Türkiyəli yazıçı və
tərcüməçi Ülkü Taşlıovanın
imzasını Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan
"Qardaş qələmlər" dərgisindən
tanımışam.
Hələ iki il öncə Birliyin
xətti ilə İstanbulda keçirilən "Türk
dünyası gənc yazarlarının
görüşü"ndən sonra mütəmadi
şəkildə bir neçə azərbaycanlı şair
və yazıçılar kimi mənim də esse və
şeirlərimi Türkiyə türkcəsinə
çevirir. Onun Azərbaycan dilinə
hakimiyyəti, hekayələrindəki
özünəməxsusluq həm yazıçı, həm
də tərcüməçi xarakteri elə o vaxtdan
diqqətimi cəlb etmişdi.
Bugünlərdə
öyrəndim ki, Ülkü xanım həyat yoldaşı,
psixiatr, professor İshak Özkan bəylə
ölkəmizdə qonaqdır. Şahir Vaqif Bəhmənlinin
həyat yoldaşı Rəhilə xanım vasitəsilə
danışıb, müsahibə üçün
görüşdük. Öyrəndim ki, Ülkü xanım
1963-cü ildə Türkiyənin Qars şəhərində
doğulub. Ədəbiyyata məhəbbəti
ailəsindən gəlir, atası aşıq olub.
- Biz tərəkəməyik. Qazaxın Salahlısından Borçalıya, ordan da Qarsa köç etmişik. Ədəbiyyatdan başqa dünya bilmirəm deyə bilərəm. Avrasiya Yazarlar Birliyi ilə tanış olana kimi duyğularımı sadəcə kağıza tökər, sonra cırıb atardım. AYB mənə çox şey öyrətdi, çox qapıları açdı üzümə. Ondan sonra bir çox dərgilərdə, region qəzetlərində yazılarım çap olundu. Keçən il Mədəniyyət Nazirliyi ilk kitabımı çap elədi. Kitabda Azərbaycanda, Borçalıda olan, bilavasitə öz ailəmin yaşadığı erməni vəhşətlərindən danışılır.
İkinci kitabımda isə daha sakit, gülməli hekayələr toplanıb. O da hazırda çapdadır.
Mən Azərbaycan köklü olduğum üçün həm mədəniyyətinə, həm də ləhcəsinə hakiməm. AYB-nin başqanı Yaqub Öməroğlu ehtiyac yarananda dedi, mən də edə biləcəyimi söylədim. Göndərdilər, çevirdim və uğurlu olduğumu dedilər. Beləcə, başladım tərcümələr etməyə. Şeirlər, hekayələr, esselər, məqalələr tərcümə etdim. Nə qədər olduğunu heç bilmirəm. Vaqif Bəhmənlinin üç cildlik kitabını tərcümə elədim. Əlbəttə, hamısını deyil, ruhuma yaxın olanlarını seçdim. Təxminən üç ay boyunca davam etdi tərcümə işim. Öz dilim, öz mədəniyyətim olduğu üçün heç də çətinlik çəkmirəm. Yazmaqdansa tərcümə daha çox xoşuma gəlir. Yeni kəşflər edirəm, aradakı qopuqluqları çevirdiyim yazılarla doldurmağa çalışıram".
Bu yerdə Rəhilə xanım söhbətimizə qoşulur:
- Ülkü xanımın mətbəxi də çox gözəldir. Bu qədər işlərin arasında həm də mükəmməl ev xanımı, aşpazdı. Çox qısa zamanda Türkiyə mətbəxindən ən ləziz yeməkləri hazırlayıb, özü də süfrəyə elə gözəl təqdim etdi ki, heyran olmamaq əldə deyil.
- Azərbaycan mətbəxinə bələdliyiniz varmı?
- Bəli, bilirəm. Dediyim kimi kökümüz burdan olduğundan anamdan öyrəndiklərim vardı, eləcə də atamın burdan gələn qonaqları çox olardı. İshak bəy də Azərbaycan mədəniyyətini çox sevir.
- Sevdirmişsiniz. Elədirmi, İshak bəy?
İ.Ö.: - Öncələrdən Azərbaycan mədəniyyətinə bələdliyim yox idi. Əlbəttə, az-çox bilgim vardı, amma kifayət qədər deyildi. Ülküylə evləndikdən sonra sizləri tanıtdı mənə. Onun vasitəsiylə Bəhmənli ailəsi kimi gözəl insanlarla tanış oldum. Göz doyuruculuğu bir yana, könül doyuruculuğu da var.
Ü.T.: - Yazının belə bir gözəl xüsusiyyəti də var, baxın, gözəl insanlarla tanış edir sizi.
- Ülkü xanım bayaq dedi ki, siz də şeir yazırsınız.
-
Çox deyil, arada cızma-qaralarım olur.
- Bir psixiatrla şairin evliliyi necədir?
İ.Ö.: - Bizim onsuz da əvvəldən 4-5 illik
tanışlığımız var idi. Evləndikdən
sonra isə təbii ki, bir-birimizə daha çox bələd
olduq. Əvvəl
danışıqlarımı cihaza yazmağa kimsəyə
icazə verməzdim. Amma Ülkü
gizlin-gizlin yazırmış. Sonra
gördüm ki, yazır, mən də məcburən icazə
verdim. Sonra isə yazdıqlarını
mənə dinlədir və deyirəm, yaxşı ki, bu
söhbətləri etmişik. Çünki
söhbətin içində şeir də var,
ədəbiyyat da var, sufizm də var, psixologiya da var.
Əlbəttə, mən ölkəyə dərs vermirəm,
sadəcə həyat yoldaşımla söhbət edirəm.
Amma bu söhbətlərin özü belə
dərin olur. Mövlananın çox
gözəl bir sözü var. Deyir ki, eyni dili
danışanlar deyil, eyni duyğunu paylaşanlar anlaşar.
Biz də Ülkü ilə eyni duyğuları
paylaşdığımız üçün
söhbətimizdə problem olmur, əksinə, daha dərin
və anlamlı olur.
Çox güman ki,
hekayələrinin bəzilərini oxumusunuz. Mən bu
işə vaqif deyiləm, amma məncə, o,
hekayələrində dərinliyi verə bilir. Hekayədə duyğu dərinliyini ifadə
etmək çox çətin işdir. Romanda
uzun-uzun anlatmaq şansınız var. Amma hekayədə
elə bir şey yoxdu. Bir
cümləylə ifadə edə bilməniz lazımdır.
Ülkü, məncə, bunu yaxşı
bacarır. Bunu həyat yoldaşım
olmadan öncə də demişdim. İndi
isə evdə ona redaktorluq edirəm. Mənim
işimlə bağlı məqalələrimi o, onun da
yazılarını mən oxuyuram. Bir-birimizə
oxutmadan çapa vermərik. Bu zaman da elmi
bilgini o öyrənmiş olur, ədəbi bilgini isə
mən öyrənmiş oluram.
Hə, bütün mövzularda fikir
birliyimiz olur deyə bilmərəm. Bəzi
məsələlərdə mübahisələrimiz də
düşür. Amma onun özü
belə maraqlı alınır. Mən
mübahisələrimizi də sevirəm.
- Güzəştə gedən tərəf
hansınız olursunuz?
Ü.T.: - Mən heç güzəştə getmərəm,
axıra kimi dediyimi müdafiə edərəm. Əgər
iş güzəştə döndüsə, onda mövzunu
bağlamağı üstün tuturam.
İ.Ö.: - Mən bəzən güzəştə gedirəm.
Mənim xarakterimdən gələn bir şey var:
mübahisənin xoş olmayan yerlərə getdiyini
görsəm, susmağı üstün tuturam.
Ü.T.: - Susduğu yerdən də gül bitər (gülürük).
İ.Ö.: - Mən yazmağını istəyirəm, özüm
də onu həvəsləndirirəm, bəzən
təşviq edirəm. Sevirəm onun
yazdıqlarını, tərcümələrini. Xüsusən, xatirələrini yazmağını
istəyirəm. Mənim yazım elə
də çox deyil. Adətən elmi
məqalələr yazıram. Ədəbiyyat
xobbimdir. Əsas maraqlandığım
tarixdir. İkimiz də bir-birimizi
dəstəkləyirik.
- Ülkü xanım, bəs bir psixiatrla evlilik qəhrəmanlarınızın psixoloji xüsusiyyətlərini anlamağınıza və anlatmağınıza təsir göstərirmi?
- Əlbəttə, mən yazılarımı
mütləq ona oxutdururam. Oxuyur və ümumi rəyini bildirir. Qəhrəmanlarımın
psixoloji vəziyyətləri haqqında
tövsiyələrini verir. Onları yazmaq
isə artıq mənə qalır. Ədəbiyyatla
psixologiyanın birgə olması çox böyük
avantajdır. Çox
düşünməyinə, çək-çevir
etməyinə gərək yoxdur. Tez
yoldaşımdan soruşuram. Məsələn,
savaşa gedən adam necə
düşünər, intihara qaçan qız hansı
hissləri keçirər.
- Sizin hekayələrinizdə bir insan obrazı var.
İnsana çox böyük önəm verirsiniz. Sizin
üçün insan nədir?
-
Mən inanclıyam, mənim üçün insan Allahın
yer üzündəki işığıdır. Mənə görə, hər insan hər şeyin
ən gözəlinə layiqdir. Biz bu
mövzunu İshak bəylə də müzakirə edirik.
Bəzən mən
əsəbləşirəm, "filankəs pis
insandır" - deyirəm. O isə "pis insan yoxdur,
pislik var" - deyir. Əlbəttə,
ağrı çəkən insan o ağrının
təsiriylə düşünəcək, pislik
edəcək. Yaxşının
içərisində də pislik var, pisliyin
içərisində də yaxşılıq var.
Məsələ hansı tərəfdən, necə
baxmağındır. Hər kəs
təkdir. O təkin qədrini bilməliyik. Xalqıma
zülm etmiş insanlarla, əlbəttə, dost ola bilmərəm. Amma onun içindəki
pisliyə də ağrıyaram, acıyaram, onun adına kədərlənərəm ki,
axı, niyə belədir.
- Tərcümə etdiyiniz müəlliflərin,
təbii ki, heç də hamısını
tanımırsınız. Amma
yazılarını çevirirsiniz. O zaman
yazılarından müəllifin necə bir insan olması
ilə bağlı fikir yaranırmı sizdə?
-
Bəli, yaranır. Məsələn, sənin
yazını ilk oxuyanda necə gənc biridir demişdim.
Onda heç şəklini də
görməmişdim, özünü də
tanımırdım. Həyata
baxışın, zövqlərin, ifadə tərzin,
cümlə quruşun çağdaş insanımızı
anladır. Necə olduğunu ifadə
edə bilmirəm, amma fikir yaradır. Məsələn,
Vaqif Bəhmənlinin şeirlərini oxuyanda "bu, nə
qədər duyğulu adamdır" dedim. Yəni,
yazıya duyğu yükləməmiş, öz
duyğularını yazmış.
Söhbətimiz İshak bəyin
marağını çəkir. Onun da bu mövzuda
deyəcəkləri var:
"Bir
dəfə bir yazar xanımdan "bu kitabı kim
üçün yazdınız?" - deyə
soruşdum. "Özüm üçün" - dedi. "O
zaman mənə niyə oxutdunuz?" - dedim. Vaqif
Bəhmənlidə də, Ülküdə də, sizdə
də belə bir şey var: siz özünüz
üçün yazmırsınız, hamımız
üçün yazırsınız. Biz sizin
yazılarınızda sizi görə bilirik.
- Çox maraqlı yerə gəlib çıxdıq.
Belə ifadəni tez-tez eşidirik: "Özüm
üçün yazıram". Ülkü xanım, sizin bu
fikrə münasibətiniz necədir?
- İshak bəyin
danışdığı hadisədə mən də
yanlarında idim. Mən də sonradan həmin
xanımın kitabını oxumadım. Özü
üçün yazıbsa, buyursun, özü oxusun. Mən niyə oxuyum ki? Bir
tərəfdən də hörmətsizlikdir o. İnsanın
gündəliyi oxunarmı? Bu da bir növ
onun kimi şeydi. Mən özüm
üçün yazmıram, bildiklərimi, gördüklərimi
hamı bilsin, oxusun deyə yazıram. Mənim
Həsən babamın başına ermənilər
zülmlər gətiriblər. Mən bunu
təkcə sizə danışsam, siz də 5-10 nəfər
dostunuza danışıb sonra unudacaqsız, gedəcək.
Amma mən onu yazıram ki, oxusunlar, bilsinlər.
Çünki bu, mənim tariximdir.
Məncə, yazan adam xalq
üçün, oxucu üçün yazmalıdır.
Rəhilə xanım:
-
Məncə, "özüm üçün yazıram"
- deyənlərin hardasa özgüvənsizliyi var. Birdən
yazdığım bəyənilməz qorxusuyla bu
cümləylə özlərini sığortalıyırlar
sanki.
Rəhilə xanımın bu
sözləri psixoloq İshak bəyin üzündə
təbəssüm yaradır. Mövzunun başlıca
ünvanının o olduğunu düşünüb professora
dönürük:
- Əlbəttə, işin əsli
də odur. Özünə güvənsə, özü
üçün niyə yazsın ki?! Özünə
güvənən insan özünü başqasına
təqdim edər. Gündəliklərin
ədəbiyyat tarixində, məncə, başqa bir yeri var.
O, həmin anı anladır. Müəllifin
yaşadığı yer və dövr haqqında bilgilər
də verir.
- Ülkü xanım, ədəbiyyatın insan
həyatındakı rolunu necə dəyərləndirirsiniz?
- Ədəbiyyat yaşamın
özüdür. Duyğudur, hiss etməkdir, hiss etdiyini,
yaşadığını anlatma sənətidir. İnsandır ədəbiyyat. İnsan
varsa, ədəbiyyat var, ədəbiyyat varsa, insan var. O
qədər çox ehtiyacımız var ki, yaxşı,
doğru-düzgün ədəbiyyata. Ədəbiyyat
tarix daşıyıcılığını da öz
çiyinləri üzərinə götürür. "Dədə Qorqud" yazılarkən tarix yazmaq
deyildi məqsəd, hekayə anlatmaq idi. Amma
bu gün "Dədə Qorqud" tarixdir. Ədəbiyyat tarixdir, sənətdir, insandır,
danışdığımız sözdür.
- Ədəbiyyatın həyatın
axışında rolu varmı? Niyə belə incə
sənət, duyğuların ədəbiyyatdakı bu
qədər zərif təcəssümü olduğu halda
hələ də dünyada müharibələr var?
- Ədəbiyyat barışdır. Ədəbiyyat
duyğuya təsir göstərir. Hər
kəs oxusa, hər kəs ədəbiyyatı bilsə, onun
həqiqətlərinə varsa, əlbəttə, dünyada
müharibələr olmaz. Savaşda
ədəbiyyat yoxdur ki. Ədəbiyyat
savaşdan sonra yaranır. Hər kəs bu
duyğu sənətini bilsə, dünya daha başqa cür
olar. Əgər ədəbiyyat təsirli
deyildisə, niyə Sovet dövründə birinci aydınlar,
yazıçı, şairlər qətl edildi,
sürgünə göndərildi? Niyə
zülmkarlar öncə yazıçıları,
şairləri susdurmaq istəyirlər? Deməli,
onların təsiri var və onlar da bunun
fərqindədirlər. Hər şey
birdən olmur. Yavaş-yavaş, zamanla.
Ədəbiyyatın təsiriylə
dəyişən insan elə dəyişən dünya
deməkdir. Ədəbiyyatın savaş
yaratmaq kimi məqsədi yoxdur.
İ.Ö.: - Savaşı dayandırmaq kimi də bir məqsədi
yoxdur.
Ü.T: - Əlbəttə. Ədəbiyyat sadəcə
olanı yazır. Pisliklərin
yaratdığı ağrıları danışır.
Ondan nəticə çıxarmaq insana
qalmış işdir.
İ.Ö: - Elmin də dərdi müharibə yaratmaq, insanları
toplu şəkildə yox etmək deyildi. Nə
atom bombası, nə dinamitlər, nə də silahlar bunun
üçün yaradıldı. Amma
başqa tərəfdən baxsaq, Xirosima və Naqasakiyə
atılan bomba milyonlarla insanın ölümünə
səbəb oldu, amma illərdir davam edən İkinci Dünya
Müharibəsini də bitirdi. Bizim
nəyi görməyimiz hardan baxmağımızdan
asılıdır. Dostoyevski, Tolstoy
yazdı, günahı da, müharibəni də pislədi.
Biz nə qədərini anladıq? Ona görə də
ədəbiyyatçıların işi dünyanın
axışını dəyişmək deyil,
mədəniyyəti yaşatmaq və o mədəniyyətin
içərisində var olmağımızı təmin
etməkdir. Sovetlər Azərbaycan
mədəniyyətini yox eliyə bilmədilər. Eləcə də SSRİ-nin tərkibindəki
digər ölkələri. Müəyyən
təzyiqlə onu harasa yönləndirdilər, amma
mədəniyyəti yox edə bilmədilər. Əksinə, özləri yox oldu, amma
mədəniyyət qaldı.
- Ülkü xanım, qəhrəmanlarınızla
münasibətləriniz necədir?
-
Tərəf tutduğum olur (gülürük). Özümdən asılı olmadan bəzən
hansınınsa yanında oluram. Hekayə
bitəndən sonra təkrar oxunuşda bunun fərqinə
varıram. Qəhrəmanın
yaşantısı, düşüncəsi mənə
uymamalıdır ki, mən ona obyektiv baxım. Deyəcəksiz ki, onu özün yaradırsan,
necə tərəf tuta bilərsən? Yox,
mən adətən hekayələrimi həqiqi həyatdan
alıram. Ona görə də
qəhrəmanlarım da çox vaxt adları
dəyişmiş gerçək insanlar olurlar. Yəni, mən onlara müdaxilə etmirəm. Amma tərəf tutduğum da olur. Yazarkən ağladığım anlar olur. Məsələn, "Mavi alay" hekayəmin
sonunda çox ağlamışdım. Oradakı
qadının halına çox kədərlənmişdim.
O hekayə Krım sürgününü anlatır. Həqiqi həyatdan alınan hekayədir. O
hekayəni yazarkən çox uzun zaman keçmişdi. Yaza bilmirdim.
- Yaradıcılıqla mütəmadi məşğul
olursunuz? Yəni bir proqram qurmusunuzmu
özünüzə?
-
Yox, elə olmur. Bir avtobusda gedərkən 2-3
hekayə yazdığım da olur, altı ay bir cümlə
belə yazmadığım da. Zaman
məhdudiyyəti və proqramlaşdırma yoxdur. Onsuz da hekayə özü özünə gəlir,
səni qaldırıb komputerin qarşısına
keçirir. Sən sonra
düzəltmələr edirsən. Düzdü,
mən çox vaxt düzəltmələr də etmirəm.
Çünki 3-4 hekayəmi məhz redaktə
səbəbindən atmışam gedib. Qısa
hekayələr daha çox yazıram. Bir
neçə cümləlik, bir abzaslıq. Sonra onları uzatmaq istədim, doldurmaq istədim,
amma daha da pis oldu. Əslində, ilk
axışında necə gəlibsə, o cür
qalmalıdır. Çünki duyğu
məhz o ilk gələndədir.
- Bir az da şeirlərinizdən
danışın.
-
Onlara şeir demirəm mən. Sadəcə
duyğuların ifadəsidir. Bəzən
hansısa hadisə və ya hansısa hekayə məndə o
duyğunu yaradır və mən sətirləri alt-alta
düzürəm. Çox şeirim yoxdur.
Həyat yoldaşıma yazdığım
çox uzun bir şeirim var. O şeirdə ona olan
bütün duyğularım öz əksini tapıb.
- Şeirlərinizi kitab kimi çap
etdirməyi düşünmədinizmi?
Bu sualıma İshak bəy cavab verir:
- Mən mane oldum.
Təəccüblənirəm:
-Niyə? Axı siz dəstək olurdunuz Ülkü xanıma?
- Şeirlərini qısqanıram. Mənə yazıldı, kimsə oxumasın (gülürük).
Ülkü xanım:
- Şeirlərimi təkcə "Buta" almanaxında çap etdirirəm. Ziyalılar Ocağı Birliyinin dörd ildir bu aylarda çap etdiyi "Buta" almanaxı var. Dörd ildir seçdiyim şeirlərim orda çıxır.
İshak bəy: - Mənim şeirlərimi də məndən xəbərsiz almanaxa göndərdi. Əgər göndərəcəyini bilsəydim, verməzdim.
- Siz nələrdən yazırsınız?
- Ümumi olur mövzularım. Daha çox vətənpərvərlik, millət mövzulu şeirlərim olur. Ondan başqa ədalət, məhəbbət və sair.
- Ülkü xanıma şeir yazmısınızmı?
- Yox, hələ ki yazmadım.
Ülkü xanımın replikası:
- Əgər mənə şeir yazsa tək səhifəlik də olsa onu kitab kimi çap edər, saxlayaram (gülürük)
Bu maraqlı və səmimi söhbətimiz saatlarla davam etdi. Sonrasında nələr danışdığımıza deyinmədən son olaraq qonaqlarımızın Bakıya gəlmək səbəbləri və burda görəcəkləri işlərlə müsahibəmizi burada yekunlaşdırıram:
Ülkü xanım deyir ki:
- Mən Azərbaycana 1990-cı illərdən gəlirəm. Dediyim kimi, mənim öz məmləkətimdir. Bakı aşiq olduğum şəhərdir. Bu dəfəki səfərimizdə Vaqif bəyin, Rəhilə xanımın təsiri böyük oldu. Bayaq adını çəkdiyim "Buta" almanaxının təqdimatında iştirak üçün də dəvətli idik. İshak bəy bura ilk dəfədir gəlir.
İ.Ö.: - Mənim Azərbaycana, Türk dünyasına olan sevgim yeni deyil. Bura gəlməyimdən çox məmnun oldum. Ülküylə birgə bu mədəniyyəti, muğamı, Azərbaycan ədəbiyyatını tanımaq daha da cəzb edicidir. Bura gəlib buraları gördükdən sonra "yaxşı ki, gəldim" dedim. Bundan sonra da gəlmək istərik. Sağ olsunlar, burda olmuşkən mənim də işimlə bağlı bir proqram hazırladılar.
Rəhilə xanım:
- İshak bəy psixiatrdı. Konyada yeni universitet
açılıb: Qida və Tarım
Universiteti. İshak bəy də oranın
psixologiya bölməsinin rəhbəri təyin olunub. Biz də düşündük ki, burada
olmuşkən "Loqos" Psixoloji və Nitq İnkişaf
Mərkəzinin gənc əməkdaşları
üçün İshak bəyin bir seminarını
düzənləyək. Onun kimi
mütəxəssisin bilgilərindən,
təcrübəsindən faydalanmaq çox
mühümdür. Həmçinin, onun təmsil etdiyi
universitetlə gələcəkdə qarşılıqlı
əlaqələrin yaradılması da ola
bilər.
Şahanə MÜŞFİQ
525-ci
qəzet.- 2019.- 17 iyul. S. 16-17.