Səsin və sənətin ölməzliyi
Mirzə Babayevi
hamı sevirdi. Şövqlə ifa etdiyi "Liman",
"Saçlarına gül düzüm", "Sən
uzaq, yaşıl ada", "Kimlər gəldi, kimlər
getdi", "Kəpənək", "Zəfəran",
"Çay" və digər mahnılarla hər kəsin qəlbini
ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.
AZƏRTAC xəbər
verir ki, dünən Xalq artisti, "Şöhrət"
ordenli sənətkar, bir çox mükafatların
laureatı, Azərbaycan estradasının banilərindən
biri sayılan Mirzə Babayevin anadan olmasının 106-cı
ildünümü tamamlandı.
Hər dəfə
Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə
adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də,
sözlərini də özü yazıb. Sənətkarın
özünəməxsus üslubu - ifa zamanı bəzən
pıçıltı ilə dediyi sözlər dinləyicini
öz sehrinə salır.
Mirzə
Babayevin ömür kitabını vərəqlədikcə
gözlərimiz qarşısında xalqımızın musiqi
tarixinin bütöv bir dövrü canlanır. Görkəmli
estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu,
Rauf Hacıyev və digər bəstəkarlarla birgə
yaratdığı mahnılar musiqi mədəniyyətimizin
parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə
xalqlarının mahnıları da yer alırdı.
Mirzə
Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da
Bakıda, ziyalı ailəsində dünyaya göz
açmışdı. 1935-1940-cı illərdə M.Əzizbəyov
adına Sənaye İnstitutunun memarlıq fakültəsində
təhsil almışdı. Böyük Vətən
müharibəsinin başlanması onun gələcək həyatını
büsbütün dəyişdi; cəbhəyə getdi, bir
çox döyüşlərdə igidliklər göstərdi.
Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə
konservatoriya təhsilini başa vuran istedadlı müğənni
vokal sənətinin incəliklərinə yiyələnərək
ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin
musiqi duyumu və yüksək səhnə mədəniyyəti
ilə qısa müddətdə tamaşaçı rəğbəti
qazandı.
Müğənni
müxtəlif illərdə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin estrada
orkestrində, Azərbaycan Dövlət Akademik
Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində
çalışıb. Dünyanın bir çox ölkələrində
yüksək ifaçılıq məharəti ilə Azərbaycanın
musiqi sənətinin təbliğatçısı kimi
çıxış edib, milli estrada musiqimizi
çox-çox yüksəklərə qaldırıb.
Mirzə Babayev
30-dan artıq filmdə rol alıb: "Kölgələr
sürünür", "Qaraca qız", "Sən niyə
susursan", "Dəli Kür", "Dərviş Parisi
partladır", "Qorxma, mən səninləyəm",
"Bəyin oğurlanması".... "O olmasın, bu
olsun" filmində Məşədi İbadın
mahnılarını Mirzə Babayev oxuyub. Yaxud "Onu
bağışlamaq olarmı?" filmində Tərlanın
mahnısını da o səsləndirib.
Sözsüz
ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri
müğənnilik tutur. Məhsuldar
yaradıcılığa malik sənətkarın 1998-2002-ci
illərdə üç diski çıxıb, 1999-cu ildə
isə Heydər Əliyev Sarayında solo konserti olub.
Mirzə Babayev
2003-cü il yanvarın 13-də vəfat edib.
Onun milli musiqi mədəniyyəti
sahəsində xidmətləri yüksək qiymətləndirilib,
Vətənin ən yüksək fəxri adlarına layiq
görülüb, bir sıra orden və medallarla təltif
olub.
İllər, qərinələr
keçəcək, lakin Mirzə Babayevin ürəyəyatımlı
səsi, bənzərsiz ifası yenə könülləri
oxşamaqda davam edəcək. Oxuduğu mahnıların birində
deyildiyi kimi, özü bu dünyadan getsə də, səsi
daim yaşayacaq.
525-ci qəzet.- 2019.- 17 iyul. S. 13.