səsi-sorağı əvvəl adaya, sonra
bütün Yunanıstana yayıldı. İmkanlı
adamlar evləri, malikanələri üçün
heykəllər sifariş edir, hazır suvenirlərdən
seçib alırdılar. Piqmalion
gecə-gündüz, taxta-daş, qum-palçıq
bilmədən işləyir, zövq alırdı. Hə, zövqü Piqmalion alırdı, pulları
ata-anası. Elə ona görə
yağ-bal içində, firavan yaşamağa
alışmış qocalar oğulun passivliyindən,
işləmək həvəsinin itməyindən yaman narahat
idilər. Pulsuzluğa birtəhər dözmək
olardı, Bel nə qədər əldən düşsə
də, limanda işləyib üçdən-beşdən
qazanırdı, başların girləyirdilər... Amma Piqmalionun ruh iflası, əlinin işə
yatmamağı adaya yayılmışdı, millət yüz
cür dedi-qodu uydurur, ağlına gələni
danışırdı. Bel deyinir, Anxinoi
ağlayıb-sızlayırdı, Piqmalion isə heç
kəsi vecinə almır, səhər gün çıxmadan
durub Fillər adasına gedir, bir də gecə qayıdırdı.
Kiprdən azca aralı olan balaca
adacığa bu cür ad vermişdilər. Fillər ölümlərini qabaqcadan hiss edir,
canlarını tapşırmaq üçün bura
üzüb keçirdilər. Hələ
uşaq ikən müəllimi Atisto
danışmışdı bunları Piqmaliona. Fil sümüyü rənginin insan dərisinə
çox oxşadığını da o demişdi. Taxtadan, daşdan yonmaq, ya da gildən yapmaq
bezdirmişdi lap. Əlləri
ağrıyırdı, gözlərinin içi
yanırdı işləyəndə. Amma
özü də bilirdi ki, hamısı bəhanədi. İçində aylardan bəri gəzdirdiyi arzunu
həyata keçirməkdən ötrü hər şeyə
hazır idi. Hələ nə qədər
keşik çəkməlidi Fillər adasında, bilmirdi.
Hərdən səbirsizlənsə də,
hövsələsini basıb gözləyirdi. Bircə
balıqçı yoldaşları
gileylənməsəydilər... Hər
dəfə xahiş edib böyük qayığı
alırdı ki, birdən istədiyi alınsa, vaxt
itirməsin. Gecə əliboş qayıdanda dostları
mızıldanır, "daha sabah qayıq istəmə" - deyib
xəbərdarlıq edirdilər. Ancaq yaxşı
bilirdilər ki, səhər açılmamış Piqmalion
limanı kəsdirəcək, yalvar-yaxar edib qayıqların
ən köhnəsini, sınıq-salxağın, minib
üzəcək balaca adaya. Yəqin ona "dəli" deyib
söz-söhbət yayan da elə dostlarıydı, axı
hansı ağıllı aylarla gecə-gündüz fil
qəbiristanında gəzib sümük axtarar...
Hə, bu dəfə də
ümidsizdi, suların yorğunuydu.
Ancaq yenə də uca Allah Zevsin ədalətinə inanır,
tutduğu yoldan çəkilmirdi. Adaya yan alanda
hava açılırdı. Qayığın
lövbərini suya atıb sahilə sıçradı.
Ləpirləri görəndə
çaşdı, amma sonra addımlarını bu
izlərlə birləşdirəndə
özününkü olduğunu anladı, gülmək tutdu
onu. Bir az qarşıda qalın
ağaclığın altında yerini rahlayıb sulara
tamaşa eləməyə başladı. Dilinin ucundaydı
Qalateya... Hərflərini təsbeh kimi
dənələyirdi ağzında, gah bütöv deyir, gah
hecalara bölürdü. Aylardı ki,
yonmaq istədiyi heykəlin adı beləydi. Ustadı Atisto ölüm ayağında
vəsiyyət etmişdi, bu heykəli düzəltməyin
sirlərini də açmışdı ona. Canlı
görünməyini istəyirsənsə, mütləq fil
sümüyündən yon - deyə hələlbət
tapşırmışdı. Qalateya beynindən
çıxmırdı, düşüncələrinə
hakim kəsilmişdi, qəlbini çırpındırırdı.
Aşiq olduğunu anlayırdı, ancaq adını
eşitdiyi, hələ heç yonub düzəltmədiyi
cansız heykələ necə vurula bilərdi, axı... Amma neyləsin ki, içindəki hisslərə
sevgidən savayı ad tapmırdı. Ürəyi
şiddətlə döyünürdü, iştahı
kəsilmişdi, kimsəylə ünsiyyətdə olmaq,
işləmək, əylənmək istəmirdi. Bircə fil sümüyü tapılsaydı,
dərdi olmazdı, sevgili Qalateyasına qovuşardı.
Bu fillər də yaman çox yaşayırlar... Bunu elə
dedi ki, heç kəs eşitməsin. Onsuz da adada kimsə
yoxdu... Dörd bir yanı gəzib
axtarmışdı, Qalateyasına layiq sümük
tapmamışdı, əlac ölümü
gözləmək idi. Filin
ölümünü. Bunu özünə
etiraf etmək istəmirdi, amma hər səhər adaya
gəlib xəstə və ömrünün son
anlarını yaşayan fili gözlədiyini yaxşı
bilirdi. Sevgisinə qovuşmaq
üçün hansısa canlının, lap filin
ölümünü arzulamaq dəhşətli
dərəcədə utandırırdı onu, amma
neyləməli?!
Suyun səsindən eyməndi,
bədəni titrədi. Bu xışıltı
tanışdı ona, amma inanmaq istəmirdi. Ağacın iri gövdəsinin arxasına
keçib baxdı, yuxu görürdü elə bil. Əldən düşmüş fil
təkcənə adaya doğru üzürdü, arada xortumunu
çıxarıb üfürür, hava azuqəsini alıb
davam edirdi. Filin burda nə işi?! Axmaq sualından
özü də əsəbləşdi... Aylardı
gözlədiyi anın yetişdiyinə inanmağı
gəlmirdi. Fil sahilə çıxanda
heysiz olduğu, zorla yeridiyi göründü. Piqmalion
bilmədi sevinsin, ya kədərlənsin... Hələ
adaya lap təzə-təzə ayaq açdığı
vaxtlarda gətirib ağacın dibində gizlətdiyi
alətlər yadına düşdü. Tez
qaçıb yoxladı, yerində olduqlarını
görəndə sakitləşdi bir az. Filin
canını harda tapşıracağını bilirdi. Qarşıda sıx ağaclığın
ortasında iri bir boşluq vardı, illərdi ki, fillərin
ölümlə görüş yeri oraydı. Bir az kənarda, iri yarpaqların arasında durub
baxırdı. Lap ovçusayağı aparırdı
özünü, fili vurmağa hazırlaşırdı
elə bil... Ürəyinin ətini yeyirdi; birdən ölmədi,
birdən uzun çəkdi, birdən gecə düşdü,
birdən sümüyü çıxarmağa cəsarəti
çatmadı?! Bu suallarla özünü çarmıxa
çəkirdi elə bil, ürəyi ağzında
döyünürdü, az qalırdı
yerindən çıxsın... Filin yerə
sərilməyi ilə adada zəlzələ oldu elə bil,
yer silkələndi, ağacların budaqları bir-birinə
dəyib şaqqıldadı. Piqmalion
əvvəl qaçmaq istədi, amma sonra Qalateyasını
göz önünə gətirib ürəkləndi. Filin can verməyinə sonacan baxdı, həm də
ağlaya-ağlaya. Adasında sevilən
və çox işlərdə insanlara yardımçı
olan bir heyvanın ölümünü izləmək deyildi
onu kövrəldən. Sevgili Qalateyasına tezliklə
qovuşacağının sevinci idi... Elə bu
sevinclə bütün gecəni çalışdı,
gətirdiyi alətlərlə lazım olan sümüyü
ayırıb götürdü, düzdü. Bu, asan
iş deyildi, amma kimsəni köməyə
çağırmaq da istəməmişdi. İşini
bitirəndə üz-gözü qan-tər içindəydi,
amma vecinə almırdı. İri və
ağır sümüyü çiyninə alıb
dənizə tərəf sürüdü, müəllimi
demişdi ki, duzlu su işə başlamazdan əvvəl
çox faydalıdı. Özünü
unutmuşdu, gözünə, saçlarına
fışqırmış qan, əllərində
açılmış yaralar yadına da
düşmürdü. Mənim
gözəlim, sevgili Qalateyam, əzizim, illərlə
gözlədiyim eşqim, nə yaxşı ki səni
tapdım, niyə axı belə gec gəldin, niyə bu
qədər gözlətdin məni?! Bu
sevgi dolu, nizamsız sözləri, eşq gileylərini ard-arda
düzüb nəğmə oxuyurdu sanki, iri sümüyü
də qoynuna alıb çimdirirdi dənizdə. Günəşə tutub baxdı, sümük
par-par yanırdı. Mənim istəklim
belə də olmalı idi. Darıxma
gözəlim, gecəni gözümə yuxu
getməyəcək, bir-birimizə qovuşacağıq.
Sümüyü istədiyi kimi yuyub
təmizləyəndən sonra qayığa qoydu,
sınıq-salxaq təknədən özü də
utandı. "Bağışla, gözümün
işığı, bu qayıq heç layiq deyil
sənə... Eybi yox, daha sən varsan, yaşamaq
istəyirəm, işləyib yenisin alacam" - dedi, sonra suya
tullanıb yuyundu doyunca, üzü nurlanırdı,
gözlərinə işıq gəlirdi elə bil...
Kiprə yan alanda limandakılar
mat-məəttəl baxırdılar, axı, bu
yekəlikdə və ağırlıqda sümüyü o,
təkcə necə qaldırmışdı, nə cür
daşımışdı?!
Piqmalion qalib ədasıyla qayıqdan enib "Gəl,
sevgilim" - dedi, sonra nümayişkaranə
şəkildə, bir az da dostlarına
acıq verərək qucağına aldı sümüyü,
qayıqdan enib evə doğru yol aldı. Bayaq
ağırlığı altında çökdüyü
sümük quş kimi yüngül oldu qolları arasında.
Həyətə, sonra da uçuq-sönük
emalatxanasına girəndə atası-anası heyrətdən
donuq gözlərlə baxırdılar, həm də
sevinirdilər. Nəhayət,
oğlanları ən gözəl əsərini yonub
düzəldəcək, çoxlu pullar qazanacaq,
şöhrəti artacaqdı. Anxinoi
ərinin titrək əlini sıxdı, elə Bel də
sevindiyindən qucaqladı qarını. Piqmanın
(valideynləri onu belə əzizləyirdi) xasiyyətini
bilirdilər, daha ona toxunmaq olmazdı, suyunu, yeməyini iş
otağının qapısına qoyub səssizcə
getməliydilər.
Sevgili Piqma düz üç gün
çıxmadı otağından, qapısına qoyulan
yeməkləri dilinə də vurmadı. Eləcə su içir, işləyirdi,
həm də qəribədi, səsi də gəlmirdi. Axı, o yekəlikdə sümüyü
səssiz-səmirsiz necə yonmaq olar?! Amma
Piqmalion sevgiliyə toxunurmuş kimi toxunurdu ona, alətin
ucunda, barmağının ucunda işləyirdi.
Formalarını aldıqca əzizləyirdi də
Qalateyasını, dodağının altında
danışırdı: "Gözəlim, gözəl
gözlərinin yolunda canım fəda olsun... Dünyanın
heç yerində yoxdu mənim sevgilimdən... Ulu Zevs, sən
bir bunun yanaqlarına, dodaqlarına bax, barmaqlarının
zərifliyinə bax... Deyəsən, dəli
oluram, bircə dəfə öpə bilsəydim və bu
öpüşlərimə cavab versəydi, gözəl
Qalateyam?!"
Piqmalion danışdıqca yonur,
yonduqca, əzizləyirdi heykəli. Ona
elə gəlirdi ki, müəllimi Atistonun da,
özünün də ən gözəl əsəridi
Qalateya, amma heç cür sakit olmurdu ürəyi... Hər əzasını zərifliyinə,
incəliyinə kimi mükəmməl yonmaq istəyirdi.
Gecəni Qalateyanın ayağı altında
yatır, səhər incə barmaqlarını öpüb
"sabahın xeyir, ruhum" - deyirdi.
Bel ilə Anxinoi içəri
girəndə dik atıldı yerindən, adyalını
Qalateyanın çiyinlərinə atdı, çılpaq
və cazibədar bədənini gizlətdi. Onun gözəlliyini heç kəs görməməli
idi, bu xoşbəxtliyi bağışlamazdılar onlara,
ayırardılar onu Qalateyasından... Ata-anası
təəccübləndilər, amma üzə vurmadılar
bunu. Həm də sevinirdilər axı,
Piqmalionun təzə əsəri adaya səs
salmışdı, artıq müştəriləri də
çıxmışdı. Hətta mübahisə
edənlər vardı, kim alacaq deyə
dartışırdı zənginlər. Piqmalionun bu
söhbətlərdən başı ağrıdı,
gözləri az qalırdı
hədəqəsindən çıxa, valideynlərini
otağından qovub küncdəki mücrünün
üstünə atıldı. Tozunu silib açdı
mücrünü: "Bu günümüzçün
saxlamışam bunları, sevgilim, bilirdim bu an
gələcək, lazım olacaq..."
Toz basmış gümüş
pulları silib təmizlədi, emalatxanasının
qapısını kip bağlayıb ağzına da yekə
bir daş qoydu, adanın ən məşhur dərzisinin
yanına qaçdı.
Dərzi üz-gözü çirkli,
qaşları da ağappaq sümük qırıntısı
olan heykəltəraşı görəndə matı-qutu
qurudu. Amma özünü o
yerə qoymadı, çünki Piqmalionun tezliklə
varlanacağını hamı bilirdi, ürəyi nə
istəsə yubatmadan tikib vermək lazım idi. "Axı mən ölçüləri
götürməliyəm?!" - deməyinə
peşman oldu, Piqmalion vəhşi şir kimi
bağırdı, "Olmaz" - dedi... Sonra
bütün ölçüləri əllərinin
işarəsiylə göstərdi. Əlləri o
gözəl bədənin ölçülərini unuda
bilməzdi... Yuxusunu qaçırmış iri
döşləri, incə beli, uzun ayaqları, yupyumru
yançaqları dəqiq göstərirdi. Dərzinin başının üstünü
kəsdirib gözləyirdi, o yazığın da qorxusundan
əli əsir, amma parçanı kəsdikcə bu
qadını təsəvvür edib ağzının suyunu
axıdırdı.
Piqmalion son qəpiyini də verib
ürəyi istəyən paltarları tikdirdiyi
üçün xoşbəxt idi.
Qalateyasını geyindirdikcə həyəcanlanır,
ürəyi sinəsindən çıxırdı... Üz-gözünü yumşaq parçaya
sürtüb rahatlıq tapırdı. Bir
azdan anası içəri girəndə hirsləndi,
istədi qovsun, amma qadının üzündəki
çoxmənalı ifadədən narahat oldu,
özünü yığışdırdı.
- Yoxsa atama bir şey olub?
- Yox oğlum, atan hələ ki
salamatdı... Amma bilirsən ki, daha qocadı, heç
bəlkə, bu qışdan çıxmaz...
- Nə demək istəyirsən?!
Piqmalion çoxdandı evdə
gəzib-dolaşan bu söhbətlərin hara aparıb
çıxaracağını yaxşı bilirdi. Həyəcandan və qəzəbdən zorla
saxlayırdı özünü... Anası da
oğlunu yaxşı tanıdığı üçün
ehtiyatla danışırdı.
- Bilirsən, adanın təzə hakimi qəbirləri
bahalaşdırıb... Pulu olmayanlar ümumi
xəndəklərdə dəfn olunur. Biz
pul yığmalıyıq, sənə yaraşmaz ki, atanı
dilənçilərlə bir xəndəyə
tapşırasan.
- Sən nə demək istəyirsən?!
- Piqmalion bu dəfə sualı ağlaya-ağlaya verdi. Atasının öləcəyinə
görə yox, anasının hər yeni kəlməsinin onu
Qalateyadan ayırdığına görə...
- Yaxşı bilirsən! Adanın ən
imkanlı adamı, Evridiy heykəl haqqında eşidib, sabah gələcək. Nə qədər
desən, verəcək... Başa düş, biz sənin
atanı ümumi qəbirə atıb rüsvay ola
bilmərik. Nəyin fikrin çəkirsən axı, nə
çox fil sümüyü, yenisin və daha gözəlin
düzəldərsən də...
Anasının üyüdüb
tökdüyü sözlərdən qanı tərsinə
işləyirdi, elə bil... Var səsiylə
bağırdı:
- Yavaş danış, axı, o
eşidir hər şeyi, başa düşmürsən?! Axı, niyə anlamırsız ki, Qalateyanı
ömürdə bir dəfə, bircə dəfə
düzəltmək olar?! Onu Zevs yaradıb,
mənim əlimdən tutub Zevs, anlamırsan?!
Piqmalion danışdıqca
ağlayırdı, sonra səsini içinə atıb silirdi
üz-gözünü, Qalateyasının onu belə miskin
halda görməsini istəmirdi... Anasını otaqdan qovanda
bircə cümlə eşitdi: "Bu axşam
gələcəklər..."
Neyləyəcəyini bilmirdi, Evridiyə
"yox" desəydi, ailəsin, evin-eşiyin yerlə-yeksan
edərdi... Ata-anasının da əziyyəti
çoxdu, onları incitmək istəmirdi, əlac
qaçmağa idi. Qalateyanı harasa aparıb
gizlətməliydi ki, gələnlər görməsinlər,
söhbətlərin yalan olduğuna inansınlar... Nə qədər mələfə, yorğan
vardısa, atdı Qalateyanın üstünə, elə
beləcə qucağına alıb aparmaq istədi. Amma
gücü çatmadı, yerindən tərpədə
bilmədi heykəli... Yorğanı,
mələfəni otağın küncünə tullayıb
hönkürdü. Hər şeyi başa
düşürdü, bu, daha fil sümüyü deyildi,
Qalateya idi!
- Bağışla məni, Qalateya,
atamı-anamı rüsvay edə bilmərəm.
Dedi
və qaçdı... Sahilə doğru
yüyürürdü, adaya xəbər
yayılmışdı ki,
adamların arzularını dinləyən Afrodita
gəlir...
PƏRVİN
525-ci qəzet.- 2019.- 13 iyul. S. 16.