Qubada
xalçaçılıqla bağlı təlimlər təşkil
edilib
"Xalça
Dünyası Assosiasiyası" İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının yardımı ilə "Xalçaçılıq
sənəti milli sərvətimizdir" mövzusunda təlimlərə
başlayıb.
AZƏRTAC xəbər
verir ki, layihə çərçivəsində Quba rayonunda
xalçaçılıq sənətinə maraq göstərən
və yiyələnmək istəyən 10 nəfər
xanımın iştirakı ilə 6 təlim keçirilib.
Təlimlərdə
layihə rəhbəri, Əməkdar mədəniyyət
işçisi Fatimət Ağamirzəyeva bildirib ki, layihənin
əsas mahiyyəti bu sənətin region gəncləri
arasında təbliğ edilməsi və nəsildən-nəslə
ötürülərək yaşadılmasıdır.
Xalçaçılıq sənəti bizim milli sərvətimizdir
deyən F.Ağamirzəyeva xalçanın Azərbaycan
xalqının tarixinin öyrənilməsində əvəzsiz
vasitələrdən biri olduğunu vurğulayıb.
Xanımlar milli-mənəvi
irsimiz olan qədim xalçaçılıq sənəti barədə
maarifləndikdən sonra xalça toxuma, xalçaların
daranması, iplərin seçilməsi və yuyulması təlimlərində
iştirak ediblər.
525-ci qəzet.- 2019.- 17 iyul. S. 13.