Yubilyarı
təbrik etdilər
Həyatda elə insanlar var ki, onlar
öz xeyirxah əməlləri, qurub yaratmaq həvəsi
ilə yaşayırlar. Bu xoş
əməllərinin nəticəsində bu
insanlar elə öz
sağlıqlarında tarixə çevrilir
və hamı tərəfindən hörmətlə
qarşılanırlar.
Belə insanlardan biri
də Fərman Məmməd oğlu Rzayevdir. Uca dağların
qoynunda dünyaya göz açan Fərman
müəllim 75 ildir ki,
bu keşməkeşli yolları
mərdi-mərdanə addımlayır. Müəyyən
çətinliklərə baxmayaraq,
Fərman müəllim bu yolda
heç vaxt
büdrəməyib, əksinə, həmişə bütün sınaqlardan qalib
çıxıb və öz
istəyinə nail olub.
Ulu öndər Heydər Əliyevin belə bir sözü var: "Mən həmişə arzu etmişəm ki, insanlara xidmətlərinə görə qiymət verilsin".
Fərman müəllim də sağlığında xalq və dövlət tərəfindən layiqli qiymətini alan insanlardandır.
Fərman Məmməd oğlu Rzayev 1944-cü ilin iyun ayının 1-də Gədəbəy rayonunun Kələman kəndində doğulub. Orta məktəbi və hərbi xidməti başa vurduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olub. Oranı bitirdikdən bir neçə il sonra Gəncə avtomobil məktəbinin Gədəbəy filialına rəhbərlik edib. Məktəb 2001-ci ildən Texniki idman klubu, 2005-ci ildən isə müstəqil avtomobil məktəbi kimi fəaliyyət göstərir. Hazırda məktəb bu sahədə respublikada tanınmış avtomobil məktəblərindən biridir. Məktəbin bünövrəsindən hazırkı vəziyyətinə qədər tikilməsində Fərman müəllimin böyük əməyi olmuşdur.
Ömrünün yarıdan çoxunu məktəbin tikintisinə, inkişafına və müstəqil fəaliyyətinə sərf edib. Milli zövqlə bəzədilmiş bu binaya baxanda adama hər şey aydın olur. Dərs kabinetləri, Heydər Əliyev güşəsi, təlim üçün xüsusi meydança, avtomobillər üçün qarajlar, texnikanın saz vəziyyətdə saxlanması məktəbdə təlim-tədrisin yüksək səviyyədə olmasından xəbər verir. Əbəs yerə bu məktəbə Gəncəbasar bölgəsində "Fərman müəllimin məktəbi" demirlər.
İyun ayının 29-da bu doğma ocaqda saçlarını ağartmış həmişəcavan ağsaqqalın 75 yaşı tamam olub. Bu münasibətlə məktəbdə geniş tədbir keçirilib. Bu möhtəşəm tədbir Fərman Rzayevin həyat və əmək fəaliyyətini əks etdirən bir tədbir idi. Tədbirdə respublikanın müxtəlif yerlərindən dəvət olunmuş qonaqlar, Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon fəalları və ağsaqqalar iştirak ediblər.
Tədbirdə çıxış edən Gədəbəy RİH-nin başçısı İbrahim Mustafayev Fərman müəllimin əməyini yüksək qiymətləndirib və onu "Fəxri Fərman"la təltif edib.
"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin rəhbərliyi adından Tofiq Salmanov yubilyarı təbrik edərək, onun həyat və fəaliyyətindən danışıb. O, Fərman Rzayevin bu sahədə uzun müddət işlədiyini deyib. Tofiq Salmanov "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin sədri Niyazi Zeynalovun adından təbrik edib. Eyni zamanda, onun təyinatı əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun əmri ilə "Hərbi Vətənpərvərlik xidmətlərində fəal iştirak etdiyinə görə" Azərbaycan Respublikasının medalını ona təqdim edib.
Digər çıxış edənlər Müdafiə Nazirliyinin əməkdaşı, şair Abdulla Qurbanı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gədəbəy rayon şöbəsinin rəisi Eldəniz Süleymanlı, Göygöl filialının direktoru Vaqif Bağırov yubilyarı təbrik ediblər.
Sonda Fərman müəllim çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü, məktəbin problemlərinin həllində həmişə yaxından köməklik göstərdiyinə görə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Şahvələd Əliyevə kollektiv adından xüsusi minnətdarlığını bildirib.
Lider TV-nin "Gecənin sehrində" verilişinin əməkdaşları respublikada yayımlanmaq üçün tədbirdə çəkiliş aparıblar.
İncəsənət ustalarının
çıxışları tədbiri daha
da gözəlləşdirib və
iştirakçılara xoş anlar yaşadıb.
Nəriman ZEYNALLI
525-ci qəzet.- 2019.- 13 iyul. S. 24.