"Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər"

Kannda açılan sərgi azərbaycan mədəniyyətinin təbliği naminə mühüm addım kimi dəyərləndirilir

"Azərbaycan mədəniyyətinin Kannda yenidən təşviq edilməsindən çox şadıq. "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı xalça sərgisi bizdə çox böyük maraq doğurdu. Ənənə və innovasiyanın vəhdəti olan bu sərgi yüksək səviyyədə təşkil olunub".

Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil edilmiş "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı xalça sərgisinin açılışında iştirak edən Kann merinin müavini Frank Şıkli AZƏRTAC-a müsahibəsində bildirib.

Frank Şıkli qeyd edib ki, bu sərgini dünya sərgisi də adlandırmaq olar, çünki Kann dünya şəhəri kimi tanınır. Bu sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir.

"Şərqin və Qərbin qovuşuğunda yerləşən Azərbaycanda olmuşam və yenə də getmək istərdim. Ənənə və innovasiya sözlərini yenidən xatırlatmaq istəyirəm, çünki ölkəniz qədimliyin və müasirliyin vəhdətidir. Bakıda ənənə və innovasiyanın vəhdətini aydın görmək olur. Keçmiş, indi və gələcək arasında görünməyən tellərlə vəhdəti təmin edən ənənəni qoruyub saxlamaq və onu innovasiyalarla yenidən canlandıraraq yaşatmaq önəmlidir. Azərbaycanı həqiqətən də çox sevdim", - deyə F.Şıkli qeyd edib.

"Kann şəhərinin sakinləri və meriyası burada Azərbaycan mədəniyyəti günlərinin yenidən təşkilindən çox razıdır. Bir neçə ildir ki, Heydər Əliyev Fondunun sayəsində sakinlərimiz və turistlərimiz Azərbaycan mədəniyyəti ilə tanış olurlar. Fürsətdən istifadə edib Fondun rəhbərliyinə təşəkkür edirəm. Heydər Əliyev Fondu ilə əməkdaşlığımız getdikcə daha da möhkəmlənir və onun sayəsində Kann ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Fond Azərbaycanın mədəniyyətini, tarixini yüksək səviyyədə təbliğ edir".

Bu sözləri isə Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı xalça sərgisinin açılışında iştirak edən Kann meriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Maqali Tabui dilə gətirib.

Maqali Tabui bildirib ki, bu il təşkil olunan sərgi Azərbaycan xalçaçılığı ilə daha ətraflı tanışlığa imkan yaradır. Ümumiyyətlə, belə tədbirlər tərəfdaşlığımıza, eləcə də dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyətinin təşviqinə yeni təkan verir.

"Azərbaycan haqqında çox oxumuşam, ancaq ölkənizə getmək istəyirəm. Əminəm ki, biz gələcəkdə mədəniyyət və təhsil sahələrində yeni layihələr həyata keçirəcək və bir-birimizi qarşılıqlı olaraq daha yaxından tanıyacağıq", - deyə Kann meriyasının rəsmisi vurğulayıb.

 

525-ci qəzet.- 2019.- 17 iyul. S. 13.