Medianın dini
mövzulara münasibəti: həssaslıq və
peşəkarlıq əsas meyar kimi
Dini dəyərlərimizin
təbliğ və təşviq edilməsində, dinin
düzgün formada ictimaiyyətə
çatdırılmasında geniş auditoriyaya malik olan
KİV-in üzərinə
böyük vəzifə düşür. Media
dinin düzgün təbliğində, dini radikalizmlə
mübarizədə fəal olmalı, xurafata, terrorizmə
və ekstremizmə qarşı tənqidi mövqe
nümayiş etdirməlidir.
Dini mövzularda həssaslıq
Demokratik Jurnalistlər Liqasının
sədri, tanınmış jurnalist Yadigar Məmmədli
hər zaman dini mövzuların mediada aktual olduğunu deyir:
"Amma son dövrlərdə baş verən hadisələr
bir daha sübut edir ki, din həssas mövzu olaraq qalır. Belə mövzulara nə qədər diqqət
ayrılmasa, deməli, cəmiyyətdə ciddi fəsadlar
törədir. Yəni müəyyən
dini sektalar yaranır, gənclər bu sektalara, hətta terror
təşkilatlarına qoşulurlar. Azərbaycanda
da belə hadisələr müəyyən zaman baş verib.
Bizim də bir sıra
vətəndaşlarımız ərəb
ölkələrində, müharibə ocaqlarında din
adı altında aldanılaraq müəyyən sektalara
qoşulublar. Bu baxımdan dini mövzular
mediada hər zaman aktualdır. Azərbaycanda
bu məsələ ilə bağlı müəyyən
işlər görülür. Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi bu
sahədə müəyyən maarifləndirmə
işləri aparır və tez-tez Mətbuat Şurası
və media rəhbərləri ilə görüşlər
keçirilir. Bu yaxınlarda İlahiyyat
İnstitutu yaradıldı. İlahiyyatın
geologiya kimi öyrənilməsinə böyük ehtiyac var.
Yəni digər dinləri də öyrənmək
lazımdır. Başqa dinlər də
təbliğ olunmalıdır və bu dinlər bir-birinə
qarşı deyil, insanları birgə yaşamağa sövq
etməlidir. Əslində, səmavi
dinlərin hər biri insanları birliyə,
qardaşlığa, əmin-amanlığa səsləyir.
Amma çox təəssüf ki, bəzən
dindən başqa formada istifadə edirlər. Bu baxımdan geologiya elmi də İlahiyyat
universitetində tədris olunur. Bunların
hər biri müsbət addımlardır. Amma
qeyd etdiklərimizin hamısı media üzərindən
keçməlidir. Yəni media bu
mövzuları yaymalıdır və belə işlərin
içində daha da sıx olmalıdır".
Dindən peşəkarlıqla yazan
jurnalistlərə ehtiyac var
Y.Məmmədlinin fikrincə,
çatışmayan cəhətlərdən biri də dini
mövzularda yazanların sayının az
olmasıdır: "Dindən yazan jurnalistlər mütləq
çoxalmalıdır. Necə ki, iqtisadiyyatla,
idmanla bağlı mövzular aktualdır, bu mövzularda
jurnalistlər var. Eyni qaydada dini sahədə də belə
jurnalistlər olmalıdır. Dindən
yazan, bu işin incəliklərini bilən jurnalistlərə
ehtiyac var. Bu baxımdan Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə İlahiyyat İnstitutu intensiv
formada işlər aparmalıdır. Birgə
təlimlər, seminarlar keçirilməlidir və seminarlarda
çoxlu sayda jurnalistlərimiz bu sahə üzrə
mütəxəssis kimi formalaşmalıdırlar. Bütün bunların dini dəyərlərin
təbliğ olunması işinə xeyri var".
Y.Məmmədli bildirib ki, dini bilgisi
zəif olan, ümumiyyətlə, dini mühitdən
başı çıxmayan şəxslər islami
məsələləri çox yanlış anlayır və
o cür də təbliğ etməyə başlayır:
"Din və ona bağlı olan mövzular dərin
mənalı və geniş səviyyəli bir elmdir. Tam dəqiq anlayışdır ki, dini bilgisi olmayan
şəxslərin dindən danışması və ya dini
mövzuları müzakirə etməsi bir növ
təbabət elmindən anlayışı olmayan bir
şəxsin cərrahiyə və ya hansısa xəstəlik
haqqında verəcəyi qeyri-dəqiq məlumata
bənzəyir. Bunun üçün
hər bir jurnalistin, media nümayəndəsinin
üzərinə düşən vəzifələr var.
Yaxşı olar ki, jurnalistlə dini
məsələlərə şou xarakterli yanaşmasınlar
və dini mövzuları yalnız bu sahəni dərindən
bilən mütəxəssislərlə
məsləhətləşib, onlardan münasibət alıb
yazsınlar".
Televiziyalardan dövlətin dini və
mənəvi mühitdə apardığı uğurlu
maarifləndirmə işinə dəstək
Televiziyalarda din sahəsi üzrə
mütəxəssislərin maarifləndirmə xarakterli
mövzularla çıxışları mühüm
əhəmiyyət kəsb edir.
Geniş auditoriyaya malik olan televiziyalarda
dini dəyərləri aşılayan verilişlərin
olması, ən azından dini səpkili bir proqramı,
rubrikanın hazırlanması isə olduqca vacibdir.
Qarabağ Seyid Ocaqlarının
rəhbəri, tanınmış şərqşünas Seyid
Camal Əzimbəylinin sözlərinə görə,
Azərbaycan gənclərinin milli və mənəvi
baxımdan yad düşüncələrin təsiri altına
düşmələrini əngəlləmək
üçün ideya müəllifi və aparıcısı
olduğu "İnam" verilişini hazırlayıb. Bu
veriliş dövlətimizin dini və mənəvi
mühitdə apardığı uğurlu maarifləndirmə
işinə əlavə bir dəstəkdir: "Biz qloballaşan
dünyada Azərbaycan dövlətinin milli maraqlarına
xidmətin əhəmiyyətini insanlarımıza,
xüsusilə də inanclı cavanlarımıza
düzgün, elmi formada təbliğ etmək
niyyətindəyik. Azərbaycan qloballaşan
dünyanın bir hissəsidir. Bu
baxımdan ölkəmizə təhsil və ya
xeyriyyəçilik pərdəsi altında müxtəlif
dini qruplaşmalar daxil olur. Mən uzun
illərdir bu məsələlərlə bağlı
aidiyyəti orqanlarla müzakirələr aparırdım
və mətbu orqanlar vasitəsilə cəmiyyətə
sağlam milli-mənəvi dəyərləri təlqin
etməyə çalışırdım. Nəhayət, mən də bir alim kimi bu
istiqamətdə üzərimə düşəni etmək
qərarına gəldim və "İnam" verilişini
hazırladım".
Gənclərin mənəvi
yöndə tərbiyəsində ziyalıların rolu
Seyid Camal Əzimbəyli deyir ki,
Azərbaycan dini, milli-mənəvi, hətta
məzhəblərarası tolerantlığı ilə
dünyanın bütün ölkələrinə
nümunə ola biləcək bir
ölkədir. Amma əfsuslar olsun ki, ölkəmizdəki bu
tolerantlıqdan sui-istifadə edən istər xarici,
istərsə də daxili zərərli qruplar var:
"Təbii ki, dövlət qurumlarının
üzərinə düşən vəzifə həmin
təhlükəli qüvvələri
zərərsizləşdirməkdir. Amma bizim
kimi düşünən insanlar, milli ideologiya sahibləri,
toplumun qəbul etdiyi ziyalı şəxslər də
gənclərin mənəvi yöndə
tərbiyəsində ciddi iştirak etməlidirlər. Bunun üçün ən münasib vasitə
də mediadır".
Sosial media ölkədə sabitliyi
pozmaq istəyənlər üçün güclü
təbliğat obyektidir
Müasir
texnologiyaların inkişafı media sahəsində "sosial
media" məfhumunun yaranmasına yol açıb. Artıq sosial media sosial
ünsiyyət vasitəsinə çevrilib. Hazırda dünyada 3 milyarddan çox insan
internetə qoşulur, 2 milyarddan çox istifadəçi
fəal şəkildə sosial mediada iştirak edir. Azərbaycanda isə əhalinin 75 faizindən
çoxu fəal internet istifadəçisidir və 2 milyon
nəfər isə sosial media
iştirakçısıdır. Sürətli rabitə
vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm
psixoloji, həm də mənəvi zərəri var. Bu gün
yalan informasiya yayan, din pərdəsi altında
gizlənmiş, islamı tənqid edən qüvvələr
çirkin əməlləri üçün sosial
medianın imkanlarından çox effektli şəkildə
istifadə edirlər. Sosial media
ölkədə sabitliyi pozmaq istəyənlər
üçün güclü təbliğat obyektidir. Bu sahədə müəyyən addımlar
atılsa da, təəssüf ki, hələ həmin
qüvvələrin qarşısı alınmayıb. Cəmiyyətə sosial media
vasitəsilə islam dininin
dəyərlərini çatdırmaq üçün aktiv
olmaq lazımdır. Din xadimləri bu yöndə sosial
şəbəkələrdə fəaliyyətlərini
artırmalıdırlar. Savadlı dini ekspertlərin köməyi ilə
müqəddəs kitabdan gətirilən və təhrif
edilən anlayışlar sosial şəbəkələr
vasitəsilə cəmiyyətə doğru, düzgün
çatdırılmalıdır. Efirlərdə,
saytlarda, sosial şəbəkələrdə savadlı
ilahiyyatçıların, ruhanilərin, imamların
çıxışı təmin edilməlidir. Bu gün dünyada bir çox tanınmış
müsəlman din xadimləri onlayn şəbəkədə
hesablar açıblar. Belə profillər zərərli
dini baxışların, radikal təməlçiliyin, dini
zəmində nifrətin qarşısını almaq
üçün mühüm amildir. Məsələn,
ABŞ-da populyar müsəlman alimi Sühəyb Ueyb sosial
şəbəkədən maarifləndirmək
üçün yaxşı istifadə edir. Onun Tvitterdə
100 minə yaxın abunəçisi, Feysbukda 215 min
izləyicisi var. Özünün 10 saniyəlik
videoroliklərində Ueyb narkomaniyadan tutmuş boşanmalara
qədər ən müxtəlif məsələlərə
toxunur.
Dini qarşıdurmaya rəvac verə
biləcək məlumatların yer aldığı saytlarla
mübarizə
Ölkədə
məzhəb, din ayrı-seçkiliyi salan, dini
qarşıdurmaya rəvac verə biləcək
məlumatların yer aldığı saytların
mövcudluğu artıq sübut olunub. Bu saytların əksəriyyəti dini qaynaqlı
saytdır. Baxmayaraq ki, özlərini
xəbər saytı, portalı kimi təqdir edir,
əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini
qruplar tərəfindən idarə edilən internet resursudur.
Həmin saytlarla bağlı müxtəlif
vaxtlarda Komitə hüquq-mühafizə orqanlarına
müraciət edib və lazımi tədbirlər
görülüb. Bu cür saytların
əksəriyyəti, demək olar ki, xarici
ölkələrdən idarə olunur. Onların
domenlərinə baxanda da bunu görmək
mümkündür.
Siyasi şərhçi
Sədrəddin Soltan deyir ki, informasiya texnologiyaları
inkişaf etdikcə məlumatların yayılması
sürəti də artır: "İnsanlıq isə
yarandığı gündən səsə, sözə,
indiki hala uyğunlaşdırsaq, məlumata həssas olub. Bu baxımdan ən güclü silahların
görə bilmədiyi işi məlumat, informasiya ilə
görmək mümkündür. Odur ki,
ziyanlı saytların açanlar da məlumatın,
informasiyanın bu üstünlüyündən
xəbərsiz deyillər.
Aydındır ki, bu kimi saytlar vasitəsi
ilə hər bir ideoloji düşüncə mərkəzi
özünə tərəfdar axtarır. İlk
hədəf isə təbii ki, özdilli əhalidir. Məqsəd təkcə təbliğat
məkanında hakimiyəti ələ keçirmək deyil.
Çünki onlar buna nail
olmayacaqlarını yaxşı başa
düşürlər. İsətnilən
dövlətin daxilində xaos yaratmaq cəmiyyətin həmin
dövlətin hakimiyyətinə inamını itirir. Belə bir şərait də həmin
qüvvələrin mövcudluğunu və fəaliyyəti
üçün ən optimal vəziyyətdir. Söhbət yalnız dini eksremist saytlardan getmir.
Ümumiyyətlə, yeniyetmələr,
gənclər üçün təhlükəli informasiya
vasitələrindən cəmiyyəti müdafiə
etməyin ən uğurlu yolu maarifçilik və doğrunun
təbliğatından keçir. Bu kimi
məsələlərin həllindən biri də mediada
mütəxəssislərin iştirakı ilə ictimai
müzakirələrin təşkilidir".
"İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu
saytların nəyə xidmət etdiyini, hansı
məqsədlər üçün
yaradıldığını ictimaiyyətə
çatdırmaq gərəkir ki, insanlar o saytların məqsədini
bilsinlər: "Dini saytların da bir çoxu xoş
niyyətlə yaradılmayan saytlardır. Bunlar
yalnız dini aşağılamaq, İslam və digər
dinləri gözdən salmaq, təxribat
məsələlərini gücləndirməklə
məşğuldurlar. Bunun
qarşısını almaq üçün KİV
vasitəsilə maarifləndirmə işi
aparılmalıdır".
Media təmsilçilərinin
üzərinə düşən vəzifə
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir
ki, milli-mənəvi və dini dəyərlərimizin
təbliğ və təşviq edilməsində, dinin
düzgün formada ictimaiyyətə
çatdırılmasında media təmsilçilərinin
üzərinə böyük vəzifə düşür.
Bu baxımdan jurnalistlər dinin düzgün
təbliğində, dini radikalizmlə mübarizədə
fəal olmalı, terrorizmə və ekstremizmə qarşı
tənqidi mövqe nümayiş etdirməlidirlər: "Din
və media münasibətləri bütün cəmiyyətlər
üçün, xüsusilə Azərbaycan cəmiyyəti
üçün aktualdır. Dini
maarifləndirmə işinin həyata
keçirilməsində, dini radikalizm və ekstremizmlə
mübarizənin təşkilində, milli-mənəvi
dəyərlərin qorunması və təbliğində
medianın rolu mühümdür. Dinin siyasiləşdirilməsi,
milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması,
dünyəvi təhsilə və dünyəviliyə
qarşı cəhdlər, məzhəbçiliyin
yayılması kimi din sahəsində üzləşdiyimiz
bir sıra təhdid cəhdləri var ki, onların aradan
qaldırılmasında Azərbaycan mətbuatının rolu,
dəstəyi
danılmazdır".
Məzhəbçiliyə
qarşı mübarizə aparan mətbuat
M.Qurbanlı
vurğulayıb ki, Azərbaycan xalqı bütün
dövrlərdə məzhəbçilikdən uzaq olub,
məzhəbçiliyə qarşı ən böyük
mübarizəni də mətbuat aparıb. Təəssüf ki, bəzi radikal,
məzhəbçi dini qruplar sosial
şəbəkələr, internet vasitəsilə də
öz təbliğatlarını qurmağa
çalışırlar: "Dini dözümsüzlük
də əsasən xaricdən idarə olunan dini saytlar,
xəbər portalları tərəfindən nümayiş
etdirilir. Bu onu deməyə əsas verir ki, bu
dini qruplar Azərbaycanda medianın dini
məsələlərə sağlam yanaşmasını
gördükləri üçün buna alternativ media
formalaşdırmağa çalışırlar. Biz həmişə bu cür xəbər
portallarına qarşı media ilə birlikdə
mübarizə aparırıq".
Jurnalistlər dini
sahədə yazı yazarkən ictimaiyyəti
çaşdırmamalı, məlumatları düzgün
çatdırmalıdırlar. Dinlə bağlı yazılar, reportajlar hazırlayan
media təmsilçiləri Azərbaycanda hansı dinə
məxsus insanların yaşadığını, dini
istiqamətləri bilməlidirlər. Bunları
bilməsək, dinlər arasında münasibətləri
düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və
dini prosesləri dərindən bilməliyik ki, yarana
biləcək problemlərin qarşısını alaq. Azərbaycan müsəlman ölkələri ilə
xristian ölkələri arasında bir körpüdür.
Dövlətimiz həm Avropa ölkələrinə, həm
də islam ölkələrinə
nümunədir. Ona görə də
Azərbaycan mətbuatı bütün bu
məsələləri həm cəmiyyətə, həm
də dünya ictimaiyyətinə düzgün
çatdırmalıdır.
İsgəndər
HƏSƏNOV Yazı
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin və Azərbaycan Mətbuat
Şurasının 22 iyul Milli Mətbuat Günü
münasibətilə "Din və media" mövzusunda
keçirdiyi birgə müsabiqəsinə təqdim olunur
525-ci qəzet.- 2019.- 13 iyul. S. 19.