Yaddaşlarda yaşayan insan
Görkəmli şairimiz Səməd Vurğunun təbirincə
desək, bir yandan boşalıb, bir yandan dolan
dünyada Tanrının
ayırdığı zaman
kəsiyində hər
kəsin ömür payı var.
Bu ömrü necə
yaşamaq isə hər kəsin özündən və onu əhatə edən mühitdən asılıdır. Dünyaya gələn insan
müəyyən missiya
daşıyır. Ömrün mənası
və mahiyyəti yaşanan illərin sayı ilə deyil, bu missiyanın
necə yerinə yetirilməsi ilə şərtləndirilir. Əksər insanlar
oxşar tərzdə,
gündəlik qayğılarla
baş-başa qalaraq ömür sürür və dünyadan köçür. Elə insanlar
da var ki,
onların həyatı,
fəaliyyəti ictimai
məzmun kəsb edir. Həmin insanlar öz
peşə fəaliyyəti
ilə əlaqədar
cəmiyyətin inkişafına,
millətin tərəqqisinə
xidmət edir.
Şərəfli ömür sürən, vaxtsız vəfatı ilə onu tanıyanları
dərindən kədərləndirən
belə insanlardan biri də Minayə
Həsən qızı
Hüseynovadır. Qırx dörd
illik pedaqoji fəaliyyəti ilə minlərlə gəncin təlim-tərbiyəsində, kamilləşməsində
zəhmətini əsirgəməyən
bu məğrur insanın yetirmələri
müxtəlif sahələr
üzrə dəyərli
mütəxəssis kimi
yetişmiş və ölkəmizin inkişafına
töhfələr verirlər.
Deməli, şərəfli müəllim ömrü yaşamaq bilavasitə millətə xidmət deməkdir.
Minayə Hüseynova qədim oğuz yurdu Göyçə mahalında
dünyaya gəlib. Orta təhsilini
mükəmməl təhsil
ənənələrinə malik Ardanış kənd məktəbində
başa vurduqdan sonra Azərbaycan Xarici Dillər İnstitutunun, indiki Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olub. 1974-cü ildə təyinat üzrə Saatlı rayonunun Məmmədabad kənd məktəbinə
müəllim göndərilmiş,
ömür-gün yoldaşı
Abbas müəllimlə
birlikdə həmin məktəbdə səkkiz
il dərs
demişlər. Doğma yurd
sevgisi onları yenidən Göyçə
mahalına qayıtmağa
sövq etmiş və 1980-ci ildən etibarən pedaqoji fəaliyyətini orada davam etdirib. Sən demə, məkrli erməni siyasətinin nəticəsində
didərginlik taleyi yaşamaq, qaçqın adı daşımaq da varmış Minayə
xanımın taleyində.
Məlum hadisələrlə
əlaqədar olaraq
1988-ci ildə Bakı
şəhərində məskunlaşdıqdan
sonra bütün çətinliklərə rəğmən,
sevimli peşəsindən
ayrılmamış və
Nərimanov rayonundakı
178 və 34 saylı
tam orta məktəblərdə
çalışıb. Zamandan
və məkandan asılı olmayaraq, işə
vicdanlı münasibəti,
şəxsi keyfiyyətləri
sayəsində şagirdlərin
sevgisini, pedaqoji kollektivin hörmətini qazanıb. Bir il əvvəl
amansız ölüm
onu sevimli şagirdlərindən, doğmalarından
ayırdı. Övladları ana, nəvələri nənə, şagirdləri
isə qayğıkeş
müəllim itirdi.
Müdriklərdən biri deyib ki,
insan fiziki ömrünü başa vurduqdan sonra, xatırlanırsa, onu tanıyanların yaşadığı
illərin sayı qədər həmin insanın mənəvi ömrü də davam edir. Bu mənada, saf əməlləri ilə xatırlanan Minayə xanım yaddaşlarda yaşayır və yaşayacaqdır.
Bu sətirlərin müəllifinə
bilavasitə dərs deməsə də, dəyərli məsləhət
və tövsiyələr
verdiyi və xeyir-dualarını əsirgəmədiyi
üçün Minayə
Hüseynovanı mən
də özümün
müəllimim hesab edirəm. Allah sənə
rəhmət eləsin,
məzarın nurla dolsun, əziz müəllimimiz!
Vaqif KƏRİM
525-ci qəzet.- 2019.- 13 iyul.- S.24.