Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir

Mötəbər tədbirdə Türkiyə geniş heyətlə təmsil olunur

Dünən "Dreamland Golf Club Baku" kompleksində "Super Sun" və "Azerçay" markalarının sponsorluğu, Azərbaycan Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 1-ci Dünya İslam Kulinariya Konqresinin açılış mərasimi olub.

Mərasimdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti, Türkiyə Aşpazlar Qənnadçılar Konfederasiyasının rəhbəri Gökhan Tufan tədbirin qardaş ölkə Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirib. İlk dəfə 2009-cu ildə Bakıda Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun təşəbbüsü ilə Beynəlxalq İslam mətbəxi kulinariya festival-çempionatının təşkil olunduğunu xatırladan G.Tufan Dünya İslam Kulinariya Birliyi ideyasının həmin tədbirdə yarandığını bildirib. Nəticədə qısa müddət sonra adıçəkilən təşkilatın yaradıldığını diqqətə çatdıran G.Tufan birliyin ilk konfransının 2010-cu ildə İstanbulda keçirildiyini qeyd edib. O əlavə edib ki, təşkilatın əsas missiyası insan sağlamlığına faydalı, halal qidaları təbliğ etməkdir.

Daha sonra T.Əmiraslanov çıxış edərək vitse-prezidenti olduğu Dünya İslam Kulinariya Birliyinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O, birliyin fəaliyyətinin təkcə müsəlman ölkələri ilə kifayətlənmədiyini, həm də xristian ölkələri ilə İslam mətbəxi sahəsində əməkdaşlığı özündə ehtiva etdiyini diqqətə çatdırıb: "Biz heç bir ayrı-seçkilik yaratmadan bütün dünyada İslam kulinariya dəyərlərini təşviq etmək, halal qida ənənələrini təbliğ etməyi qarşıya məqsəd qoymuşuq".

Turizmin inkişaf etdiyi müasir dövrdə dinindən aslı olmayaraq bütün ölkələrdə İslam mətbəxinə müraciət olunduğunu, müsəlman turistlər üçün halal qida təqdim edən restoranların fəaliyyət göstərdiyini diqqətə çatdıran T.Əmiraslanov həmin iaşə obyektlərini fərqləndirmək üçün "Mişlen ulduzu"nun İslam analoqu kimi 3 dərəcəli "Hilal star" lövhələri hazırladıqlarını bildirib. Bundan əlavə, birliyin 3 dərəcəli "Hilal şef" nişanları İslam kulinariyası sahəsində ixtisaslaşmış aşpazlara təqdim olunacaq.

Mərasimdə WICS-in baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə Paşayeva, Xalq yazıçısı Çingiz Abdullayev də çıxış edərək tədbir barədə fikirlərini bölüşüb.

Konqres çərçivəsində WICS kateqoriyalı münsif kursları və Dünya İslam Kulinariya Birliyinin ikinci konfransı keçiriləcək. Bundan başqa, II Beynəlxalq İslam Kulinariya Çempionatı təşkil olunacaq. Bu, peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq.

Həmçinin, halal qida sərgisi öz işinə başlayıb. İyulun 19-dək davam edəcək sərgidə müxtəlif ölkələr, o cümlədən, Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya, Qazaxıstan, HindistanPakistan təmsil olunur.

Tədbirlə bağlı təəssüratlarını bölüşən Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçi Dünya İslam Kulinariya Konqresinin Azərbaycanda keçirilməsinin önəmli hadisə olduğunu, tədbirin yüksək səviyyədə təşkil olunması üçün qardaş ölkə olaraq ciddi dəstək verdiklərini bildirib. Eyni zamanda, konqresdə ən geniş heyətlə təmsil olunduqlarını deyən İ.Çiftçi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qatqıları ilə həm tədbirin sərgi hissəsində halal qida məhsulları və Türk kulinariya mədəniyyətinə aid kitab, broşurlar təqdim etdiklərini, həm də 2-ci Dünya İslam Kulinariya Çempionatında iştirak etmək üçün Bakıdakı Türk restoranlarından xeyli sayda usta aşpaz dəvət etdiklərini diqqətə çatdırıb. Müşavir kulinariya yarışında türk aşpazlardan ciddi nəticə gözlədiklərini sözlərinə əlavə edib.

Həmçinin, İ.Çiftçi bildirib ki, "İslam dünyasının bir parçası olan Türkiyə öz milli mətbəxini Bakıda keçirilən bu beynəlxalq tədbir vasitəsilə daha geniş şəkildə tanıtmağı qarşıya məqsəd qoyub: "2 milyarddan çox insan nüfuzuna malik böyük İslam dünyasının bir parçası kimi yüz illər boyu ciddi inkişaf yolu keçən Türkiyə və Azərbaycan mətbəxləri müasir dövrdə bütün dünyanın ehtiyac duyduğu dietikekoloji sağlam xüsusiyyətlərə malikdir".

"Nə yeyərsiniz ona bənzəyərsiniz, necə yeyərsiniz elə yaşayarsınız", - deyən Məhəmməd peyğəmbər çox önəmli düstür ortaya qoyub. Bu mənada yemək mədəniyyəti bir həyat tərzidir. Eyni zamanda, qida mədəniyyətlərin və ölkələrin bir-birinə təsiretmə imkanı olan yumşaq və ən strateji-iqtisadi güc, vasitədir. Əsas məqsədi sülh, əxlaqlı və kamil insan yetişdirmək olan İslam dini bununla bütün insanlığa ehtiyac duyduğu müasir və keyfiyyətli həyat tərzi təqdim edir", - deyə İ.Çiftçi qeyd edib.

Konqresdə 10-a yaxın ölkənin təmsil olunduğunu xatırladan müşavir bildirib ki, iştirakçı ölkə sayı daha artıq proqnozlaşdırılsa da, bu başlanğıc üçün yaxşı göstəricidir. O hesab edir ki, bu sahədə daha yüksək nəticələr əldə etmək üçün müsəlman ölkələrinin birgə əməkdaşlığının gücləndirilməsinə ehtiyac var. Konqresin işində T.Əmiraslanovun rolunu xüsusi vurğulayan İ.Çiftçi Xalq yazıçısı Çingiz Abdullayev, deputat Qənirə Paşayeva və digər tanınmış simaların tədbirə verdiyi dəstəyi də yüksək qiymətləndirib. O əlavə edib ki, belə bir mötəbər tədbirin Azərbaycanda təşkil olunması ölkə turizminin inkişafı da öz töhfəsini verəcək: "Dünya İslam Kulinariya Konqresi İslam Konfransı Təşkilatı, İRCİCA kimi müsəlman dövlətlərini birləşdirən nüfuzlu təşkilatlar tərəfindən dəstəklənərsə, dünyada populyarlığını daha da artırar, 4-5 ilə məqsədinə tam nail ola bilər".

 

C.ABASOV

525-ci qəzet.- 2019.- 17 iyul. S. 4.