Əyyub Quliyevin daha bir beynəlxalq
uğuru
Budapeştin
tarixi saraylarından və məşhur konsert zallarından
biri - "Viqadu"da (Vigado) "Klassz a Parton" beynəlxalq
musiqi festivalının rəsmi açılış mərasimi
olub.
AZƏRTAC xəbər
verir ki, iyulun 30-dək davam edəcək festivalda bir sıra
ölkələrdən - Avstriya, İtaliya, Almaniya,
İsveçrə, Slovakiya, Macarıstan, ABŞ və
Türkiyədən tanınmış musiqiçilər
iştirak edirlər.
Ölkəmizi
ilk dəfə bu mötəbər festivalda Azərbaycanın
Əməkdar artisti, Akademik Opera və Balet Teatrının
baş dirijoru və musiqi rəhbəri, beynəlxalq
müsabiqələr laureatı Əyyub Quliyev təmsil edir.
Açılış
mərasimindən əvvəl konsertin aparıcısı Azərbaycan
- onun musiqi mədəniyyəti, inkişaf tarixi,
ifaçılığı və uğurları barədə
geniş məlumat verib. Daha sonra dirijor Əyyub Quliyevin rəhbərliyi
altında Macarıstan Milli Simfonik Orkestri "Obuda Danube"
Avropa klassik musiqisinin ən parlaq nümunələrini -
Volfqanq Amadey Motsartın 35-ci "Xaffner"
simfoniyasını və Frans Şubertin 5-ci simfoniyasını
təqdim edib. Hər iki əsər böyük maraqla
qarşılanıb.
"Klassz a
Parton" festivalının bədii rəhbəri,
Macarıstanın ən seçilən və görkəmli
pianoçularından olan Tamaş Erdinin ifası isə konsertə
xüsusi rəng qatıb. Onun ifasında səslənən
Karl Mariya fon Veberin "Konsertştük" və Frederik
Şopenin "Andante spianato və Grand Polonez" dinləyicilər
tərəfindən sürəkli alqışlarla
qarşılanıb.
Anşlaqla
keçən konsertin sonunda tamaşaçıların
arzusunu nəzərə alaraq musiqiçilər proqramda əlavə
olaraq yeni əsərlər ifa ediblər.
Sonda
Macarıstanın tanınmış incəsənət xadimləri
- yazıçı, şair və bəstəkarları, mətbuat
nümayəndələri azərbaycanlı dirijoru və macar
musiqiçiləri təbrik edərək xoş
arzularını bildiriblər.
Qeyd edək ki,
konsert Macarıstanın Bartok Dövlət Radiosu tərəfindən
lentə alınıb.
525-ci qəzet.- 2019.- 17 iyul. S. 13.