Türkiyədəki 15 iyul hadisələri Bakıda "Demokratiya zəfəri" ilə anılıb

Qardaş Türkiyədə 2016-cı ilin 15 iyulunda törədilmiş çevriliş cəhdinin 3-cü ildönümü münasibətilə Bakıda "Demokratiya zəfəri" adlı tədbir keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, TİKA, "Türk Hava Yolları", "Anadolu" Agentliyi və TRT-nin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında keçirilən tədbirdə səfir Erkan Özoral, iki ölkənin dövlət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə çevriliş cəhdini əks etdirən şəkillər nümayiş etdirilib, sonra film göstərilib.

 

Səfir Erkan Özoral çıxışında 15 iyul hadisələri zamanı Azərbaycanın qardaş Türkiyəyə ürəkdən dəstək verdiyini diqqətə çatdırıb: "Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə dəstəyini əsirgəmədi. Buna görə Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə xalqına minnətdaram. Biz türk olaraq birlikdə güclüyük. Dini, siyasi dünyagörüş fərqli olmasına baxmayaraq, birlikdə hərəkət etdikdə daha qüdrətli olacağıq".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, 15 iyulda Türkiyə dövləti türk milləti daha bir sınaqdan üzüağ çıxdı o çətin məqamda Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaş dövləti qətiyyətlə dəstəklədi: "1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə Türkiyədəki 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi".

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini vurğulayıb, münasibətlərin uğurla inkişaf etdiyini, hər sahədə bir-birini fəal şəkildə dəstəkləməyin vacibliyini qeyd ediblər.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı tərəfindən hərbi çevrilişə cəhd göstərilmişdi. Hadisələr nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çoxu yaralanıb. Şəhidlər yaralılar arasında qadınlar, uşaqlar qocalar da olub.

 

Şəhla ASLAN

525-ci qəzet.- 2019.- 17 iyul. S. 12.