Fizika ilə lirikanın yeni görüşü

... Zira ki, elmsiz şeir əsası yox divar olur
            Və əsassız divar qayətdə bietibar olur.

Dahi Füzuli hələ əsrlərin o tayında şeirlə elmi qoşa görür, onların bir-birinə olan bağlılığından danışırdı. Şair idi Füzuli, amma elmin önəminin də yaxşı fərqində idi. Necə deyərlər, fizikaya yad lirikanı qəbul etmirdi. Ondan təxminən dörd əsr sonra yaşamış, Nobel mükafatçısı, fizik Lev Landau isə bir alim kimi bu mövzuda mövqeyini belə sərgiləyirdi: "Həqiqi şeir fantaziyası olmadan fizika yaratmaq mümkün deyil".

Yenə də gündəmdə tanış mövzu var

Əsrlərdən bəri səngimək bilməyən "elm, yoxsa poeziya" qarşıdurması çoxlarımıza tanışdır. Əsası XX əsrin ortalarında (tezis şəklində, konkret məqalələrlə) SSRİ-də qoyulan bu problemə Azərbaycan alimləri - Milli Elmlər Akademiyamız da biganə qalmır. 2014-cü ildən etibarən ənənəvi şəkildə hər il keçirtdiyi Fizika-Lirika konfranslarında bu mövzunu gündəmdə saxlayır.

Hər dəfə bir məkanda, hər dəfə daha geniş və daha məzmunlu planda hazırlanan konfransın növbəti dayanacağı AMEA-nın Yüksək Texnologiyalar Parkı oldu. Ötən illərdəki konfranslar haqqında məlumatlı olduğumdan, özümün də iştirak etdiyimdən artıq konfransın necə hazırlanacağı və bizə nələri verə biləcəyi haqqında fikir sahibi idim. Amma əlbəttə, tələsmək olmazdı. Çünki mövzu genişliyi təşkilatçılara daha fərqli yanaşma imkanları yaradır. Elm və poeziyanın vəhdətinə, fizikayla lirikanın qoşa qanad olaraq dünya tarixindəki roluna hər dəfə başqa rakursdan baxmaq da mümkündür və adətən, təşkilatçıların da işə məhz bu cür yanaşdıqlarını görmüşük.

Beləliklə, iyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YTP) "Qoşa qanad: VI Fizika və lirika konfransı" keçirildi.

İlkin təəssüratlar

Hələ konfransın başlamasına on beş dəqiqəyə yaxın vaxt qalarkən artıq böyük bir ərazidə əzəmətli duruşuyla diqqət çəkən Yüksək Texnologiyalar Parkının həyətində idim. Görünür, Ədəbiyyat İnstitutunun kollektivi məndən də cəld tərpənmişdi. Mən ora çatanda artıq bir çoxunu yaxşı tanıdığım ədəbiyyatşünaslarımız məkanla tanış olur, həyətdə təşkil edilmiş sərgiyə göz yetirirdilər. Onlara qoşuldum.

Həyətin bir küncündə səliqəylə iki sərgi təşkil olunmuşdu. Biri rəsmlərdən, digəri kitablardan. Yəqin ki, öncəki konfranslardan məlumatlı olanlar söhbətin nədən getdiyini anladılar. Bilməyənlər üçün deyək ki, AMEA Ədəbiyyat İnstitutunun hər il təşkil etdikləri və "Qoşa qanad" adlandırdıqları konfranslar təkcə ədəbiyyatla, poeziyayla fizikanı nəzərdə tutmur. Məsələyə daha geniş aspektdən yanaşılır. Belə ki, əslində, burada üz-üzə gələn elmlə yaradıcılıqdır. Yəni beyin məhsullarıyla ürək məhsulları. Tarix boyu alimlərin bir çoxu beyinə, elə bir o qədəri də ürəyə üstünlük vermiş, onların fəaliyyətini və təsirini yüksək qiymətləndirmişdilərsə, bir qisim də həm beyinin, həm də ürəyin birgə vəhdətini üstün tutmuşdur. Ürəyin müəyyən məqamlarda beyindən "məsləhətlər alması", beyinin də ürəklə qidalanması məsələləri bu "Qoşa qanad" konfranslarının əsas məğzini təşkil edir. Buna görə də hörmətli təşkilatçılar bu konfranslara AMEA-nın yalnız ədəbiyyat və texniki yönümlü institutlarını cəlb etməklə yetinmirlər. Eləcə də rəssam, heykəltəraş, xalçaçı alimlərin də öz əl işlərini, yaradıcılıq nümunələrini sərgiləmələri üçün imkanlar yaradırlar.

Akademik rənglər

Bu dəfə də iyirmiyə yaxın rəssam alimlərin müxtəlif əl işləri sərgilənirdi. Bu sərgilərin ən maraqlı tərəfi elə əsərlərin müəlliflərinin özləridir. Çünki bir fizikin, kimyaçının, riyaziyyatçının, bioloqun təbiətə, insanlara, dünyaya yaradıcı baxışı digərlərindən fərqli olur.

Sərgilənən əsərlərdə xalqımızın milli mədəniyyəti, tarixi keçmişi, memarlıq abidələri, şəxsiyyətlərin portretləri əks olunmuşdu.

Bir-bir əsərlərlə tanış olarkən qəribədir ki, onların estetikasında bir elm, idrak hiss olunurdu. Fikrimizcə, alimlər öz qələmlərini fırçalarının rəngləri ilə də gizlədə bilməmişdilər. İstər mövzu seçimi, istərsə də o mövzuya yanaşma tərzi bizə bunu deməyə əsas verir. Hələ konfrans başlamamışdan və sayğıdəyər alimlərimizin mövzu ətrafındakı düşüncələrini öyrənməmişdən öncə bu əsərlər mövzuya bir növ giriş xarakteri təsiri bağışlayır və bizdə müəyyən fikirlər formalaşdırır. Həqiqətən də elmsiz təxəyyül, ya da təxəyyülsüz, adicə düsturlara arxalanan elm öləzimiş, sönməkdə olan şam kimidir, öz dibindən başqa heç yeri işıqlandıra bilməz.

Masaların birində bir neçə nəfərin bioqrafiyası vardı. Həmin bioqrafiyalarla tanış olarkən onların xalçaçı rəssamlar, daha doğrusu, xalçaçı alimlər olduqlarını fərq etdik. İlk başda adı yazılmış, geniş bioqrafiyaya malik xalçaçı rəssam, qocaman sənətkar Fəxrəddin Əli idi. Onun tərcümeyi-halını oxuya-oxuya əslində, bu sətirlərə yad olmadığımı, əksinə, çox yaxından tanıdığımı görürəm. Əlbəttə, elədir. Fəxrəddin Əli adı və işləri heç də yad deyil. Akademik İsa Həbibbəylinin ifadəsilə desək, Azərbaycanda müasir miniatür sənətinin yaradıcısı olan bu sənətkarla tanışlığımız bir il öncəyə dayanır. Təsadüf nəticəsində tanıdığım, hətta Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına çəkdiyi miniatürləri və yaradıcılığı haqqında geniş məqalə yazdığım alimlə belə bir konfransda yenidən qarşılaşmaq sevindirir. Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyevaya Fəxrəddin müəllim haqqında danışırdım ki, rəssamın da bizim kimi sərgiyə baxdığını gördüm. O da çox böyük maraq və diqqətlə rəsmlərə baxırdı. Amma yəqin ki, bizdən fərqli olaraq, peşəkar gözüylə.

Biz sərgilərlə ilkin tanışlıqda ikən lap yaxınımızda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin səsini eşidirik. Bu konfransın əvvəlkilərdən bir fərqi və özəlliyi də odur ki, burada ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da iştirak edirdi. İsa Həbibbəyli sərgi haqqında Anar müəllimə təfsilatlı məlumat verirdi.

"Qoşa qanad" layihəsinin elm və ədəbiyyat əlaqələri üstünlük təşkil etsə də, yalnız bədii yaradıcılıq sahəsi ilə məhdudlaşmayıb, elmlə incəsənətin müxtəlif sahələrinin: təsviri sənətin, musiqi sənətinin, xalçaçılıq, oyma və döymə, xəttatlıq sənətlərinin də qarşılıqlı əlaqələrini və zənginləşdirilməsi məsələlərini də özündə cəmləşdirdiyini deyən akademik İ.Həbibbəyli elm və təsviri sənət münasibətlərinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elm adamlarının rəsm əsərlərinin sərgisinin AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında 2014-cü ildən təşkil olunduğunu diqqətə çatdırdı.

Deputatın təəccübləndirən əl işləri

Bu sərginin bizi sözün yaxşı mənasında təəccübləndirən bir cəhəti də alim rəssamlar arasında eşitdiyimiz bir ad oldu: Ağacan Abıyev. Milli Məclisin deputatı, texnika elmləri namizədi, professor Ağacan Abıyevin həm də rəssam olduğunu ilk dəfə orada öyrəndim. Reaksiyalara baxsaq, mən heç də tək deyildim. Ağacan müəllimin müxtəlif mövzulara həsr edilmiş rəsmləri yüksək peşəkarlıqla çəkilmişdi. Özü də iştirakçıların arasında olan millət vəkili ara-sıra rəsmləri haqqında məlumat verir, qonaqları çəkdiyi işlər barədə bilgiləndirirdi. Onun əsərlərində vətənpərvərlik, millilik motivləri daha qabarıq idi. Hiss olunurdu ki, rəssamı ən çox bu mövzu düşündürür, bu mövzu narahat edir. Zövqlü və peşəkar rəng seçimləri, rəng çalarlarının gözoxşayan vəhdəti isə onun təsviri sənətin də dərinliklərinə bələd olduğundan xəbər verirdi.

Tanış olun: Yüksək Texnologiyalar Parkı

Sərgidən sonra zaman gəlib çatdı olduğumuz yerlə tanışlığa. Bu işdə bizə bələdçiliyi YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov edirdi. Öncə qonaqları səmimi duyğularla salamlayan və YTP haqqında məlumat verən direktor dedi ki, AMEA Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. YTP-nin ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir.

Park Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.

Öncə YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olduq. Burada bizi mərkəzin direktoru, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə qarşıladı. O, laboratoriya avadanlığı, imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verdi.

YT Parkın ərazisindəki növbəti ünvanımız Təcrübə-Sənaye Zavodu (TSZ) oldu.  Hazır məhsul anbarında toplanılmış mallara baxış keçirərkən mərkəzin əməkdaşları Vaqif müəllim, Əməkdar mühəndis Adil müəllim zavod və anbarda saxlanan yağlar haqqında geniş məlumat verdilər.

Bildirdilər ki, YT Parkın ilk rezidenti olan TSZ Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur. Burada yüksək müalicəvi effektə malik ağ Naftalan yağı istehsal edilir. TSZ-də satışa çıxarılan sürtkü yağları əsas etibarilə yerli məhsullardan, mineral yağlardan istifadə əsasında hazırlanır.

Eləcə də "Millers Oils Azerbaijan" MMC-nin əsas fəaliyyət istiqamətləri, burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verən mütəxəssislər qeyd elədilər ki, şirkətdə dəniz dizel yağları, yanacaq qatqıları, yüksək keyfiyyətli avtomobil sürtkü yağları istehsal olunur.

Düşmənə ciddi təhlükə - dronlar

Anbardan çıxarkən bizi qapıya yaxın ərazidə üç kiçik qurğunun gözlədiyini gördük. Onların nə olduğu haqda ilkin məlumatı N.Şükürov verdi. O bildirdi ki, YT Park həm də elektronika, avtomatika, proqram təminatı, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. ETP dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı işini təkmilləşdirib. Gələcəkdə bu kimi qurğuların təkmilləşdirilməsi və çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.

O, ETP MMC-nin istehsal etdiyi dronların AMEA-nın elmi müəssisə və təşkilatlarında elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə edildiyini diqqətə çatdırdı.

Daha sonra YT Parkın əməkdaşı pilotsuz uçuş aparatları - dronlar haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, müəssisənin əsas məqsədi innovativ məhsullar, eləcə də yüksək texnologiyaların hazırlanması və təkmilləşdirilməsidir. Onun sözlərinə görə, dronlar - təbiətin mühafizə altında olan sahələrində (qoruqlarda), mobil əlaqə vasitələrinin siqnallarının qeydə alınmasında, ərazinin xəritəsinin çəkilməsində, yerlərdə inşaat işlərinin layihələndirilməsində, müxtəlif ərazilərdə radiasiyanın və elektromaqnit şüalanmanın səviyyəsinin təyin edilməsində, axtarış-xilasetmə işlərində çətinkeçilən ərazilərə təcili tibbi ləvazimatların çatdırılması hallarında geniş istifadə imkanına malikdir.

Pilotsuz uçuş aparatları, həm də kənd təsərrüfatı sahəsində müvafiq ölçmə, analiz cihazlarının vasitəsi ilə tədqiqatlar aparmaq üçün böyük üstünlüyə malikdir.

Altıncı "Qoşa qanad"

Nəhayət, uzun tanışlıq turundan sonra məqam konfransın idi. Tədbiri açan akademik İsa Həbibbəyli 2014-cü ildən etibarən keçirilən fizika-lirika konfranslarının ictimaiyyətdə əks-səda doğurduğunu qeyd etdi. Akademik deyib: "Artıq xarici ölkələrin də bu konfransa marağı yaranıb, onlarla əməkdaşlıq edirik. Ötən il Dubnada konfrans keçirmişik. Bugünkü tədbirdə Dubnadan qonağımız var".

Mövzunun aktuallığını vurğulayan İsa Həbibbəyli tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd etdi, ədəbiyyatın bir sıra elmlərlə vəhdətindən danışdı. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirdi. Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatlar aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını dedi. Bildirdi ki, artıq altıncı dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsir göstərəcək: "Ənənəvi ədəbiyyatda ilham, akademiyada yaranan əbiyyatda ilhamla yanaşı idrak da rol oynayır. Ənənəvi ədəbiyyatda tərənnüm, təsvir, akademiyada yaranan ədəbiyyatda daha çox dərketmə, birincidə hadisə, ikincidə vəziyyət, birində məlumat, o birində informasiya, onda bədii təxəyyüldən doğan tarixi şəxsiyyət, bunda elmi yanaşmalar əsasında formalaşan tarixi şəxsiyyət, ənənəvidə real dünya, akademikdə irreal dünya öz əksini tapır. Bunlar bir-birinə qarşı deyil, bir-birinin içərisindədir. Bunlar indiki çoxcəhətli ədəbiyyatımızı zənginləşdirir, onun ayrılmaz tərkib hissəsidir. Konfransların işindən sonra hər il yeniliklər müşahidə edirəm. Görürəm ki, akademik ədəbiyyatı dərindən mənimsəmiş müəlliflərin yaradıcılıqlarında bayatı və rübailər üstünlük təşkil edir. Bu da müdriklikdən qaynaqlanır. Akademik ədəbiyyatda fantastik janrlara meyl yaranır. Məsələn, fikrimcə, Xalq yazıçısı Anarın "Macal" əsərindəki fantastikanın keyfiyyətinin əsas səbəbi elə Anar müəllimin özünün elmyönlü yazıçı olmasıdır. Onun "Dədə Qorqud" haqqındakı elmi əsəri Türk dünyası ədəbiyyatşünaslığında yeni hadisədir.

Şəxsi qənaətimə görə, akademik ədəbiyyatın intonasiyası da fərqlidir. Biz digər konfranslarımızda akademik ədəbiyyatdakı vergül, tire, sual işarələri haqqında danışmışıq".

Yazıçılar Birliyinin dost əli

Çıxışının yekununda akademik AYB-yə üzv AMEA əməkdaşlarının da kifayət qədər çox olduğunu vurğuladı. Demək ki, alimlərimiz arasında kifayət qədər sözə, ədəbiyyata bağlı insanlar var. Bu, əlbəttə, sevindirici haldır. Deməli, "qoşaqanadlılar" hər iki sahədə öz missiyalarını uğurla davam etdirir, bir çoxu kimi alim adından çəkinib, "sandıq ədəbiyyatı" yaratmır, bədii nümunələrini açıqürəkliliklə ictimaiyyətlə bölüşürlər.

Mövzu haqqında daha geniş şərh Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardan gəldi. AMEA-nın belə bir təşəbbüsü gerçəkləşdirməsini təqdirəlayiq hal kimi yüksək qiymətləndirən və konfransın işinə uğurlar arzulayan Xalq yazıçısı mövzuya başqa akpektdən yanaşdı: "Doğrudan da elmlə sənət bir-birinə çox sıx bağlıdırlar. Böyük alim Eynşteyn deyirdi ki, Dostoyevki mənə Qaussdan daha çox təsir edib. Amma onu da vurğulayım ki, Eynşteyn belə desə də, özü heç vaxt şeir yazmayıb. Yəni şeirdən ilham almaq, sənətdən qidalanmaq, onu sevmək başqa şeydir, özün də şeir yazmaq başqa. Bunu ona görə deyirəm ki, elə bilməsinlər, ədəbiyyat fizikadan, kimyadan asan elmdir. Mən şeir yazan alimlərimizi salamlayıram, onlara uğurlar arzulayıram. Şair təbi olan insanlar onsuz da mütləq tarixdə, ədəbiyyatda qalacaqlar. Alim olsalar da... Böyük yaradıcılıq eşqi və məsuliyyətlə ədəbiyyata gələn alimlərimizi də biz Yazıçılar Birliyi olaraq, məmnuniyyətlə bağrımıza basırıq".

Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abdinov çıxışında mövzuyla bağlı fikirlərini bölüşdü: "Lirika elə bir şeydir ki, bizi beşikdən məzaracan müşayiət edir. Elm də onunla eyni istiqamətdədir. Azərbaycan ədəbiyyatında da böyük yazıçıların elm adamları olduqlarını da görürük. Ən böyük bariz misal Nizami Gəncəvidir". Xalq şairi Rəsul Rzanın "Rənglər silsiləsi"nin fonunda rənglərin poetikasını şərh edən alim bildirdi ki, fiziklərin belə tədbirlərə qatılması elmlərin bir-birinə inteqrasiyanın müasir təzahürünə nümunədir. O, çıxışının sonunda Rəsul Rzanın "Anamın laylası" şeirini səsləndirdi.

Elmdən ədəbiyyata - məruzələr

Tədbirdə Xəzər Universitetinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, şair Hamlet İsaxanlı "Riyaziyyat və lirika" mövzusunda məruzəylə çıxış etdi. O, məruzəsində qədim şumerlərdən, yunanlardan başlayan bu mövzunun dövrümüzdə də aktuallığını nəzərə çatdırdı. Professor dedi ki, müxtəlif dövrlərdə gah elm, gah yaradıcılıq, sənət ön plana çıxmışdısa, adətən, qoşa qanad kimi tarixə öz töhfələrini vermişdi. Əlbəttə, alimlər arasında ədəbiyyatı birmənalı qəbul etməyənlər olduğu kimi, sənətkarlardan da elmə, alimlərin fəaliyyətinə müsbət yanaşmayanlar vardı. Dünya tarixində bu, adətən, akademiklərin yaradılması zamanına təsadüf edir. Yazıçılar elmin inkişafını qəbul etmir, onun ədəbiyyatı sıxışıdırıb çıxaracağından ehtiyat edirdilər. Buna görə də əsərlərində alimlərə, elmə parodiyalar yazırdılar. H.İsaxanlı buna bariz nümunə kimi C.Sviftin "Qulliverin səyahəti" romanının üçüncü hissəsini göstərdi.

Konfransın xaricdən qatılmış qonağı - Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç "Fizika və lirika canlı muzeyi: Dubna" adlı məruzəylə çıxış etdi. Onun slaydlarla hazırlanmış məruzəsi Dubna Universiteti, orada aparılan mühüm işlər, elmi kəşfləri bədii tonlarla şərh edirdi.

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından professor Məmməd Əliyevin "Dədə Qorqud" dastanında intellektual şeir" və filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəylinin "Xalq şairi Rəsul Rzanın intellektual poeziyası" mövzusunda məruzələrini dinlədik. Hər bir məruzə mövzu kimi seçdiyi məsələyə işıq tutur, ümumi konfransın işinə öz töhfəsini verirdi.

Professor Tahirə Məmməd özünün "Ədəbiyyatda texnologiyanın bədii-estetik ifadəsi" adlı məruzəsində "texnologiya" sözünün məna və mənşəyindən, ədəbiyyatda texnologiyanın izlərindən danışdı. Dedi ki, latın sözü olan "tecnoslogos" "düzəldə bilmək" mənasındadır: "Hər hansı bir ailətin və ya nəyinsə üzəldilməsi üçün biliyə, bacarığa ehtiyac var. Bu mənada, yaradıcılıq prosesində bilik və qabiliyyətə, istedada ehtiyac olduğu üçün sənətin, əsərin də öz texnologiyası var - nəsr texnologiyası, şeir texnologiyası, təhkiyyə texnologiyası kimi ifadələrdən müasir ədəbyyatşünaslıqda, eləcə də sənətşünaslıqda geniş istifadə olunur.

Texnologiyanın mətndə yaradıcılığa iki güclü təsir hadisəsi özünü göstərir: 1. Sənaye texnologiyasının inkişafı nəticəsində futurizm (Marinetti, Xlebnikov, Mayakovski, N.Hikmət, C.Cabbarlı); 2. İnformasiya texnologiyalarının inkişafı nəticəsində elektron roman, hipermətnlər, ədəbiyyat oyunları, macəra-tunel seriyası və s.-in yaranması".

Söz sənətindir...

Məruzələrdən sonra söz musiqiyə verildi. Həmişə şeirlərlə bol olan konfransda bu dəfə dəyişiklik edilmişdi. Ən gözəl sürpriz isə tədbirdə ifa edilən mahnının Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mərziyyə Səlahəddinin sözlərinə yazılmış olması idi. Qeyd edim ki, Mərziyə xanım AMEA-nın AYB-yə üzv olan 40-dan artıq əməkdaşından biridir.

AzTV-nin solisti Bəsti Qasımovanın ifa etdiyi mahnını gitarada Nihat Rzayev müşayiət edirdi. İfaçıların məharəti bununla da yekunlaşmırdı. Onlar Rəsul Rzanin sözlərinə Tofiq Quliyevin bəstələdiyi, dahi Rəşid Behbudovun ifasında əbədiləşmiş "Qızıl üzük" mahnısını da ifa etdilər. Sən demə, "Qızıl üzük" akademik İsa Həbibbəylinin ən sevdiyi mahnı imiş. Bu, ifaçıların həm ona, həm Anar müəllimə, həm də ümumilikdə biz tədbir iştirakçılarına çox gözəl jesti idi. İsa müəllimin ifadan sonrakı arzusuna hamımız qoşulduq: o gün olsun ki, sözlər də, musiqi də, ifa da, çalğı da AMEA-nın ayrı-ayrı institutlarının əməkdaşlarına aid olsun.

İsa Həbibbəyli sonda bir təkliflə də çıxış edərək dedi ki, YT Parka ikinci "qanadı" da əlavə etmək üçün burada kitabxana yaratmaq lazımdır. Yaradılacaq kitabxananın ilkin fonduna kitabları da elə özü hədiyyə etdi: AMEA-nın nəşrləri olan "Azərbaycan muğamları", Nizami Gəncəvinin kitabı, Naxçıvan xalçaçılığına aid nəşr, birinci "Fizika-lirika" kitabı və Fizika-lirika konfranslarının üçüncü almanaxı. Akademikin bu təklifi AYB sədri Anar tərəfindən də məmnunluqla qarşılandı, Anar müəllim və AYB-nin katibi Rəşad Məcid yaradılacaq kitabxananın fonduna dəstək verəcəklərini dedilər.

"Həbibbəylilər kvarteti"

Hər Fizika-lirika konfranslarının dəyişməz qonaqlarından biri də İsa Həbibbəylinin nəvələridir. İsa müəllimin belə bir mötəbər konfransa öz balaca nəvələriylə qatılması onun həm öz işinə verdiyi dəyərin, həm də öz nəvələrinə sevgisinin bir nümunəsidir. Hiss olunur ki, alim baba balacaları yüksək tərbiyə, elm və yaradıcılığının qarşılıqlı vəhdəti mühitində böyütmək, onlara bunların dəyərini hələ kiçik yaşlarından anlatmaq istəyir. Nəvələr də heç bir konfransa əliboş gəlmirlər. Özləriylə ilkin gətirdikləri, əlbəttə, maraqlarıdır. O yaşda uşaqların belə konfranslarda 3-4 saat yorulmadan oturmaları, çıxışçıları dinləmələri, gördükləri haqqında yaranan fərqli və düşüncəli sualları sevindirici haldır. Bu, onların az yaşlarına rəğmən geniş dünyagörüşlərindən, yeni məlumatlara adekvat reaksiyalarından xəbər verir.

İkinci isə onlar özləri də çıxışları ilə konfransa yeni rəng qatmaq fikrində imişlər. Sonda Banu, Aydan, İsa və Sani adlı, bu balaca dostlarımız - akademik İsa Həbibbəylinin diliylə desək, "Həbibbəylilər kvarteti" bizim üçün Xalq artisti Zülfiyyə Xanbabayevanın "Azərbaycan" mahnısını hazırlamışdılar. Musiqi müşayiəti olmadan onların belə həvəsli və səliqəli ifası hamımızın gələcəyə olan inamını artırdı. Bəli, hələ ki, onlar mövzunun lirika tərəfindədirlər. Ancaq indidən elmin, mədəniyyətin qoynunda yüksək tərbiyəylə böyüdülən bu kövrək fidanların gələcəkdə elm və incəsənətin "qoşa qanadları" ilə pərvazlanaraq cəmiyyətimiz, dövlətimiz üçün faydalı şəxsiyyətlərə çevriləcəklərinə ürəkdən inanırıq.

 

Şahanə Müşfiq.

525-ci qəzet.- 2019.- 17 iyul. S. 14-15.