Ah, kliplər,
kliplər...
İndi mədəniyyətimizin dünya
mədəniyyətinə inteqrasiyasından çox
danışırlar və bu yazıdan sonra dünya musiqisinə
inteqrasiya yolu ilə inamla irəliləyən sənətçilərimizin
nəzərində ən yaxşı halda mühafizəkar
kimi görünəcəyimə şübhə etmirəm.
Amma mən mühafizəkar rolunu
axıra qədər oynayıb yalnız mühafizəkarların
qəbul edəcəyi fikrirlərimi də söyləməkdən
özümü saxlaya bilmirəm.
Etiraf edim ki, çoxdandır televiziya
ekranlarında klip görüntüləri peyda olar-olmaz
canımı üşütmə tutur. Halbuki əksinə olmalıdır.
Nəzəri baxımdan bu görüntülər kino sənəti
ilə, ələlxüsus da kino və digər incəsənət
sahələri, o cümlədən, musiqi, poetik söz
arasındakı əlaqələrlə maraqlanan bir şəxs
kimi mənə çeşidli təsvir və səs
obrazları üzərində geniş müşahidə
imkanları verməlidir və mən də sevinməliyəm.
Amma belə olmur. Çünki göz gördüyündən
qorxar. Kliplər yavaş-yavaş televiziya ekranlarına ayaq
açdığı vaxtlarda öndə gedən xanım
müğənnilərimizdən biri hansısa
mahnısına çəkdirdiyi klipin şirin yerində
arxasını kameraya çevirərək ətəyi bir
qarış donunu qaldırıb qəttəzə, qar kimi bəyaz
alt paltarını gözümüzə soxandan sonra məndə
klip adlı şeyə qarşı bir allergiya
yaranmışdı. Xanım müğənninin o
pozasının, alt paltarının mahnının sözlərinə,
məzmununa, ən başlıcası isə estetik zövq
anlayışına (söhbət poetik sözün, musiqinin və
təsvirin sintezində gedirsə, niyə də belə
düşünməyək) nə dərəcədə
aidiyyəti olması barədə baş
sındıra-sındıra fikirləşirdim ki, bu gün alt
paltarı mövzusunda belə əzab-əziyyət, fədakar
əmək, sabah da...
Nə isə...
Məni belə əsəbi tonda
danışmağa görə qınamayın. Əgər
efir vasitəsi ilə evimə soxulub mənimlə bu dildə
danışırlarsa, mən niyə susmalıyam ki?
Məni nimdaş zövqdə, boyat
duyumda da qınamağa tələsməyin. Poeziya, musiqi və
təsvirin calağından yaranan və son iki onillikdə
kommunikasiya dövriyyəsində populyar mövqe qazanan klip
yaradıcılığının estetikasından az-çox
xəbərim var və bilirəm ki, hər hansı
mahnının ifası ekranlaşdırılırsa, ilk
növbədə həmin mahnının dramaturji
materialını təşkil edən poetik mətnin məzmun yeni bir keyfiyyətdə
zühur edib zövq oxşamalıdır. Bu metamorfoza o əcaib
poza, alt paltarı kimi başa düşülürsə -
yenidən dilimizin izahlı lüğətinimi vərəqləməliyik?
Klipi ona görə yaradıblar ki, poetik
sözün və musiqinin ifadə planında görünməyən
obrazlar, deyilməyən mətləblər, sözlər,
misralararası boşluqlarda gizlində qalan, lakin duyulan
bütöv bir dünya təsvir dili ilə görüntü
effekti qazansın, söz və melodiya bir-birinə
hörülərək öz vizual məkanına qovuşsun.
Yox, əgər o sirli dünya kiminsə evinin,
maşınının, yataq dəstinin, telefonunun,
hamamxanasının reklamına, sözün bədii məkanından
çox-çox uzaqda olan şit hərəkətlərinin, əcaib
pozalarının effektinə qurban gedirsə - belə klip
göstəriləndə necə fit çalmayasan.
Bədii sintez klipin mayasında dayanan əsas
tələbdir. Sintez baş tutursa, məsələn,
P.Bülbüloğlunun ifasında "Gəl, ey səhər"
mahnısının ifadəli klipi doğulur, mahnı yeni həyat
qazanır, onun içindəki enerji üzə
çıxıb estetik hadisəyə çevrilir. Yaxud
E.Yaqubovun, Z.Xanbabayevanın, S.Ələkbərzadənin
ifasında səslənən mahnılara çəkilmiş,
eləcə də Ülviyyə Könülün, Fuad
Əlişovun çəkdikləri ayrı-ayrı kliplərə
necə ağız büzəsən? Vay o günə ki, klipdə
vizual və akustik sıralar bir-birini tamamlamaya. Onda nəinki
söz təsvirdən qaçaq düşür, hətta səs
də qeybə çəkilir, mahnının üzdəki
enerjisi də ölür. Nəticədə, deyək ki, bir
klipdə müasir dəblə geyinmiş 3 qəşəng
qız "Araqçının məndədir"
mahnısını öz-özlüyündə maraqlı
aranjemanda oxuya-oxuya xəyali bir ofisin rəisinə istefa ərizəsi
yazırlar (heç dəxli var?), başqa bir klipdə milli
paltar geyinmiş azərbaycanlı xanım lap
nağıllardakı kimi bağ-bağçaya seyrə
çıxır, ağac kölgəsində yatmış gənc
bağbana bir könüldən min könülə vurulur və
evə qaçıb ney kimi nalə çəkir "Mən
gəlmişəm sənə qonaq, oğlan, mənə bax,
bax. Mənə bişir bir qayğanaq, oğlan, mənə
bax, bax" (bu "xoşbəxt" oğlan ağacların
arasında tavanı, yumurtanı, yağı hardan tapsın
ki, bu qıza qayğanaq bişirsin?)...
Qeyri-adi müqayisələr, predmetlərin
fantastik deformasiyası, litota, hiperbola kimi kəskin poetik
fiqurlar, təhkiyənin mozaikliyi, təsvir fonlarının mərtəbəli
təqdimi kliplərdə ekran dilinin səciyyəvi keyfiyyətləri
kimi çıxış edir. Kliplərdə şeir mətnlərinin
özlərinin də nitq formasında iştirakı çox
vaxt mətndəki metaforaları sözlərin leksik mənaları
əsasında quramağa imkan verir, məsələn, insan
stola, stula, güzgüyə çevrilir, insan ovcunda gəzmək
imkanı olan subyekt dərəcəsində kiçildilir,
yaxud yer kürəsini əlində oynatmaq dərəcəsində
böyüdülür və s. Lakin elə etmək
lazımdır ki, bu çevrilmələr bizi
çaşdırmasın, mətnə
sintez olunsun: biz eyni vaxtda həm mətni eşidək, həm
də onun vizual interpretasiyanın şahidi olaq. Lakin bu
imkanlardan kor-koranə və sui-istifadə etdikdə 3-4 dəqiqəlik
klip süjeti təsvirlə yüklənir, məkan və
zaman dəyişmələrinin sürəti az qala səs
sürətinə yaxınlaşır və bu səs-təsvir
bolluğunda nədən söhbət getdiyini anlamaq olmur.
İlk növbədə ona görə ki, mətnin metrik
ölçüləri ilə təsvirin ritmik təşkili
arasında yaranan uçurum fonunda mahnının bu qədər
çeşidli montaj kəsiklərinə səpələnmiş
enerjisini bir fokusa yığan poetik vurğunu (əgər
varsa) tapmaq müşkülə çevrilir və həmkarlarımın
yazdıqları kimi, "insanın daxili sarsıntılarının
vəziyyətini: ürəyinin döyünməsi, qanın
damarlardan axması, təsvirin göz bəbəklərində
əks olunması kimi halların imitasiyasını ekranlara gətirsələr
də, bu, çox zaman kliniki effekt yaradaraq bədiiliyi
pozur" (Dadaşov A.Ə., Məhərrəmov Q.M. Televiziya
və radio tamaşaları. B.: "Təhsil", 1999. 208 s.
(5, 24-25).
Mən o qədər sadəlövh,
predmetin estetikasından xəbərsiz adam deyiləm ki,
düşünüm: məsələn, "Apardı sellər
Saranı" mahnısına həsr olunmuş klipdə
mütləq sellərə qərq olmuş Saranı görməliyik,
yaxud "Əlimi bıçaq kəsibdir" mahnısı
oxunursa, bıçağın kəsdiyi əldən axan qan
damlaları klipdə asas vizual obraz olmalıdır və s. (Hərçənd
nəinki tamaşaçılar, hətta klipmeykerlər
arasında belə düşünənlər olmamış
deyil). Mahnı mətni - öz poetik qayda-qanunları olan, məkan-zaman
koordinantları standart ölçülərə
sığışan, koleydoskopik sürətlə dəyişən
spesifik mətnlərdir və belə mətnlərin
ötürdüyü informasiyanı "klassik
ekranlaşdırma" estetikası ilə
vizuallaşdırmaq ona görə mümkünsüzdür
ki, poetik mətn adi danışıq dilinin məntiq
qanunlarına tabe deyil - onun öz qanunları var. Amma bu o demək
deyil ki, klipdə vizual görüntü adı altında nəinki
poetik, ümumiyyətlə, heç bir məntiqlə izah
oluna bilməyən, heç bir bədii-estetik yük
daşımayan görüntüləri mozaika üslubunda sərgiləyib
manipulyasiya edəsən, ən yaxşı halda isə çəkilən
klip ifa olunan mahnının audiovizual obrazını yaratmaq əvəzinə,
ifaçının, deyək ki, geyim dəbinin, saç
düzümünün, avtomobillərinin, daha nəyinin, nəyinin
reklamı vasitəsinə çevrilsin (və heç kimin
ağlına gəlməsin ki, klipi çəkilən
mahnının mətninin, musiqisinin müəlliflərinin bu
kliplərdə görüntü obyekti olmağa
ifaçıdan heç də az haqqı çatmır).
Aydındır ki, 2-3 dəqiqəlik
müddət ərzində vizual görüntülərin
köməyi ilə süjet qurmaq, obraz yaratmaq asan deyil, bunu
yalnız ekran təhriyəsinin sirlərinə vaqif olanlar
bacarar və belə klip ustaları bizdə də var. Amma nəyə
görəsə onların boş qoyduğu meydanı indi
diletantlar sulayırlar.
Xalq yazıçısı Anardan
aldığım müsahibədə onun kliplərlə
bağlı dediklərini xatırlayıram: "Mən şəxsən
bu kliplərin çoxunu qəbul etmirəm. Bəlkə də
bu, ondan irəli gəlir ki, mən başqa bir nəslin nümayəndəsiyəm.
İndiki nəsil tempə, ritmə, sürətə daha
çox aludə olur. Ona görə də onların çəkdikləri
və onlara ünvanlanan kliplərdə
bir-birini əvəz edən kadrlar mozaika təsiri
bağışlayır. Mozaika isə mənzərə deyil.
Bu mozaika içində nə baş verir - anlamaq olmur. Belə
kliplərə baxanda dünya orada bütöv yox,
parça-parça görünür".
Bu, müasir kliplərə yüksək
bədii-estetik zövq mövqeyindən sərgilənən və
heç bir tərəddüsə əl yeri qoymayan münasibətin
klassik örnəyirdir.
İndi neyləyək? Yüksək səviyyəli
kliplər yaratmaq vəzifəsinin öhdəsindən gələ
bilmədiyimizə görə geriyə - 70-80-ci illərin
film-konsert, kinoklip estetikasınamı qayıdaq?
Klip yaradıcılıq sahəsi kimi
ötən əsrin 90-cı illərində önə
çıxsa da, Azərbaycada bir qədər əvvəllər
- 60-70-ci illərdə başqa ad altında (məsələn
film-konsert süjetləri kimi), başqa formalarda (kinofilmlərdən
epizodlar timsalında) maraqla kliplər yaradılırdı. R.Behbudovun,
Ş.Ələkbərovanın M.Babayevin, F.Kərimovanın,
"Qaya" kvartetinin iştirakı ilə çəkilən
film-konsertlərdən o qədər nümunələr
göstərmək olar ki. Mən hələ "Gün
keçdi" filminin əvvəlində F.Kərimova ilə
M.Babayevin oxuduqları "Bir axşam"
mahnısının uğurlu ekran yozumunu, yaxud
"Görüş" filmində Şövkət
xanımın təkrarsız ustalıqla oxuduğu
"Axşam oldu" mahnısının doğurduğu klip
effektini demirəm. Ustad müğənnilərin ifasında hər
söz, hər səs görümlü obraza çevrilirdi və
bu obrazların ekran bərabərliyinə tamaşa etmək
necə də maraqlı idi.
Hərdən fikirləşirəm ki,
yaxşı mahnını yaxşı ifa edə-edə də
klip yaratmaq olar - adına nə deyirsiz, deyin.
Və mən bu qeydlərə
illüstrasiya seçəndə fotokadrları bilərəkdən
ötən əsrdə sadə texnika ilə çəkilmiş
film-konsertlərdən götürdüm. Səbəbi isə,
məncə, məlumdur.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2019.- 17 iyul. S. 20.