"Məhşər"
- böyük yazıçının dünya
səviyyəli romanı
İsa Hüseynovun 60-cı illər
yaradıcılığında başlanan kamil insan
konsepsiyası özünün ən yüksək
səviyyəsinə "Məhşər" romanı ilə
çatdı.
XIV əsr Azərbaycan
ədəbiyyatının görkəmli simalarından biri
şair İmadəddin Nəsiminin həyat və
yaradıcılığı əsasında qələmə
alınan "Məhşər" romanı
tarixi-fəlsəfi əsərdir. Romanda o dövr Azərbaycan cəmiyyəti,
ölkənin siyasi vəziyyəti, daxili, xarici
əlaqələri bədii boyalarla, canlı
şəkildə qələmə alınıb.
1979-cu ildə, yəni Sovet
hakimiyyətinin ən coşğun dövrlərində
İ.Hüseynovun Azərbaycanın qədim
keçmişinə müraciət edib
"Məhşər" kimi bir romanı yazması
böyük cəsarət tələb edən bir iş idi. Belə ki, uzun illər tarixi gizlədilməyə,
saxtalaşdırılmağa çalışılan bir
xalqın belə bir romanının yazılması həmin
dövr üçün böyük bir hadisə hesab
edilə bilər.
Romanda iki əks qütb -
Teymurləngin timsalında cəhalət, despotizm, Nəsiminin
timsalında kamil insan obrazı qarşı-qarşıya
qoyulub. Müəllif əqlin,
kamilliyin və ədalətin gücə qalib gəlməsini
oxucuya çatdırmağa nail olub.
Müəllif bu əsəri
qələmə almaq üçün uzun zaman tarixi, arxiv
sənədlərini, qədim mənbələri
araşdırmış, oxumuş, Nəsiminin özü, həyatı,
yaradıcılığı, yaşadığı
dövrü, öncüllərindən olduğu
təriqət haqqında ətraflı məlumat
toplamışdır. Bunu yazıçının öz
xatirələrində də oxuyuruq: "Moskvada
Ədəbiyyat İnstitutunda oxuyanda Həsən Seyidbəyli
ilə bir yerdə qalırdıq. O, həmişə
pilləkənləri qalxanda Nəsiminin məşhur
"Məndə sığar iki cahan" şeirini
bərkdən oxuyardı. Bir dəfə qayıdıb ona dedim
ki, sən məgər başqa şeir bilmirsən? Həsən də cavabında bildirdi ki, belə
gözəl şeir olan yerdə başqasını oxumaq olar?
Bundan sonra Nəsimi haqqında əsər yazmaq
qərarına gəldim. Bakıya
qayıdanda Əli Fəhmi, Mikayıl Rzaquluzadə və
digər adamlarla əlaqə qurub Nəsimi haqqında
məlumat toplamağa başladım. O vaxtlar Yəhya
Seyidovun həyat yoldaşı Məhbubə xanım Elmlər
Akademiyasının kitabxanasında müdir işləyirdi. O,
hər gün kitabxananın gizli qapısının
açarını bir saatlıq mənə verərdi. Mən orada Nəsimi haqqında daha nələri
öyrənmədim. İndi bütün
bundan sonra gəl, Nəsimi haqqında yazma".
İ.Hüseynovun
"Məhşər" romanında XX əsrdən XIV
əsrə nəzər salmasına baxmayaraq,
əsərdəki canlı, təbii təsvirlər
sayəsində oxucunu həmin dövrə aparmağı
bacarır. O, altmışıncı
illərdə öz yaradıcılığı ilə
ədəbiyyata yeni insan obrazı, yeni mövzu istiqaməti
gətirmişdisə, "Məhşər" romanının
özlüyündə ədəbiyyatın yeni hadisəsi
idi. O zamana qədərki bütün tarixi romanlardan
fərqlənirdi. Bu fərq həm
müəllifin tarixi hadisələrə yanaşmasında,
həm də tarixi faktların əksində özünü
göstərirdi. Əsərin əsas
məziyyəti burada tarixi gerçəkliklə
müəllifin bədii təfəkkürünün
çuğlaşması, bütünləşib həzin
kompozisiya yaratmasıdır. "Məhşər"
romanı ilə İsa Hüseynov nəsri zaman, məkan
və məna müstəvisində miqyasını
genişləndirir.
Yarandığı dövrdə
"Məhşər" romanına yanaşma
birmənalı olmayıb. Belə ki, müəllifin əsərdə tarixi
gerçəkliyə nə dərəcədə sadiq
qalması tarixçilər, tənqidçilər və
ədəbiyyatşünaslar arasında müzakirə
mövzusuna çevrilmişdi. Bəziləri
əsərdəki müəyyən səhnələrin
tarixlə əlaqəsi olmadığını irəli
sürərək yazıçını
"uydurmaçılıqda" iddiham edirdilər. Əsas dəlil isə Nəsimi ilə
Teymurləngin görüşməsinin tarixi faktlarda, mənbələrdə
öz təsdiqini tapmaması idi. Müəllif
isə tarixi sənədlərin Azərbaycan tarixini,
ümumiyyətlə, dünya tarixini təhrif etdiyini iddia
edir. Əlbəttə, o
tənqidçilər haqlı idilər. Həqiqətən
də Nəsimi ilə Teymurləngin görüşməsi
tarixdə öz əksini tapmır. Lakin
ədəbiyyat müəyyən mənada
təxəyyülün məhsuludur. Tarixi
əsərdə belə müəllifin
əlavələrinə, öz baxışına rast
gəlirik. Necə ki, dahi Nizami özünün
"İsgəndərnamə" əsərində heç
zaman Azərbaycanda olmamış fateh Makedoniyalı
İsgəndəri Bərdəyə gətirib Bərdə hakimi
Nüşabə ilə
görüşdürmüşdü, eləcə də
İsa Hüseynov Nəsimi ilə Əmir Teymuru
görüşdürmək zərurəti duymuşdu. Bu, hadisələrin tarixi gedişində,
obrazların həyat axışında bir rol oynamasa da,
müəllifin çatdırmaq istədiyi ideyaya, fikrə
bilavasitə təsir göstərirdi.
Digər qism tənqidçilər
isə müəllifdən məhz tarixə fərqli
yanaşmağı, "ixtiraçılıq etməyi"
tələb edirdilər.
Romanın əsasında hürufi
təriqətinin ideya istiqamətləri, fəaliyyəti,
Nəimi, Nəsimi kimi hürufilərin öz fəlsəfi
düşüncələri uğrunda mübarizələri
durur. Tarixdə XIII-XIV
əsrlərdə Azərbaycanda geniş yayılmış
hürufilik haqqında yetəri qədər məlumat
vardır. Allahın təcəssümünü insanda
görən, kamil insanı ilahiləşdirən, "haqq
mənəm, haqq məndədir" şüarı ilə
insanları pis əməllərdən, nəfsin, ehtirasın
çirkabından çəkindirməyə
çalışan hürufilər uzun zaman
"allahsız", "dinsiz", "kafir"
adlandırılaraq təqib edilmiş, işgəncələrə,
edamlara məruz qalmışdır. Əlbəttə,
İsa Hüseynov bu əsəri qələmə alarkən
müəllif təxəyyülündən kifayət
qədər yararlanmış və hürufilik elmindən
öz düşüncələri, məqsədləri
üçün istifadə edib. Buna
görədir ki, romandakı hürufilik elmi
tarixdəkindən fərqli təsvir edilib.
Müəllif burada hürufiliyin
məqsədlərini, insana verdiyi dəyəri, haqq,
ədalət axtarışlarını gerçəkdən
daha artıq göstərir. Bütün dinləri boş səfsəfə,
təhrif adlandıran, insanın qüdrətinə, kamillik
səviyyəsinə çatmış fərdin ilahiliyinə
inanan İ.Hüseynov öz ideyalarını hürufiliyin
məna xüsusiyyətləri ilə
çuğlaşdırmağı bacarır. İnsana bu cür yüksək dəyər verən
hürufilik Təbriz, Urmiya, bütün Azərbaycan kimi
geniş ərazilərdə özünə tərəfdarlar
tapır və getdikcə genişlənir. O
dövrdə Azərbaycanda hakim olan Miranşah, Əmir Teymur
hürufilərlə nə qədər mübarizə aparsalar
da, təriqətin yayılmasının
qarşısını ala bilmirdilər. Çünki
hürufilik insana əsrlərcə həsrət
qaldığı ehtiyacı olan dəyəri verir.
Romanda irəli sürülən
humanizm də müəllif cəsarətinin bir
təcəssümüdür. Belə ki, həmin dövrdə insana
münasibətin, humanizmin prinsipləri, sərhədləri
heç kimə sirr deyil. Üzdə
fəhlə, kəndli, kolxozçu əməyinin təsviri
humanizm kimi qəbul edilirdi. Bu mənada
"Məhşər" romanı ədəbiyyatı daha
fərqli bir yönə apardı. Əlbəttə,
bununla müəllif zamanında çox təzyiqlərə
məruz qaldı, maneələrlə
qarşılaşdı. Ancaq
yazdığının sona qədər arxasında dayandı,
haqqını tələb etməkdən dönmədi. Zaman keçdikcə öz həqiqətini qəbul
etdirməyi də bacardı.
Əsər özünün zəngin
və bitkin obrazlar aləmi ilə xüsusi diqqət
çəkir. Mərkəzi obraz Nəsimi olsa da,
burada Fəzlullah Nəimi, İbrahim şah, Əzəm, Fatma,
Yusif və digər dolğun, bitkin, tam mənası ilə
xarakter səviyyəsinə qalxa bilən obrazlar
yaradılıb. İstər müsbət,
istərsə də mənfi sürətlər yüksək
bədiiliklə təsvir edilib. Hər bir
obraz xarakterindəki özünəxas xüsusiyyətləri
ilə əsl insan təsiri bağışlayır. Belə ki, müsbət obrazlar belə öz
səhvləri, peşmanlıqları,
çılğınlıqları ilə xarakterikdirlər.
Nəsimi kamil, həqiqətsevər,
ağıllı, uzaqgörən lmasına baxmayaraq,
bəzən səbrsizlik göstərə, hətta ustadı
Nəimiyə də qarşı çıxa bilir. Eləcə də əvvəldən müsbət
keyfiyyətləri ilə təsvir olunan Yusif bir zamandan sonra
nəfsinə, ehtirasına yenik düşən insana
çevrilir.
Bu obrazları belə dolğun və
təbii edən bir səbəb də hər bir obrazın
öz missiyasının, daxili aləminin, dünyaya
baxış bucağının, öz istəkləri və
həqiqətlərinin olmasıdır. Əmir Teymur böyük ordusu ilə
birgə yola çıxır, məmləkətlər
zəbt edir, döyüşlər keçirir, minlərlə
insanın qılıncdan keçirilməsinə səbəb
olur. Lakin o, bu əməllərinə haqq
qazandıracaq həqiqətlərə sahibdir - Allahın
buyruğunu, İslamı, Məhəmməd
peyğəmbərin şəriətini yayır və
dünya üzərində öz hakimiyyətini qurmaq
istəyir. Digər tərəfdə
isə Nəsimi kimi insansevər, humanist bir obraz dayanıb ki,
o, heç bir dini, Allahı insandan üstün hesab etmir.
Onun düşüncəsinə görə,
insanları qıran bir din heç zaman onlara ədalət
bəxş edə bilməz, humanizmdən danışa
bilməz. Bu isə Nəsiminin
həqiqətləridir. Qəribədir ki,
müəllif onların həqiqətlərini, onları
haqlı göstərən arqumentləri elə
peşəkarlıqla sadalayır ki, oxucu bəzən kimə
haqq verəcəyini qarışdırır, kimi haqlı
görəcəyini bilmir. Çünki
hər ikisinin həqiqətlərinə inanır.
Nəsimi şair, filosof olmaqdan
əlavə, bu romanda həm də İ.Hüseynovun öz
düşüncələrinin
daşıyıcısıdır. İslamın təhrif qanunlarına,
tələblərinə qarşı çıxan
müəllif bəzən öz demək istədiklərini
onun dilindən ifadə edir. O zaman Nəsimi hürufi
ideyalarının deyil, müəllif
düşüncələrinin carçısına
çevrilir.
"Məhşər" romanı
süjetin peşəkar qurulması ilə səciyyəvidir. Müəllif hadisələri sanki
sözlə bir-birinə toxuyur, hörür. Bir hadisə, bir epizod romandan çıxarılarsa,
boş yeri həmin an oxucunun zehnini məşğul
edəcək, bütün süjet bir muncuq kimi
sökülüb dağılacaq. Yazıçı
tarixin ən qarışıq, dolaşıq bir əsrini 330
səhifəlik romanda təsvir edir. Burada
bütün hadisələr oxucunun gözü
qarşısında baş verir. O, gah hadisələrin
burulğanında qeyb olur, gah romantik xəyallara dalır, gah
qəzəblənir, gah nə baş verdiyini anlamır,
baş verən hadisələr qarşısında
çaşıb qalır, bəzən kimə
inanacağını bilmir, əsərin əvvəlində
rəğbət bəslədiyi bir obraza əsərin
sonlarına doğru nifrət edə bilir (və ya
əksinə), beləcə cəmi 330 səhifədə
bütün hissləri yaşayır. Bu da
əlbəttə sujetin dolğunluğundan, bitkinliyindən
xəbər verir.
"Məhşər"
romanının əsas məziyyətlərindən biri də
bədii dilidir. İsa Hüseynovun
nəsr dili çox sadədir, başa
düşüləndir, oxunaqlıdır. Bu, sözügedən romanda da özünü
göstərir. Lakin "Məhşər"in dili,
əlbəttə, hekayə və povestlərin dilindən
fərqlənir. Yazıçı XIV əsr
insanının, Nəimi kimi elm adamının, Nəsimi kimi
şairin, Miranşah kimi əhlikef bir hakimin, Teymur kimi
əzazil cahangirin dilini ustalıqla əks etdirir. İstər müəllif, istərsə də
obrazların dili quru deyil, hər kəs canlı xalq dilində
danışır. Bu dil, həmçinin,
romandakı hadisələrin cərəyan etdiyi tarixi
dövrü də özündə əks etdirir.
Onun yaradıcılığında
ləqəb, təxəllüs, ayama, "laylağı"
kimi "ikinci adlara" rast gəlirik. Azərbaycan ədəbiyyatında
Qılınc Qurban kimi tanınan obrazdan sonra Kollu Koxa, Cında
qarı, Dəli Səməd, Çax-çux Xalıq kimi
obrazlar da yarandı. Əlbəttə,
təxəllüs məsələsi
"Məhşər"dən də yan ötə
bilməzdi. Lakin buradakı
təxəllüslər fərqli idi. Əsasən,
təxəllüsdən hürufilər öz aralarında
danışarkən tanımamaq və ya tanıtmamaq
üçün istifadə edirdilər. Elə
təkcə Fəzlullah Nəimi ilə İmadəddin
Nəsiminin onlarla təxəllüsü var idi. Bundan başqa, onlar öz aralarında Teymur
"Div", İbrahim şahı
"Adıyüksək" adlandırırdılar.
"Yarı pünhan", "Karvanımızın
sarvanı", "Əmin Məhrəm",
"Pərvanə", "Bir adam",
"Əbədiyyət atlısı",
"Dərviş" kimi gizli adlar hürufilər arasında
bir kodlara çevrilmişdi. Bundakı əsas
məqsəd isə daim təqibdə, göz
önündə olan hürufilərin öz sirlərini
mühafizə etmələri idi. Məsələn,
əsərin əvvəlində Nəimi öz
müridlərinə bir məktub yazır. Məktubu oxuyan adi bir şəxs heç bir şey
anlamaz, daha doğrusu, məktubun alt qatındakı
mənanı ancaq bir hürufi başa düşə
bilər. Müəllif özü isə məktuba
belə aydınlıq gətirir: "...Məktubdakı
rəmzlər də hamıya məlum idi: "Allah"
Fəzlə, uca minbər - şah təxtinə,
"Adıyüksək" - şahın özünə,
"Bir adam" - Şeyx Əzəmə, "Ordu" -
teymurilərə işarə idi. "Namaz
qılmaq" isə gizlin danışıq demək idi".
Əvvəldə də qeyd etdiyimiz
kimi, romanda yazıçı hürufilik təriqəti
adı altında insan, bəşəriyyət, din, Allah
haqqında öz düşüncələrini
qələmə alıb.
"Məhşər"dən az sonra
yazılan "İdeal" əsərində qoyulmuş
problemlərin rüşeymlərini biz məhz bu romanda
tapırıq. Əbəs yerə demədik ki,
Nəsimi çox yerdə müəllif
düşüncələrinin carçısına
çevrilir. Bəli, yazıçı
özü də etiraf edir ki, o, Nəsiminin
şəxsiyyətini araşdırarkən onda məhz
özünü tapmışdı. Nəsimi
insan fəlsəfəsi, bəşəri ideyaları,
insanın yaradılışındakı möcüzə
və ilahilik axtarışında məhz İsa Hüseynovun
özü idi.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 13 iyul. S. 18.