Birgə
müsabiqənin qalibləri mükafatlandırılıb
İyulun 16-da
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və
"Azərenerji" ASC-nin birgə təşkil etdikləri
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni
hədəflər" mövzusunda fərdi jurnalist
yazıları müsabiqəsinin nəticələri
açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə
Fondun icraçı direktoru
Vüqar Səfərli,
"Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar
Əliyev, habelə ölkənin 20-dək aparıcı
kütləvi informasiya vasitələrinin
rəhbərləri və qalib
jurnalistlər iştirak ediblər.
Tədbirin əvvəlində "Azernerji"
ASC-nin "Reabilitasiya
proqramı" çərçivəsində görülmüş işlərdən
bəhs edən qısa videoçarx nümayiş olunub.
Qonaqları salamlayan
"Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar
Əliyev bildirib ki,
ötən ilin payızından başlayaraq "Azərenerji" ASC
tərəfindən “Reabilitasiya
Proqramı”na start verilib
və Mingəçevirdə yerləşən
"Azərbaycan" İstilik Elektrik Stansiyası da daxil olmaqla
ölkədəki 12 elektrik
stansiyasında, sistem əhəmiyyətli 17 yarımstansiyada 100-dən
artıq təyinat üzrə yenidənqurma, təmir və
bərpa işləri aparılır: “35 elektrik
stansiyası və 150 yarımstansiyanı əhatə
edəcək SCADA Dispetçer
İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji
sistemində qəza rejimlərinin
məhdudlaşdırılması və tam
ləğvini mümkün etmək üçün mikroprosessor
texnikasının tətbiqi, həmçinin
modernləşdirilməsi ilə yeni
əks qəza avtomatika kompleksləri
yerinə yetirilir".
Vüqar Əliyev həmçinin bildirib ki, 2018-2021-ci illəri əhatə edən
"Reabilitasiya proqramı"nın
həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerjisistemin etibarlığını və
dayanaqlığını təmin edərək inkişafa nail olmaqdır: "Reablitasiya proqramı
çərçivəsində 800 MVt-dan
artıq “itirilmiş” gücün
bərpası planlaşdırılıb".
"Azərenerji
ASC" prezidentinin müşaviri
görülən işlərin ictimaiyyətə dolğun və obyektiv
şəkildə çatdırılmasında
jurnalistlərin rolunu da
xüsusi vurğulayıb. O, təşkil
olunmuş müsabiqənin
əhəmiyyətini yüksək qiymətləndirdiyini
bildirərək yekun nəticələr
barədə danışmaq üçün
sözü Fondun
icraçı direktoru Vüqar
Səfərliyə verib.
Tədbir
iştirakçılarını salamlayan
Vüqar Səfərli media
nümayəndələrini Milli
Mətbuatın yaranmasının 144-cü ildönümü
münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları
arzulayıb. Vüqar Səfərli mərkəzi və yerli
icra hakimiyyəti orqanları ilə
əməkdaşlığın genişləndirilməsi
məqsədinə xidmət edən tədbirlərin,
eləcə də birgə fərdi yazı
müsabiqələrinin təşkilinin Fondun
fəaliyyətində prioritet
istiqamətlərdən biri olduğunu qeyd edib.
Azərbaycanın davamlı və sabit
inkişafında energetika sisteminin
rolunu xüsusi qeyd edən Vüqar
Səfərli bir ilə yaxın
müddətdə bu sahədə mühüm islahatların
aparıldığını, enerjisistemin
etibarlığının xeyli
dərəcədə yüksəldiyini bildirib.
İcraçı direktor əlavə edib ki, "Azərenerji" ASC ilə birgə keçirilən
müsabiqənin əsas məqsədi Azərbaycan
Respublikasının enerji
təhlükəsizliyinin davamlı olaraq
təmin edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə
əlaqədar reallaşdırılan tədbirlərin
ictimaiyyətə obyektiv
şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını
stimullaşdırmaqdır.
Çıxışını davam
etdirən Vüqar Səfərli bildirib ki, 2019-cu il mayın 10-dan iyulun
5-dək davam edən birgə fərdi jurnalist yazıları müsabiqəsinə 25
KİV-dən 35 yazı təqdim edilib,
yazılar üç nəfər ekspert tərəfindən
qiymətləndirilib. İcraçı direktor
yekun nəticələrə əsasən, yazı
müəlliflərindən 6 nəfərinin əsas, 10
nəfərinin həvəsləndirici mükafatlara
layiq görüldüyünü
diqqətə çatdırıb.
Sonra qaliblərə fəxri diplom və pul
mükafatları təqdim olunub.
Tədbiri yekunlaşdıran "Azərenerji" ASC prezidentinin ümumi
işlər üzrə müşaviri Vüqar Əliyev media
münayəndələrini Milli
Mətbuat Günü
münasibətilə təbrik edib,
habelə Fondla bundan sonra da
müştərək layihələrin həyata
keçiriləcəyini vurğulayıb.
525-ci qəzet.- 2019.- 17 iyul. S. 3.