Kazak,
gördüyün əzab
Avrasiya Yazarlar Birliyinin sədri
Dövri mətbuatdan “On dollar”, “İki çinar”,
“Qayğanaq və bəhməz”, “İki eynifikirli” hekayələriylə
tanıdığımız və əsərlərini sevə-sevə
oxuduğumuz türk yazıçısı Yaqub Öməroğlunun
yeni - “Kazak, gördüyün əzab” hekayəsini oxuculara təqdim
edirik.
Hekayə ilk dəfə Azərbaycanda
çap olunur.
Qeyd edək ki, tezliklə Yaqub Öməroğlunun
hekayələr kitabı da görüşünüzə gələcək.
Təranə Vahid
Kazak, gördüyün əzab
- Bu hekayəni yazmalıyam, - deyə,
yerimdən qalxıb böyük otağın ortasına
doğru yeridim.
- Olmaz, - dedi - bundan hekayə olmaz.
- Niyə olmaz? İnsanlar bu yaşanan
ağrı-acıları öyrənməsinlərmi? Bu
ağrıların unudulması zalıma dəstək deyilmi?
- dedim.
Özü də hekayə yazsaydı,
“tapdığım mövzunu qısqandımı əcəba?”
- deyə düşünərdim.
Oturduğu kreslonun qarşı tərəfinə
doğru yaxınlaşaraq başını qaldırdı.
- Yazılmalıdı, əlbəttə,
amma elm adamları yazsınlar. Hekayədə, romanda deyilərsə,
oxucu hadisənin vahiməsini başa düşməz...
- Niyə başa düşməz ki?
- Deyilənlərin nə qədərinin
gerçək, nə qədərinin qurama olduğunu təxmin
etməyəcək. Ağıllarında sual işarələri
dolaşacaq. Bu mövzuların elm adamları tərəfindən
yazılması, oxucuya elmi mətn kimi təqdim edilməsi daha
doğru olar.
***
Bəlkə də, haqlıydı.
Yaşanan ağrılar o qədər böyük, hadisələr
o qədər ağlasığmazıydı ki, hekayə kimi
yazılanda oxucular bunu onları dərindən təsirləndirmək
üçün uydurulmuş, şişirtmə bir əhvalat,
hətta naşılıq belə sayacaqdılar. Bəs
yaxşı, sənətin, ədəbiyyatın
gücünü haraya qoyacaqdıq?
Yerimə oturub arxaya söykəndim.
İnsanların yaşadıqları qəlbimi qovurduqca
qovururdu. Bildim ki, yazmasam, rahat olmayacam. Başımı
qaldırıb baxanda bu böyük ağrının ən
azı mənim qədər onun da ürəyini
dağladığını gördüm.
- Amma, - dedim, - elm adamları
“Qazaxıstanda acından üç milyon insan öldü” -
deyə yazanda hadisələrin böyüklüyünü
dediklərini zənn edəcəklər. Rəqəm daha
böyük olarsa, daha təsirli olacağını güman
edəcəklər. Üç milyon insan! Bir insanın, hətta
bir canlının aclıqdan ölməsi nə deməkdir?
Aclıqdan necə ölürlər? Üç milyon
candı bu! Bir də ölməyən var. Ölməyib
yaşamağa məhkum olanlar... Yəni yaşayanlar...
yaşadılarmı, doğrudan? Nələrin bahasına həyatda
qala bildilər? Sonrakı həyatları necə keçdi?
Oturacağın ucunda dik oturmağı və
özünü sıxmağı əsəblərinə
hakim olmasına yetmədi. Ayağa qalxıb salonun ortasına
qədər yeridi, orada dimdik durub Stalinə və onun ətrafındakılara
lənət oxumağa başladı. Bir deyil, beş deyil,
üç milyon insanın aclıqdan ölməsi nə deməkdir?
Bir an durub, səsini qısaraq soruşdu:
- Hekayə yox, roman yazılsa... Heç
yazılmayıb, deyilmi?
Əslində, bu sualın cavabını
özü də bilirdi.
- Roman yazmaq bir yana, ölənlərin
arxasıyca yas tutub ağlaya bilmədilər.
Qadağandı! Ancaq Stalin hakimiyyəti
çökəndən sonra bu mövzuda yenidən
danışmağa başladılar.
Gözlərini pəncərədən
naməlum bir nöqtəyə dikib dərindən nəfəs
aldı. Ağlından keçənləri bilmək mənim
üçün çətin deyildi. Ailənizdən,
dostlarınızdan, xalqınızdan üç milyon insan
gözlərinizin qarşısında aclıqdan öləcək,
ağlasığmaz ağrılar yaşayacaqsınız və
ölən yaxınlarınızın arxasıyca ağlamaq
belə sizə qadağan ediləcək. Bunları
düşündüyü bəlliydi.
Yerimdən qalıxıb yanına getdim.
- Smaqül Elübəyin aclıqdan bəhs
edən “Ərafat meydanı” romanı var. Romandan sonra bir
aclıq abidəsi də ucaltdılar, - dedim.
Üzümə baxdı.
- “Kazak, gördüyün əzab!” -
deyirlər, eləmi?
Acı-acı gülümsəyərək
“hə” mənasında başımı tərpədim.
Kazak kəlməsini bir ucdan təkrarlayıb
dururdu: “Kazak, gördüyün əzab!” Hər deyəndə
ağrı, mərhəmət, qəhər, səbir -
qarmaqarışıq duyğularla sinəsi
enib-qalxırdı.
- Əzab, həm də nə əzab, -
dedim. Hansı ana başqa uşaqlarını qurtarmaq
üçün bir uşağını qurdların
ağzına atar? Atar, bəs sonra necə yaşayar?!
Yaşayarmı?! Belə bir əzaba can dayanarmı?!
Bildiyi hadisəni yenidən eşitmək
istəyirmiş kimi üzümə baxırdı.
- O qiymətli ədəbiyyatçı
professor vardı ha, onun anası eləyib, - dedim.
Xatırladı, amma mən yenə də
danışırdım:
- Stalin üsul-idarəsinin xalqın əlindən
bütün varlıqlarını aldığı illər...
Kazak xalqı heyvandarlıqa keçinir. “Siz
varlısınız” - deyə qoyunlarını əllərindən
alırlar, yerdə qalanların da yunlarını istəyirlər.
Xalq məcbur olub verir. Yunu qırxılmış qoyunlar
qışa düşüb tələf olur. Xalqın əlində
dişə vurmalı bir çöp də qalmır.
Professorun anası da üç uşağıyla birlikdə
qohum-əqrəbasının yaşadığı kəndə
getməyə çalışır. Ataları
ölmüş üç uşaq... ən böyüyü
beş yaşında, kiçiyi altı aylıq... neçə
gündü dillərinə bir şey dəyməyib.
Uşaqlar ağlayır. Ana da acdı, hərdənbir
ağlayan körpəsini əmizdirir. Ac ananın südü
nə gəzir? Körpə də ac...
Canlarını dişlərinə tutaraq
qohumlarının kəndinə çatmağa
çalışırlar. Qış mövsümü,
çöllü-biyaban qar altında. Buz kimi külək əsir.
Çöllərin canavarları da acdı. Ac canavarlar
uşaqların ağlaşma səsinimi eşidir, yoxsa
qoxularınımı alır, bilinmir, anayla balaların yolunu kəsirlər.
Ana həyatının ən çətin
sınağındadır.
Üç uşağıyla
çölün ortasında ac canavarlarla üz-üzə
qalan ana nə edəcək ki?
Altı aylıq ciyərparasını
canavarların qabağına atır. Canavarlar əl boyda
çağanı parçalayarkən, o, uşaqlarını
bağrına basaraq oradan qaçır.
Hansı sözləri seçirəmsə-seçim,
bu ağrını anlatmaq üçün kəlmələrin
gücsüz qalacağını bilirəm. Yenə də bu
anayla balaların dərdi mütləq deyilməlidir.
Səsimi ehtiram sərhədlərini
aşmayacaq qədər yüksəldərək
danışdım:
- İndi bu hadisə
yayılmasınmı? Yaşanan bu ağrılar elmi mətnlərin
“Üç milyon insan aclıqdan öldü!” - ifadəsinin
içində əriyib yox olub getsinmi?
Toxunsam, ağlayacaqdı. Mən də eləydim.
İndi oturduğumuz yerlərdən
uzaqlara baxaraq dərindən nəfəs alırdıq. Hirsini,
qəhərini, ağrısını səsində əks etdirərək
bir kəlməni iki dəfə söylədi:
- Yaz! Yaz!
Doğrudan, mən bu dərdi necə izah
edəcəkdim ki?
Kazak, gördüyün əzab!
Yaqub
ÖMƏROĞLU
525-ci qəzet.- 2019.- 17 iyul. S. 21.