Məcburi
yazmaq zərurəti hiss
etmirəm. Bu nə peşəm, nə
sənətim, nə də öhdəliyimdir. Yazmağı
qeyd-şərtsiz mənəvi nəfəsim hesab
edirəm. Mübaliğəyə də gərək duymuram.
Mənim ehtiyacım yoxdur ki, yazarkən necə sərxoşa çevrildiyimi açıqlayım və ya gecələri səhərə qədər
simfoniya dinləyərək
yazmağın ömrümü
qısaltmasından duyduğum həzzi oxucu ilə bölüşüm.
Bu, çox
qəribə eqoizmdir. Sanki
mənliyim tamamilə ruhsal
dünyaların əks olunmasından yaranmış
mənəvi muzey, oxucu
isə heyranlığını gizlədə bilməyən
tamaşaçıdır. Fikirlərimin sərtliyi və ya mülayimliyi oxucu üçün o qədər də maraqlı deyil.
O, susuz bədəviyə bənzəyir.
Həyəcanla gözləyir ki,
yazıçı möhtəşəm ideyalarla
onu həyata bağlasın,
hərçənd bəzən onun
istəkləri reallaşmır. Elə oxucu
var, anlamır ki, depressiv hal yazarın da şüurunda dərin iz buraxır. O da
istirahətə ehtiyac duyur,
hər kəs kimi o da sakitləşmək istəyir. Bunu anlamayan
şəxslər qəbul edə bilmirlər ki,
mənəviyyat - yazıçı və oxucu
üçün
özəlləşdirilmiş məfhum deyil.
Bu
səbəbdən də hər hansı oxucunun
diqqətlə izlədiyi bu fikirləri yazmağa məcburam (Oxucu,
ola bilər, bu
hissədən sonrası ilə öncəsi arasında
məntiqli əlaqə tapa bilməsin.
Heç
mən də tapmamışam). Məsələn,
elə bu gün, axşam saatlarında keçirdiyim
sarsıntını, ləyaqətimə
sığışdırmağı bacarmadığım
lənət sözləri, əzgin halda,
üşüməkdən, az qala, titrəməyə başlayan
bədənimi güclə idarə etdiyimi,
qızdırmanın beynimi dondurduğunu - oxucu
yəqin ki, bunu hiss edir - mən,
əlbəttə, izah etməliyəm.
Əsas məsələ baş verən bu hadisələri açıqlamaqda yox, proseslərin əzabverici həzlə dolu olan ruhundadır.
Yazar - həyatın ruhu ilə sevişə bilən kəsdir. Bu mənada, yazıçı mütləq şəkildə hərflərdən istifadə etməyə məcbur deyil. Bəziləri, sadəcə, bəsit cümlələrdən istifadə edərək ətrafdakıları öz qəribə xüsusiyyətləri ilə təəccübləndirdikdə, əslində, təbiətin, daha doğrusu, kainatın heyrətamizliyini minimal səviyyədə olsa belə, bəşərə çatdırmış olurlar. Hər insanın ruhi bətnində yazarlıq potensialı var. Bir çoxları 70-100 illik quru ömürləri boyunca ruhani abortla məşğul olduqları zaman, çox az qism gənc yaşlarında valideyn olur: "ruh valideynləri".
Yazdıqlarımı gələcəyə ünvanlasam da, tam olaraq məqsədim yoxdur. "Tam" sözünü elə konkret şəkildə yazıram. Başqa niyyətim olsaydı, bunu yəqin ki, açıqlamağı düşünərdim. Hərçənd, məni yazmağa təhrik edən səbəb həqiqətən də, içimdəki istəkdir. Bu qədər bəsit! Oxucu "Mən bu şəxsin dediklərindən nə anlamalıyam, o, bizə hansı fikri çatdırmaq istəyir?" sualını verərkən, mənim gerçək hədəfimi reallaşdırmış olur. Sırf öz iradəsi ilə düşünüb ideya yaratmağa çalışan insan azad insandır. Burada, söhbət bədii azadlıqdan gedir. Gerçək həyatda belə məfhumun mövcudluğuna zərrə qədər şübhə etmirəm. Axı, heç azadlıq özü yoxdur ki, barəsində şübhə də duyulsun. Həqiqi olmayan azadlığa qarşı inam, ümid və arzu hiss etmədiyimi bildirməliyəm. Mənim marağımda deyil ki, nə vaxtsa həbs edilsəm, məhbəsdə keçirəcəyim müddət nə qədər sıxıcı olacaq, ya da sevdiyim şəxs bir gün öz kefini kökəldib bəsləsin deyə, məni tərk edərsə, bu mükəmməl bədii yaradıcılıq nümunəsindən başqa nə sayıla bilər?
Xeyr. Oxucu əsla düşünməsin ki, mən hissləri ölmüş birisiyəm. Əksinə, anlasın ki, hisslər zatən ruhun ölümü üçün durmadan çalışan muzdlu qatillərdir. Həqiqət, yalnız hisslərin (emosiya da demək olar) fövqündə parlayan insan şüuru ilə dərk edilə bilər. Hərdən, fikirləşirəm ki, hazırda əlçatmaz görünən fövqəlşüur, bəlkə də, həqiqətin özüdür. Sonra barəsində daha çox baş sındırır və həqiqətin mütləq özdən təzahür etdiyinin, bizim isə əslində, bu həqiqətin zərrəsi olduğumuz qənaətinə gəlirəm. Belə fikirlər, razıyam, insanı bir qədər yorur. Lakin bütünün parçası olduğumu duyarkən - bəli, hər nə qədər qəribə olsa belə, hiss edirəm - mənim azadlıq kimi cəfəng anlayışa da ehtiyacım qalmır. Axı, bizi kim aldadıb ki, mütləq şəkildə məhbusuq? Biz öz beynimizdən asılıyıq, fəqət bu, ümumiyyətlə, kütləni mütləq əsirə çevirmir. Bir gün zəkanın daha üst qatlarını öyrənərək, mövcud ideyalarımızı dərindən təhlil edə, onların kökündə dayanmış saf mənaları aydınlaşdıra bilərik. Bu vəziyyətdə insan məgər kimsə tərəfindən, nəyəsə və ya harasa pərçimlənmiş qaya parçası kimi, həbs edilibmi ki, indi də azadlıq eşqinə düşsün? - Zənn etmirəm.
Məhrumiyyət olmadığı yerdə azadlıq arzulamaq axmaqlıqdan savayı bir şey deyil...
Əslində, daha çoxunu da yaza bilərəm. Hətta bir qədər özümü bərkə salsam, hansısa əcaib aforizmlərlə oxucuda "əjdahasan!" təsəvvürü formalaşdıra və öz eqomu təmin etməyi də bacararam. Lakin əgər mən həyat eşqi tamamilə sönmüş insan kimi, "var olmaq üçün ehkamlaşdırılmış səbəbə ehtiyacımız yoxdur" - fikrinə varıramsa, deməli, oxucu həmin cümlədən təsirlənəcək (Doğrusu, bəzən həyat eşqimin sönməsinə təəccüb edirəm. Bəlkə, mən özümü aldadan bir yalançıyam?). Ancaq məqsədim oxuyan şəxsi həyəcanlandırmaq, şübhələrə qərq etmək deyil. Hazırda sidq ürəkdən çalışıram ki, bu fikirlərimi analiz edən müəmmalı, öz ruhundan xəbərsiz - bəlkə də xəbərdar - insan dünyəvi həyatın əslində, nemət yox, zülm olduğunun fərqinə varsın. Bəşəriyyətə həzz verən bütün gözəlliklər gerçəkdə, kəsilmiş arteriyadan fışqıran al qana bənzər bədbəxtlikdir - məsumiyyəti məhv edir. Məgər O (kimliyi önəmsizdir), fərqində deyilmi ki, doğulmaq əzablarla çarpışmadan məğlub olmaqdır? Zənnimcə, ən xoşbəxt şəxs bu günə qədər təxminən yüzlərlə yazıçının bildirdiyi kimi, "heç doğulmamış insandır". Ancaq cəsədi tarixlə çürüyən bu yazarlardan fərqli olaraq mən iddia edirəm ki, biz o xoşbəxt insan obrazını özümüz uydurmuşuq. Sonra adını kökündən dəyişərək, xəyal, ümid və arzularımızla bütünləşdirərək yeni "Xoşbəxtlik simvolu" yaratmışıq - saxta tanrı (Burada gerçək tanrıdan bəhs etmək lüzumsuzdur).
Deməli, fövqəlinsan zəkalı şəxsin
tapındığı bütdür? Bu, inanılmazdır! Bəlkə də,
kütlə məhz onun belə
inanılmaz olmasında bir ilahilik
görməyə çalışır? Artıq
şübhə etmirəm...
Mirçingiz AĞAZADƏ
525-ci
qəzet.- 2019.- 13 iyul. S. 23.