Qırxayaq
hər addımını düşünsəydi...
Demək
lazımdırmı ki, bu dünyada hər şey nisbidir, elə
"rəng və zövq məsələsində
özünə yoldaş axtarma" kimi, sanki, mütləq həqiqəti
ifadə edən qavramın özü də.
İnsan fəaliyyətinin
digər sahələrində, bəlkə də, hər
şey deyildiyi kimidir - zövqə və rəng seçiminə
görə yoldaş tapmaq mümkün deyil. Ancaq tərcümə
elmi sahəsində işlər tamam başqa cürdür -
burada həm rəngə, həm zövqə, həm də tərcümə
tiplərinə və tərcümənin növlərinə
görə həmfikir mütləq tapılır... İstədiyin
vaxt hər hansı tərcümə məktəbinə
qoşulub, tərcümənin "dəqiqliyi,
adekvatlığı və gözəlliyi" naminə
onlarla birgə elm yolunda külüng vura bilərsən.
İstəsən, hətta tərcümənin
mümkünsüzlüyü, səmərəsizliyi, lap cəfəng
şey olması haqqında iddialarda da buluna bilərsən. Bu
halda yuxarıdakı deyim özünü tamamilə
doğrultmuş olacaq. Bu, müxtəlif məktəblər, cərəyanlar,
tərcümənin bu və ya digər problemi ilə
bağlı çeşidli baxışlar arasındakı
mübahisələrdə də özünü göstərir.
Bütün bu
diskussiyaların, mübahisələrin nəticəsində hər
dəfə yeni bir konsepsiya sistemi meydana çıxır. Guya
bu sistemlər tərcümə elminin məqsədləri və
vəzifələri haqqında ümumi təsəvvürlər
formalaşdıracaq. Amma formalaşdırırmı?
R.K.Minyar-Beloruçev
özünün "Ümumi tərcümə nəzəriyyəsi
və şifahi tərcümə" kitabında yazır:
"Kifayət qədər tərcümə modellərinin
olmasına baxmayaraq, bu gün hər hansı tərcümə
nəzəriyyəsinin elmdə üstün mövqelərə
sahibləndiyi demək mümkün deyil". Professor A.Ələkbərli
də "Tərcümənin predmeti və problemi" məqaləsində
eyni şeyləri deyir: "Tərcümə təlimlərinin
tarixi, çoxəsrlik tərcümə praktikasının
kritik təhlili və dəyərləndirmələri "əbədi"
tərcümə problemlərinin, tərcümədə dəqiqliyin,
dürüstlüyün, tam adekvatlığın və s.
permanent müzakirələri ilə doludur".
Əgər siz
bütün bu əbədi müzakirələri saya
salmayıb, bədii mətnin qavranılması məsələsində
öz şüurunuzu yeganə vasitə hesab edərək
(Qadamerin məsləhət gördüyü kimi, tərcüməçi-interpretator
olaraq) tərcüməyə girişəcəksinizsə, hər
halda, unutmayın ki:
1. Tərcümə
orijinalın sözlərini çatdırmalıdır.
2. Tərcümə
orijinaldakı fikirləri çatdırmalıdır.
3. Tərcümə
orijinal kimi oxunmalıdır.
4. Tərcümə
tərcümə kimi oxunmalıdır.
5. Tərcümə
orijinalın üslubunu ifadə etməlidir.
6. Tərcümə
tərcüməçinin üslubunu əks etdirməlidir.
7. Tərcümə
tərcüməçinin zamanına
uyğunlaşdırılmalıdır.
8. Tərcümə
əsəri orijinalın zamanına uyğun olmalıdır.
9. Tərcümədə
orijinala nələrisə əlavə etmək, nələrisə
çıxarmaq olar.
10. Tərcümədə
heç nəyi əlavə etmək, heç nəyi
çıxarmaq olmaz.
11. Şeir nəsrlə
tərcümə olunmalıdır.
12. Şeir şeirlə
tərcümə olunmalıdır.
"Tərcümə
sənəti" kitabında (T.Seyvori) tərcüməçi
qarşısında, yumşaq dillə desək, bu cür
ziddiyyətli tələblər qoyulur.
Amma siz, dediyimiz
kimi, bütün bu tələbləri öyrənib məyus
olmursunuz, çünki sizin üçün vacib olan öz
şüurunuzdur. Amma... burada da daş qayaya rast gəlir.
İşə başlar-başlamaz Delteyin zəhərli kinayəsi
ilə rastlaşırsınız, o soruşur: "Bir fərdiyyət
başqa bir fərdi həyatın təzahürlərini
ümumi obyektiv qavram predmetinə necə çevirə bilər?"
İş bununla da
bitmir. Sən demə, sizin keyfiyyətli, gözəl tərcümə
etmək istəyiniz hətta demokratik prinsiplərlə və
ümumiyyətlə, demokratik görüşlərlə
"ziddiyyət" təşkil edir. Belə ki, sadalanan tələblərdən
sonuncusu Qərb oxucusunun getdikcə artan iradlarına tuş gəlməkdədir:
şeirin şeirlə tərcüməsi bəlli dərəcədə
tərcümənin yaradıcı müstəqilliyi deməkdir
və oxucu, adətən, orijinalın özüylə deyil,
onun sərbəst interpretasiyası ilə tanış olur. Belə
olan halda sual yaranır: "Burada mənim hüquqlarım
pozulmur ki?" O mənada ki, bədii tərcümə bəlli
ölçülərdə seçim prosesi deməkdir.
Orijinalın ötürülməsi və onun tərcümə
transformasiyası üsullarının seçimi.
"Seçim" sözünün isə Qərb
insanına təsiri haqqında ayrıca danışmaq
lazım gəlir. Yalnız onu qeyd edək ki, Qərb insanı
üçün ən böyük təhqir, xoş niyyətlə
də olsa, onun seçiminə təcavüz edilməsidir. Bu
məsələdə o, nə ixtisaslaşmanı, nə
yüksək professionallığı, nə də xüsusi
istedadı vecinə almır. Mətnin məzmununun başqa
dil vasitələri ilə adekvat verilməsinin problemli məsələ
olduğunu bildiyi üçün oxucu elə bir minimum - sətri
tərcümə - istəyir ki, onun üzərində öz
şəxsi mülahizələrini qura bilsin. Beləcə, məsələn,
get-gedə daha çox fransız jurnalı
aşağıdakı fikrə meyllənməkdədir:
şeirin bədii tərcüməsi, yəni şeirin
şeirlə tərcüməsi keçilmiş mərhələdir.
Və oxucuya şeirin sətri tərcüməsi təqdim
edilir - həm asan başa gəlir, həm də oxucu razı
qalır... Ədalət naminə demək lazımdır ki, Qərbdə
şeirin şeirlə tərcüməsinin tərəfdarları
da az deyil.
Burada qeyd edək
ki, bu praktika bütün Qərb ədəbiyyatı
üçün səciyyəvi deyil. İngilislərdən,
fransızlardan və almanlardan fərqli olaraq, Orta Avropa ölkələrində
(çexlər, slovaklar, macarlar) şeirin nəsrlə tərcüməsi
kobud norma pozuntusu sayılır. Bu, əlbəttə, orta
avropalıların daha az azadlıqsevər və yeni fikirlərə
daha az açıq olduğuna dəlalət etmir. Amma burada da
danışılmalı mətləblər var - orta Avropada
uzun müddət "hamı üçün eyni fikir" ədəbiyyat
və sənət məsələlərində hər
şeyi olmasa da, çox şeyi həll edirdi. Bəlkə də,
kollektiv və individualist şüurun görsənişlərini
burada da görmək lazımdır...
"Semantik
ekvivalentliyin kompetent alt səviyyəsi üçün elə
struktur transformasiyaları səciyyəvidir ki, burada məzmunu
müəyyən edən məna çalarları dəyişməz
qaldığı halda, ifadənin formal strukturu dəyişikliyə
uğrayır". Terminlərlə elə də çox
süslənməmiş, ancaq tərcümə
anlayışını müəyyən mənada ifadə edən
bu çıxarışı tərcümə nəzəriyyəsi
kitablarından birindən götürmüşəm. Tamamilə
aydındır ki, ən savadlı və dərrakəli oxucu
da, bu cür təyin-tərifləri oxuyarkən, əllərini
yana açıb, çiyinlərini çəkməli olur.
Belə hallarda qədim yunanlar öz sevimli Tanrılarından
birinə - Hermesə müraciət etməli olardılar.
Bildiyimiz kimi, Hermesin vəzifələrindən biri də
özündən yuxarıdakı tanrıların
fikir-mülahizələrini şərh etmək və insanlara
çatdırmaqdan ibarət idi. Ancaq bizim tanrımız birdir
və bu sadə səbəbdən nə Hermesin, nə də
Merkurinin (o da Tanrılar və insanlar arasında vasitəçi
idi) yardımından yararlana bilərik. Sonuncu peyğəmbər
isə bu tipli məsələlərlə bağlı
aydın bəyan edir: "Aydın danışın, elə
danışın ki, insanlar fikrinizdə tamam başqa şeylər
tutduğunuzu düşünməsinlər".
Tərcüməşünaslığı
müstəqil elm kimi qələmə vermək, əyri-üyrü
yollarla ona obyekt, predmet və terminologiya bazası yaratmaq
(müstəqil elm üçün sadalananların olması
mütləqdir) məsələsində alimlərin həddən
ziyadə canfəşanlıq göstərməsi ona gətirib
çıxarıb ki, bu elm sahəsi "özündə
şey"ə çevrilib və praktiki məqsədlər
və vəzifələr üçün xüsusi bir dəyər
daşımır. Elmi inkişaf etdirmək əvəzinə,
onu "lazımsız şeylər fakültəsi"nə
çevirməklə məhvə sürükləyirlər.
Bunu saymazyana və kibirli bəyanat kimi qəbul edə bilərsiniz,
amma əgər tərcümə elmi tərcüməçinin
subyektiv başlı-başınalığını minimuma
endirmək istəyirsə, tərcüməçi-praktikin
yanına cığır salmalıdır. Bu gün isə elə
bir vəziyyət yaranıb ki, əksər tərcüməçilər
onların əməyini saf-çürük edən elmin
"böyük nailiyyətləri" haqqında tam xəbərsizdirlər.
Əslində, bəlkə, elə belə yaxşıdır.
Konkret tərcüməçi kəsdirə bilmir ki, onun əməyinə
bu böyük "diqqət" hansı sosial-tarixi zərurətdən
yaranıb. O, hətta tərcümə elminin bütün fəlsəfi-həyati
peripetiyalarını idrak etmiş olsa belə, bu o demək
deyil ki, o, öz anadangəlmə qabiliyyətlərindən əlavə
nəsə yararlı bir şeylər əldə eləyəcək.
Bu fikri
yaranmasını bir sıra faktlar şərtləndirir,
onlardan yalnız üçünü diqqətinizə
çatdırım:
1. Hələ tərcümə
elminin heç bir fundamental məsələsi üzrə
ümumi, ortaq fikir müəyyənləşməyib. Bu elm
konkret olaraq nəyi öyrənməlidir? Onu necə
adlandırmaq lazımdır - tərcüməşünaslıq,
translatologiya, yaxud başqa cür? O, müstəqil elmdir, yoxsa
linqvistikanın yalnız bir sahəsi? Razılaşın ki,
bütün bu təfərrüatlar tərcüməşünaslığı
yalnız hansısa ideya laboratoriyası kimi xarakterizə edir.
Bu, öz-özlüyündə, bəlkə də, pis deyil,
amma artıq formalaşmış, müstəqil, nüfuzlu mənbə
kimi ona istinad etmək olmur. Bəlkə, elmdən bunu gözləmək
artıqdır, elə isə, bu qədər hay-küy,
toz-duman nəyə lazımdır?
2. Tərcümə
elminin digər elm sahələri - fəlsəfə,
psixologiya, sosiologiya, hətta fiziologiya ilə əlaqələrindən
çox danışılır. Bu formal-texniki orijinallıqlar
elə sərt doqmalar yaradıb ki, tərcümə problemlərini
daha bir elm sahəsi - estetikanın problemləri ilə
uzlaşdırmaq müşkülə çevrilib. Bu,
özünü nədə göstərir? Onda göstərir
ki, "təcrübə və səhv metodu" burada
mütləq üstün mövqelərə malikdir və bu
onun magistral istiqaməti haqqında düşünməyə
şərait yaratmır. İstiqamət isə, məlum
olduğu kimi, estetikanın əsas problemlərindən biridir
və burada inkişafın bütün mərhələlərinin
ardıcıllığı mühümdür.
3.
Üçüncü faktor məhz fiziologiya ilə
bağlıdır. İş burasındadır ki, tərcümə
elmi necə yüksək nailiyyətlər qazansa da, nə qədər
mükəmməl olsa da, tərcüməçi-praktik onun nəticələrini
əsas götürməyəcək. Onu buna yalnız məcbur
etmək olar. Çünki o, yaxşı başa
düşür - onu "haqq yoluna" gətirmək istəyən
bütün məsləhətləri, cürbəcür elmi
qənaətləri göz önündə tutmuş olsa,
hamının yaxşı tanıdığı
qırxayağın gününə düşəcək. O
qırxayağın ki, bir dəfə ayaqlarını
hansı ardıcıllıqla atmaq barədə
düşünməyə başlayıb və nəticədə
yeriməyi yadırğayıb.
Düşünürəm
ki, tərcüməçidən mümkün olmayan şeyləri
tələb etməyə ehtiyac yoxdur. Əks halda iki dildən
istifadə etməklə ərsəyə gələn
kommunikasiyadan - tərcümə elminin obyektindən
özümüzü məhrum edə bilərik. Onda bu elmin
müstəqil olub-olmadığı barədə söhbətlər,
doğrudan da, kəsiləcək. Doğrudan da, obyekti olmayan
elm kimə lazımdır?
Etimad
BAŞKEÇİD
525-ci qəzet.- 2019.- 17 iyul. S. 19.