Qələmsiz yazılanlar

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

Tovuzdan uğur qazanan çoxlu dostlarım, tanışlarım, uzaqdan müşahidə etdiyim insanlar var. Sadə bir ailə tanıyıram lap yaxından - bütün günü hamılıqla arı kimi yorulmadan çalışırlar.

Neçə vaxtdır, tovuzlu görən kimi sorğu-suala tuturam, tovuzluların bacarıqlı, fərasətli, oxumuş, savadlı, əzmkar olmalarının səbəbini axtarıram, bölgədəki mühitin, ab-havanın sirrini öyrənmək, kökünə getmək istəyirəm.

Bir səbəbi deyəsən, tapmışam - xurafatdan... kənar, ayıq, gözüaçıqdırlar, yalnız özlərinə güvənirlər, "ver yeyim, ört yatım" düşüncəsindən uzaqdırlar.

***

Elza Seyidcahanın konsertinə gedə bilməmişdim. İndi TV-də baxdım. Möhtəşəm idi. Böyük zəhmət, fərqli zövq, yüksək istedad! Darıxmağa, nəfəs çəkməyə imkan verməyən zəngin səhnə mədəniyyəti və tamaşaçını ovsunda saxlamaq bacarığı! Cadugər sehri! Poeziyanın, teatrın, rəqsin, musiqinin çuğlaşan, bir-birində əriyib itən əzəmətli vəhdəti! Hər xalqın arzulayacağı, həsəd aparacağı, qibtə edə biləcəyi yüksək sənət nümunəsi! Heyrətləndim və qürur duydum. Elza xanımı və zəhməti keçən hər kəsi təbrik edirəm.

P.S. Afaq Vasifqızının orijinal müsahibəsini bir də xatırladım: "At kimi işlədim, it kimi yaşadım".

***

Adam özü özünə necə "istedadlı" deyə bilər, axı? Niyə desin, axı? Kompleksi var, qüsuru var, sapıntısı var yəqin...

***

Şuşa olmasın Şəki olsun...

***

Bakının ən azından küləyi var...

***

7-8 il öncə yazmışdım: "Bu feysbukun mənə tanıtdığı ən istedadlı adam Mahmud Ağakişioğludur". Onda hələ İkinci Mahmud deyildi. Hekayələrini çox bəyənirdim. "525"də çap etmişdik. Özüylə cəmi bir-iki dəfə çay içsək də, doğma bilirdim onu. Hərdən yazışırdıq. Maraqlı, istedadlı, səviyyəli gənc idi. Ona ümidim çox idi. Gələcəyinə, böyük yazıçı olacağına inanırdım. Heyif!

Bədbinləşdim. Zərdüştdə, Mövludda sarsılmışdım. İndi də quyunun dibinə düşdüm...

Ruhu şad olsun!

***

"Mədəniyyət" kanalı çox səviyyəlidir.

***

Gənc yazar Xəlil Adıgözəl mənə "SONra" şeirlər kitabını bağışladı. Əvvəllər bir neçə şeirini oxumuşdum, televiziyadan öz ifasında dinləmişdim. İndi kitab halında oxudum. Elə əvvəlki xoş təəssüratım davam elədi. Bəyəndim kitabı. Xəlil insan hiss və duyğularını şeirə çevirə, bədiiləşdirə, poetikləşdirə bilir. Hiss olunur ki, mütaliəlidir, poeziyanı yaxşı bilir, dilin incəliklərinə bələddir, xalq deyimlərindən yerində və yaxşı bəhrələnir. Heca vəznində özünü rahat hiss edir, poeziyamıza bələdliyi və sevdiyi gözəl şairlərimizdən təsirləndiyi misralarında boy göstərir. Hərdən əruza da baş vurur ("Aç ölüm kəndirini", "Qəzəl", "Qitə").  Bəzi şeirlərində ("Ən ağır söz", "O mən idim") klassik formanı sındırmaq, eksperiment etmək cəhdləri diqqətimi çəkdi və xoş oldu. Çünki Xəlilin bir çox şeirlərinin formasındakı monotonluq, eyni çərçivənin və oxşarlığın bəzən yorucu təsir bağışladığını hiss etdim. Ona forma axtarışlarını davam etdirməyi, öz orijinal, fərqli intonasiyasını tapmağı arzulayıram. Şair həm də öz fərqli intonasiyası, özünəxas nəfəsi ilə seçilməlidir.

"Çoxunun yerinə əsgərlik edir,
İgid şeirlərim, ər şeirlərim" -

deyən özünə güvənli şairin əksər gənclərə xas pessimistliyindən yenə məyus oldum: 

Əlimdən tutanım yoxdur, İlahi,
Nə çoxdur üzümə gülənim mənim. 

Mən kiməm, nəçiyəm bilinəcəkdir
Mələklər qəlbimi böləndən sonra.
Qaçmaqdan o qədər yorulmuşam ki,
Bir az dincələrəm öləndən sonra... 

"Qəlbimə xəyanət edə bilmərəm" - deyən Xəlil Adığözəl "ürəyimsiz kəlmə yazan deyiləm" andlı Məmməd Arazın xələfidir. Şeirimizin ən gözəl ənənələrinin davamçısıdır.

Onun sevgi şeirləri ayrılıq, xəyanət, həsrət , vüsal, ümid, nigarançılıq duyğularının təsviri ilə boldur. Və yaxşıdır, oxunur. Bəlkə də, kimlərisə kövrəltməyə, gözlərini yaşartmağa da qadirdir. Amma mən Xəlildən daha çox şey umuram. İllər boyu min dəfələrlə təkrarlanan "Baxışın da yadlaşıb/ Gözlər o gözlər deyil" məqamını Xəlil fərqli yazmalıdır. Bu mövzuda indiyəcən yazılanların sayını artırmağa yox, fərqli bədii tapıntılarla, qeyri-adi detallarla bizi diksindirməyə çalışmalıdır.

Tükümüz biz-biz olub, ətimiz ürpəşməyəcəksə, yeni şairin gəlişini də hiss etməyəcəyik. Bir də, axı, çox və oxşar, "suyu bol" orta statistik şeirlərə nə hacət? Az olsun, fərqli olsun, yaddaqalan olsun!

Bu sözləri ona görə deyirəm ki, Xəlilə inanıram. O, ədəbiyatımıza yeni, fərqli şair obrazı ilə gələ bilər və buna qadirdir. İlham, ruh, ağıl, bol enerji və zəhmət yardımçısı olsun!..

***

Evə qapılmağın da öz gözəlliyi və fəlsəfəsi var.

***

Nadir Diridağlı istedadlı və çılğın rejissordur. 15 il öncə Az.TV-də haqqımda veriliş çəkmişdi. İndi yenə qayıdıb, "Könül baxçası" verilişi açıb. İlk qonaq kimi məni dəvət ediblər. Aparıcı jurnalist Xəyalə Əzizovadır. Çəkiliş Novxanıda, KarolunRaufun məşhur bağında oldu. İyunun 15-16-sı - 2 gün nəfəsimiz kəsildi. 10 yerdə söhbətimiz, 15-20 dəfə səssiz kadrlar çəkildi. Bundan başqa, hələ 15 il əvvəl şeirlərimə musiqi bəstələyib tələbələriylə oxuyan əməkdar artist Vidadi Həsənovun 3 mahnısını da çəkdilər. Ənənəyə görə verilişə gənc rəssam da dəvət olunur. Bu dəfə Rəssamlıq Akademiyasının tələbəsi Nigar Məmmədzadə veriliş boyu mənim portretimi çəkdi.

İki günlük əziyyətdən sonra məlum oldu ki, texniki problemlər yaranıb, çəkilişlər qüsurlu alınıb, veriliş yenidən çəkilməlidir.  Mənim isə inanmıram ki, yenidən boş iki günüm, səbrim və həvəsim olsun. Amma sevinirəm ki, o iki gün hədər keçmədi. Fürsətdən istifadə etdik - Türkan Turan Karolun bağından reportaj yazdı, "525"-də dərc olundu. Bu iki gündə çox maraqlı adam olan Karolun - Raufun söhbətlərini, şeirlərini dinləməyə gen-bol, rahat zaman qazandım. Bir də, ən əsası, Nigar xanımla əməkdaşlığa qərar verdik. Portretimi işləyəcək, "Qələmsiz yazılanlar" kitabı üçün illüstrasiyalar çəkəcək.

Doğurdan da, düz deyirlər, hər ziyanda bir xeyirolur.

***

Sosial şəbəkələr bütün üstünlükləri və yaxşı cəhətləriylə bərabər, həm də bir oyun və yarışdır. Kim finişə tez çatacaq?! Kim daha çox bəyəniləcək?! Kimin nəfəsi daha tez təngiyəcək?! Kim daha tez yorulacaq?!

***

Futbolda da bir qapıya oynamaq maraqsız olur.

***

Ən pisi riyakarlardır. Mərd düşmən daha çox hörmətə layiqdir.

***

İndi bütün davaların kökündə pul dayanır.

***

- Həyatından məmnunsan?

Sualdan karıxdım:

- Nə mənada?..

***

Lazım olanlar hələ yuxudan durmayıblar...

***

Axşam Masazırda həyətdə, lüminiset lampanın işığında xaricdə çalışan qardaşım Elşadla uşaqlığımızın keçdiyi Ağdamı xatırladıq. Yaşadığımız məhlələrdəki qonşuları yada saldıq. Anam da yardımçımız olurdu. Yadıma düşdü ki, bu gün "Ağdamda nəyim qaldı" romanının müəllifi, əziz Əli Əmirliylə görüşmüşəm, kitabının çapından danışmışıq. Sonra Vahid Qazinin, Vüqar Tofiqlinin yazdıqlarını xatırladım. Səhər tezdən yuxudan oyanıb özümlə gətirdiyim "Ədəbiyyat qəzeti"ni vərəqləyəndə professor Niyazi Mehdinin "Mən" olmağımın tarixçəsi" yazısını gördüm. 3 səhifəni su kimi oxudum. Mistika idi! Niyazi Mehdi Ağdamda keçən uşaqlığından, bizim axşam danışdığımız məkanlardan - İmarətdən, Mədəniyyət evindən, kinoteatrdan, bazardan, çaylardan - Qarqardan, Qobudan, Kötəldən, adamlardan - Bəndidən, Nejidən... danışırdı...

Londonda yaşayan qardaşının sözü isə məni lap silkələdi: "Sən bilirsən, Ağdam mənim dünyada ən çox sevdiyim yerdir?!"

***

Qəzəb ədalətsizlikdən doğur.

***

Adamlarda baş niyə yoxdur ki?!

***

30 il əvvəl, gənc yaşlarımızda yazıçı dostum Yaşarla bir qrupun tərkibində qatarla Bolqarıstana səyahətə getmişdik. Səfərin yarısı qatarda keçəcəkdi - iki gün Moskvaya, iki gün Sofiyaya, sonra isə daha 4 gün geriyə. Qrupumuz şəkililər idi. 5-6 kənar adam vardı, biz də içində. Qatar bizi səfər yoldaşlarımızla doğmalaşdırmışdı. Həm də şəkililərin şirin ləhcəsindən, incə yumorundan ləzzət alırdıq. İndi dəqiq yadımda deyil, qatarda kiminsə nəyisə itmişdi, narahatçılıq yaranmışdı. Hamı məyus idi. Təmiz qəlbli, saf səfər yoldaşımız vardı. Yadımdadır, qatarın içində o baş bu başa gedir, dodağının altında eyni sözləri təkrarlayırdı: "İtik pis şeydir, itik pis şeydir, itik pis şeydir". Bir az ləhcənin fərqliliyi, bir az tıntın və nünük olması, bir az da həyəcan dediyi sözləri anlamağa imkan vermirdi. Bir-birimizə baxırdıq: "Budeyir?" Sonra məlum oldu ki, dostumuz itən əşyaya görə bərk həyəcanlanıbmış və təkrar-təkrar deyirmiş - "itik", "itki", "itirmək" - yəni pis şeydir! Beynimə mismar kimi pərçimlənən o səs və sözlər bu 30 ildə tez-tez yadıma düşüb. İtirə-itirə getmişik. Nə qədər doğma məkanları, insanları itirmişik, itiririk. Şəkili səfər yoldaşımın sözləri beynimə əbədi həkk olub və səsi tez-tez qulaqlarımda eşidilir: "İtik pis şeydir!"

***

Sel kimi hücum çəkən informasiya axınında beynin yeganə zirehi, dəbilqəsi tutqudur. Nəyəsə tutqun olmalıdır. Xoş bir şey olsa, lap gözəl! Beynin yeganə xilası, salamat qalmağın tək yolu tutqudur.

***

Bakının dalda yerlərində sadə kafelər var. Oturursan, elə bilirsən, 1980-ci ildirBrejnev sağdır.

***

Pulu kitabdan üstün tutanlara nə deyək?!

***

Şəkildə hamı yaxşı düşür.

***

Cənnət varsa da, sizlik deyil.

***

Ruhsuzam. Mövzular yoxa çıxıb.

***

Zaman unutdurur.

***

Kənddən şəhərə hamı eyni arzuyla gəlir.

***

Gənclərin saqqal sevgisi mənim üçün maraqlı idi. Ona görə saqqallı gənc yazar Kənan İsmayıla dedim, bu "sevda"nın səbəblərini bir az açıqlasın. O da elə bir az açıqladı.

***

Onun bütün sirləri yazdıqlarında gizlənmişdi...

***

Hamıya yaxşı olmaq mümkün deyil...miş!..

 

Rəşad MƏCİD

525-ci qəzet.- 2019.- 17 iyul. S. 11.