Pole çudes oyunu.

Otağa gözlənilmədən ağır bir sükut çökmüşdü. Onların hər ikisi gözlərini bir-birinin üzünə zilləmişdi.

Əvvəlki söhbətə qulaq asanlar, bəlkə də, fikirləşirdilər ki, elə bu dəqiqə dava-dalaş yenidən başlayacaq. Ata öz oğluna ağzından çıxanı söyləyəcək, lap elə böyük-kiçik sərhədi gözləməyəcək. Hətta oğlunu uşaq yerinə qoyub əməlli-başlı əzişdirəcək, anası gəlib əlindən alsa da, ona məhəl qoymayacaq. Amma nədənsə, danışmaq istəmirdilər. Danışmaq deyəndə ki, oğlan hələ ağzını açıb bir kəlmə də söyləməmişdi. Elə bil onun vəzifəsi sus-pus oturub qulaq asmaq idi. Oğlanın hərəkətləri bir az da ədəb-ərkan gözləməyə oxşayırdı. O ki qaldı insaf məsələsinə, insaf üçün oğul gərək atasının bəzi sualına cavab verə idi, çünki onlar elə də çətin suallar deyildi. Amma cavab vermirdi. Bəli, atasının xasiyyətinə yaxşı bələd idi. Bilirdi ki, atası vaxt keçirmək üçün elə-belə sual verir, ondan cavab almaq niyyətində deyil. Yoxsa, elə dirəşərdi, hirsini boğa-boğa elə qışqırardı ki, oğulun ağzı nədi onun suallarına cavab verməsin. 

Sükutu yenə də ata pozdu, amma bu dəfə o, gülümsəyə-gülümsəyə danışmağa başladı:

- Ə, Şahqulunun nəvəsi, bəlkə, səndən bir-iki vacib söz soruşum, yəqin onlara cavab verərsən?

Yenə sükut yarandı. Bayırdan da, evin içərisindən də bir səs belə eşidilmirdi. Bu dəfə az qalırdı ki, sükutun bağrı çatlaya. "Di soruş da, niyə dayanmısan! Özün demədin ki, söz soruşum? Bəlkə, nə soruşacağın yadından çıxdı. Yox, yox, çıxıb eləməyib. Ona görə ki, bığaltı gülümsəyirsən". Ata oğlunun onun haqqında məhz belə düşündüyünü ağlına gətirib dilləndi:

- Həə, soruşum? Mənin suallarıma cavab verməyə hazırsan? Yaxşı düşün, əgər istəmirsənsə, heç sual verməyim? Dünya dağılmayacaq ki?! Guya mənim suallarım olmasa, dünyanın işi keçməyəcək?

O, yenə gülümsəməyə başladı, yenə oğlunun lal-kar dayanmasına diqqətlə baxdı. Birdən atanın dodaqlarından gülüş dinməz-söyləməz yoxa çıxdı. O, xeyli ciddi bir görkəm aldı:

- Ə, Şahqulunun nəvəsi, niyə dinmirsən? Dilini kökündən çıxarıblar? Bəlkə, ağzını açasan, baxım görüm dilin yerindədir, ya yox?! Elə bil sükut orucu tutub, zalım oğlu zalım.

Oğlan yenə dillənmədi. Elə o da hövsələsini bir az gen tutub dərinə getmədi. Amma bu dəfə sükut da çox sürmədi. O, uzandığı çarpayıda o tərəf-bu tərəfə qurcalanıb bir az dikəlmək istədi. Oğlan cəld yerindən qalxıb başqa bir kiçik balıncı onun kürəyinin arxasına qoydu. Sonra da gəlib yavaşca yerində oturdu.

Ata dilləndi:

- İndi səninlə pole çudes oynayacağam. Bir sualı bilsən, yarımfinala çıxırsan, ikinci sualı bilsən, finala çıxırsan, ən çətin sualı isə finalda verəcəyəm. Əgər qalib gəlsən, mükafat alacaqsan? Həə, mükafatın nədən ibarət olduğunu bəri başdan deyə bilmərəm, bu, ağzı açılmayan bir sirdir.

O, bir anlıq nəfəsini dərdi və sonra dedi:

- Başladıq. Çox əvvəllər yay aylarında kəndimizdə əkin-tikini suvarmaq üçün hamı suya tamarzı qalmışdı, sudan ötrü qonşu qonşunun, qardaş qardaşın vurub başını yarırdı. Bir vaxtlar insafa gəlib Araz çayının kənarında su nasosları quraşdırdılar və suyu nasoslarla Arazdan çəkib enli və uca arxa vururdular ki, hamı o sudan istifadə etsin; həm kolxozun, həm də camaatın əkib becərdikləri yanıb külə dönməsin. Həmin su gələn arxa da uşaqdan-böyüyə hamı Motor arxı deyirdi. Əslində, kəndimizdə içməli su da yox idi. İçməli suyu da ilboyu Arazdan gətirirdilər, həftənin bazar günündən başqa hər gün qız-gəlini, cavan oğlanları soldatlar tikanlı məftillərin əhatəsində olan qapıdan Araza tərəf buraxardılar. Çayın yatağı çox aşağı olduğu üçün 20-25 pilləkən aşağı enmək lazım gəlirdi. Günlərin bir günü kəndimizin gözəl-göyçək gəlini Səhnə su götürəndə ayağı sürüşüb Araza düşdü və hamının gözü qarşısında boğuldu. Birinci sual belədi: Arazdan su götürərkən kim Səhnəni itələyib Araza salmışdı?

Sonra da əlavə etdi ki, vaxt gedir.

Yenə də araya sükut çökdü. Onlar matdım-matdım bir-birlərinin üzünə baxmağa başladılar. Sanki neçə illərdir ki, görüşmürlər. Elə bu zaman fikir atanı uzaq illərə apardı. "Yazıq Səhnə kəndin sayılan-seçilən abırlı-həyalı gəlinlərindən idi. Hamının işinə yarayardı, hamıya kömək əli uzadardı, nə desəydin "gözüm üstə" sözündən başqa sözü olmazdı. Qonşular üçün təndirə çörək yapardı, yaşlı adamların əkin-tikininə kömək edərdi, bəzən ev işlərinə də əl atardı. Doğrudur, kasıblığın üzü qara olsun, kasıblıq çox kəmfürsətdir, adamın belini bükür. Amma işləyib pul qazanmaq heç də qəbahət deyil. Kimdənsə borc pul almaq üçün adamda üz lazımdır, amma zəhmətinlə çörək qazanmağa ağız büzən olmaz. Yazıq Səhnə, heç nəyin güdazına getdi".

O, birdən yuxudan ayılan kimi oldu və evdəkilərin eşidəcəyi uca səslə dedi:

- Həə, bir dəqiqə bitdi, cavab?

Cavab gəlmədi. Oğlan matdım-matdım atasının üzünə baxırdı. Hələ fikirləşirdi ki, atası bu sualı ona nəyə görə verib? Fikirləşə-fikirləşə ağlına iki məsələ gəlmişdi. Birincisi bu idi ki, Səhnənin ölümü kəndin ən böyük faciəsi hesab olunduğuna görə atası bu sualı vermişdi. Səhnə boğulanda uşaqlı-böyüklü bütün kənd adamları Arazın kənarına tökülüşüb yana-yana, ağlaya-ağlaya Səhnənin ölüsünü axtarırdılar. Bir də oğlanın ağlına gəldi ki, verilən sualda Səhnənin ölümü əsas ola bilməz. Olsa-olsa sual ikinci məsələ ilə bağlıdır. Bu da ondan ibarətdir ki, o, Səhnənin qızını istəmişdi. Yəqin atası bunu bildiyi üçün oğluna belə bir sual vermişdi. Amma nə düşünürsən düşün, nə fikirləşirsən fikirləş, bu sualın verilməsinin əsl səbəbini, şübhəsiz, atasından başqa heç kəs bilə bilməzdi.

- Ə, Şahqulunun nəvəsi niyə cavab vermirsən? Mən bilən bu sualın cavabını söyləmək sənin üçün o qədər çətin olmamalıdır.

Atasının bu sözlərindən sonra oğlanın ağlına gəldi ki, həə, elə düşündüyüm kimidir, atası eyhamla danışıb məhz axırı yaxşı qurtarmayan həmin məsələyə işarə vurur.

Atasının da qəfildən ağlına gəldi ki, uşaq elə həmin məsələni xəyalına gətirə bilər. Sonra da ürəyində dedi ki, deyəsən, uşağın xətrinə dəydim. Bunu fikirləşərkən halı əməlli-başlı dəyişdi. Bayaq oğlunun kürəyinin altına qoyduğu balıncı götürmək istədi. Oğlan cəld yerindən qalxıb atasına kömək elədi və balıncı götürəndən sonra atasını yavaşca çarpayının üzərinə uzatdı. Yanındakı stolun üstündə qoyulmuş qrafindən stəkana su süzüb atasına uzatdı. Atası da suyu alıb bir-iki qurtum içdi.

Fasilə yarandı. Amma bu fasilə də uzun çəkmədi. Atasının rəngi özünə qayıtdı. Sualını bir az da ört-basdır etmək, uşağın xətrinə dəyməmək üçün belə bir cümlə işlətdi:

- Axı sən Səhnənin oğlu ilə dostluq edirdin! Hər halda sənə bu barədə nəsə deməmiş olmaz. Bilirəm, özün cavab vermək istəmirsən. Onsuz da hamı kimi sən də bilirsən ki, Səhnəni Nəcəfalının gədəsi itələyib Araza salmışdı. Həə, bu sualın cavabını bildin. Keçək yarımfinalın sualına. Bu sual əvvəlkindən azca çətin olacaq.

O, yenə dikəlmək istədi. Bunu hiss edən oğlan yerindən tez qalxıb atasına kömək elədi və balıncı yenidən onun kürəyinin altına qoydu. Bu dəfə, deyəsən, bədəni bayaqkından bir az da yuxarı qalxmış oldu. Dərindən nəfəs alıb dilləndi:

- Həə, hazırsan? İkinci sual bir az çətindir. Axı yarımfinal sualıdır.

Oğlan yenə matdım-matdım atasının üzünə baxdı. Atası nəsə yadına düşmüş kimi gülümsəmək istədi, dodaqları qaçdı, amma gülümsəmədi.

- Niyaz səninlə şagird yoldaşı olub. Neçə il bir sinifdə oxumusunuz, bir partada oturmusunuz. Futbol oynayanda da bir komandada oynayırdınız. Yadıma gəlir ki, hücumçu olmaqdan ötəri bir-birinizi qırırdınız, niyə, nə üçün? Elə bilərsən bu, pole çudesin sualıdır, xeyr! Belə suala sən gözüyumulu cavab verərsən və deyərsən ki, hamı qol vurmaq istəyirdi. Düz də deyirsən. Sözüm başqadır. Niyaz da sakitcə gedib qapıda durardı, çünki heç kəs qapıçı olmaq istəmirdi. Həmin illərin birində, Novruz bayramı ərəfəsində Niyazın nənəsi Dilbər arvad hay-həşirlə məktəbə gəlmişdi. Hamı da elə bilirdi ki, o, qızı Darçınla bir sinifdə oxuyan və indi Niyaz da daxil olmaqla oğlanların saçını zorla qırxdıran İsmayıl müəllimlə dalaşmağa gəlmişdi. Sual belədir: əsl həqiqətdə Dilbər arvad məktəbə nə üçün gəlmişdi?

Araya sükut çökdü. Oğlan bir anın içərisində həmin hadisələri gözünün qabağına gətirdi. Onda Dilbər arvadın səs-küyünə bütün məktəb ayağa qalxmışdı. Atasının sualından başqa bir də öz-özünə sual verdi ki, yaxşı, Dilbər arvad bəs nə üçün gəlmişdi? Elə bu dəm atası dilləndi:

- Həə, tapdın, düz tapdın, sənin ürəyini oxuyuram. Demək istəyirsən ki, bir vaxtlar Darçını İsmayıl müəllimlə nişanlanmağa qoymayan Dilbər arvad indi İsmayıl müəllimdən üzr istəməyə gəlmişdi. Afərin!

Ata bir az dikəlmək istədi. Oğlan ona kömək elədi. İndi artıq çarpayıda oturan kimi idi.

- Həə, gəldik çıxdıq finala. Şübhəsiz, bu sual xeyli çətin olacaq, axı finaldı. Amma bir şeyi bilirəm ki, nə qədər pul təklif eləsəm, götürməyəcəksən, final oyununa gedəcəksən. Deynən haradan bilirsən? Oradan bilirəm ki, sən altıncı, ya yeddinci sinifdə oxuyurdun. Novruz bayramı günü kəndin ortasında yumurta döyüşdürürdülər. Ən maraqlısı bu idi ki, yumurtadan qatar düzəltmişdilər. Uduzan adam sındırılmış yumurtanı ortaya qoyub kənara çəkilirdi. Axıra səninlə Abasqulunun oğlu qaldı. Abasqulunun oğlu təklif elədi ki, gəl döyüşməyib yumurtaları yarı bölək. Yadımdadır, sən də bununla razılaşmayıb yumurtaları döyüşdürdünüz. Nəticədə də uduzdun. Mən elə o vaxtdan bilirəm ki, sən uduzsan da, geri çəkilən deyilsən.

Ata bir az fasilə verəndən və stəkandan bir qurtum su içəndən sonra dedi:

- Yəqin ki, Məşədi Vəli kişini yaxşı tanıyırsan, o öləndə sən elə də uşaq deyildin. Yas yerində köməklik edirdin, çay gətirirdin, stəkan aparırdın. O, məzəli-məzəli söhbətlər edərdi, hər deyilənə bənd olmazdı, amma ürəyində çox sirlər vardı. Dediyi hər söz ildırım sürəti ilə kəndə yayılardı.

Bir dəfə kürəyini məktəbin divarına dayayıb dincələndə görür ki, Baftalı Salahın nəvəsi yol ilə gəlir. Baftalı Salahın nəvəsi o vaxtlar böyümüşdü, institut qurtarmışdı. Əli ilə onu yanına çağırır və deyir ki, biz uşaq olanda gizlənpaç oynayardıq və Ağoşla Zeynəb elə yerdə gizlənərdilər ki, biz onları tapa bilməzdik. Sonra da söyləyir ki, onların yerini indi tapmışam. Qulağını yaxın gətir, sənə deyim və demişdi. Məşədi Vəli kişi yetmiş ildən sonra gizlənpaç oynadıqları zaman Ağoşla Zeynəbin gizləndiyi yeri tapmışdı. İndi sual belədir: Ağoşla Zeynəbin gizləndiyi yer haradır?

Oğlan gözlərini döyməyə başladı, hələ bir gülümsəmək də istədi, amma gülümsəmədi. Suala məəttəl qalmışdı. İstədi deyə ki, ay ata, mən bunu Ağoşla Zeynəbin yanında olsaydım bilərdim. Amma demədi. Fikir onu öz uşaqlıq illərinə apardı. Onlar da gizlənpaç oynayardılar. Biri gözlərini yumardı, o birilər də ağacların dalında gizlənərdilər. Orada gizlənmək üçün ağaclardan başqa yer yox idi. Yalnız bircə dəfə Səhnənin qızı anamın arxasından gizlənmişdi və anam da heç kəsə ona əl vurmağa imkan verməmişdi. Bircə mən gələndə imkan yaratdı ki, mən onun əlindən tutum. Belə-belə şeyləri fikirləşirdi ki, atası dilləndi:

- Nə yaman çorta getmisən? Sualın cavabını bilmirsən? Bəlkə, dosta zəng edək?

Bu sözlərdən sonra azca qımışdı. Oğlunun da könlündən qımışmaq keçdi, amma bacarmadı.

- Həə, bir neçə variant deyim, onlar haqqında fikirləş. Məsələn, mal tövləsi, Hacı Muradın ot tayası, arxın içi.

Oğlandan yenə səs çıxmadı. Qəribədir ki, birdən mal tövləsində kinoya baxmaqları onun yadına düşdü. Bu, "Leyli və Məcnun" kinosu idi. Demək olar ki, bütün kənd bu kinoya gəlmişdi. Kəndi çapıb talasaydılar, heç kəsin xəbəri olmazdı.

Atası bir az da gözləyib, sonra davam etdi:

- Ə, Şahqulunun nəvəsi, el-aləm bunu bilir, sən bilmirsən? Başa düşdüm, özün demək istəmirsən. Cavab Hacı Muradın ot tayasıdır. Sən qalib gəlirsən.

Onu öskürək tutdu. Öskürək ara verəndən sonra dedi:

- Həə, mükafat barədə düşünərəm.

Yenə onu öskürək tutdu:

- Öhöö, öhöö, öhöö!

Yessentuki

09.08.2018

 

Kamran İMRANOĞLU (ƏLİYEV)

525-ci qəzet.- 2019.- 13 iyul. S. 21.