Hacı
Zeynalabdin Tağıyev
Azərbaycan Mətbuat
Şurasının sədri, Milli Məclisin deputatı
Əflatun Amaşovun unudulmaz xeyriyyəçilərimizin, o
cümlədən, Hacı Zeynalabdin Tağıyevin
mesenatlıq fəaliyyəti haqqında araşdırma
yazıları ilə bağlı tövsiyəsi bir jurnalist
kimi mənim də ürəyimcə oldu.
Qeyd edim ki, Qazaxıstanın Uralsk şəhərində
çıxan "Priuralye" ictimai-siyasi qəzetində
"Şəxsiyyət" rubrikası altında Azərbaycanın
məşhur xeyriyyəçisi Hacı Zeynalabdin
Tağıyev haqqında tanınmış qazax alimi, filologiya
elmləri doktoru, professor Sağımbay Jumaqulun maraqlı elmi
məqaləsi dərc olunub. Burada məşhur milyonçunun
mesenatlıq fəaliyyəti, o cümlədən,
"Qazaxıstan" qəzetinə göstərdiyi maliyyə
yardımı haqqında tarixi faktlar və səmimi fikirlər
yer alıb. 2017-ci ilin dekabr ayında çap olunsa da, Azərbaycan
oxucuları üçün maraqlı olacağını nəzərə
alıb rus dilindən tərcümə etdiyim həmin elmi məqaləni
"525-ci qəzet"in oxucularına da təqdim etmək istədim.
Fürsətdən istifadə edib "Priuralye" qəzetinin
mənə təqdim olunmasında göstərdikləri
köməyə görə azərbaycanlı jurnalist və
alim Füzuli Məcidliyə və gənc qazax alimi Aliyə
Kairovaya minnətdarlığımı bildirirəm.
Düşünürəm ki, Hacı
Zeynalabdin Tağıyevin mətbuata da daimi yardımını
nəzərə alaraq Milli Mətbuat Günü ərəfəsində
xeyirxah milyonçunu yada salmaq bizim təkcə jurnalistlik fəaliyyətimizlə
bağlı deyil, həm də vətəndaşlıq
borcumuzdur.
Ağahüseyn Şükürov, jurnalist
(Əvvəli ötən
sayımızda)
Azərbaycana səfəri Qumar
Karaşın "Qazaxıstan" qəzetində nəşr
edilmiş "Bakı" oçerkinin leytmotivi olmuşdu.
"Keçən 1911-ci ildə mayın əvvəlində
xalq arasında müzakirələrdən sonra qəbul
edilmiş qərara əsasən və "Qazaxıstan" qəzetini
ayaq üstə saxlamaq məqsədi ilə, biz, iki nəfər,
Allahın mərhəmətinə güvənərək,
Bakıda yaşayan Hacı Zeynalabdin Tağıyevin
görüşünə yola düşdük.
Çoxları məqsədimizin boşa
çıxacağını söyləyirdilər, amma
bilirdik ki, bizə ürəkdən uğurlu səfər
arzulayan və niyyətlərimizin yerinə yetirilməsi
üçün dua edənlər də vardır. Allah bu
duaları eşitdi, saf düşüncələrimizə
yardımçı oldu və Hacı bizim istəyimizi təmin
etdi. "Qazaxıstan"a kömək olaraq 1000 rubl pul verdi.
O, səmimi qəlbdən gələn arzularını bir ata
kimi ifadə edərək, qazax xalqına yeni şərhlərlə
çap olunmuş müqəddəs Quran kitabının 3
nüsxəsini də hədiyyə etdi. Vidalaşarkən
kövrələrək söylədi: "Məndən
bütün qazaxlara salam söyləyin - sərvət mənə
deyil, xalqa, millətə məxsusdur". Məşhur
Əlimərdən bəy Topçubaşov istəyimizi təmin
etməkdə böyük kömək göstərdi. Allah
onlara uzun ömür versin və bu cür insanların
sayını artırsın. Qumar Karaşşünas Maksat
Tacmurat vurğulayır ki, "O dövrdə xalqına
qayğıkeş yanaşanlar, millətini birləşdirməyə
çalışanlar məhz belə olmuşlar".
Öz insanlığı ilə
bütün qazax xalq kütlələri arasında sonsuz
hörmət qazanmış bu vətənpərvər şəxsiyyətə
qarşı xalqın minnətdarlığı millətin səsinə
çevrilmiş "Qazaxıstan" qəzetinin hər
nömrəsində ifadə edilmişdi. Məsələn, nəşrin
ikinci nömrəsində "Hörmətli
oxuculara"adlı redaksiya məqaləsində
Tağıyevin işgüzar xüsusiyyətləri aydın
göstərilmişdir: "Qazaxıstan"ın ikinci
nömrəsi gecikmə ilə çıxmışdır,
naşirlərin nələr çəkdiyini yalnız Allah
bilir. Biz çox əzablı günlər, yuxusuz gecələr
keçirmək məcburiyyətində qalmışdıq.
İrəlidə daha böyük çətinliklər var,
amma naşirlər imtina etməyi fikirləşmirlər.
Tanınmış və hörmətli general Zeynalabdin
Tağıyev bizə dəstək verdi, qəzetimizə min
rubl pul bağışladı.
Bu insan "bir dövlətdə
yaşayan insanlar "sən russan", yaxud "sən
qazaxsan" deyərək bir-birlərini yad kimi
baxmamalıdırlar" fikrinə şərik olaraq həm
ruslara, həm də müsəlmanlara bərabər səviyyədə
yanaşır".
Bakıtjan Karatayev də "Vətəndaşlara
daha bir neçə söz" məqaləsində ilk qazax qəzetlərinə
və jurnallarına maliyyə dəstəyi göstərən
Zeynalabdin Tağıyev və Yauşevin xidmətlərini qeyd
etmişdir.
"Qazaxlar Troitsk şəhərində
qazax dilində "Ayqap" jurnalının, Uralsk şəhərində
isə "Qazaxıstan" qəzetinin nəşrə
başlamasına sevinirlər. Bunu bilərək, onlara bir
neçə söz demək istərdim: "Ayqap"
jurnalının işıq üzü görməsi
üçün troitskli müsəlman Yauşev xərcləri
öz üzərinə götürdü,
"Qazaxıstan" qəzetinin nəşr olunmasına isə
bakılı müsəlman, general Zeynalabdin Tağıyev və
Cahangir xanın nəvəsi, müsəlman sultan Şahangerey
yardımçı oldular. Tağıyev min rubl, Şahangerey
sultan isə beş yüz rubl verdilər".
Qəzetdə nəşr olunmuş
Jubaken Tleybergenovun "Beş vətəndaşa tərif",
Qabdulla Kobjasarovun "Sadə xalqın adından bir neçə
söz" məqalələrində də Zeynalabdin
Tağıyev, Mollaqali Yauşev, Şangerey
Seyitkereyulının vətəndaş mövqeyi dəyərləndirilirdi.
Mustafa Şokay xüsusi missiya ilə
Bakıya yola düşən Alaş nümayəndələrinin
Tağıyev ilə görüşmələrinə vasitəçilik
etmiş, 1934-cü ildə mühacirətdə vəfat edən
Əlimərdən bəy Topçubaşovun dəfn mərasimində
iştirak və çıxış etmişdir. O,
bütün türk xalqlarının adından Azərbaycan
xalqının oğluna rəğbətini
aşağıdakı sözlərlə ifadə etmişdir:
"1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan
etdikdən sonra Əlimərdən bəy Milli Məclisin sədri
seçilmişdi. Lakin amansız tale öz işini
gördü. Azərbaycan qırmızı imperiyanın
boyunduruğuna düşərək öz müstəqilliyini
itirdi. Qərbi Avropada Azərbaycan milli nümayəndəliyinin
sədri vəzifələrini yerinə yetirən Əlimərdən
bəy mühacirətdə qalmalı oldu. Harada yaşasa da,
o, yalnız öz Vətəni və millətini
düşünürdü, o, əsl mübariz
döyüşçü idi.
... Biz, Türküstan türkləri,
Əlimərdan
bəyi çox görkəmli türk
xadimi hesab edirik. Əlimərdan kimi insanların gözündə
Türküstan türkləri də, Kazan türkləri də,
Krım türkləri də öz Azərbaycan türkləriylə
eyni idi".
Qazaxlara kömək etmiş türk
müsəlman ictimaiyyətinin varlı şəxslərində
olan xeyriyyəçilik hisslərinin milli ziyalıları
düşündürməməsi mümkün deyildi.
Mirjakıp Dulatulı "Öyrənənlərə kömək"
adlı məqaləsində yazırdı: "Başqa xalqlardan
danışmayıb, bizə yaxın olan varlı noqaylara
baxaq. Orenburqdan Əhməd və Maqsud Həsənovlar,
Qafqazdan Tağıyev və Seydullayev özlərinin yüz
min məbləğində pulu ilə 10 min noqayı oxudur, elm
dünyasına atılmalarına şərait yaradırlar.
Orenburqda "Hüseyniyyə", Ufada "Qaliya", Kazanda
"Mahmudiyyə" kimi böyük mədrəsələr
noqay varlılarının pulları ilə tikilib, tələbələrin
təlim-tərbiyə işi və müəllimlərin məvacibi
də onlar tərəfindən maliyyələşdirilir.
Var-dövlətinə görə ikinci,
üçüncü səviyyəli noqay varlıları isə
öz vətənlərində təhsil verilməsinə
kömək edərək məktəb və mədrəsələri
maliyyələşdirirlər". Beləliklə, o, savada
can atan gəncləri dəstəkləyən, öz
pulları ilə məktəblər və mədrəsələr
açan, eyni kökə malik olan qardaş xalqların bu
xadimlərindən nümunə götürməyə
çağırır.
Tağıyevin timsalında
danışarkən, o, varlı qazaxlara səslənir:
"Keçən il Uralskda "Qazaxıstan" qəzeti
çıxanda bakılı zəngin Zeynalabdin Tağıyev
min rubl verərək kömək göstərdi. Bunu bilən
qazax bəylərinin düşüncəsi və şərəfi
varsa, əgər onların damarlarından qazax qanı
axırsa, utanmalıdırlar. Minlərlə mal-qara
sürüsünə sahib olan qazax bəyləri bu nəcib
işlər üçün 5-10 rubl verə bilmir, amma
hansısa bir çərkəz düşünmədən
min rubl bağışlayır".
Qabdalhəmid Hüseynov 25 rubl verərək
"Qazaxıstan" qəzetinə kömək göstərmiş,
digər soydaşlarımız da bu nəcib əməldən
kənarda qalmamışlar. Beləliklə, Maman sülaləsinin
nümayəndələri qazax çöllərinə təhsil
işığı gətirmişlər. Seyitbattal hacı
Mamanov, Xudaybergen Turısbekov, İşanqali hacı Mamanov,
Qaydmahmud Turısbekov maliyyə dəstəyi göstərmişlər.
"Qazaxıstan" qəzetinin
hazırlanmasında "Mamaniyyə" məktəbinin
müəllimləri Qabdulqaziz Musaqaliyev, Mustahim
Maldıbayulı fəal iştirak etmişlər.
İşanqali Mendıqaliyev, Bilaş Şoltırov qəzetə
abunə işinin təşkilində xalq arasında yorulmadan
çalışmış, maliyyə cəhətdən
köməklik göstərmişlər. Mustahim
Maldıbayulı milli nəşrləri dəstəkləməyə
çağıraraq, "Xeyirli saatda" məqaləsində
yazırdı: "Qazax oğulları! İşin təşkilatçıları
tapıldı, indi sizin dəstəyiniz lazımdır.
"Ayqap" və "Qazaxıstan"ı birləşdirsək,
onların ümumi dəyəri bir quzunun dəyərini
aşmaz. ...Fikirləşin! Belə çətin günlərdə
vicdanı və şərəfi olanlar köməyə gəlirlər.
Qazaxlar arasında təhsilli insanlar, mollalar, müəllimlər
çoxdur, xalqı xəbərdar edin, xalq sizi dəstəkləyəcək".
Sankt-Peterburqdan Alaş xadimi Xəlil Dosməhəmmədovun
Kazan Baytarlıq İnstitutunun tələbəsi Qubaydulla
Berdiyevə göndərdiyi 7 oktyabr 1904-cü il tarixli məktubunda
yazırdı: "Səndən başqa yüzlərlə,
minlərlə qazaxın ali təhsil aldığını
xatırlasaq, hesab etmək olar ki, bizim xalq əməksevərdir
və irəliyə getməyi bacarandır. Bu o deməkdir ki,
yurdumuz müəyyən müddətdən sonra dünyada ən
aparıcı yerlərdən birini tutaraq ikinci Yaponiya
olacaqdır". O, millətin yaradıcı potensialına
olan inamını bu cür ifadə edirdi.
Qubaydulla Berdiyev "Hörmətli
başçı" məqaləsində
"Qazaxıstan" qəzetinin əhəmiyyəti
haqqında belə yazırdı: "Sağlam
düşüncəli insan yuxudan oyanmalıdır.
Narahatlıq üçün səbəb yoxdur, bizi bir
çox ümidlər irəliyə doğru aparır. Xalq hər
şeyi görür. Xalq çox şey edə bilər. Onu isə
oyada biləcək vasitə qəzetdir". Məhəmmədqali
bin Qabdrahman Orazbayev "Alaş oğulları!" məqaləsində
Alaş xadimlərinin Yaponiya inkişaf yolunu seçmək zərurəti
haqqında fikirlərini dəstəkləyirdi: "Müsəlmanca
oxu, rusca oxu, yaponca oxu, əsas odur ki, oxuyasan. Həyatı
boşa vermə, indi tənbəlliyin zamanı deyil".
O, "Qazax" qəzetinin nəşrə
başlamasını sevinclə xəbər verirdi:
"Orenburqda qazax dilində "Qazax" qəzeti çap
olunmuşdur. Baş redaktoru məşhur şairimiz,
"Qırx nümunə"nin müəllifi Əhməd
Baytursunov, qəzeti öz pulları ilə çap etdirən
naşir isə Mustafa Orazayevdir. Qəzetin məqsədi,
qısaca desək, qazax üçün göz və qulaq
olmaqdır".
Bu qəzetdə Əhmətqali
Mametulı, Mağcan Jumabayulı, İşanqali
Bisenulının ədəbiyyat aləmində xalqın
oyanışına böyük təsir göstərmiş
"Cəhd et", "Qazaxın dünənki səsi",
"Qazax xalqına" şeirləri də çap
olunmuşdur.
Bütün deyilənləri ümumiləşdirərək
təsdiq edə bilərik ki, qazax xalqı öz nəcibliyi
ilə ilk milli mətbu nəşrlərimizdən biri olan
"Qazaxıstan" qəzetinə maliyyə yardımı
göstərmiş Türk dünyasının böyük
oğlu Zeynalabdin Tağıyevə dərin ehtiramla
yanaşır. Bu, türk xalqlarının cədidçilik və
millətçilik ideyaları ətrafında mənəvi
birliyinin parlaq bir nümunəsidir. Qoy, türk müsəlman
ictimaiyyətinin mənəvi birliyi bundan sonra daha da möhkəmlənsin.
Qazaxıstan, "Priuralye" qəzeti,
№154, 28 dekabr 2017-ci il, səh.6-7.
(ardı
var)
Sağımbay
JUMAQUL
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 17 iyul. S. 22.